Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2625/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı X1 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(010)-3767/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı X3 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi, **********07500 saylı abonent X2 qanunsuz olaraq tələb olunan 863,40 manat məbləğində puloun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsidəki nömrəsiz yaşayış evinə xx.xx.2016-cı il tarixdə cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş və G-4 İtron Smart-kart tipli sayğac quraşdırılmışdır. Həmin fərdi yaşayış evidə yaşayış olmamış və tikintisi başa çatmamışdır. Lakin, «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin sayğaca görə onlara akt tərtib ediblər və güya ki, sayğacdan kənar xətt aşkar ediblər. Baxmayaraq ki, indiyədək qaz sayğacına onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Qonşular daxil hər kəs bilir ki, o evdə yaşayış yoxdur və olmayıb. «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşlarına bildirmişdir ki, evdə yaşayış olmadığı təqdirdə sayğacdan əlavə xəttin qoşulması nəyə lazımdır. Lakin «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları heç bir sübut olmadan akt tərtib edərək 863,40 (səkkiz yüz altmış üç manat, qırx qəpik) manat cərimə hesablamışlar. «Cavabdeh» tərəfindən ondan əsassız olaraq pul tələb etməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Cavabdeh ona məxsus qaz sayğacını dəyişdirmək istəyirsə bunu öz vəsaiti hesabına etməli idi. Lakin həmin dəyişdirməni onun vəsaiti hesabına etmək üçün qaz sayğacında onun təqsiri üzündən baş vermiş zədə aşkar etməli idi. Cavadeh də ona məxsus qaz sayğacını çıxarıb apararaq, ona məlum olmayan vəziyyətdə üzərində müdaxilə aşkar etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(010)-3767/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı X1 yaşadığı ünvan 1 yaşayış evi) ünvanına (abonent kodu: **********07500) hesablanmış 863,40 (səkkiz yüz altmış üç manat qırx qəpik) manat məbləğində borcun “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməsi qət edilmişdir (sədrlik edən: Anar Qasımov). Qətnamədən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(010)-3767/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qazdan istifadə Qaydalan”nın 4.8-ci bəndinin (fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır) tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyü böyük problemin və sui-istifadə hallarının yaranmasına səbəb olur. Belə ki, Qaydaların 4.8-ci bəndinə münasibətdə təhlil edilmiş çoxsaylı məhkəmə qətnamələrindən də göründüyü kimi, “saxlanılması” anlayışı “qorunması", “mühafizə edilməsi” vəzifəsi kimi qiymətləndirilir. Yerinə yetirilməsi real olmayan şərtlərin tərəflərdən birinin üzərinə qoyulması münasibətlərin tənzimləyicisi olan hüququn ədalətlilik, obyektivlik və bərabərlik kimi prinsiplərinə ziddir. Bundan başqa sayı artmaqda olan yeni yaşayış massivlərində, çoxmərtəbəli binalarda smart tipli sayğaclar istehlakçının xüsusi mülkiyyəti sayılan mənzilinin balkonunda yerləşdirilir ki, bu da onun qaz paylayıcısı tərəfindən saxlanılmasını istisna edir. Hətta qaz sayğaclarına əlçatımlılıq təmin olunsa belə, onların işlək vəziyyətdə saxlanılmasına (mühafizəsinə) qaz paylayıcısı obyektiv olaraq cavabdehliyi aşağıdakı səbəblərdən daşıya bilməz: birincisi, sayı 2 milyondan çox olan və artmaqda davam edən sayğacların mühafizəsi böyük maliyyə vəsaitlərinin və işçi qüvvəsinin cəlb edilməsini tələb edir ki, bu xərclər də Tarif Şurası tərəfindən müəyyən edilən təbii qazın dəyərində nəzərə alınmayıb; ikincisi, həmin sayğaclara bəzi hallarda ən azından qaz paylayıcısının nümayəndələri ilə istehlakçının əlçatımlığı var, digər hallarda isə, yuxararıda qeyd ediyimiz kimi, yalnız istehlakçının. Qeyd etmək lazımdır ki, maliyyə vəsaitinin, zəruri maddi-texniki bazanın və işçi qüvvəsinin çatışmazlığı səbəbindən Azərbaycan Respublikasının Energtika Nazirliyi istehlakçıların qaz qurğularına texniki baxış keçirilməsi vəzifəsini yerinə yetirə bilmir. Göründüyü kimi, iqtisadi səmərəlilik, zəruri təminat və icra mexanizmi olmadıqda normativ-hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi mümkün olmur. Beləliklə, yuxarıda qeyd olunan səbəblərdən irəli gələrək, Qaydaların 4.8-ci bəndi ilə müəyyən olunmuş tələbin təhlilindən göründüyü kimi, qaz paylayıcısı fiziki şəxs olan istehlakçının istifadəsinə verilmiş qaz sayğacın işlək vəziyyətdə olmasına görə cavabdehlik daşıya bilər. Məhkəmə qətnaməsində qeyd edir ki, “Cavabdeh” İB inzibati orqan olmadığı üçün cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Eləcə də itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması hər hansı qanun və ya qayda ilə tənzimlənmədiyi üçün iddiaçının iddia tələbi təmin olunmalıdır. Sahə üzrə münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda, (bundan sonra Qanunda) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx xxx 2011-ci il tarixli, 80 nömrəli Qərarilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarında (bundan sonra Qaydalarda) və həmin Qaydalara əlavədə nümunəvi forması verilən qazın alqı-satqı müqaviləsində sayğaca müdaxilə, qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində talan olunmuş qazın dəyərinin müəyyən edilməsinə dair müddəa təsbit olunmamışdır. Sahə üzrə münasibətlərin tənzimlənməsində yaranmış boşluğu, lakin bu münasibətlərin nizamlanması zərurətini, maliyyə-iqtisadi və ictimai əhəmiyyətini nəzərə alaraq, Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 13.1 maddəsindən (konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər) irəli gələrək, boşluğun aradan qaldırılması məqsədilə, SOCAR qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri daxilində tətbiqi məcburi xarakter daşıyan daxili normativf sənəd qəbul etmişdir. ŞOCAR-ın Şurasının xx.xx.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş bu sənəd ad və məzmunca Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin xx xxxxxx 2011-ci il tarixli, 8 nömrəli əmri ilə qüvvədən düşmüş qaydaları təkrar etməsinə baxmayaraq, bu sənədin tənzimləyici statusu müvafiq dövlət hakimiyyət orqanları tərəfindən əsassız olaraq tanınmır. Belə ki, Nizamnaməsi üzrə müəyyən olunmuş səlahiyyətlərindən irəli gələrək SOCAR-ın sahə üzrə münasibətləri tənzimləyən nortmativ sənədin qəbul edilməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 16-ci maddəsində sadalanan, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunmasını istisna edən hallara (qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda, normativ tənzimləmə zərurəti olmadıqda, normativ tənzimləmə qanunla qadağan olunduqda, normativ tənzimləmə mövcud olduqda) aid deyil. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.9-cu maddəsinə əsasən “Nizamnamələrin, əsasnamələrin, təlimatların, reqlamentlərin və qaydaların hüquqi qüvvəsi onları təsdiq edən normativ hüquqi aktın hüquqi qüvvəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli, 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli, 258 nömrəli Fərmanı (258 nömrəli Fərman) ilə SOCAR-ın Nizamnaməsinə edilmiş dəyişikliklərə görə, istehsalın səmərəliliyinin yüksəldilməsi, enerjiyə və material ehtiyatlarına qənaət siyasətinin həyata keçirilməsi, sahə üzrə texnoloji itki, sərf və digər normaların işlənib hazırlanması və vaxtaşırı təkmilləşdirilməsi SOCAR-ın fəaliyyət növü kimi (2.3-cü bənd) müəyyən edilmişdir. Fəaliyyət növlərinin səmərəli həyata keçirilməsinin təmin edilməsi üçün isə Azərbaycan Respublikası Prezidentinin 258 nömrəli Fərmanına əsasən, Nizamnaməsinin 2.4-cü bəndində “yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ- hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəaların əsas götürülməsi” tapşırılmışdır. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Beləliklə, sahə üzrə müvafiq dövlət hakimiyyəti orqanları tərəfindən analoji sənəd qəbul edilənədək, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi üzrə ona verilmiş səlahiyyətləri çərçivəsində SOCAR tərəfindən qəbul edilmiş ‘İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”n və “Neftqazelmitədqiqatlayihə” institutu tərəfindən hazırlanmış “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyələr”in tətbiqi qanuna zidd olmadığı üçün məcburi xarakter daşımalıdır. Məhkəmə qətnaməsində göstərilir ki, istehlakçının sayğaca müdaxilə ilə bağlı təqsirini təsdiq edən hər hansı sübut “Cavabdeh” İB-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddiaçının iddia tələbi təmin olunmalıdır. Məsələyə hüquqi qiymət verilərkən yalnız “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin. Qaydaların 4.9-cu (zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir) bəndinin rəhbər tutulması, neqativ halların hərtərəfli araşdırılmasına, geniş yayılmasının qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Belə ki, iddialarımızn böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində deymiş ziyanın ödənilməsi tələb olunsa da, hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri sübuta yetirilmədiyi üçün qaz paylavıcısının iddialarını təmin etmirlər. Lakin məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması “Cavabdeh” İstehsalat Birliyinin funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmis (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarından görünür ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə ilə istehlakçı X2 ünvan 2 ünvanı “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qazla təchiz edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı ildə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunaraq, sayğac yenisi ilə əvəz edilmiş və tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* №-li “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktla «sayğaca kənar qanunsuz istifadə aşkarlandı” müəyyən edilmişdir. Ona görə də istehlakçı X2 863,40 manat məbləğində borc hesablanmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşin hallarına və apellyasiya şikayətinin məzmununa əsasən müəyyən olunur ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Kollegiya işin hallarına apellyasiya şikayətinin dəlilləri ilə birgə qeyd edilən hüquq normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, sayğaca müdaxilənin iddiaçı (istehlakçı) tərəfindən törədilməsi cavabdeh orqan tərəfindən sübut edilmədiyindən iddiaçıya 863.40 manat məbləğində borc yazılması əsassız olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən hesablanmış 863.40 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. İddia tələbinin “Cavabdeh” İstehsalat Birliyinin xx xxxxxx 2018-ci il tarixli, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktının etibarsız hesab edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin aktda kənar müdaxilənin aşkar edilməsi qeyd edilsə də, cavabdeh həmin qüsurun məhz iddiaçının təqsiri üzündən yaranması halı ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, sayğaca müdaxilə edilməsinin iddiaçı tərəfindən törədilməsi halı cavabdeh tərəfindən irəli sürüldüyündən sübutetmə yükünü də cavabdeh daşıyır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən sayğaca müdaxilənin iddiaçı (istehlakçı) tərəfindən edilməsini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(010)-3767/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2625/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2625/2021
05.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver