Məhkəmə qərarları › İş №2(103)-261/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-261/2022

04.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-261/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiəsi» tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(006)-388/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiəsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilən 16 may 2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt üzrə yazılmış 9.601 manat 89 qəpik cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, özünə məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Qeyd edir ki, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən ünvana onun adına olmaqla, **********00002 abonent kodu ilə elektrik sayğacı quraşdırılmışdır. 16 may 2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları onun ünvanına gələrək fərdi yaşayış evinə qoyulmuş elektrik sayğacını ona hər hansı məlumat və bildiriş vermədən və hər hansı hal şahidlərinin iştirakı təmin edilmədən sökərək aparmışlar. 2 azyaşlı körpə balaları ilə işıqsız qalmışlar. Sonradan ona məlum olmuşdur ki, guya elektrik sayğacından kənar xətt aşkar ediblər və buna görə də, ******* nömrəli akt tərtib edilərək, ümumilikdə 9.601 manat 89 qəpik cərimə yazmışlar. Qeyd edir ki, həmin elektrik sayğacı mənzillərindən çöldə yerləşdirilmişdir və daim ərazi üzrə nəzarətçi olan "xxxx" ASC-nin əməkdaşları həmin sayğaca mütəmadi olaraq hər ay baxış keçirib elektrik sərfiyyatı barədə qəbz yazaraq ona təqdim etmişdir və o da, vaxtında elektrik sərfiyyatı üçün ödənişləri aparmışdır. 16 may 2020-ci il tarixə qədər ona həmin sayğaca hər hansı müdaxilənin olması barədə ərazi üzrə nəzarətçi olan "xxxx" ASCnin əməkdaşları hər hansı irad və məlumat bildirməmişlər. "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız tərtib olunmuş ******* saylı akt tərtib edilərək, ümumilikdə 9.601 manat 89 qəpik cərimə yazmışlar. "xxxx" ASC-nin əməkdaşları tərəfindən belə qanunsuz aktlar kütləvi şəkildə tərtib olunaraq vətəndaşlara külli miqdarda cərimələr yazmaqla əsassız varlanırlar. Necə olur ki, hər ay minimum bir dəfə cavabdehin ərazi üzrə əməkdaşı gəlir və sayğaca baxış keçirdikdən sonra aylıq üzrə elektrik sərfiyyatını yazaraq müvafiq çeki ona təqdim edəndə, sayğacda qeyd etdikləri şübhələri görmürdülər? Cavabdeh tərəfindən tərtib edilən 16 may 2020-ci il tarixli ******* saylı akt qanunsuz və əsassız olduğu üçün etibarsız bilinməli və həmin akt üzrə edilmiş 9.601 manat 89 qəpik cərimə silinməlidir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-388/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 16 may 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 018654 saylı aktın ləğv edilməsi, ünvan 1 ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00002 saylı abunə koduna hesablanmış cəmi 9.570 manat 71 qəpik elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ceyhun Tağıyev).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, 16 may 2020-ci il tarixdə '‘Azərişıq” ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 3 ünvanında 07.08.2019-cu il tarixə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı abonentin fərdi yaşayış evinə sayğacdan kənar xətt daxil olduğu və sayğacın üzərində kompüter məlumat bazasına daxil olmayan 30794 kvts sərfıyyatın olması aşkar olunmuş və aşkarlanan qüsurların "xxxx" ASC-nin əməkdaşları tərəfindən video çəkilişi aparılmaqla NDM 018654 saylı akt tərtib olunmuşdur. Sonradan "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarı ilə yuxarıda qeyd olunan akta əsasən 58867 kvts. itirilmiş elektrik enerjisinin dəyəri (4.8 kvts. x 24 saat x 0.7x730 gün = 58867 kvts.) 6183.37 manat məbləğində müəyyən edilməklə abonentin **********00002 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Lakin məhkəmə aşkar olunmuş qüsurların qeyd olunduğu videogörüntülərin olduğu diskin sübut qismində təqdim edilməsinə baxmayaraq məhkəmə qeyd edilən sübutu qəbul etməmişdir. Abunə haqqında məlumata əsasən iddiaçıdan qeyd edilən akt borcundan əlavə, elektrik enerjisi sərfıyyatına və həmçinin limitdən artıq elektrik enerjisi sərfıyyatına görə 3421.74 manat borcunu da nəzərə aldıqda onun iddia verilən tarixədək elektrik enerjisinə görə ümümi borcu 9605.11 manat təşkil edir. Lakin məhkəmə işi düzgün və hərtərəfli araşdırmamış, iş materiallarında olan abunə haqqında məlumatın təhlilini düzgün aparmamış və iddiada qeyd edilən 9605.11 manat borcun bütünlükdə akt borcu olduğunu və həmin məbləğin iddiçının hesabından silinməli olması barədə səhv qənaətə gəlmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının ilasında iştirak edən cavabdehin nümayəndəsi F.Abdullayev apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ünvana verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********00002 abonent kodu verilmişdir.

11. 16 may 2020-ci il tarixdə tərtib edilmiş NDM seriyalı 018654 saylı aktda qeyd olunmuşdur ki, həmin ünvanda elektrik enerjisinin istifadə qaydalarına riayət edilməsi yoxlanılmışdır. Məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmin kənar xətt 0,4 kv-luq şəbəkədən ayrıca faz xətti vasitəsi ilə çəkilmişdir. Sayğacın üzərində isə kompüter məlumat bazasına daxil edilməmiş 30794 kvt/saat elektrik enerjisi sərfiyyatı var. Xəttən axan yük ölçülmüşdür. Göstərici kompüter məlumat bazasına daxil edilmişdir.

12. Bundan sonra, iddiaçıya sərf olunmuş və itirilmiş elektrik enerjisinə görə cəmi 9.601 manat 89 qəpik borcu olması barədə müvafiq bildiriş göndərilmişdir. Akta əsasən iddiaçıya əlavə sərfiyyat üçün cəmi 6.183 manat 37 qəpik (5.672 manat 37 qəpik + 511 manat) borc hesablanmışdır. Akt tərtib olunarkən abonent və şahidlərin iştirakı təmin edilməmişdir Hüquqi dəyərləndirmə:

13. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:

14. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

15. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

16. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır.

18. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.

19. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

20. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonenti və hal şahidlərinin iştirakı təmin edilməmişdir.

21. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən sayğaca qanunsuz qoşulmanın olması halına istinad edir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdıraraq 18.06.2021-ci il tarixli qərardadla məhkəmə-texniki ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən, mübahisə predmeti olan ünvana baxış zamanı eklektrik xəttinin çəkilmədiyi, elektrik sayğacının quraşdırılmadığı və ünvana sayğacdan kənar qoşulma halının müəyyən edilmədiyi bildirilmişdir.

22. Bundan başqa, cavabdeh iş materiallarında olan diskə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmədiyini bildirmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsində icraat zamanı videodiskə baxış keçirmişdir. Lakin, kollegiya iclasında cavabdehin nümayəndəsi tərəfindən diskdəki görüntüdə olan sayğacın məhz iddiaçıya məxsus olan sayğac olması halına aydınlıq gətirə bilməmişdir.

23. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, sayğaca kənar müdaxilənin olması iş materialları ilə təsdiq edilmədiyindən və bu hal ekspert rəyi ilə də öz təsdiqini tapdığından, ekspert rəyinin qeyri-mötəbərliyi ilə bağlı hər hansı şübhə olmadığından, video diskdəki sayğacın iddiaçıya məxsus sayğac olması sübut olunmadığından birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

24. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

26. İddiaçı adına olan **********00002 saylı abonent koduna hesablanmış 5.672 manat 37 qəpik + 511 manat = 6.183 manat 37 qəpik (15.05.2020-ci il tarixli akta əsasən 19.05.2020-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərdə qeyd olunan), həmçinin kompüter məlumat bazasına daxil olmadığı göstərilən 30794 kvts-a görə hesablanmış 3.387 manat 34 qəpik olmaqla, cəmi 9.570 manat 71 qəpik elektrik enerjisi borcunun əsassız sayılaraq silinməsinə dair məhkəmənin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işi düzgün və hərtərəfli araşdırmamış, iş materiallarında olan abunə haqqında məlumatın təhlilini düzgün aparmamış və iddiada qeyd edilən 9605manat, 11 qəpik borcun bütünlükdə akt borcu olduğunu və həmin məbləğin iddiaçının hesabından silinməli olması barədə səhv qənaətə gəlmişdir.

29. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, məlumatın bazaya daxil olmamasına baxmayaraq sayğacda həmin sərfiyyat mövcuddur.

30. Kollegiya qeyd edir ki, sayğacda həmin sərfiyyatın olması göstərilsə də cavabdeh tərəfindən təqdim edilən videogörüntüdə sayğacın iddiaçıya məxsus saygac olması sübuta yetirilə bilinmədiyindən, həmçinin saygacda olan məlumatlar Azəriqazın özünün nümayəndəsinin dediklərinə istinadən bazada olmadığından və bu məlumatların hansı səbəbdən bazada olmamasına aydınlıq gətirə bilmədiyindən, eyni zamanda iş materiallarında bunları təsdiq edəcək heç bir sübut olmadığından apellyasiya şikayətinin bu dəlili də əsassızdır.

31. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

33. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmuş hissədə ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

37. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(006)-388/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar