Məhkəmə qərarları › İş №2(103)-2634/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2634/2023

30.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2634/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı1, İddiaçı2 və İsmayılova (Hacıyeva) Təranə Hacı qızının Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası və miras əmlakda payların müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadından İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İsmayılova (Hacıyeva) Təranə Hacı qızı Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, X2 miras qalmış (ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak olan torpaq sahəsi və fərdi yaşayış evi) miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi, iddiaçılar və cavabdehlərin sayına görə miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin 09 yanvar 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, buna əsas kimi şikayət vermə müddətinin ötürülmüş olması göstərilmişdir. Vəkil2 26 yanvar 2023-cü il tarixdə növbəti dəfə qətnamədən apellyasiya şikayəti və şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə təqdim etmiş, məhkəmənin 02 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmayaraq apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Vəkil2 verdiyi şikayət, şikayətin qanunla nəzərdə tutulmuş formada tərtib edilməməsi əsas göstərilməklə məhkəmənin 13 fevral 2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmənin 13 fevral 2023-cü il tarixli qərardadından İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil2 verdiyi çikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 02 fevral 2023-cü il tarixli qərardadın "qərara aldım” hissəsində həmin qərardaddan apellyasiya şikayəti deyil, şikayət verilməsi nəzərdə tutulmuş, ona görə də qərardaddan apellyasiya şikayəti deyil, şikayət verilmişdir. Məhkəmə (hakim) özünün çıxardığı həmin qərardadı ləğv edə, şikayəti təmin edə bilər. İşə baxan birinci instansiya məhkəməsi “apellyasiya şikayəti” məzmunu və başlığı ilə verilmiş şikayəti təmin edə bilməz. Bu səlahiyyət apellyasiya məhkəməsinə aiddir. Belə olduğu halda hakimin özünün ləğv edəcəyi qərardadla bağlı verilmiş şikayətə apellyasiya şikayəti ilə bağlı tələbləri tətbiq etməsi qanunsuzdur. Bundan əlavə, Suraxanı Rayon Məhkəməsi elektron məhkəmə sisteminə qoşulmuşdur və şikayətlər, apellyasiya şikayətləri, kassasiya şikayətləri elektron məhkəmə sistemində olan elektron kabinet vasitəsilə göndərilir. Elektron kabinetə daxil olduqdan sonra “ərizələr və şikayətlər” bölməsində yeni şikayət bölməsindən şikayətlərin göndərilməsi üçün bölmələr mövcuddur. İlk səhifədə doldurulması məcburi olan “ərizə növü” bölməsində ərizə növləri, şikayət, apellyasiya şikayəti və apellyasiya protesti seçimləri mövcuddur. Barəsində şikayət verilmiş qərardadla bağlı “Suraxanı Rayon Məhkəməsi” seçimi edilmiş, ardıcıl olaraq, işin ili, işin növü, məhkəmə işinin №-si, məhkəmə aktının №-si , məhkəmə aktnın tarixi, hakim və ərizənin növü olaraq “şikayət” seçilmişdir. Yəni qeyd edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin qərardadından (məhkəmənin də qərardadında qeyd etdiyi kimi) şikayət verilir, apellyasiya şikayəti deyil. Belə olduğu halda qərardaddan verilən şikayətə apellyasiya şikayətinin tələblərinin şamil edilməsi absurd və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Əlavə 2-də göstərilən formaya riayət edilməsi, barəsində apellyasiya şikayəti verilməsi nəzərdə tutulan qərardadlara, barəsində apellyasiya şikayəti verilən qətnamələrə şamil edilir. Apellyasiya şikayəti mahiyyəti daşımayan şikayətə apellyasiya şikayəti üçün nəzərdə tutulan forma və məzmun tətbiq edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə görə, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmiş, həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Qərardaddan İddiaçı1 nümayəndəsinin (vəkilinin) verdiyi şikayət MPM-nin normalarının tələblərinə cavab verməməkdədir; belə ki, MPM-nin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1802/2022 saylı iş üzrə 13 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar