Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-260/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, hasarın və ağacların bərpa edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil3, Cavabdeh1 nümayəndələri Vəkil2, X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, hasarın və ağacların bərpa olunması tələbinə dair iddia ərizəsi ilə bağlı 2(007)-94/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2006-cı il tarixli icarə müqaviləsinə əsasən Nizami Bələdiyyəsi tərəfindən Nizami rayonu E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m olan torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəsinə vermişdir. İllik icarə haqqı 204 manat müəyyən edilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyət hüququ 18 noyabr 2016-cı il tarixində qeydə alınmışdır.
3. 21 noyabr 2016-cı il tarixli, AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini 30000 manata Cavabdeh1 satmışdır.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ 07 noyabr 2016-cı il tarixində qeydə alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri Nizami Bələdiyyəsinə, Bakı şəhəri 52 saylı Notariat kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 torpaq sahəsinin ayrılması haqqında Nizami Bələdiyyəsinin saxta 27 oktyabr 2006-cı il tarixli qərarının, torpaqların alqı-satqısına dair aktın və onun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri 52 saylı Notariat kontorunda bağlanmış 21 noyabr 2016-cı il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, İddiaçı icarəsinə verilmiş torpaq sahəsində dağıdılmış tikilinin (hasarın) və kəsilmiş 15 ədəd müxtəlif ağacların bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.metr olan torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. Bununla bağlı onunla Bakı şəhəri Nizami Bələdiyyəsi arasında 15 dekabr 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Qanunla nəzərdə tutulmuş qaydada icarəsində olan torpaq sahəsinə görə vaxtlı-vaxtında icarə haqqını ödəmiş və müqavilə üzrə üzərinə düşən vəzifələri yerinə yetirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onun icarəsində olan torpaq sahəsinə dair Bakı şəhəri Nizami Bələdiyyəsinin saxta 27 oktyabr 2006-cı il tarixli qərarını hazrlamış, daha sonra torpaq alqı-satqısına dair tarixsiz saxta akt hazırlayaraq, bu sənədlər əsasında sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmişlər. Belə ki, həmin qərar və akt Cavabdeh3 adına saxta yolla hazırlanaraq cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, həmin qərar və akt əsasında onun icarəsində olan torpaq sahəsini əhatə edən Cavabdeh3 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 Bakı şəhəri 52 saylı notariat kontorunda həmin torpaq sahəsinin alqı-satqısına dair 21 noyabr 2016-cı il tarixli AN–İ seriyalı ******* nömrəli müqavilə bağlamış, bu müqavilə əsasında Cavabdeh1 onun icarəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış və ona bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh1 onun icarəsində olan torpaq sahəsindəki tikilini (hasarı) dağıtmış, həmin ərazidə olan 15 ədəd müxtəlif ağacları kəsmiş, o bu barədə xəbər tutanda dərhal polisə şikayət etmişdir. Onun şikayəti əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 dekabr 2018-ci il tarixli 29481 nömrəli və 29 yanvar 2019-cu il tarixli 939 nömrəli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarındaki imza birbaşa əllə icra olunmamış, hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. İcarəsində olan torpaq sahəsi saxta bələdiyyə aktı əsasında qanunsuz olaraq ələ keçirildiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
7. Cavabdeh 52 saylı Notariat Ofisinin notariusu Elçin Zeynalov iddia ərizəsinə ertirazla məhkəməyə müraciət etmiş və etirazı onunla əsaslandırmışdır ki, müqavilə üzrə tərəflər 21 noyabr 2016-cı il tarixində Bakı şəhəri 52 saylı notariat ofisinə müraciət edərək Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaq istədiklərini bildirmişlər. Notarius tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrinin və Azərbaycan Respublikasında “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın tələblərini rəhbər tutularaq həmin şəxslərin şəxsiyyəti, fəaliyyət qabiliyyəti, eləcə də nümayəndənin səlahiyyəti yoxlanmış, həmçinin daşınmaz əmlakın üzərində məhdudiyyət və yüklülüyün olub-olmaması barədə məlumat “Elektron notariat informasiya sistemindən” xx.xx.2016-cı il tarixində real vaxt rejimində əldə edilmiş və həmin əmlakın üzərində məhdudiyyət və yüklülüyün qeydiyyata alınmaması müəyyən edilmişdir. Əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra iradələrinə uyğun əqdin layihəsi hazırlanmışdır. Əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflər əqdin bağlanmasının nəticələri barədə xəbərdar edilmişlər. Tərəflər müqavilədə göstərilənlərlə razı olmalarını öz imzaları ilə təsdiq etmişlər. Göstərilənlərə əsasən əqdin ləğv edilməsi üçün hüquqi əsas olmadığından iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(007)-94/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində 500 kv.m. torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarı, həmin bələdiyyə tərəfindən Cavabdeh3 500 kv.metr torpaq sahəsi satılmasına dair tarixsiz aktın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri 52 saylı Notariat Kontorunda bağlanmış 21 noyabr 2016ci il tarixli AN-1 seriyalı ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. (hakim Fikrət Mirzəyev)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh3 ilə Bakı şəhəri Nizami Bələdiyyəsi arasında “bağlanmış” torpaq alqı-satqısına dair akt və həmin aktın çıxarılmasına əsas olmuş alqı-satqı müqaviləsi yalan əqdlər hesab olunmalıdır. Belə ki,Cavabdeh3 torpağın mülkiyyətçisi olan Nizami Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamış, torpaq sahəsi ayrılması üçün mülki qanunvericiliklə nəzərdə tutulan ilkin sənədlər mövcud olmamışdır. Onun istinad edərək mülkiyyət hüququ əldə etdiyi və bunun nəticəsi olaraq əmlakı özgəninkiləşdirdiyi sənədlər (ona torpaq sahəsi ayrılmasına dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarı, torpaq alqı-satqısına dair tarixsiz akt) əslində mövcud olmamışdır. İşin bu halını bələdiyyənin məhkəmə iclasında iştirak edən nümayəndəsi də təsdiq etmişdir. Ona görə də həmin sənədlərin heç bir hüquqi qüvvəsi olmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, 27 oktyabr 2006-cı il tarixli qərar, torpaq alqı-satqısına dair tarixsiz akt ləğv edilməli, həmin qərarın qəbulundan 1 ay sonra Cavabdeh1 ilə Cavabdeh3 arasında 52 saylı Notariat ofisində bağlanmış 21 noyabr 2016-cı il tarixli, AN-İ seriyalı 10586046 nömrəli müqavilə də etibarsız hesab edilməli, Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarış ləğv edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340, 706-cı maddələrinə, Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. Həmin qətnamədən cavabdehlər Cavabdeh3 və Nairə Süleymanlı ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.
12. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, dövlət tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Cavabdeh3 məxsus olan torpaq sahəsini notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi ilə almış və mülkiyyətçi kimi öz adına daşınmaz əmlakın dövlət reyestindən çıxarış almışdır. O, İddiaçı və Cavabdeh3 əvvəllər heç vaxt tanımamışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman o, mübahisəli əmlakın Cavabdeh3 adına saxta sənədlər əsasında dövlət qeydiyyatına alınmasını bilə bilməzdi. Buna görə də o, torpaq sahəsinin vicdanlı alıcısıdır. Bundan əlavə, iş materiallarında olan ekspertiza rəyindən də görünür ki, İddiaçı ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olmuş və bələdiyyənin İddiaçı torpaq sahəsini icarəyə vermək səlahiyyəti olmamışdır. Həmiçinin iddiaçının bağladığı icarə müqaviləsinin müddəti 13 dekabr 2021-ci il tarixdə bitir və icarəyə götürənin həmin torpaq üzərində həmin vaxtdan sonra hüquqları bitdiyindən, iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ aradan qalxacaqdır.
13. Cavabdeh3 apellyasiya şikayətinin məzmunu Cavabdeh1 apellyasiya şikayətinin məzmunu ilə eynidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
15. İddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək şikayətlərin təmin olunmamasını xahiş etdi.
16. İş üzrə digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçinəsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqırda müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 144.3. Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə eldikləri hüquqları saxlanılır. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir və Mulki Məcəllədə göstərilmiş hallarda əqdbrin nolariat qaydasında təsdiqlənməsi məcburidir. Maddə 337.1 Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 647.1. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunub iddianın rədd olunması xahiş olunsa da, apellyasiya şikayətində qətnamə yalnız iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissələrdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarın, həmin bələdiyyə tərəfindən Cavabdeh3 torpaq sahəsi satılmasına dair tarixsiz aktın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri 52 saylı Notariat Kontorunda bağlanmış 21 noyabr 2016-ci il tarixli AN-1 seriyalı ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi) ləğv olunmalı, həmin hissədə iddia rədd edilməlidir.
20. Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarının, həmin bələdiyyə tərəfindən Cavabdeh3 torpaq sahəsinin ayrılmasına dair tarixsiz aktın və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, 04 oktyabr 2022-ci il tarixli 2(103)-260/2022 saylı qərardadla həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
21. İş materiallarından görünür ki, İddiaçı ilə Bakı şəhəri Nizami Bələdiyyəsi arasında bağlanmış 15 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən Nizami rayonu E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 340 kv.m olan torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəsinə vermişdir. İddiaçı ilə Nizami Bələdiyyəsinin arasında həmin icarə müqaviləsinin bağlanmasını və müqavilənin qüvvədə olmasını məhkəmə iclasında iştirak edən bələdiyyənin səlahiyyətli nümayəndələri də təsdiq etmişlər.
22. Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli 35 №-li qərarının surətindən görünür ki, Nizami rayonu E.Süleymanov küçəsində yerləşən ümumi sahəsi 500 kv.m torpaq sahəsi əlavə olunmuş çizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün ünvan 1 ünvanında yaşayan Cavabdeh3 adına alqı-satqı yolu ilə ayrılmışdır.
23. Torpaqların alqı-satqısına dair aktın surətinə əsasən ünvan 2 ünvanında yaşayan Cavabdeh3 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq barədə Bakı şəhəri Nizami Bələdiyyəsinə müraciət etmişdir. Müraciətə bələdiyyə orqanının iclasında baxılmış və Nizami Bələdiyyəsi ərazisində 0,05 ha torpaq sahəsi satılması barədə 2006-cı il 27 oktyabr tarixli 35 saylı qərar qəbul edilmişdir.
24. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 aprel 2022-ci il tarixli 10/2424 saylı rəyinə əsasən, Cavabdeh1 mülkiyyətində olan 500 kv.metr torpaq sahəsi ilə İddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən 15 dekabr 2006-cı il tarixli torpaq icarə müqaviləsi əsasında ayrılmış 340 kv.metr torpaq sahəsinin 318 kv.metr hissədə naturada və elektron kadastr məlumat bazasının məlumatlarına əsasən üst-üstə düşməsi müəyyən edilmişdir.
25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 adına Bakı şəhəri Nizami Bələdiyyəsinin adından 27 oktyabr 2006-cı il tarixli qərar və torpaqların alqısatqısına dair akt hazırlanmış, bu zaman imza və möhür saxtalaşdırılmışdır. Rəsmi sənədin saxtalaşdırılması faktına görə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılmışdır. İstintaq zamanı keçirilmiş ekspertiza rəyləri ilə Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli qərarındakı və torpaqların alqısatqısına dair aktda olan möhür əkslərinin saxta olması müəyyən edilmişdir.
26. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh3 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli 35 №-li qərarı və torpaqların alqı-satqısına dair akt əsasında Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində Cavabdeh3 xüsusi mülkiyyət hüququ 18 noyabr 2016-cı il tarixində qeydə alınmış və bu barədə ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra 21 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 həmin torpaq sahəsini 30000 manata Cavabdeh1 satmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra 07 noyabr 2016-cı il tarixində həmin torpaq sahəsi üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ qeydə alınmış və bu barədə ona Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
27. Vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə qərarlarında ifadə olunmuş mövqeyinə görə vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusi qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Yenə həmin qərarda qeyd edilmişdir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.
28. Hazırkı işdə Cavabdeh1 Cavabdeh3 torpaq sahəsini alarkən alqı-satqı müqaviləsinin legitimsizliyi barədə şübhə yaranmamış, Cavabdeh3 torpaq sahəsini saxta bələdiyyə qərarı əsasında əldə etməsi barədə hər hansı məlumat olmamışdır. Cavabdeh1 Cavabdeh3 səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş və torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa etimad edərək həmin müqaviləni bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın məzmununun qeyri-dəqiqliyini sübuta yetirə bilməmişdir. Başqa sözlə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
29. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Cavabdeh3 ilə bağladığı alqı-satqı müqaviləsinin tərəfi kimi vicdanlı alıcı olduğundan, onun əmlak hüquqları qorunmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-94/2021 saylı mülki iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri 52 saylı Notariat Kontorunda bağlanmış 21 noyabr 2016-ci il tarixli AN- İ seriyalı ******* nömrəli müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 adına verilmiş Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin.” hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumları İddiaçı alınıb apellyatorlara ödənilsin. Apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş 50 manat pul iddiaçıdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.