Məhkəmə qərarları › İş №2(103)-2607/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2607/2021

24.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2607/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Hüseynov Adilağa Minəxan oğlunun iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Əliyev Adil Abış oğluna (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Hüseyn-Zadə Çingiz Muxtar oğlu, Əskərov Şahavət Teymur oğlu və Qasımova (Abbasova) Kamalə Kamil qızı cəlb edilməklə) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-170/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdeh Əliyev Adil Abış oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən, “xxxx” MMC Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcı Adil Əliyevə təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 415000 manat təşkil etmişdir. xx.xx.2018-ci il tarixli kassa mədaxil qəbzinə əsasən, xx.xx.2008-ci il tarixli müqavilə üzrə 415000 manat Əliyev Adil Abış oğlu tərəfindən kassaya mədaxil edilmişdir. Lakin iddiaçı sözügedən müqavilənin saxta olduğunu, heç bir hüquqi qüvvəsi olmadığını və həmin qeyri-yaşayış sahəsinə görə müqavilə üzrə “xxxx” MMC-nə hər hansı ödəniş həyata keçirilmədiyini bildirmişdir. “xxxx” MMC-nin arxiv sənədlərində və kompyuter sistemində “xxxx” MMC ilə Əliyev Adil Abış oğlu arasında imzalanmış hər hansı bir müqavilə aşkar edilməmişdir. “xxxx” MMC-nin hazırkı rəhbərliyinin mübahisələndirilən müqavilələrdən məlumatı yoxdur. “xxxx” MMC-nin keçmiş rəhbəri Cəfərov Məzahir İdris oğlu ayrı-ayrı vətəndaşları aldadaraq bir mənzili bir neçə şəxsə satmışdır. Bu əməllərinə görə onun barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət işi açılmış və cinayət məsuliyyətə cəlb olunmuşdur. Lakin M.Cəfərov məhkəmə istintaqı başa çatmadan özünü asıb öldürdüyünə görə barəsində açılan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. İddiaçı da Cəfərov Məzahir tərəfindən aldadılan vətəndaşlardan biridir. Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 3 nömrəli yaşayış sahələrinə dair “xxxx” MMC ilə bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqaviləyə əsasən sahəsi 566 kv.metr olan qeyri-yaşayış sahəsi Hüseyn-zadə Çingiz Muxtar oğluna, xx xxxxx 2007-ci il tarixli müqaviləyə əsasən sahəsi 43.5 kv.metr olan qeyri-yaşayış sahəsi Əsgərov Şəhavət Teymur oğluna və xx xxxxxx 2009-cu il tarixli müqaviləyə əsasən sahəsi 174 kv.metrdən olan qeyri-yaşayış sahəsi Qasımova (Abbasova) Kəmalə Kamil qızına satılmışdır. Həmin ünvanda qeyri-yaşayış sahəsinə dair cavabdeh Adil Əliyevlə hər hansı müqavilə bağlanmamışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında Hüseyn-Zadə Çingiz Muxtar oğlu, Əskərov Şavahət Teymur oğlu və Qasımova (Abbasova) Kamalə Kamil qızı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdirlər. Daha sonra Xətai Rayon Məhkəməsinin 2(011)-170/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən “xxxx” MMC onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamələri ilə mübahisəli qeyriyaşayış sahəsinin A.A.Əliyevə təhvil verilməsi qərara alınmayıb. Belə olmasaydı, yəni, qeyri-yaşayış sahəsinin təhvil verilmişdirsə onda məhkəmə tərəfindən təyin edilmiş tikintitexniki ekspertizanın təyin edilməsi nəyə lazım idi. Həmin xx.xx.2019-cu il tarixli ekspertizanın rəyinə görə, həmin 200 kv/m qeyri-yaşayış sahəsinin texniki göstəriciləri, o cümlədən sərhədlərini, hüdudlarım, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxemi və digər zəruri məlumat təqdim olunmadığından, həmin sahənin konkret olaraq harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. A.A.Əliyevlə “xxxx” MMC-nin o vaxtı direktoru olan M.Cəfərovla bağlanmış pis niyyətli müqavilədir. Belə ki, M.Cəfərovun cəmiyyətin adından müqavilə bağlamaq səlahiyyəti olmayıb. Belə ki, M.Cəfərov çoxsaylı şəxslərə 1 mənzili bir neçə şəxsə satdığına görə AR CM-nin 178-ci maddəsinə əsasən cinayət məsuliyyətinə alınmış və sonradan intihar etmişdir. Bunu eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-618/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsidə sübut edir. Həmin qətnamə AR Ali Məhkəməsinin x xxxx 2014-cü il tarixli. 2(102)-2489/14 saylı Qərarı ilə qüvvədə saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qətnaməsində T.Abdullayev (o vaxt “xxxx” MMC-nin təsisçisi və təmsilçisi (direktoru)) izahatında göstərmişdir ki, “MMC xx.xx.2004-cü ildən dövlət qeydiyyatına alınmış, ümumi yığıncağın qərarı olmadan özünün xx.xx.2007-ci il tarixli 01 №-li əmri ilə direktor vəzifəsinə təyin etmişdir. MMC-nin direktoru kimi kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin işlərin görülməsi ilə əlaqədar spnədlərin təsdiq olunması üçün cəmiyyətin möhürü M.Cəfərovda olmuşdur. MMC-nin yarandığı gündən təsisçisi və təmsilçisi özü olmuşdur.” Onun izahatından tam aydın olur ki, M.Cəfərov qanunla müəyyən edilmiş qaydada təsisçilərin ümumi yığıncağının qərarı olmadan və kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə M.Cəfərovun cəmiyyətin adından hər hansı bir müqavilə bağlamaq səlahiyyəti olmayıb. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia rədd olunmuş, qətnaməni də iddiaçı mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində Kollegiya izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətləriinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan satıcı “xxxx” MMC ilə alıcı Əliyev Adil Abış oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyri-yaşayış sahəsinin dəyəri 415000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilən xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin əslindən görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin dəyəri, 415000 manat Əliyev Adil Abış oğlu tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 441/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 2 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində tikinti sahəsi 10,5 kv.metrdən ibarət olan 2 otaqlı mənzilinin və Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin Əliyev Adil Abış oğluna təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-441/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, yəni Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin Əliyev Adil Abış oğluna təhvil verilməsi hissəsində ləğv olunması, iddia ərizəsinin həmin iddia tələbi ilə bağlı hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)-8049/18 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4609/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi qeyri-yaşayış sahəsinin təhvil verilməsinin ləğv edilməsi, iddianın rədd edilməsi hissəsində ləğv edilib, iş həmin hissədə yenidən baxılması üçün işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2703/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-441/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 nömrəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin Əliyev Adil Abış oğluna təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5993/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2703/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. İş materiallarında olan satıcı “xxxx” MMC ilə alıcı Mikayılova Nəcibə Sabir qızı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 174 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyriyaşayış sahəsinin dəyəri 139200 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilən xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1- ci mərtəbəsində, ümumi sahəsi 174 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin dəyəri olan 139200 manat Mikayılova Nəcibə Sabir qızı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Mikayılova Nəcibə Sabir qızı tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, Mikayılova Nəcibə Sabir qızı xx.xx.2007-ci il tarixli müqavilə ilə aldığı qeyri-yaşayış sahəsini Abbasova Kəmalə Kamil qızının adına keçirmişdir. İş materiallarında olan satıcı “xxxx” MMC ilə alıcı Abbasova Kəmalə Kamil qızı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 174 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyriyaşayış sahəsinin dəyəri 139200 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilən xx.xx.2009-cu il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1- ci mərtəbəsində, ümumi sahəsi 174 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin dəyəri olan 138200 manat Abbasova Kəmalə Kamil qızı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan satıcı “xxxx” MMC ilə alıcı Hüseyn-Zadə Çingiz Muxtar oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 566 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini (mağaza) alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyriyaşayış sahəsinin dəyəri 873000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilən xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 566 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin (mağaza) dəyəri olan 873000 manat Hüseyn-Zadə Çingiz Muxtar oğlu tərəfindən tam ödənilmişdir. İş materiallarında olan satıcı “xxxx” MMC ilə alıcı Əskərov Şavahət Teymur oğlu arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 1-ci mərtəbəsində, ümumi sahəsi 43,5 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini (mağaza) alıcıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə qeyriyaşayış sahəsinin dəyəri 65250 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilən xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında yerləşən 3 saylı yaşayış binasının, 1- ci mərtəbəsində, ümumi sahəsi 43,5 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin (mağaza) dəyəri olan 65250 manat Hüseyn-Zadə Çingiz Muxtar oğlu tərəfindən tam ödənilmişdir. İş materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli 21533 saylı rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış evinin 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinə dair “xxxx” MMCnin direktoru Cəfərov Məzahir İdris oğlu və Əliyev Adil Abış oğlunun adlarından olan xx.xx.2008-ci il tarixli müqavilədə “Satıcı” qrafasındakı imza və həmin müqaviləyə dair Əliyev Adil Abış oğlunun adına olan xx.xx.2008-ci il tarixli nömrəsiz kassa mədaxil orderinin qəbzində “Rəhbər” qrafasındakı imza – eyni şəxs Cəfərov Məzahir İdris oğlu tərəfindən icra olunmuşdur. ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış evinin 1-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.metr olan qeyri-yaşayış sahəsinə dair “xxxx” MMC-nin direktoru Cəfərov Məzahir İdris oğlu və Əliyev Adil Abış oğlunun adlarından olan xx.xx.2008-ci il tarixli müqavilədə “Satıcı” qrafasındakı imzada və həmin müqaviləyə dair Əliyev Adil Abış oğlunun adına olan xx.xx.2008-ci il tarixli nömrəsiz kassa mədaxil orderinin qəbzində “Rəhbər” qrafasındakı imzada – imzanın qəsdən dəyişdirilməklə icra olunmasını müəyyən edən əlamətlər müşahidə olunmamışdır. İş materiallarında olan iş üzrə təyin edilmiş sənədlərin texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 21534/23682 saylı rəyindən görünür ki, xx.xx.2008-ci il tarixli müqavilədə və eyni tarixli kassa mədaxil orderinin qəbzində olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. xx.xx.2008-ci il tarixli müqavilədə və eyni tarixli kassa mədaxil orderinin qəbzində olan möhür əskləri ekspertizaya təqdim edilmiş möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir. İş materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 21532 saylı rəyindən görünür ki, “xxxx” MMC (MMC-nin direktoru Cəfərov Məzahir İdris oğlu) ilə Əliyev Adil Abış oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış evinin layihə üzrə ümumi sahəsi 751,1 kv.metr olan 1-ci mərtəbəsindəki 200 kv.metrlik qeyri-yaşayış sahəsinin “xxxx” MMC-nin adına tərtib olunmuş layihə üzrə 3 saylı binanın birinci mərtəbəsində yerləşməsi (nəzərdə tutulması) texniki cəhətdən mümkün olduğu müəyyən edilir.Tədqiq olunan 200,0 kv.metrlik qeyri-yaşayış sahəsinin texniki göstəricilərini, o cümlədən sərhədlərini, hüdudlarını, koordinatlarını, hansı oxlar arasında yerləşməsini əks etdirən plan-sxem və digər zəruri məlumat təqdim olunmadığından (bu barədə məhkəmə qarşısında xx.xx.2019-cu il tarixli 21532 saylı vəsatət qaldırılmışdır), tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 200,0 kv.metrlik qeyriyaşayış sahəsinin 3 saylı binanın birinci mərtəbəsinin konkret olaraq harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. İşin faktiki hallarını yekunu olaraq Kollegiya hesab edir ki, mübahisə edilən ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış evinin 1-ci mərtəbəsində olan 200 kv.metrlik qeyriyaşayış sahəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Əliyev Adil Abış oğluna təhvil verilmişdir; iddiaçı ilə cavabdeh arasında bağlanmış qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün müqavilənin bağlanması zamanı qanunla müəyyən edilmiş şərtlərin pozulması müəyyən edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizaları ilə də müqavilənin bilavasitə iddiaçının müqavilə bağlanan zamanı direktoru olmuş şəxs Məzahir Cəfərov tərəfindən imzalanması və müəssisənin möhürü ilə təsdiqlənməsi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.4-cü maddələrə istinad edərək belə qənaətə gəlmişdir ki, qanunvericinin tələbinə görə müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin qanunla müəyyən edilmiş şərtləri pozulmaqla bağlanması lazımdır; məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilənin etibarsız olmaları üçün qanunla müəyyən edilmiş şərtlərin pozulması müəyyən edilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsinə də əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, yuxarıda qeyd olunan normalara görə müqavilənin etibarsız hesab edilməsi üçün həmin müqavilənin qanunla müəyyən edilmiş şərtləri pozulmaqla bağlanması lazımdır. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış müqavilənin etibarsız olmaları üçün qanunla müəyyən edilmiş şərtlərin pozulması müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunan normanı işin faktiki hallarına tətbiq etdikdə nəticə ondan ibarət olur ki, mübahisələndirilən müqavilənin mövcudluğu iddiaçıya ən geci xx.xx.2018-ci ildə (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-441/2018 saylı qətnaməsi) məlum olmuşdur. Həmin qətnamə ilə Əliyev Adil Abış oğlunun “xxxx” MMC-yə qarşı hazırda mübahisələndirilən müqavilə üzrə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə iddiası təmin olunmuşdur. Həmin qətnamə “xxxx” MMC tərəfindən mübahisələndirilərək apellyasiya şikayəti verilmişdir. Qeyd olunanları yekunu olaraq o nəticəyə gəlmək olur ki, iddiaçı “xxxx” MMC-yə mübahisələndirilən müqavilənin mövcudluğu barədə məlumatlı olduğu tarixdən 1 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apelyatorun şikayətində irəli sürdükləri ilə bağlı kollegiya qeyd edir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-170/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şeyda Məhərrəmova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar