Məhkəmə qərarları › İş №2(103)-260/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-260/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-260/2021 22.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh (3-cü şəxs X4) qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4021/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Union Lizinq” ASC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 27 sentyabr 2017-ci il tarixli AL-416 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 27 sentyabr 2017-ci il tarixli AL-416 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü 23 iyul 2018-ci il tarixə 12532.22 manat əsas, 109.64 manat mükafat, ümumilikdə 12641.86 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli, AL-416 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı **-AM-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA569221 ban, 0480 mühərrik nömrəli, ağ rəngli avtomobil 14800 manat məbləğinə İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.67 manat, ümumilikdə isə 18703.91 manat məbləğində pulu iddiaçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçıya məxsus və cavabdehin müvəqqəti istifadəsinə verilmiş avtomobil 23 iyul 2018-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə servis mərkəzinə yerləşdirilmiş və tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətdədir. Cavabdehin lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq 23 iyul 2018-ci il tarixə 12641.86 manat olmuşdur. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 28 iyun 2018-ci il tarixdə 390 manat məbləğində olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4021/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. X4 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı öhdəliyin icrası baxımından o üzərinə düşən öhdəliyini verilmiş ödəniş tarixlərindən də əvvəl tam şəkildə icra edirdi. İddiaçıdan aldığı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərərək aylıq sabit qazanca sahib idi. Lakin ödənişinin ikinci ayında səhhətində yaranmış problemlər səbəbindən işləmə imkanını itirmiş, avtomobilin aylıq ödənişini ödəmək iqtidarında olmamışdır. İddiaçıya bu barədə məlumat vermiş, o da çıxış yolu kimi avtomobili başqa şəxsə satmağı və satdığı adamın da yerindən qalan borcu ödəməsini təklif etmişdir. Bundan sonra, avtomobil iddiaçının 28 noyabr 2017-ci il tarixli daxili etibarnaməsi əsasında X2 idarə etmək səlahiyyəti tanınmaqla satılmışdır. Salmanov Sərvər həmin avtomobili ondan almış müstəqil şəkildə idarə etməyə və avtomobilin qalıq borcunu öz adından ödəməyə başlamışdır. Bir müddət sonra 23 iyun 2018-ci il tarixdə “Daewoo Gentra” markalı avtomobil Salmanov Sərvərin istifadəsində olduğu zaman qəzaya düşmüş, avtomobilə ciddi ziyan dəymiş və "xxxx" MMC-nin servis mərkəzində tərtib etdiyi qüsur aktına inansaq avtomobil tam yararsız hala düşmüşdür. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının məhkəməyəqədərki fəaliyyətini araşdırmalı, Salmanov Sərvəri 3-cü şəxs qismində cəlb etməli idi. İddiaçının tələbi ona görə rədd edilməlidir ki, ən azından cavabdeh saydığı şəxslə həll etməsi üçün öz aralarında razılığa gəlmələri üçün hərəkətlər etməli idi. Ancaq, iddiaçı problemin həllindən yana heç bir danışıqlar aparmadan aldadaraq əlavə öhdəliklə yüklədiyi cavabdehi heç bir günah olmadan cavabdeh qismində məhkəmə işinə cəlb edərək qanunsuzluğa yol vermişdir. Salmanov Sərvər məhkəmə işində iştirak etməsə də, o bütün borc öhdəliyini yazılı iltizamla öz üzərinə götürmüşdür, bu barədə birinci instansiya məhkəməsinə məlumat versə də, birinci instansiya məhkəməsi bu hissədə susmaqla kifayətlənmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehə və 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin və 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, 27.09.2017-ci il tarixli, AL 416 nömrəli X6 Müqaviləsinə əsasən lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış lizinq müqaviləsinə görə lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 14800 AZN təşkil etmiş, 27.09.2017-ci il tarixli, AL 416 nömrəli X6 Müqaviləsinə 1 saylı əlavəyə əsasən lizinqə verilən əmlak 14800 manat dəyərində “Daewoo Gentra” markalı minik maşını olmuşdur. 416 saylı lizinq müqaviləsinə 3 saylı əlavəyə əsasən, müqavilə üzrə məbləğ 14800.00 manat, illik 12%, müddət 48 ay, aylıq annuitet 389.67 manat olmuşdur. Lizinq alan Cavabdeh tərəfindən lizinq verənə ünvanlanmış ərizənin surətindən görünür ki, o, istifadəsinə verilmiş “Daewoo Gentra” markalı ** AM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X3 adını etibar edilən şəxslərin siyahısına əlavə edilməsini və Səlimov Sərvərə lizinq obyektini idarə etmək məqsədilə etibarnamə verilməsini xahiş etmişdir. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh lizinq alan olduğu AL 416 nömrəli müqavilə üzrə cəmi 4143 manat ödəniş edilmişdir. "xxxx" MMC servis mərkəzi tərəfindən tərtib edilmiş Akt dan görünür ki, dövlət nömrəsi ** AM ***, Ban nömrəsi 569221 olan “Gentra“ minik markalı avtomobilə servis mərkəzində ümumi texniki baxış zamanı aşkar olunub ki, avtomobil tam yararsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə iləşərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddələrinə əsasən Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Qeyd edilən Məcəllənin 748-1.5-ci maddəsinə əsasən Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia əsaslıdır, cavabdehin irəli sürdüyü əks dəlillər maddi hüquq normalarının tələbləri baxımından öz təsdiqini tapmır. Ona görə də, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası tərəfindən əlavə kompleks məhkəmə-texniki və mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 03.08.2021-ci il tarixli 9/38711 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, təqdim edilmiş "xxxx" MMC-nin qüsur aktına əsasən 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, ** AM *** dövlət nömrə nişanlı avtomobilin təmiri texniki cəhətdən mümkün deyildir. 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin hadisə baş verən tarixə orta bazar qiyməti təxminən 11500 manat müəyyən edilir. Akta əsasən 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, ** AM *** dövlət nömrə nişanlı avtomobil tam yararsız vəziyyətdə olduğu üçün metal qırıntısı kimi qiyməti təxminən 300 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən lizinq obyektinin yararsız vəziyyətə düşdüyü 23 iyul 2018-ci il tarixə 12532.22 manat əsas borc tələb edilməsinə baxmayaraq ekspert tərəfindən 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin dəyəri 11500 manat müəyyən edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, ** AM *** dövlət nömrə nişanlı avtomobilin təmiri texniki cəhətdən mümkün deyildir. Qeyd olunan avtomobil yararsız vəziyyətə düşmüşdür. Hazırda avtomobilin iddiaçı "xxxx" ASC-nin ərazisində olması işin mübahisələndirilməyən halıdır. Keçirilmiş məhkəmə iclaslarında da iddiaçının nümayəndəsi avtomobilin şirkətin ərazisində olduğunu bildirmişdir. Hazırkı halda, ekspert rəyi ilə 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin dəyəri 11500 manat müəyyən edilsə də, avtomobilin bərpası mümkün olmadığından, ekspert rəyi ilə metal qırıntısı kimi qiyməti təxminən 300 manat müəyyən olunduğundan, avtomobilin yararsız vəziyyətə düşdüyü ana iddiaçıya ödənilməli məbləğ 11200 (11500-300) manat müəyyən edilməlidir. Bundan başqa, işin hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə iddiaçı lizinq obyektini cavabdehin sahibliyinə və istifadəsinə vermiş, cavabdehdə öz növbəsində həmin avtomobili digər şəxsin istifadəsinə vermişdir. Tərəflərin izahatı ilə və iş materialları ilə müəyyən edilir ki, avtomobilin cavabdeh tərəfindən digər şəxsə istifadəyə verilməsi müqavilə üzrə öhdəliyin digər şəxsə ötürülməsi deyil, yalnız lizinq obyektindən istifadə olmuşdur. «Daxili Lizinq» müqavilənin 11.1-ci bəndinə əsasən qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riskləri lizinq alana keçir. Lizinq obyekti olan “Daewoo Gentra” markalı, ** AM *** dövlət nömrə nişanlı avtomobilin başqa şəxs və ya şəxslər tərəfindən idarə olunaraq zədələnməsi cavabdehi məsuliyyətdən azad etmir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli AL-416 nömrəli “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi” tələbinə münasibətdə kollegiya qeyd edir ki, qeyd olunan müqavilənin 1.8-ci bəndinə əsasən lizinq obyekti lizinq alana 48 ay müddətinə lizinqə verilmişdir, odur ki, müqavilənin qüvvədə olma müddəti 27 sentyabr 2019-cu il tarixdə bitmişdir. Qüvvədə olmayan müqavilənin isə ləğvi üçün əsas yoxdur. Ona görə də, 27 sentyabr 2017-ci il tarixli AL-416 nömrəli “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi hissəsində iddia rədd edilməlidir. Kollegiya həmçinin hesab edir ki, əlavə kompleks məhkəmə-texniki və mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 manat Cavabdeh tutulmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh 27 sentyabr 2017-ci il tarixli AL-416 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin yararsız vəziyyətə düşdüyü 23 iyul 2018-ci il tarixə 11200 manat əsas, 109,64 manat mükafat olmaqla, ümumilikdə 11.309,64 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4021/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 27 sentyabr 2017-ci il tarixli AL-416 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə, lizinq obyektinin yararsız vəziyyətə düşdüyü 23 iyul 2018-ci il tarixə 11200 manat əsas, 109,64 manat mükafat olmaqla, ümumilikdə 11.309,64 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 100 manat tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar