Məhkəmə qərarları › İş №2(103)-2597/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2597/2021

05.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2597/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qət etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə hesablanmış 560,60 manat məbləğində borc və qaz sayağacının dəyərinə görə tələb olunan 236 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, təbii qazdan istifadəyə görə hesablanmış 560,60 manat məbləğində borc və köhnə qaz sayağacının dəyərinə görə tələb olunan 236 manat borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 13.04.2020-ci il tarixində iddiaçıya aid ünvandakı G-4 markalı, **********6 nömrəli mexaniki qaz sayğacı cavabdeh tərəfindən çıxarılaraq yeni qaz sayğacı quraşdırılıb və bu barədə müvafiq akt tərtib edilib (iş v.11). Daha sonra - 28.07.2020-ci il tarixdə cavabdeh iddiaçıya məktub ünvanlayaraq bildirib ki, 27.07.2020-ci il tarixinə onun abonent hesabında 560,60 manat borc var, habelə sayğacın dəyəri onun tərəfindən ödənilməlidir (iş v.13). Məktub onunla əsaslandırılıb ki, əvvəlki sayğacın laborotoriyada müayinəsinə dair 08.07.2020-ci il tarixli akta görə sayğacın çıxış plastmas borcunda deşik aşkar olunub, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Lakin iddiaçının sayğaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur, habelə iddiaçı sayğacın mühafizəsinə görə məsuliyyət daşımır. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar