Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2614/2020 02.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Abbas oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-106/2019 saylı qətnaməsindən iddiaçı tərəfdən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Abbas oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Keşlə dəmir yolu mənzilinin 4-cü km PK 6-da yolun kilometr artımı istiqamətinin sol tərəfində və “Xırdalan” budaq yolu adlanan xəttin sağ tərəfində, hər iki xəttin arasında cavabdehlər tərəfindən qanunsuz inşa edilən iki mərtəbəli tikilinin cavabdehlərin hesabına sökülərək dəmir yolunun mühafizə zolağından kənarlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Nərimanov Keşlə dəmir yolu mənzilinin 4-cü km PK 6-da yolun kilometr artımı istiqamətinin sol tərəfində və “Xırdalan” budaq yolu adlanan xəttin sağ tərəfində, hər iki xəttin arasında cavabdehlər tərəfindən qanunsuz olaraq ikimərtəbəli tikili inşa edilmişdir. Tikinti işlərinin dayandırılması üçün QSC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, müvafiq tədbirlərin görülməsi məqsədilə X5 X4 Xətt Polis şöbəsinə müraciət edilmişdir. Həmin iki mərtəbəli tikili dəmir yolunun təhkim zolağında inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-c maddəsinin, Torpaq Məcəlləsinin 22.1 və 22.2-ci maddələrinin və Mülki Məcəllənin 180-ci maddəsinin tələblərinə əsasən cavabdehlər tərəfindən qanunsuz inşa edilən iki mərtəbəli tikili sonuncuların hesabına sökülərək dəmir yolunun mühafizə zolağından kənarlaşdırılmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 106/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır, maddi hüquq normaları pozulmuşdur. İş materialları, ekspert rəyi, həmçinin məhkəmə tərəfindən də təsdiq olunmuşdur ki, mübahisəli tikili dəmir yolunun mühafizə zonasında yerləşir və özbaşına tikilidir. Sözügedən dəmir yolunun istismar edilməməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmənin həmin xəttin hazırda istismar edilməməsinə istinadən iddianı təmin etməməsi əsassızdır. Nərimanov Keşlə dəmir yolu mənzilinin 4-cü km PK 6da “Xırdalan” budaq yolu adlanan hissəsinin istismarının dayandırılması barədə nə ölkə rəhbərliyi, nə də QSC tərəfindən hər hansı qərar qəbul olunmamışdır. Dəmir yolları üçün mühafizə zonasının müəyyən edilməsinin əsas məqsədi həmin ərazidə insan tələfatı ilə nəticələnə biləcək bədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdır. Özbaşına tikili qanunsuz tikilidir və belə tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə edə bilməz. QSCnin digər vətəndaşlara qarşı iddia qaldırmaması hazırki cavabdehlərə qarşı irəli sürülmüş iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, iş materiallarına uyğun izahat verib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər (nümayəndələri) məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İddiaçı hazırda cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülərək dəmir yolunun mühafizə zolağından kənarlaşdırılmasını tələb edir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli tikili iki dəmiryol xəttinin arasında inşa edilmişdir, həmin xəttin istismar edilməməklə işlək olmaması və cavabdehin xidməti maraqları baxımından aktual olmaması mülki işin mübahisəsiz hallarından biridir, cavabdehlər həmin tikilidə yaşayırlar və yaşadıqları dövrdə bütün kommunal və digər ödənişləri etmişlər. Mübahisəli tikili iddiaçıya məxsus dəmir yolu xəttinin mühafizə zonasında yerləşsə də, həmin xətt hazırki vəziyyətdə istismar baxımından öz aktuallığını itirdiyindən həmin tikilinin sökülməsi barədə iddia təmin edilməməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, qanunvericiliyin tələblərinə əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20630 saylı xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, baxış zamanı Nərimanov rayonu, Aşıq Qərib küçəsi 6A ünvanında yerləşən Cavabdeh1 və qeyriləri tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi ilə "xxxx” QSC-yə məxsus onların təqdim etdiyi “Xırdalan budaq” dəmiryol xətti arasında olan məsafənin 3.5-10 metr olduğunu, “xxxx” QSC-yə məxsus digər, Nərimanov- Keşlə dəmiryolu mənzilinin 4-cü km PK 6-da yolun kilometr artımı istiqamətinin sol tərəfində yerləşən cavabdehlərə məxsus daş hasar və fərdi yaşayış evi arasındakı məsafənin həmin arada yerləşən tikililərin olması səbəbindən ölçü işlərinin aparılmasının mümkün olmamasını nəzərə aldıqda, həmin fərdi yaşayış evi və daş hasar dəmir yolunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 33 saylı qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”na əsasən mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Ekspert rəyi ilə mübahisəli fərdi yaşayış evi və daş hasarın dəmiryolunun mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarrının” 2-ci bəndinin 3-cü abzasına əsasən: “təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmiryol xətlərinin torpaq yatağına bitişən, dəmiryol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmiryol nəqliyyatı təyinatlı torpaqlardır”. Həmin Qaydaların 15, 16, 17, 21 və 23-cü bəndlərinə əsasən: “Xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmiryol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır (15).” “Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər (16)”; “Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, “Azərbaycan Dəmir Yollan" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər (17)”; “Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmiryol təyinatlı bina və digər tikililərə, həmçinin dəmiryol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmiryol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir (21)”; “xxxx” Qapalı Səhmdar Cəmiyyəti və Daxili işlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar (23)”. Göründüyü kimi bu sahələrdə qanunsuz tikililərin tikilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən Nərimanov Keşlə dəmir yolu mənzilinin 4-cü km PK 6-da yolun kilometr artımı istiqamətinin sol tərəfində və “Xırdalan” budaq yolu adlanan xəttin sağ tərəfində, hər iki xəttin arasında tikinti işləri apararaq özbaşına yaşayış evi inşa edilmişdir. Mübahisəli tikili iki dəmiryol xəttinin arasında inşa edilmişdir və ekspert rəyinə görə mühafizə zonasında yerləşir. Həmin xəttin istismar edilməməklə işlək olmaması və cavabdehin xidməti maraqları baxımından aktual olmaması qanuni və əsaslı olan iddia tələbinin təmin edilməməsi üçün əsas verə bilməz. Məhkəməninin bu barədə gəldiyi nəticəsi əsassızdır. İddiaçını tələbi və apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Kollegiya həmçinin məhkəmənin mübahisəli ərazidə cavabdehlərdən başqa digər şəxslərə məxsus tikililərin də inşa edilməsinə baxmayaraq, iddiaçının ancaq cavabdehlərə məxsus qanunsuz tikili ilə bağlı məhkəməyə iddia ilə müraciət edilməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə bildirir ki, məhkəmənin bu barədə qənaəti yalnışdır. Belə ki, iddiaçının digər vətəndaşlara qarşı iddia irəli sürüb-sürməməsi hazırki iş üzrə cavabdehə qarşı irəli sürülmüş iddianın əsassızlığına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İddiaçının həmin ərazidə yaşayan digər vətəndaşlara qarşı iddia verib-verməməsi onun əleyhinə təfsir oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-106/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Nərimanov Keşlə dəmir yolu mənzilinin 4-cü km PK 6-da yolun kilometr artımı istiqamətinin sol tərəfində və “Xırdalan” budaq yolu adlanan xəttin sağ tərəfində, hər iki xəttin arasında cavabdehlər tərəfindən qanunsuz inşa edilən iki mərtəbəli tikili cavabdehlərin hesabına sökülərək dəmir yolunun mühafizə zolağından kənarlaşdırılsın. Cavabdeh1 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2614/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2614/2020
02.03.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver