Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2627/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC -yə və Cavabdeh2 MMC-yə qarşı “mənzilin iddiaçının adına sənədləşdirilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4554/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC -yə və Cavabdeh2 MMC-yə qarşı «mənzilin iddiaçının adına sənədləşdirilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 194, 196, 198, 200, 202 və Şəfayət Mehdiyev küçəsi 129, 133 ünvanında yerləşən “E1” bloku, 5-ci mərtəbə, ümumi sahəsi 218.19 kv.m. 1 ədəd 4 otaqdan ibarət olan 6 nömrəli mənzili iddiaçının adına sənədləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4554/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 194, 196, 198, 200, 202 və Şəfayət Mehdiyev küçəsi 129, 133 ünvanında yerləşən “E1” bloku, 5-ci mərtəbə, ümumi sahəsi 218.19 kv.m. 1 ədəd 4 otaqdan ibarət olan 6 nömrəli mənzilin İddiaçı adına sənədləşdirilməsi, həmin mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4554/2023 saylı qətnaməsindən şikayət verilərək, sözügedən qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan digər Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4554/2023 saylı qətnaməsindən şikayət verilərək, sözügedən qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını və daxil olmuş apellyasiya şikayətlərini nəzərdən keçirərək hesab edir ki, cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş hər iki apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.2-i maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 363.1.5-ci maddəsində görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 13.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2 ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərindən görünür ki, apellyasiya şikayətləri “Elektron Məhkəmə” informasiya sistemində yaradılmalı olan elektron kabinet vasitəsilə göndərilsələr də, həmin apellyasiya şikayətləri Mülki Prosessual Məcəlləsinə “Əlavə 2” də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməmiş və kağız daşıyıcıda elektron imza olmadan verilmişdir. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 MMC -yə və Cavabdeh2 MMC-yə qarşı “mənzilin iddiaçının adına sənədləşdirilməsi və həmin mənzilin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün sənədlərin təhvil verilməsi və müqavilənin notarial qaydada təsdiq edilməsi üçün müvafiq hərəkətlərin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4554/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsinlər və apellyasiya şikayətləri geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2627/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2627/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver