Məhkəmə qərarları › İş №2(103)-2633/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2633/2024

01.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2633/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlak, uydurma əqd, müqavilənin etibarsız hesab olunması, kəsici müddət) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. X8 ilə X1 xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra arvada “Qafarova” soyadı verilmiş, nikahlarından xx.xx.2007-ci il tarixdə Nailə, xx.xx.2009-cu il tarixdə Nurlan, xx.xx.2016-cı il tarixdə Nuray adını verdikləri uşaqları dünyaya gəlmişdir.

2. “Hyundai Santafe” markalı ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında X3 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən o, nəqliyyat vasitəsini Cavabdeh satmış, avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmiş və ona AD 270691 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir.

3. “Hyundai Santafe” markalı ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən xx.xx.2018 - xx.xx.2022 və xx.xx.2022 - xx.xx.2032-ci illəri əhatə edən dövr üçün X3 etibarnaməli idarəçiliyinə vermiş, avtomobil sonuncunun istifadəsində və sahibliyində olmuşdur.

4. X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

5. Cavabdeh mərhum Ayaz Qafarovun atası, İddiaçı keçmiş qayınatasıdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi və ya məhkəmə) müraciət edərək, xəbəri və iştirakı olmadan keçmiş əri X8 ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “Hyundai Santafe” markalı ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair cavabdehin adına verilmiş AD 270691 nömrəli qeydiyyat şəhadətnaməsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X8 ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarından xx.xx.2007-ci il tarixdə X5, xx.xx.2009-cu il tarixdə X6, xx.xx.2016-cı il tarixdə X7 adlı 3 övladları doğulmuş, əri X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Əri öləndən 1 həftə sonra qayınatası, yəni cavabdeh onlara gələrək bildirmişdir ki, “Ayazın idarə etdiyi ** OS *** dövlət qeydiyyat nişanlı “Hyundai Santafe” nəqliyyat vasitəsi ona məxsusdur, oğlu hələ sağ ikən onu alqı-satqı yolu ilə ona vermişdir və mülkiyyətindədir”. Cavabdehə demişdir ki, “mənim bundan xəbərim yoxdur, bu barədə məhkəməyə müraciət edəcəyəm”. Hal-hazırda minik maşını və ona aid olan bütün sənədlər ondadır. Əri ilə rəsmi nikahda olsalar da, alqı-satqı müqaviləsindən xəbəri olmamış, bu barədə yalnız əri öləndən sonra məlumat almışdır. Cavabdeh ərinin inamından sui-istifadə edərək ərinə məxsus minik avtomobilini öz adına rəsmiləşdirmiş, ona bu barədə məlumat verilməmişdir. Düşünür ki, həm cavabdeh, həm də BDYP İdarəsi tərəfindən hüquqları kobud şəkildə pozulmaqla bərabər, alqı-satqı müqaviləsi qanunsuz olduğu üçün ləğv olunmalıdır. BDYP İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli 149413/222 saylı cavab məktubundan görünür ki, sözügedən “Hyundai Santafe” markalı ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə əri X3 adına qeydiyyatdan keçmiş, xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına qeydiyyata alınmış, cavabdeh əri X4 xx.xx.2022-xx.xx.2032-ci il tarixə kimi 10 il müddətinə etibarnamə vermişdir.

8. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, mübahisələndirilən müqavilə görüntü üçün bağlanmış müqavilədir. Avtomobil kreditdə olub və kredit borcu Ayaz tərəfindən ödənilib, cərimələr də Ayazın adına gəlib, bu da sübut edir ki, avtomobil Ayazın idarəsində və sərəncamında olub. Yol polisindən alınmış məktubda da qeyd olunur ki, avtomobil "xxxx" ASC-də kreditdə olub. Səmiyyə bu halı bildikdən dərhal sonra məhkəməyə müraciət edib. Notariusa müraciət etmişlər, bununla bağlı notarius rəsmi məktub verib, ərizəni qəbul etməkdən imtina edib. Kredit 2016-cı il tarixdə ödənilib, avtomobil də 2018-ci il tarixdə rəsmiləşdirilib. Qafar tərəfindən Ayaza pul ödənilməsi barədə heç bir sənəd-sübut yoxdur. Nə məqsədlə müqavilə bağlandığından xəbəri yoxdur, ola bilər ki, bank məsələləri ilə əlaqədar bağlanıb müqavilə. Avtomobil hal-hazırda da iddiaçının həyətindədir. Notarius maşınla bağlı sənəd tələb edir, əgər olmasa ərizəni qəbul etmir. Ayaz 2022-ci ilin oktyabr ayında vəfat edib, avtomobil 2018-ci ildə rəsmiləşdirilmişdir. Məhkəməyə yanvar ayında müraciət etmişlər, ərizə məhkəmənin qərarı ilə rüsuma görə geri qaytarılmışdır, bu da onu sübut edir ki, müddəti ötürməmişlər.

9. Cavabdehin nümayəndəsi (vəkili) iddiaya qarşı yazılı etiraz vermiş, etirazda bildirmişdir ki, mübahisəsi gedən avtomobil cavabdehin mərhum oğlu ilə iddiaçının birgə gəlirləri hesabına deyil, məhz cavabdehin vəsaiti hesabına alınmış, sonradan iddiaçının mərhum həyat yoldaşının ailə ehtiyacları üçün pula ehtiyacı yarandığından, cavabdeh avtomobilin dəyərini yenidən oğluna ödəyərək avtomobili faktiki olaraq bir daha almışdır.

10. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin göstərmişdir ki, tərəflər arasında torpaq sahəsinin bağışlanması olub və orada Səmiyyə razılıq verib. Ölkədəki praktikaya əsasən alqı-satqı DYPİ-də həyata keçirilir, orada razılıq alnmasından söhbət getmir. Nazirlər Kabinetinin əsasnaməsinə əsasən alqı-satqı üçün lazım olan sənədlərin siyahısı var, orada razılıq ərizəsi tələb olunmur. Pulun depozitə çıxarılması və digər hallar da nəzərdə tutulmayıb. Etibarsızlıq üçün müddət 1 ildir. İddiaçının kifayət qədər məlumatı olub, notariusun cavab məktubu sübut qismində qəbul edilə bilməz. Məktub baxış iclasına təyin edildikdən sonra kabinetə yüklənilib. Əsas müraciət 25 may tarixində olan müraciətdir. 6 aylıq müddət ərzində də müraciət etməyib. Notarius öz səlahiyyətlərindən kənar hərəkət edib. Ayazın səhhəti ilə bağlı pula ehtiyacı olub, müqavilə ona görə bağlanılıb. Cavabdehlə iddiaçının münasibətləri əvvəl yaxşı olub, Ayazın vəfatından sonra pisləşib. 27 000 manatın ödənilməsi barədə qəbz yoxdur. İddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim edib, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

11. Cavabdehin nümayəndəsi iddia tələbinə iddia müddətinin tətbiq olunmasına dair ərizə də vermişdir.

12. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsini məhkəməyə göndərməmişdir.

13. Birinci instansiya məhkəməsinin 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsinin xx.xx.2018 - xx.xx.2022 və xx.xx.2022 - xx.xx.2032-ci illəri əhatə edən dövr üçün X3 etibarnaməli idarəçiliyinə verildiyinə dair sənədlərin iddiaçıda olması nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair mübahisəli əqdin bağlandığının avtomobilin onun mərhum ərinin etibarnaməli idarəçiliyinə verildiyi tarixdən iddiaçıya bəlli olduğunu təsdiq edir – hansı ki, iddiaçının mərhum ərinə nəqliyyat vasitəsinin idarəçiliyi üçün verilmiş etibarnamənin iddiaçının evində olmasını iddiaçının nümayəndəsi də təsdiq etmişdir. Həmçinin, əgər iddiaçı sözügedən avtomobilin əri tərəfindən qaynatasına satıldığını bilmirdisə, avtomobilə dair vərəsəlik hüququnun həyata keçirilməsi üçün notariusa da müraciət etməli idi ki, bunu da etməmişdir.

15. Göstərilənlərə əsaslanan məhkəmə hesab etmişdir ki, iddiaçı əqd barədə məlumatlı olmuş və qanunvericilikdə müəyyən olunmuş müddətdə onu mübahisələndirməmişdir.

16. Mövqeyinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 354.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinad etmişdir.

17. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normasını düzgün tətbiq etmədiyini, əqdi mübahisələndirmək üçün müəyyənləşdirilən müddətin ötürülmüş olması barədə qanunsuz nəticəyə gəldiyini, mübahisələndirilən müqavilənin görünüş üçün bağlandığını nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

19. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehin vəkili isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

21. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

22. Maddə 225. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

23. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

25. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

29. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

30. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

31. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

32. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

33. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

34. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

35. Maddə 32.1, 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

36. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

37. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).

46. “Hyundai Santafe” markalı ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçı ilə cavabdehin mərhum oğlunun nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır; bununla belə cavabdeh, həmin avtomobilin iddiaçı ilə mərhum oğlunun birgə əldə etdikləri qazanc hesabına deyil, məhz onun vəsaiti hesabına alındığını, sonradan isə mərhum oğlunun (oğlunun ailəsinin) pula yaranmış ehtiyacına görə iddiaçının məlumatı daxilində ona satıldığını, iddiaçının müqaviləni mübahisələndirmək üçün müəyyənləşdirilən müddəti ötürdüyünü irəli sürməklə iddiaya etiraz etmişdir.

47. Kollegiya cavabdehin “avtomobilin onun vəsaiti hesabına alındığı” arqumentini əsassız hesab edir; belə ki, qanunvericilik (§ 21, 22, 36, 37) nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir və bunun əksini sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşməkdədir.

48. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

49. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarında vurğulanmışdır ki, “Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır”.

50. Cavabdeh hazırkı mübahisə üzrə mövcud olan qanuni prezumsiyanın həqiqi olmadığını təsdiq edə biləcək heç bir sübut təqdim etmədiyindən, onun müvafiq arqumenti üzrə hər hansı əsaslandırma aparılmasına zərurət yoxdur.

51. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 38-40).

52. Beləliklə kollegiya hesab edir ki, “Hyundai Santafe” markalı ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı ilə mərhum X3 birgə əmlakı olmuşdur və həmin avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı məsələsinə bu kontekstdə qiymət verilməlidir.

53. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 23) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

54. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlaka dair bağlanan müqavilələrin etibarlılığı üçün xüsusi qaydalar da müəyyənləşdirmişdir (§ 21, 22, 36, 37).

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 12 mart 2024-cü il il tarixli qərarında qeyd etmişdir ki, “reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq, daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3-cü və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Oxşar mübahisələrlə bağlı F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər. Beləliklə, ərarvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar”.

56. Kollegiya işin hallarını nəzərə almaqla hesab edir ki, avtomobilin mərhum əri tərəfindən qayınatasına (ərinin atasına) satılmış olmasından iddiaçının məlumatsız olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur; xüsusilə nəzərə alınmalıdır ki, avtomobil alqı-satqı müqaviləsi əsasında cavabdehin adına rəsmiləşdirilkdən 2 gün sonra xx.xx.2018 - xx.xx.2022 və xx.xx.2022 - xx.xx.2032-ci illəri əhatə edən dövr üçün iddiaçının mərhum ərinin adına avtomobilə dair etibarnamə verilmiş, avtomobil daim onun istifadəsində olmuş, öldüyü günə qədər avtomobildən məhz o və ailəsi istifadə etmişdir.

57. Apellyasiya baxışı zamanı verilən izahatlarla həmçinin (mübahisəsiz şəkildə) müəyyən olunmuşdur ki, vəfat etdiyi günə qədər Ayaz Qafarovla iddiaçının ailə münasibətləri normal olmuş, əqdin bağlanmasından əvvəl və sonra onların arasında heç bir narazılıq yaşanmamış, cavabdeh avtomobildən ümumiyyətlə istifadə etməmişdir.

58. Kollegiyanın qənaətinə görə göstərilən hallar ağlabatan mühakimə əsasında o nəticəyə gəlməyə əsas yaradır ki, iddiaçı avtomobili ərinə məxsus (həmçinin özünə məxsus) əmlak hesab etməkdə haqlı olmuşdur və onun, avtomobilin qayınatasının adına qeydiyyata alınmasından məlumatlı olmaması ehtimalı daha inandırıcıdır.

59. Göstərilən hallar həm də o qənaətə gəlməyə əsas verir ki, sözügedən avtomobil barədə bağlanmış mübahisələndirilən müqavilə müvafiq hüquqi nəticə əmələ gətirmək niyyəti olmadan yalnız görünüş üçün bağlanmışdır.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yuxarıda adı çəkilən qərarında vurğulamışdır ki, “müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq, sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan tələb əqdin əhəmiyyətsiz sayılması barədə deyil, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiadır və həmin normada göstərilən müddət iddia müddətidir. Əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı tələb irəli sürüldükdə isə bu müddət “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun şəkildə tətbiq olunur. Həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət yalnız həmin maddədə sadalanan mübahisələndirilən əqdlərə dair kəsici müddət olduğu üçün müvafiq razılığın alınmamasına görə etibarsızlıq tələblərinə tətbiq edilə bilməz”.

61. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə isə, “...əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. ...Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər”.

62. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “iddiaçı əqdi qanunvericilikdə müəyyən olunmuş müddətdə mübahisələndirməmişdir” nəticəsinə gələrkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

63. Kollegiya onu da qeyd edir ki, hər nə qədər qanunvericilidə (§ 28) əqd etibarsız olduqda, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməli olduğu nəzərdə tutulsa da, maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə mübahisələndirilən alqı-satqı müqaviləsinin formal (görünüş üçün) bağlandığı, müqavilə bağlanarkən alıcının (cavabdehin) hər hansı pul vəsaiti ödəmədiyi müəyyən edilmişdir.

64. Bununla yanaşı kollegiya cavabdehə izah edir ki, əgər o, mərhum Ayaz Qafarova pul verdiyini iddia edirsə, həmin vəsaitin geri qaytarılması barədə ümumi əsaslarla onun vərəsələrinə (özünün də vərəsə olduğu nəzərə alınmaqla) iddia qaldırmaq hüququna sahibdir.

65. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla həmçinin hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 151 (yüz əlli bir) manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

66. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı nümayəndəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3057/2023 saylı iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv olunması” tələbi təmin edilsin. “Hyundai Santafe” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair X8 ilə Cavabdeh arasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində bağlanmış 02 iyul 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. “Hyundai Santafe” markalı ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh adına verilmiş AD 270691 nömrəli qeydiyyat şəhadətnaməsi ləğv edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının əvəzi qismində 151 (yüz əlli bir) manat Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar