Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2637/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-182/2022 saylı 11 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 935,70 manat məbləğində borun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının qaz sayğacına 22.05.2018-ci il tarixdə, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan üzrə 1417 kubmetr qaz sərfiyyatı hesablanmışdır. Həmin qazın dəyəri olan 935,70 manat borc abonent saldosuna daxil edilmişdir. İddiaçı hesab edir ki, barəsində tərtib edilmiş akt ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-182/2022 saylı 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanı (Abonent kodu: **********03170) üzrə İddiaçı hesablanmış 935,70 (doqquz yüz otuz beş manat yetmiş qəpik) manat məbləğində borc silinmiş, 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, 102 (yüz iki) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassızməhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, məhkəmə sayğaca qanunsuz qoşulma halının olub-olmamasını müəyyən etmək məqsədi ilə ekspertiza təyin edilmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, həmin ünvanda ekspertiza 06 dekabr 2021-ci il tarixdə keçirilmişdir. Göstərilən ünvanda mövcud olmuş qeyri-qanuni qoşulma 22.05.2018-ci il tarixdə aşkar edilmiş, tərtib edilən aktla həmin hal rəsmiləşdirilmişdir. Bu səbəbdən də 06.12.2021-ci il tarixində verilmiş ekspertiza rəyindən uzun zaman keçmiş və uzun müddət öncə aradan qaldırılmış qeyriqanuni qoşulma hallarının aşkar edilməməsi təbii bir haldır. Bununla bərabər akta əlavə edilmiş fotoşəkillərdə məhz həmin ünvanda quraşdırılmış sayğaca küçə qaz xəttindən daxil olan, eyni zaman sayğacdan çıxaraq fərdi yaşayış evinə daxil olmalı olan giriş-çıxış boruları sayğacdan tamamilə ayrılmış, küçə xəttinə sayğacdan tamamilə kənar şəkildə rezin boru vasitəsi ilə qoşulma etməklə təbii qazdan qeyri-qanuni istifadə etməsi faktı aydın şəkildə öz əksini tapmışdır. İş üzrə bütün sübutlar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, işə əlavə edilmiş GASREP və AGİS proqramları üzrə saldolarda iddiaçının sərf etdiyi qaza görə az ödəniş etdiyi aydın şəkildə görünür. Bu isə dəfərlərlə qarşısının alınmasına baxmayaraq iddiaçı tərəfindən sayğacdankənar təbii qazdan qeyri-qanuni yolla istifadə etdiyinə dair sübutdur. Lakin 1-ci instansiya məhkəmsiə mülki prosessual qanunvericiliyin tələblərini pozaraq ekspert rəyini digər göstərilən sübutlardan (aktlar, fotoşəkillər, iddiaçının ödənişlərinə dair saldolar və s.) üstün hesab etmiş, həmçinin digər dəlilləri isə ümumiyyətlə qiymətləndirməmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Digər tərəfdən 1-ci instansiya məhkəməsi iş materiallarında olan 22.05.2018-ci il tarixli, ******* saylı akt əsasında hansı məbləğdə dəymiş zərərin olduğunu müəyyən etməmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş yuxarıda qeyd olunan akt əsasında yazılmış tələbnaməyə nəzər yetirsə idi, yəni araşdırsa idi görərdi ki, 22.05.2018-ci il tarixli akt əsasında hesablanmış dəymiş ziyanın məbləği 283,40 (iki yüz səksən üç manat qırx qəpik) manatdır, 935,70 (doqquz yüz otuz beş manat yetmiş qəpik) manat yox. Bu hal, yəni məhkəmənin heç bir araşdırma aparmadan, teztələsik qətnamə qəbul etməsi, bir daha mühüm əhəmiyyətli olan halların 1-ci instansiya məhkəməsi tərəfindən iş üzrə səthi araşdırma aparmasının sübutudur. Bu hal yol verilməzdir. Həmçinin, mülki iş ekspertizaya göndərilsə də, ekspert həqiqətə uyğun olmayan rəy vermişdir. Belə ki, iş üzrə fotoşəkillərin həmin mənzilə aid olub olmaması təhlil edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh İB nümayəndəsinin iştirakını məhkəmə kollegiyasının iclasında təmin etməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-182/2022 saylı 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi təyin edilmiş 06.12.2021-ci il tarixli 10/5337 saylı rəydən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 935,70 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, cavabdeh göstərilən halı təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə iş materiallarına əlavə edilmiş ekspert rəyində cavabdehin qeyd etdikləri təkzib olunmuşdur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Qaydalara uyğun olaraq cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcu əsassız sayır. Nəzərə alınmalıdır ki, qeyd edilən akt iddiaçı tərəfindən imzalanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının borcu əsassız hesablandığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən normativ aktların müddəalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 935,70 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yaranmış vəziyyətdə iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın sərfiyyatı düzgün qeyd etmədiyini sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcun iddiaçı tərəfindən ödənilməli olmasına dair mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-182/2022 saylı 11 yanvar 2022-ci il tarixli qətnaməsi münahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-182/2022 saylı 11 yanvar 2022-ci il tarixli qətnaməsi münahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2637/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2637/2022
06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver