Məhkəmə qərarları › İş №2(103)-2616/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2616/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2616/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə üçüncü qrup əlil olmuşdur. Hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ona ödənilməli olan 4400 manat birdəfəlik sığorta ödənişinin ödənilməsini xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmətlə əlaqədar üçüncü dərəcəli əlil olaraq 4400 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Məmmədov X3 rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixində həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidmətə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasının N nömrəli hərbi hissəsində başlamışdır. Hərbi xidmət dövründə minaya düşmüş və sağ diz altı nahiyyəsindən xəsarət almışdır. xx.xx.1999-ci il tarixindən xx.xx.1999-cu il tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kinik Hospitalında müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06.2000-ci il tarixli 215 saylı əmri əsasında 15 iyul 2000-ci il tarixində 050 № Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Ona sağ dizaltı nahiyyənin qəlpə yaralanmasından sonrakı vəziyyətinin hərəkətin və ya yerişin pozulmaları, aşağı ətrafları funksiya pozulması, dərinin hipertrofik dəyişiklikləri, dizaltı nahiyyənin ağrılı dartıcı kobud kelloid çapıq toxuması, oynaqların kontrakturası, sağ diz oynağının kəskin kontrakturası, əlin və ya pəncənin sallanması, sağ incik sinirinin postravmatik neyropatiyası, sağ pəncənin sallanması, əzələnin başqa rubrikalarda təsnif olunmayan otrofiyası və üzülməsi, sağ budun arxa səthinin, hər iki baldırın ağrı dartıcı hipertofik kəskin əzələ atrofiyası əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarına əsasən hərb xidmət dövrü ilə əlaqədar lll dərəcəli müddətsiz əlillik təyin edilmişdir. O, bundan sonra “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli, 296 nömrəli qanuna əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Dövlət Sığorta kommersiya Şirkətinə müraciət etmişdir. Ancaq hər iki qurum müxtəlif əsaslar gətirərək müraciətini təmin etməmişdir. Ona görə də məhkəmədə Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı hazırkı iddianı qaldırmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-470/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia təmin olunmamışdır.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və hazırkı iş üzrə əsl cavabdeh deyildir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbayca Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetməniun təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu

12. Maddə 5, bənd “ç”. xx.xx.2013-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir: ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olduqda: İİİ qrup – 40 faiz.

13. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetməniun təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanı Bənd 2.7. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta Şirkət tərəfindən həyata keçirilir.

14. Bənd 2.8. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxlərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iş üzrə iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

18. Belə ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

19. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli Fərmanı ilə 18 may 2021-ci il tarixli 1340 nömrəli həmin Fərmanda dəyişiklik edilmişdir.

20. Dəyişikliyə əsasən Fərmanın 2.7-ci bəndi aşağıdakı redaksiyada verilmişdir:

21. 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.

22. Həmçinin Fərmana aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edilmişdir:

23. 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.

24. Hazırkı iş üzrə cavabdeh qismində Dövlət Sığorta Kommersiya Şirkəti qoyulmuş, iddia tələbi həmin hüquqi şəxsə yönəlmişdir. X4 dövlət başçısı dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsinin hansı orqan tərəfindən həyata keçirilməsini konkret müəyyən etmiş və hazırkı halda bu vəzifənin icrasını Dövlət Sosial Müdafiə Fonduna həvalə etmişdir.

25. Belə olan halda Dövlət Sığorta Kommersiya Şirkəti hazırkı tələbə cavab verməli olan şəxs deyildir.

26. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.).

27. Baxılan iş üzrə iddiaçıya təklif olunmasına baxmayaraq o, cavabdehin əsl cavabdeh ilə əvəz olunmasına etiraz etmişdir.

28. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, hazırkı iddianın təmin olunmaması onun əsl cavabdehə qarşı ümumi qaydada iddia qaldırmaq hüququnu həyata keçirməsinə mane olmur.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar