Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2608/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5978/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı əqdin etibarsızlığı tələbinə dair məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 54 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 13 noyabr 2017-ci il tarixli kredit(borc) müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5978/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, mübahisənin obyektiv, tam, hərtərəfli və obyektiv araşdırılması üçün tərəflər arasındakı hüquq münasibətləri aydınlaşdırılmalı idi. Tərəflərin münasibətlərinin nədən qaynaqlandığı ortaya çıxarılmalı idi. Məhkəmə praktikasında oxşar işlərdə bir nəfərin digər şəxsə borc verməsi məsələsi araşdırılıqda ən azından onların münasibətləri araşdırılır, borc götürülməsinin zərurəti üzə çıxarılır, bütün bunlara qiymət verilir. Yəni, tərəflərin insani, qohumluq, yoldaşlıq, yaxud işgüzar münasibətləri sorğulanır, borcun hansı münasibətlərdən irəli gəldiyi araşdırılır ki, borc münasibətlərinin həqiqi münasibətlər, yoxsa uydurma münasibətlər olması üzə çıxarılmış olsun. Yoxsa, bu cür münasibətlər araşdırılmazsa, onda gerçək həyatda öhdəliklərdən yayınmaq istəyən bir sıra insan üçün bu cür müqavilələr əvəzedilməz bir yol, bir fürsət, bir imkan olar, mülki hüquqda isə uydurma əqdlər institutu əhəmiyyətsiz olardı, bu əqdlərlə bağlı məsələləri tənzimləyən normalar məhkəmə praktikasında işləməyən, tətbiq edilməyən normalara çevrilərdi. Mübahisənin və iddianın xarakteri tələb edirdi ki, tərəflər arasındakı münasibətlər aydınlaşdırılsın və üzə çıxarılsın, etirazın dəlilləri dinlənilsin və məhz bundan sonra məsələyə hüquqi qiymət verilsin. Lakin hakim tərəfindən bunların heç biri edilməmişdir. Apellyasiya instansiyasının nəzərinə çatdırır ki, izahatında təqdim etdiyi dəlillər hərtərəfli araşdırılmamış və tam olaraq qiymətləndirilməmiş, qiymətləndirmə obyektiv və düzgün aparılmamış, işin müəyyən edilən faktiki halları ilə bu sübutlar arasında mövcud olan ziddiyyətlər aydınlaşdırılmamışdır. İddia tələbinə baxılarkən borc vəsaitinin iddiaçı tərəfindən qəbul-olunub olunmaması aydınlaşdırılmamışdır. Qeyd edilən məbləğdə(160.000 dollar) pul vəsaiti bir çemodan pul edir, bu qədər pulu borc kimi götürübsə, məhkəmə notariat orqanına sorğu versin, sübutların əldə edilməsini təmin etsin, məsələni araşdırsın. Bununla bağlı 1-ci instansiya məhkəməsi notariat orqanına sorğu vermiş, lakin cavab alınmadan, sübutları əldə etmədən qərarını çıxarmışdır. Belə ki, mübahisənin obyektiv, tam, hərtərəfli və obyektiv araşdırılması üçün tərəflər arasındakı hüquq münasibətləri aydınlaşdırılmalı idi. Tərəflərin münasibətlərinin nədən qaynaqlandığı ortaya çıxarılmalı idi. Məhkəmə praktikasında oxşar işlərdə bir nəfərin digər şəxsə borc verməsi məsələsi araşdırıldıqda ən azından onların münasibətləri araşdırılır, borc götürülməsinin zərurəti üzə çıxarılır, bütün bunlara qiymət verilir. Yəni, tərəflərin insani, qohumluq, yoldaşlıq, yaxud işğüzar münasibətləri sorğulanır, borcun hansı münasibətlərdən irəli gəldiyi araşdırılır ki, borc münasibətlərinin həqiqi münasibətlər, yoxsa uydurma münasibətlər olması üzə çıxarılmış olsun. Yoxsa bu cür münasibətlər araşdırılmazsa, onda gerçək həyatımızda öhdəliklərdən yayınmaq istəyən bir sıra insan üçün bu cür müqavilələr əvəzedilməz bir yol, bir fürsət, bir imkan olar, mülki hüquqda isə uydurma əqdlər institutu əhəmiyyətsiz olardı, bu əqdlərlə bağlı məsələləri tənzimləyən normalar məhkəmə praktikasında işləməyən, tətbiq edilməyən normalara çevrilərdi. Mübahisənin və iddianın xarakteri tələb edirdi ki, tərəflər arasındakı münasibətlər aydınlaşdırılsın və üzə çıxanlsın, etirazın dəlilləri dinlənilsin və məhz bundan sonra məsələyə hüquqi qiymət verilsin. Lakin hakim tərəfindən bunların heç biri edilməmişdir. Apellyasiya instansiyasının nəzərinə çatdırır ki, izahatında təqdim etdiyi dəlillər hərtərəfli araşdırılmamış və tam olaraq qiymətləndirilməmiş, qiymətləndirmə obyektiv və düzgün aparılmamış, işin müəyyən edilən faktiki halları ilə bu sübutlar arasında mövcud olan ziddiyyətlər aydınlaşdırılmamışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə daxil etdiyi apellyasiya şikayətinə etirazda göstərmişdir ki, bundan öncə Cavabdeh İddiaçı qarşı hazırki mübahisə olan 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsindən yaranan öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı 160.000 ABŞ dolları tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1062/2020 saylı 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6061/2020 saylı qətnaməsi ilə təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)-1096/2021 saylı 16.03.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin qərarında kassasiya instansiya məhkəməsinin mövqeyində göstərilmişdir ki, mübahisəli olan 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsinin etibarsızlığını şərtləndirilən əsaslar müəyyən olunmamışdır və ümumiyyətlə belə bir tələb irəli sürülməmişdir. Həmin iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı üçün Nəsimi Rayon İcra şöbəsində icradadır. Göründüyü kimi hazırki iş üzrə mübahisələndirilən 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə Ali Məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron kabinet vasitəsilə ünvanlanladığı ərizəsində icraatında olan digər işlə bağlı hazırki məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin müraciətinə hər hansı bir sübut əlavə etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.4, 340.2-ci maddılırinı istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 13 noyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən borc alana 160000 ABŞ dolları məbləğində pul borc vermiş, borc alan krediti 13.11.2018-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı qeyd olunan müqavilənin uydurma əqd olduğunu, cavabdeh tərəfindən ona həmin müqavilə üzrə borc pul verilmədiyini bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilənlə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini bütövlükdə birinci instansiya məhkəməsinin qətnaməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki halların Mülki Məcəllənin 337, 340.1 maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,...müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi kredit müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə bu müqavilənin qanuniliyi yuxarıda qeyd olunan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)-1062/2020 saylı mülki iş üzrə yoxlanılmış və 13 fevral 2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Həmin işdə İddiaçı Nazim oğlu cavabdeh qismində tərəf olmuş və onunla Bədirxanov Emin Tofiq oğlu arasında bağlanmış 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsi məhkəmə tədqiqatının predmeti olmuşdur. O işdə məhkəmə bu kredit müqaviləsinin qanuniliyini yoxlayaraq etibarlı əqd olduğu qənaətinə gəlmiş və hazırki iddiaçıdan 160000(yüz altmış min) ABŞ dolları manatın məzənnəsi nəzərə alınmaqla alınaraq cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. Düzdür, hazırki işdə iddiaçı göstərir ki, mübahisələndirdiyi həmin kredit müqaviləsini hədələndikdən sonra, yəni işindən çıxarılacağından qorxaraq notariusa gedərək imzalamışdır. Bu dəlillərin nə qədər əsaslı yaxud əsassız, əhəmiyyətli və ya əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın yaxud icraatın predmeti olsa belə yuxarıda qeyd olunan məhkəmə aktlarına zidd yeni məhkəmə aktının çıxarılması üçün əsas ola bilməz. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı birbirini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5978/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5978/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2608/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2608/2022
28.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver