Məhkəmə qərarları › İş №2(103)-2601/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2601/2021

05.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2601/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh İB tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Əmircan qəsəbəsi, Axundov küçəsində yerləşən 41B №-li evdə təbii qazdan istifadə ilə bağlı hesablanmış 1.248,25 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun, iş üzrə keçirilmiş ekepsrtiza tədqiqatının dəyəri olan 102 manat iddiaçıdan tutulsun. Qətnamədən hər 2 tərəf apellyasiya şikayəti verib. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı özünün apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh aşağıda göstərilən 2 akta əsaslanaraq iddiaçıya borc hesablayıb: 1) 31.02.2018-ci il tarixli akt (iş v. 26); 2) 30.01.2020-ci il tarixli akt (iş v. 64). Hər 2 akta görə Bakı şəhəri, Əmircan qəsəbəsi, Axundov küçəsində yerləşən 41B №-li evdə təbii qazdan sayğacdan kənar qanunsuz istifadə aşkarlanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin qanunsuz qoşulma halı sübut olunmur. Belə ki, iddiaçı qanunsuz qoşulmanın olmadığını bildirir. Ona görə də qanunsuz qoşulma halını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə qanunsuz qoşulmanı təsdiq etmək üçün yuxarıda göstərilən 2 aktdan başqa sübut təqdim edə bilmir. Həmin aktlar qanunsuz qoşulmanı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, hər 2 akt iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib edilib, habelə akta foto və ya video çəkiliş əlavə edilməyib. Aktlarda qeyd olunub ki, iddiaçı aktı imzalamqdan imtina edib. Lakin iddiaçı bildirir ki, həmin aktların tərtib edilməsindən məlumatı olmayıb. Göründüyü kimi, iddiaçının cavabdehə zərər vurduğu sübut olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Cavabdehin iddianın rədd edilməsi barədə qətnamədən, yəni onun xeyrinə çıxan qətnamədən apellyasiya şikayəti verməsi onu təsdiq edir ki, cavabdeh qətnamə ilə tanış olmayıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti rədd olunsun. İddiaçı apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Bakı şəhəri, Əmircan qəsəbəsi, Axundov küçəsində yerləşən 41B №-li evdə təbii qazdan istifadə ilə bağlı Cavabdeh tərəfindən hesablanmış 1.248,25 manat borc ləğv edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar