Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2615/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3391/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən tərtib olunmuş 019459 saylı, xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi və hesablanmış 650 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində uzun illərdir yaşayır. Onlar elektrik enerjisindən istifadəyə görə müntəzəm olaraq qəbzlər əsasında ödənişlər aparırlar. Sayğacları işlək vəziyyətdə olmuş, plombu isə heç bir müdaxiləyə məruz qalmamışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən onun məlumatı olmadan qanunsuz olaraq akt tərtib olunmuşdur. Yaranmış borcun hansı formada yarandığını soruşan zaman ona aktı vermişlər. O, aktla tanış olan zaman görmüşdür ki, iştirakı təmin edilmədən guya kənar müdaxilə olunmaqla sıfır xətti verilməklə sayğac dövriyyədən kənarlaşdırılmışdır. Halbuki, həmin ərəfədə xüsusi karantin elan edilmiş, o, evdə olmuş və aktla bağlı ona hər hansı bir məlumat verilməmişdir. O və ya ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Bundan sonra o, cavabdeh təşkilata müraciət etmiş və nəticədə ona ******* nömrəli protokol təqdim edilmişdir. Protokolla tanış olan zaman ona sayğacın sxeminin 0 faza xəttində, faza xətti isə 0 yuvasında yerləşdirildiyi, sonra isə “plombu qırıq deyildir” qeydi qoyulduğu məlum olmuşdur. Sayğacın plombu qırılmadan onun həmin əməliyyatları sayğacın içərisində yerinə yetirməyi qeyri-mümkündür. Cavabdeh təşkilatın nümayəndələri tam qanunsuz böhtan xarakterli akt tərtib etmişlər və ona əsassız borc yazmışlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3391/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” ASC tərəfindən tərtib edilmiş 019459 saylı, xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi və İddiaçı hesablanmış 609 (altı yüz manat doqquz qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3391/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi əsassızdır. Belə ki, məhkəmə iddiaçının sayğacında aşkar edilmiş nöqsanla bağlı cavabdeh təşkilatın nümayəndələri tərəfindən NDM № 019459 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilərkən hal şahidlərinin olmamasını əsas gətirərək aktın etibarsız hesab edilməli olması qənaətinə gəlmişdir. Halbuki aktın tərtib edilməsi zamanı hal şahidlərinin olmaması kimi formal çatışmazlıqlar heç bir halda abonent tərəfindən sayğaca müdaxilə faktını inkar etməyə əsas vermir. Həmçinin bildirir ki, xx.xx.2020-ci il tarixdə iddiaçının sayğacına keçirilən baxışın və bu zaman aşkar olunmuş qüsurların “xxxx” ASC-nin əməkdaşları tərəfindən video çəkilişi aparılmışdır. Hesab edirik ki, məhkəmə tərəflərindən təqdim edilmiş sübutların qiymətləndirilməsini düzgün aparmamış və bununla da maddi və prossesual hüquq normalarının pozuntusuna yol vermişdir. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3391/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3391/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Fərid Abdullayev tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3391/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Fərid Abdullayev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kоllegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə tоplanmış sübutlara оbyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Fərid Abdullayevin apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3391/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, NDM 019459 nömrəli aktın surətindən görünür ki, cavabdeh “xxxx” ASC-nin əməkdaşları B.Abdullayev və A.Məmmədov xx xxxx 2020-ci il tarixdə istehlakçı İddiaçı məxsus (abonent kodu: **********50002) fərdi yaşayış evində olan elektrik sayğacının yoxlaması zamanı fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxeminin səhv olduğu, kənar mənbədən sıfır xətti (xüsusi açar) verməklə sayğacın dövrədən tamamilə kənarlaşdırıldığı müəyyən olunmuşdur. Həmin akt “xxxx” ASC-nin yuxarıda adları çəkilən əməkdaşları tərəfindən imzalanmış, İddiaçı aktın tərtib edilməsi zamanı iştirak etmədiyi göstərilmişdir. İş materiallarında olan, “xxxx” ASC-nin Akt komissiyasının sədri tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, **********50002 saylı abonent İddiaçı məxsus fərdi yaşayış evində olan sayğaca olan kənar xəttin ləğv edilməsi və sonuncuya 609 manat məbləğində borcun hesablanması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən, enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerjiötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Eyni zamanda cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Fərid Abdullayev apelyasiya şikayətində elektrik sayğacına müdaxilə edildiyini göstərilsə də, həmin müdaxilənin məs istehlakçı tərəfindən edilməsi barədə təşkilat tərəfindən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərtib edilmiş 019459 saylı, xx.xx.2020-ci il tarixli akt “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.33-cü bəndinin tələblərinə zidd olaraq, hal şahidlərinin və iddiaçının (abonentin) iştirakı ilə tərtib edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilərək, imzalanmışdır. Həmçinin cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Fərid Abdullayev apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Fərid Abdullayevin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3391/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Fərid Abdullayevin apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti iki min manatdan az, yəni 650 (altı yüz əlli) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3391/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2615/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2615/2021
09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver