Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2635/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2635/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1087/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraatda baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış 20 dekabr 2018-ci il tarixli, 420-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damazlıq heyvanı lizinqə götürmüşdür.
2. Borcalana göndəilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda borcalanın "xxxx" ASC qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir.
3. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə xx.xx.2018-ci il tarixli 420-LD/18 nömrəli müqavilə üzrə 1180 manat gecikdirilmiş borcu və hesablanmış 1716,89 manat cərimə borcu olmaqla cəmi 2896,89 manat borcu var.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 420-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 1180 (min yüz səksən) manat gecikdirilmiş borcun və hesablanmış 1716,89 (min yeddi yüz on altı manat 89 qəpik) manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat olmaqla cəmi 3396,89 (üç min üç yüz doxsan altı manat 89 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 420-LD/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) damazlıq heyvanı lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2018-ci il tarixli 420-LD/18 nömrəli müqavilə üzrə 1180 manat gecikdirilmiş borcu və hesablanmış 1716,89 manat cərimə borcu yaranmışdır.Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 yanvar 2025-ci il tarixli 2(005)-/2024 nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli 420-LD/18 nömrəli müqavilə üzrə 1180 (min yüz səksən) manat əsas borc və 118 (yüz on səkkiz) manat cərimə borcu, hüquqi yardımla bağlı 50 (əlli) manat olmaqla cəmi 1348 (min üç yüz qırx səkkiz) manat məbləğində borc iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur.
8. Məhkəmə dəbbə puluna aid hissədə qeyd etmişdir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki 1180 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 1716,89 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Cavabdehdən iddiaçının xeyrinə 118 manat dəbbə (cərimə) pulu tutulmalıdır.
9. Hüquqi yardıma görə tutulan məbləğə münasibətdə məhkəmə hesab etmişdir ki, sadələşdirilmiş icraatda baxılan mülki iş üzrə müvafiq dövlət orqanının yanında fəaliyyət göstərən agentlik tərəfindən tərtib edilən iddia ərizəsinə görə cavabdehdən hüquqi yardım üçün 500 manat məbləğində tutulmasında ədalətli və əsaslı hesab etmir. Məhkəmə hüquqi yardıma görə ödənilmiş pulun 50 manat hissədə ödənilməsini ağlabatan hesab etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115, 121, 284-1, 284-5.1 və 284-5.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin hüquqi yardımla bağlı hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə bu tipli mübahisəyə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən icra edilmişdir.
a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: - nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. 18.Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
19. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 20.Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apelyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Göründüyü kimi iddiaçı yalnız qətnamənin iddianın qismən təmin edilmiş hüquqi yardımın əvəzinin ödənilməsi ilə bağlı şikayət vermişdir.
24. Qətnamə qismən – hüquqi yardımın əvəzinin ödənilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
43. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 2473 nömrəli 10 dekabr 2024-cü il tarixli müqavilədən görünür ki, hüquqi yardımın göstərilməsinə görə 500 manat pul Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir.
44. Kollegiya hesab edir ki, sadələşdirilmiş icraatda baxılan mülki iş üzrə müvafiq dövlət orqanının yanında fəaliyyət göstərən agentlik tərəfindən tərtib edilən iddia ərizəsinə, eləcə də pretenziya məktubunun tərtib edilib, göndərilməsinə görə cavabdehdən hüquqi yardım üçün 300 manat tutulması ağlabatandır.
45. Müqavilədə göstərilən məbləğin hazırda görülən işlər üçün mütənasib deyildir. Belə ki, hazırki iş üzrə 1716,89 manat təşkil etdiyi halda, hüquqi yardıma görə 500 manat tutulması qəbuledilən hesab edilə bilməz.
46. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməli və hüquqi yardımla bağlı 300 manat cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 394-1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1087/2025 nömrəli iş üzrə 28 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən – hüquqi yardımla bağlı hissədə dəyişdirilsin. Cavabdeh hüquqi yardımla bağlı 300 manat iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.