Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2623/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X4 və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh QSC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(009)-1748/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Beynəlxalq Bank ASC-nin törəmə müəssisəsi Cavabdeh Qapalı Səhəmdar Cəmiyyəti ilə (əvvəlki adı “X8” QSC) arasında 5xx/xx/2014 saylı,xx.xx.2014-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə onunla bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(009)-1748/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi və iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qüvvədə olan məhkəmə qətnaməsi iddiaçının verdiyi iddia üzrə eyni predmeti təşkil etmir. Ona görə də məhkəmə qərardadı ləğv edərək işə mahiyyəti üzrə baxmalıdır. Qeyd etmək istəyir ki, İddiaçı 1-ci qrup əlil olmaqla yataq xəstəsidir. Məhkəmə qətnaməsi əsasında qətnamədə qeyd edilən borc yalnız onun pensiyasından tutulur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadının olması) istinad etmiş, öz qərardadını belə əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olmaqla icraya yönəldiyindən İddiaçı Mühmud oğlunun eyni məzmunlu iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddia tələbinin yolverilməzliyinə görə qəbul edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına nəzər yetirdikdə görünür ki, həqiqətən də, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə cavabdehlər X1 və İddiaçı müştərək qaydada 11766 manat məbləğində lizinq haqqı borcu, 1829 manat məbləğində faiz borcu, cəmi 13595 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçı “X8” QSC-nin xeyrinə tutulması barədə xx.xx.2016-cı il tarixli 2(011)-4010/2016 saylı icra vərəqəsi verilmişdir. Bu da o deməkdir ki, iddiaçının hazırki tələbi üzrə mübahisəyə daha öncə başqa məhkəmə işi zamanı qiymət verilmiş, iddiaçının mübahisələndirdiyi zaminlik müqaviləsinin etibarlılığı yoxlanılmış və həmin müqavilə üzrə öhdəliyi hələ 2016-cı il tarixində qəbul edilmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli № 02/2022 saylı qərardadının 53-cü maddəsinə əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı MPM-in 153.2.2-ci maddəsinə əsasən yolverilməzliyinə görə qəbul edilməkdən imtina etməklə və iddiaçıya geri qaytarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(009)-1748/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-2623/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2623/2024
03.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver