Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2629/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair 2(011)-5737/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında (abonent kodu: **********00030) quraşdırılmış qaz sayğacı ilə bağlı cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında itirilmiş qaz sərfiyyatına görə hesablanmış 7200 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh “Cavabdeh” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəməsinin 2(011)-1077/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Cavabdehin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5694/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmuş, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7724/2019 saylı, xx.xx.2019- cu il tarixli qərarı ilə onun şikayəti təmin olunmamış, ümumi borc məbləğinin düzgün hesablanmaması ilə bağlı kassasiya şikayətində qeyd etdiyi dəlilə münasibət bildirərkən bu halın yeni hüquqi əsasla mübahisələndirə biləcəyi qeyd etmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, “Cavabdeh” İB-nin “itirilmiş təbii qazın dəyərinin hesablanması” komissiyası tərəfindən tərtib olunmuş rəydə “Qaz işlədicilərindən L şəkilli istilik sisteminin maksimal saatlıq qaz sərfi 6 kub metr, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesabat məbləğinin ödənilməsi” qeyd edilsə də, hesabat aparılan zaman hesabat müddəti 30 gün deyil, 180 gün götürülmüş, hesablama səhvən bu cür aparılmışdır: 2x6x20x180=43200; 43200x0,20=8640, Halbuki hesablama belə aparılmalı idi: 2x6x20x30=7200; 7200x0,20=1440 manat). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmışqaz sayğacı abonentin iştirakı ilə akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir.Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”ninrəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın dəyərinə gorə 7200 manat hesablanaraq abonentdən tələb edilmişdir. Sayğaca müdaxilə rəydə aşkar göründüyü halada məhkəmə bunu ağlabatan saymır. Bu qərarla hər kəs sayğaca müdaxilə edər və ödəniş etmədən təbii qazdan istifadə edər və dövlət əmlakını yararsız hala salar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “Cavabdeh” İB-nin xx.xx.2018-ci il tarixli “itirilmiş təbii qazın dəyərinin hesablanması” haqqına qərarından görünür ki, İTRİ “Sənaye və məişət qaz sayğaclarını yoxlanması laboratoriyasının rəyinə əsasən qaz sayğacına müdaxilə olunmuş və nəticədə qaz itkisi yaranmışdır. “Qazdan istifadə Qaydalarının 4.9 bəndinin tələblərinə əsasən (istehlakçının vəsaiti hesabına) sərfiyyata uyğun yeni qaz sayğacı quraşdırılması, dəymiş ziyanın bərpası məqsədi ilə hesablanan itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlər görülməsi, qaz işlədicilərindən L şəkilli istilik sisteminin maksimal saatlıq qaz sərfi 6 kub metr, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesabat məbləğinin ödənilməsi qərara alınmışdır. Bununla yanaşı, hesablama zaman hesabat müddəti 30 gün deyil, 180 gün götürülmüş, nəticədə 43200 kub metr qaz itkisinə görə 8640 manat iddiaçıdan tələb edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Kollegiya hesab edir ki, təqdim olunmuş sübutlarla iddiaçının qaz sayğacına müdaxiləsi birmənalı şəkildə təsdiq olunsa da, qeyd olunan aktda itirilmiş qaz sərfiyyatının düzgün hesablanmaması və nəticədə iddiaçıya 7200 manat əlavə borc tətbiq oluduğu müəyyən edilmişdir. Belə ki, hesabat müddəti 30 götürüldükdə hesablama aşağıdakı qaydada aparılmalı idi: 2x6x20x30=7200kub.m; 7200x0,20=1440 AZN. Beləliklə, işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. İddiaçıya məxsus ünvanda qaz sayğacına sayğacına müdaxilə aşkar edildikdən sonra, əsassız akt tərtib edilərək bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, itirilmiş qaz sərfiyyatına görə artıq pul vəsaiti tələb etməsi tam olaraq təsdiq edilmişdir. Ona görə də iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)- 5737/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2629/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2629/2021
13.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver