Məhkəmə qərarları › İş №2(103)-2621/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2621/2023

12.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2621/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X1 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-841/2023 saylı 16 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir, həmin sayğacın quraşdırılma haqqı olaraq iddiaçı tərəfindən 21 yanvar 2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə 262 manat məbləğində pul ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında quraşdırılan sayğacın dəyəri kimi Cavabdeh İB-nin hesabına ödədiyi 262 manat məbləğində pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı ilə Cavabdeh İB arasında 18 fevral 2022-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilə əsasında həmin ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən akt tərtib olunaraq qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı quraşdırılarkən iddiaçıdan onun dəyəri kimi 262 manat pul tələb edilmiş və iddiaçı həmin pulu ödəmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-841/2023 nömrəli, 16 yanvar 2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdehin özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, sayğac dəyərinə görə iddiaçının ödədiyi 262 manat pulun ona geri ödənilməsi barədə iddia təmin edilməlidir.

6. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-841/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, iş materiallarında iddiaçının qaz sayğacına görə Cavabdeh hesabına ödənişin apardığını təsdiq edən hər-hansı qəbz mövcud deyil. İddiaçının iddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzindən isə məlum olur ki, ödəniş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilmişdir. Bu səbəbdən cavabdeh əsl cavabdehlə əvəz edilməli idi. Lakin məhkəmə bu əhəmiyyətli məqamı nəzərindən qaçıraraq prosessual səhvə yol vermişdir.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

11. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 12.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 13.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

14. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 15.Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

16.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

17. 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 19.6.7-ci bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 20.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

21.İddiaçının istinad etdiyi hallara görə hazırki mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi tətbiq edilməlidir. 22.Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsi üçün borclunun əmlak əldə etməsi, həmin əmlakın kreditorun əmlakı hesabına əldə edilməsi, bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması kimi şərtlərin mövcudluğu vacibdir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən iddia tələbinin keçərliliyi qanunda nəzərdə tutulmuş və yuxarıda qeyd edilən dispozitiv şərtlərin həm də eyni vaxtda olmasından asılıdır. 23.Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.

24. İddiaçı yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir, ödənişsiz quraşdırılmalı olan sayğaca görə iddiaçı tərəfindən 21 yanvar 2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə 262 manat məbləğində pul ödəmişdir.

25. Halbuki qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdehin özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, sayğac dəyərinə görə iddiaçının ödədiyi 262 manat pulun ona geri ödənilməsi barədə iddia təmin edilməlidir.

26. Apellyasiya şikayətində göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının iddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzinə əsasən, pulun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansına köçürüldüyünə istinad edərək hazırki iddia üzrə cavabdehlik daşımadığını bildirir. Halbuki qaz sayğaclarının quraşdırılması Cavabdeh birbaşa səlahiyyətlərinə aid məsələdir və cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh-təşkilat ilə bu sahədə birgə fəaliyyət göstərmədiyini, sifarişçi-podratçı münasibətlərində olmadığını, sayğacların quraşdırılması üçün ödənilmiş pulun Cavabdeh balansına keçmədiyini və s. bu kimi halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki sübut edilməli olan halların müəyyən edilməsi iddiaçının səlahiyyətləri xaricindədir və belə olan halda sübutetmə yükü də cavabdehin üzərinə düşür.

28. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aid elektron səhifəsində vergi uçotuna alınmış vergi ödəycisi olan hüquqi şəxs kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınmadığı, yəni faktiki mövcudluğu aşkar edilmədiyi müəyyən edilmiş, bu da "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh nəzdində fəaliyyət göstərməsinə dair yaranmış şübhələrin təsdiqi kimi qəbul edilməlidir.

29. Beləliklə məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli halları sübut etmək yükü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

32. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddia tələbinin təmin edilən hissəsində iddianın qiyməti 262 manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 394-1, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-841/2023 nömrəli, 16 yanvar 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar