Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-264/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Socar-ın “Neft Kəmərləri” İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa olunmuş qanunsuz tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-311/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Socar-ın “Neft Kəmərləri” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinin 121.4-cü km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1ndə yaşayan Cavabdeh elə həmin ünvanda aparılan qanunsuz tikinti köhnədən inşa edilmiş ev tikilisinin üzərinə daş üzlüyü (aqlay) cavabdehin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan ŞirvanBöyükşor DŞ 500 mm-lik magistral neft kəmərinin 121.4-cü km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən elə həmin ünvanda aparılan qanunsuz tikintilərin cavabdehin hesabına sökülərək həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinin 121.4-cü km-də, kəmərdən 25 metr aralı məsafədə, ünvan 1ndə yaşayan Cavabdeh tərəfindən köhnədən inşa edilmiş ev tikilisinin üzərinə daş üzyün (aqlay) vurulması işlərinin aparılması aşkar edilmişdir.Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-311/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinin 121,4-cü km-də, kəmərin mühafizə zonasında yerləşən, ünvan 1ndə Cavabdeh məxsus tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması qət edilmişdir (Hakim: İlkin Əliyev).
5. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
6. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, fərdi yaşayış evi uzun müddət əvvəl inşa edilmişdir və neft kəmərindən 25 metr məsafədən çox aralıdır. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bələdiyyə tərəfindən qərar verilmişdir. Həmin ev dövlət orqanlarının gösü qarşısında inşa edilmişdir və heç bir orqan tərəfindən buna etiraz edilməmişdir. Fərdi yaşayış evinə kommunal xəttlər çəkilmiş və kommunal xərclər qəbul edilir. Sözügedən yaşayış sahəsi cavabdehin və ailəsinin daimi yaşayış yeridir. Həmin ev neft kəmərinə heç bir təhlükə törətmir və həmin ərazi yaşayış massividir və ətrafda yüzlərlə yaşayış evləri yerləşir. Məhkəmə tərəfindən işin bütün faktiki halları araşdırılmamışdır. Mübahisəli evin reyestrdə qeydiyyata alınmamaış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiqinə mane olmur. Həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Tərəflərin izahatları:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Şahtaxtinskiy cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
8. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
11. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: SOCAR NKİ-nin X3 nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə SOCAR təhlükəsizlik İdarəsinin 35 saylı komandasının nəzarət etdiyi ərazidə Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinin 121.4-cü km-də, kəmərdən 25 metr aralı məsafədə, ünvan 1ndə yerləşən köhnədən inşa edilmiş ev tikilisinin üzərinə daş üzlüyün (aqlayın) vurulması aşkar edilmiş və dayandırılması barədə tikinti işləri aparan şəxsə şifahi xəbərdarlıq edilmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: SOCAR-ın “Neft Kəmərləri” idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş koordinatlar əsasında, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən inşa edildiyi iddia edilən tikili ŞirvanBöyükşor DŞ 500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir.
Apellyasiya baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (ilkin mətn) 55-ci maddəsində qeyd edilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
19. 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
20. 66.2-ci maddəsinə əsasən Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir.
21. 67.1-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
22. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
23. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
26. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydə alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndində qeyd olunmuşdur ki, boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri.
28. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına görə, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 1.1.-ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri istisna olmaqla, istismar olunan neft ixrac boru kəmərlərinin qorunması, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə hazırlanmışdır. 1.2. İxrac neft boru kəmərləri (bundan sonra - İNBK) - yeraltı, yer üzərində, tökmə torpaq altında, yerüstü dayaqlarda, sualtı boru kəmərləri və onlarla bağlı neftin istehlakçıya nəqlini, qəbulunu, təhvilini, boşaldılıb-yüklənməsini təmin edən nasos stansiyaları, neft anbarları və digər texnoloji obyektlərdən ibarət mühəndis qurğularıdır.1.3. Bu Qaydaların tələbləri torpaq mülkiyyətçiləri ilə yanaşı, torpaq istifadəçilərinə də şamil edilir. 4.1. İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: 1)İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1. "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: 1)bina və qurğuların tikintisi. 6.2. "Mühafizə Zonası"nda bu Qaydaların 5.1-ci bəndində göstərilmiş işlərin aparılması üçün rəsmi icazə almış fiziki və hüquqi şəxslər bu işləri boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə riayət etməklə, həmin bəndin ikinci abzasında göstərilmiş işlərin aparılması aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə, üçüncü abzasında göstərilmiş işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, dördüncü abzasında göstərilmiş işlərin aparılması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə, beşinci abzasında göstərilmiş işlərin aparılması Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə, altıncı abzasında göstərilmiş işlərin aparılması isə aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırma əsasında həyatakeçirməlidirlər.Bu şərtlər AzərbaycanRespublikasının Energetika Nazirliyi tərəfindən müəyyən edilir. Hüquqi dəyərləndirmə:
30. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, SOCAR-ın “Neft Kəmərləri” idarəsinin istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinin 121,4-cü km-də, kəmərdən 25 metr aralı məsafədə, yəni kəmərin mühafizə zonasında tikinti işləri qanunla müəyyən olunmuş qaydada lazımi icazələr olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla cavabdeh tərəfindən özbaşına aparıldığından, bu tikili neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, tikinti neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etmişdir.
31. Cavabdehin apelyasiya şikayətində yaşayış evinin neft kəmərindən 25 metr məsafədən daha uzaqda yerləşməsini qeyd etmişdir.
32. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı mütəxəssis rəyi alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: SOCARın “Neft Kəmərləri” idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş koordinatlar əsasında, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh tərəfindən inşa edildiyi iddia edilən tikili Şirvan Böyükşor DŞ 500 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşir.
33. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdehin şikayətinin dəlillərinin araşdırılması məqsədilə ekspertiza təyin edilmiş və ekspert qarşısında sözügedən yaşayış sahəsinin mühafizə zonasına düşüb-düşməməsinə dair sual qoyulmuşdur.
34. Məhkəmə Ekspetizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli, 10/4196 saylı rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evinin hasarı ilə “SOCAR”ın “Neft kəmərləri” İdarəsinin istismarnda olan Şirvan Böyükşor DŞ 500 Mülki Məcəllə-lik magitral neft kəmərinin 121.4-cü km-də kəmər arasında olan məsafə 25 m, kəmərlə evin divarı arasında olan məsafə isə 30 m. olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsində yerləşən fərdi yaşayış evinin hasarı ilə “SOCAR”ın “Neft kəmərləri” İdarəsinin istismarnda olan Şirvan Böyükşor DŞ 500 Mülki Məcəllə-lik magitral neft kəmərinin 121.4-cü km-də kəmər arasında olan məsafə 25 m, kəmərlə evin divarı arasında olan məsafə isə 30 m. olduğunu nəzərə aldıqda, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən, fərdi yaşayış evi həmin neft kəmərinin mühafizə zonasında yerləşir.
35. Kollegiya qeyd edir ki, həm iş materiallarında olan mütəxəssis rəyi, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı keçirilən ekspert rəyi ilə təsdiq olunur ki, mübahisəli yaşayış evi neft kəmərlərinin mühafizə zonasının ərazisində yerləşir.
36. Kollegiya həmçinin qeyd edilməsinin zəruri hesab edir ki, mütəxəssis və ekspert rəylərinin mötəbərliyini şübhə altına alan hər hansı hal iş materiallarında aşkar edilmədiyindən həmin rəylər hazırki mübahisənin həllində digər sübutlarla yanaşı qiymətləndirilməklə əsas götürülməlidir.
37. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
Nəticə:
40. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-311/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev