Məhkəmə qərarları › İş №2(103)-264/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-264/2025

24.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-264/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı mülki iş (Açar sözlər: «alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və mənzilin mülkiyyətə qaytarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh3 nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən işin halları ilə müəyyən edilib ki: İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsində göstərib ki, ünvan 1 ünvanda yerləşən 4 mərtəbəli mansardlı evin, 3-cü mərtəbə, ümumi sahəsi 71 kv/metr olan, 2 otaqlı, 6 nömrəli mənzilə dair müqavilə və pay haqqı vardır. Həmin pay haqqından imtina edir və mənzilin satılmasına etiraz etmir. Pay haqqı ilə əlaqədar "xxxx" MMC-yə qarşı iddia və tələbi yoxdur və gələcəkdə bu mənzillə bağlı iddia qaldırmayacaqdır. 2."xxxx" MMC Cavabdeh1 arasında imzalanmış 28 avqust 2022-ci il tarixli müqaviləyə əsasən MMC ünvan 1 ünvanda yerləşən 4 mərtəbəli mansardlı evin, 3-cü mərtəbəsi, ümumi sahəsi 72 kv/metr olan, 6 nömrəli mənzil, izoləolunmuş 2 otaqdan ibarət bir pay kimi Cavabdeh1 verməyi öz öhdəsinə götürmüş, müqavilə üzrə mənzilin dəyəri 1 kv/m. sahə üçün 850(səkkiz yüz əlli) manat təşkil etmiş, 72 kv/metrə olan mənzil üçün Cavabdeh1 tərəfindən cəmi 61.200 (altmış bir min iki yüz) manat ödənilmişdir.

3. 28 avqust 2022-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən binanın, 1-ci blokun, 3-cü mərtəbəsi, ümumi sahəsi 72 kv/metr olan, izoləolunmuş 2 otaqdan ibarət, 6 nömrəli mənzilin pay dəyəri 61.200 (altmış bir min iki yüz) manat payçı Cavabdeh1 tərəfindən ödənilmişdir.

4. "xxxx" MMC Cavabdeh3 arasında imzalanmış 22 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən 4 mərtəbəli mansardlı evin, 3-cü mərtəbəsi, ümumi sahəsi 72 kv/metr olan, 6 nömrəli mənzil, izoləolunmuş 2 otaqdan ibarət bir pay kimi Cavabdeh3 verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv/m. sahə üçün 1040 manat təşkil etmiş, 72 kv/metrə olan mənzil üçün Cavabdeh3 tərəfindən cəmi 75.000 (yetmiş beş min) manat ödənilmişdir.

5. 22 noyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən binanın 1-ci blokun, 3-cü mərtəbəsi, ümumi sahəsi 72 kv/metr olan, izoləolunmuş 2 otaqdan ibarət, 6 nömrəli mənzilin pay dəyəri 75.000 (yetmiş beş min) manat payçı Cavabdeh3 tərəfindən ödənilmişdir.

6. İddiaçı şikayət ərizəsi əsasında toplanmış 1183/22 nömrəli material üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli qərarında göstərilib ki, İddiaçı DİN-in 102 Xidməti-Zəng mərkəzinə müraciət edərək Akif adlı şəxs ilə evinin girov qoyaraq kredit müqaviləsi bağlaması, lakin həmin şəxsin evini satmasını bildirmiş, həmin şikayət üzrə araşdırma zamanı dindirilmiş Cavabdeh2 izahatında göstərmişdir ki, 2022-ci ilin avqust ayında ev alqı-satqısı ilə məşğu olan Aslan adlı şəxs ona zəng edərək ünvan 3 ünvanında yerləşən mənzil satıldığını demişdir. Həmin mənzilə baxdıqdan sonra, ev sahibi Süleyman adlı şəxs ilə razılığa gəlmişlər. Evin alqı-satqısına Süleymanın etiraz etməməsi barədə notariusda etibarnamə almışdır. xx.xx.2022-ci il tarixdə, tərəflər yəni o, Süleyman və "xxxx" MTK ilə aralarında evin alqı-satqısı olmuşdur. Süleyman həmin şirkətə borclu olduğuna görə şirkət mənzili ona 61.000 manat pula satmışdır. Həmçinin araşdırma zamanı X8 izahatında göstərmişdir ki, Cavabdeh2 onun tanışı olduğunu, Akif ilə birikdə Binəqədi rayonu ərazisində olan zaman, Akif Xətai rayonu, ərazisində ev almaq üçün razılaşdığını və notariusda evi rəsmiləşdirmək üçün birlikdə getməyini xahiş etmişdir. Akif ilə birikdə həmin mənzilin həyətinə getmiş, həmin vaxt ev sahibi Süleyman və Aslan adlı şəxs də orada olmuşdur. Akif və Süleyman evin alqı-satqısı barədə razılaşmışlar. Akif Süleymanın mənzilə görə binaya 16.000 manat pul borcu olduğundan binanın nəzarətçisi mənzilin alqı-satqı edilə bilinməyəcəyini demişdir. Akif həmin vaxt borcun alqı-satqı zamanı əsas məbləğdən çıxacağını demişdir. Akif və Süleyman notariusa getmişlər Süleyman evdən imtina barədə ərizə yazmışdır. Daha sonra birikdə binaya qayıdaraq evi alqı-satqı etmişlər. Həmçinin araşdırma zamanı X6 dindirilmiş və ifadəsində göstərmişdir ki, o, sosial şəbəkə yaradaraq ev alqı-satqısı ilə məşğuldur. Təxminən 2022-ci ilin iyun ayında Süleyman adlı şəxs ona zəng edərək Xətai rayonu ərazisində mənzil olduğunu, mənzili satmaq qərarına gəldiyini bildirmişdir. Lakin mənzilin yerləşdiyi binaya 16.000 manat borclu olduğuna görə mənzili sata bilmədiyini demişdir. Tanışı Akif ilə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Bir neçə gün sonra o, Akif və şirkətin rəsmi nümayəndəsi evin qarşısında görüşmüşlər. Birlikdə Süleymanın yaşadığı mənzilə baxmış, Akif mənzili almaq qərarına gəlmişdir. Həmin günün səhərisi Süleymanın yaşadığı evin yaxınlığında yerləşən şirkətin ofisinə getmişlər. Akif Süleymanın şirkətə olan borcunu ödəmiş, mənzi alqı-satqı olunmuşdur. Süleyman ilə ilk dəfə əlaqə saxlayan zaman Süleyman evi girov qoymaq yox, satmaq istədiyini bildirmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında mənzil alqı-satqısı barədə yaranmış mübahisələr mülki xarakterli olduğundan, həmin mübahisələr mülki qanunvericilik əsasında tənzim olunmalıdır. Ona görə də cinayət işinin başlanmasının rədd edilməsi, eləcə də İddiaçı MPM-in 25-ci maddəsinə əsasən məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir. Bundan başqa, İddiaçı qeyd edilən qərardan narazı qalaraq Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etmiş və həmin müraciət əsasında Bakı şəhər Xətai Rayon Prokurorunun 15 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında RPİ-nin TŞ-də toplanmış 1183/22 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə baş təhqiqatçı, polis kapitanı Tural Abdullayevin 20 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir.

7. Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X3 xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında toplanmış 1183/22 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığından, toplanmış material üzrə CM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş və İddiaçı məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin mülkiyyətə qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi 29 nömrəli evin 6 nömrəli mənzilinin Cavabdeh1 adına keçirilməsi barədə 28 avqust 2022ci il tarixli və X4 adına keçirilməsi barədə 22 noyabr 2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin mənzilin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiada göstərib ki, pul lazım olduğuna görə faizə və ya borca pul axtarıb, instagram sosial şəbəkəsində qarşısına çıxan ev girovu vasitəsilə kreditə pul verilən bir səhifə görmüşdür. Həmin səhifəyə yazmış və Aslan adlı şəxs onunla əlaqə saxlayaraq bu barədə söhbət etməyini təklif etdi. Görüşmüşlər və söhbət zamanı evinin çıxarışı olmadığını və yalnız ona aid olması barədə maliyyə arayışının olduğunu bildirmişdir. Aslan da həmin sənədi girov qoymaqla ona kreditə pul verə biləcəklərini bildirdi. Belə ki, Aslan ona Akif adlı adamın belə işlərlə məşğul olduğunu, yəni girov qoyaraq kreditə pul verdiyini bildirdi. Ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin dəyərindən 16 min manat "xxxx" MMC-yə borcu qalmışdır. Bildirdilər ki, heç bir problem yoxdur, həmin borcu Akif bağlayacaq, təmizlik kağızı aldıqdan sonra mənzili notarius vasitəsilə girov qoyub pul verə bilər. Ona 10.000 manat lazım olduğunu bildirmiş, bu barədə razılaşmışlar və 26 min manat borc hesablanaraq Akif kredit yolu ilə ona 10 min manat pul verdi, MTK-ya isə 16000 manat pul ödədi. Əvvəlcə 10.000 manat borca görə 800 manat kredit ödənilməsi barədə razılaşmışlar. Daha sonra evə olan borca görə onlar əlavə 16000 manat ödədiklərinə görə kredit məbləği aylıq 2000 manata razılaşmışlar. Həmin məbləğ faiz məbləği idi. Əsas məbləğ, yəni 26000 manat tam ödənildikdən sonra evi girovdan çıxaracaqlar. Bunun qarşılığında o, hər ay Akifə atdığı karta 2000 manat kredit pulu ödəməli idi. Sabahsı gün onlar görüşərək Həzi Aslanov ərazisində yerləşən notariusa getmiş və orada Aslan və Akif adlı şəxs onunla görüşdü. Həmin vaxt Akifin arvadıda notariusa gəlmişdir. Aslan ona bildirdi ki, evi Akifin arvadının adına girov qoyacaqdır və o, sənədlərə qol çəkəcək və bundan sonra kredit kağızlarını ona verəcəklər. Aslan evin onun olduğunu, yəni ev ilə heç bir əlaqəsi olmadığını söylədi. Pulu ödəyib qurtardıqdan sonra evi girovdan çıxaracaqlar. Bu sadəcə formal hərəkətdir və heç bir narahatlıq yoxdur. Razılaşmış və həmin snədlərə imza atmışdır. Bundan sonra o, dəfələrlə Aslan və Akif adlı şəxslərlə əlaqə saxlayaraq kredit kağızlarını tələb etmiş, yəni aldığı borc məbləği və hər ay ödəyəcəyi pulları rəsmi şəkildə etmək üçün sənədləri tələb etmişdir. Lakin Aslan və Akif müxtəlif bəhanələrlə borc barədə kredit kağızlarının ona verməkdən yayınmışlar. Kredit kağızını verməyənə qədər heç bir ödəniş etməyəcəyini onlara bildirmişdir. Çünki kredit borcu barədə sənədi tələb edəndə hər dəfə bu gün-sabah deyə onu aldatmışlar. Bu barədə səs və mesaj yazışmaları da sübutdur. Belə ki, o, Aslanla danışan zaman ona ödənişlərini kartla edəcəyi və çekləri də özündə saxlayacağını bildirmişdir. Habelə onu inandırmaq üçün pulları notarius vasitəsi ilə ödəyə biləcəyini də qeyd edirdi, daha sonra isə kart vasitəsi ilə ödəyib çekləri özündə saxlamağını təklif etdi. Həmçinin Aslan ona bildirdi ki, ev onundur və heç kəsin onun evi ilə işi yoxdur. Bütün bu hərəkətləri edən zaman Aslan Akif adlı şəxslə qabaqcadan əlbir olaraq onu özünə inandırıb aldadaraq, yəni dələduzluq yolu ilə evini ələ keçirmək niyyətində olmuşlar. Buna görə məhkəmə araşdırma aparan zaman onların hərəkətlərində dələduzluq cinayətinin tərkibi olduğuna görə xüsusi qərar çıxarılaraq Baş prokurorluğa göndərilməlidir. Nəticədə o, Akifə pul ödəməmiş və aralarında mübahisə yarandı və Akif ona evə özbaşına girəcəyini bildirsə də, evin ona məxsus olduğunu, onların onu aldatdıqlarını bildirdirib, ancaq onu zorla evdən çıxaracağı ilə hədələmişdir. Nəhayət 27 noyabr 2022-ci il tarixdə evinə gedən zaman evin qapısının divar hissəsinin dağıdıldığını və evinin açarlarının onun xəbəri və məlumatı olmadan dəyişdirildiyini görmüşdür. Həmin gün 102 xidmətinə şikayət etmişdir. Çünki onun evində 11 min manat nağd şəkildə pulu və 30 qram 750 əyarlı qızılı var idi. Bu barədə də polisə şikayətində bildirmişdir. Polis orqanından onu 36-cı Polis Bölməsinə gəlməyini və şikayətini yazılı şəkildə verməyini bildirdilər. Həmçinin evinə gedən zaman qarşılaşdığı bu halı video və foto çəkiliş vasitəsilə qeydə almışdır. Bu hadisə ilə qarşılaşan zaman artıq aldanıldığını bilmiş və evini girov qoymağı barədə evi onların adına keçirdiyi alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün notariat ofisinə getmiş və orada həmin müqavilənin surətini tələb etmişdir. Çünki ilk dəfə yəni avqust ayından notariusda olan zaman nə Aslanı, nədə Akif ona heç bir sənəd təqdim etməmişlər. Çünki Aslan dəfələrlə onu aldadaraq arxayın salırdı ki, ev onundur və ondan heç narahat olmasın. Nəhayət 27 noyabr 2022-ci il tarixdə o, notariusa gedən zaman orada ona bildirmişlər ki, o, evi orada alqı-satqı etmiş və sən demə yalnız ərizə yazaraq MTK-dakı payından imtina etmişdir. Bu barədə etirazını notariat ofisinə bildirmiş və orada da onun həmin ərizəni, həmin gün 27 noyabr 2022-ci il tarixdə ləğv etdirmişdir. Aslan və Akif adlı şəxslərə mənzil satmamışdır. Onun niyyəti kreditə pul götürmək olmuşdur. Onlarında məqsədi evi girov kimi öz adlarında saxlamaq və pul məbləği ödəniləndə evi qaytarmaq şərti olmuşdur. Lakin ərizəni imzaladıqdan sonra onlar hər gün bir bəhanə ilə ona sənəd təqdim etməkdən yayınmışlar. Demək ki, onların məqsədi əvvəlcədən onu aldadaraq evini ələ keçirmək olmuşdur. Ən vacib hallardan da biri odur ki, ona 2022-ci ilin avqust ayında pul həm öz şəxsi ehtiyacı və mənzilinin bir hissəsinin təmiri və mətbəx mebeli üçün lazım idi. Əgər mənzilini satmışdırsa niyə satdığı mənzilə aldığı borc məbləği ilə mətbəx mebeli alsın. Bunu təsdiq edən ustalar və faktlar mövcuddur. Əgər mənzili onlara satmışdırsa niyə ona kart göndərmişlər ki, pulları hər ay həmin kart hesabına köçürsün. İstintaq orqanı həmin halları araşdırmamış, ümumiyyətlə izahatı alınmalı şəxslrin dairəsini məhdudlaşdırmış, lazımi şəxslərin izahatları alınmamışdır. Belə ki, mənzilin xırda qalan təmirinə və mətbəx mebeli üçün 3000 manat pul xərcləmişdir. Bu fakt onu təsdiq edir ki, o, mənzilini satmamış, əgər satmış olsaydı mənzilə aldığı borcla xərc çəkməzdi. Aslan və Akif adlı şəxslər onun etibarından suiistifadə edərək onun mənzilini öz adlarına keçirdərək formal olaraq başqa şəxsə satmışlar. Yuxarıda qeyd etdiyi faktlarla bağlı sübutlarını-vatsap yazışmlarının surətləri video çəkilişləri, səs yazılarını fleş kartda məhkəməyə təqdim edərək, bu hərəkətlərə düzgün hüquqi qiymət verilməsini, onu aldadaraq mənzilini ələ keçirdiklərinə görə, adları çəkilən şəxslərin hərəkətlərində cinayət tərkibinin əlamətləri olduğuna görə xüsusi qərar çıxarılaraq Baş prokurorluğa göndərilməli, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Bu məsələdə istintaq orqanı qeyri-obyektiv olmaqla cavabdehlərin mövqeyindən çıxış etmişdir. Aylarla şikayət etməyinə baxmayaraq ilk öncə 22 dekabr 2022-ci il tarixli rədd qərarını əldə edə bilməmişdir. Bundan sonra dəfələrlə etdiyi şikayətlərdən sonra həmin qərarı 2023-cü ilin mart ayında əldə etmiş və ondan şikayət vermişdir. Xətai Rayon Prokurorluğunun qərarı ilə həmin qərar ləğv edildi. Lakin yenə də araşdırma aparılmadı və dəfələrlə etdiyi şikayətdən sonra ona məlum oldu ki, yenə də rədd qərarı verilmişdir. Lakin həmin qərar da hələ ona təqdim edilməmişdir. Əsas şikayəti isə "xxxx" MTK-dan sənədlərin tələb edilməsi idi. Belə ki, mənzilin Çıxarışı olmadığından mənzilin alqı-satqısı barədə müqavilələr MTK tərəfindən aparılırdı. Dəfələrlə polis orqanına müraciət edərək həmin sənədlərin tələb edilməsini və nəyin əsasında alqısatqı edilməsinin araşdırılmasını tələb edirdi. Nəhayət 2023-cü ilin iyul ayında polis orqanına etidyi çox saylı şikayətlərdən sonra müstəntiq Tural Məşədiyev tərəfindən həmin alqı-satqı müqavilələri MTK-dan götürüldü və həmin sənədlərin surətlərini əldə edərək müqavilələrin etibarsızlığı iddiasını qaldırmaq imkanı əldə etmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2024 saylı, 26 aprel 2024cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbinin təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə "xxxx" MTK-nin direktoru Nümayəndə2 ilə Cavabdeh1 arasında imzalanmış 28 avqust 2022-ci il tarixli və X4 adına keçirilməsi barədə "xxxx" MTK-nin direktoru Nümayəndə2 ilə X7 arasında imzalanmış 22 noyabr 2022-ci il tarixli alqı-satqı barədə müqavilələrin etibarsız hesab edilməsi; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin İddiaçı qaytarılması; İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırıb ki, hazırkı halda müqavilənin etibarsızlıq şərtləri tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdan irəli gəlir və bilavasitə bununla bağlıdır. Belə ki, məhkəmə orta bazar qiyməti 130.000 manat olan mənzilin 61.000 manata satılması ilə bağlı iddiaçının sağlam iradə ifadəsinin olmasını ağlabatan hesab etmir. Fərz olunsa ki, əgər Cavabdeh2lə İddiaçı arasında notariat kontorunda mənzilin 61.000 manata Cavabdeh1 mülkiyyətinə verilməsi ilə bağlı razılaşma olmuşdursa, o, zaman İddiaçı təkrar notariat kontoruna müraciət etməyə səbəbi omazdır. Mübahisəli mənzillə bağlı qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin 14 mart 2024-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 saylı mənzilin 2022-ci tarixinə real bazar dəyəri 130.000 manatdır. Belə olduğu halda İddiaçı qeyd edilən mənzili cavabdehə faktiki dəyərindən 50 faiz aşağı qiymətə, yəni 61.000 manata satması inandırıcı deyil. Yuxarıda qeyd edilənləri, eləcə də İddiaçı aldanıldığını bildiyi səbəbindən xx.xx.2022ci il tarixdə 8İ-3105 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən imtina etdiyini, bundan əlavə iddiaçının dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edərək araşdırma aparılmasını tələb etdiyini nəzərə alaraq Cavabdeh2 təhqiqat zamanı mənzili 61.000 manata almasına dair sübut təqdim edə bilməməsi, İddiaçı iddia ərizəsində göstərdiklərinin doğru olduğundan xəbər verir. Yəni iddiaçı ilə Cavabdeh2 arasında borc müqaviləsinin bağlanmasına yönəlmiş razılıq olmuş və Cavabdeh2 iddiaçıya borca pul verməyi öhdəsinə götürmüşdür. Lakin notariat ofisində borc yox, mənzillə bağlı bütün səlahiyyətlərin verilməsi onu deməyə əsas verir ki, iddiaçının adına olan qeydin (hazırda ləğv edilmiş) qeyri-dəqiq olmadığını bildiyinə şübhə yaratmasın. Məhkəmə həmçinin cavabdeh X5 aid hissədə qeyd edib ki, Cavabdeh3 nümayəndəsi (əri) Nümayəndə1 20 fevral 2024-cü ilə təyin edilmiş məhkəmə iclasında izahatında bildirmişdir ki, onlar evə baxmağa gələndə iddiaçı yatmışdır. Evi qardaşı ilə makler göstərmiş, evin alınması üçün isə 75000 manat pul verilmişdir. Evi Akif adlı kişidən və bir qadından almış, onun arvadı kimi təqdim etmişlər. Pulu hamının yanında qoymuş masanın üstünə və hamı götürüb saymışdır. Akifin arvadını tanımır, onun qardaşını tanıyır və o, gəlib dedi ki, ev onlarındır. Mənzilin ilkin sənədi kimin adına rəsmiləşdirdiyindən isə məlumatı yoxdur. O, 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında isə izahatında bildirmişdir ki, evə maklernən baxıb bəyənmiş, sonra ofisdə gedib müqavilə bağlamışlar. Kimdən aldığını isə bilmir. Evi Süleymanın qardaşı göstərmiş, ondan da evi almışlar. Cavabdeh2 ona xalasının əri kimi təqdim etmişlər. Evin sənədlərinə baxmamış, bilmir kimin adına olub müqavilə. Bununla bağlı, mübahisəli mənzilin 75.000 manat məbləğini ödəməklə Süleymandan alınması, daha sonra mənzilin Süleymanın qardaşından alınması ilə bağlı Cavabdeh3 nümayəndəsi (əri) Nümayəndə1 ziddiyyətli izahatları onu deməyə əsas verir ki, guya iddiaçı mübahisəli mənzili həm Cavabdeh2, sonra da Səadət Qasımzadəyə satmışdır. Belə ziddiyyətli məqamlar isə bir daha mübahisəli mənzillə bağlı cavabdehin vicdanlılığını istisna edir. Həmçinin müəyyən edilmişdir ki, ev Cavabdeh3 satılarkən evin qazı, suyu və işığı olmamış, lakin ev təmirli olmuşdur. Qeyd edilən hal isə özlüyündə bir daha onu deməyə əsas verir ki, iddiaçı cavabdehdən borc məbləğinin alınmasına səbəb kimi göstərdiyi hallardan biri də evin təmirinə vəsait lazım olduğunu bildirməsidir ki, bu hissədə də iddiaçının göstərdikləri doğrudur. Belə olan halda, mübahisəli mənzilin Səadət Qasımzadə tərəfindən 75.000 manata alınması, eləcə də rəsmiləşdirmə aparılarkən mənzilin kimin adına rəsmiləşdirdiyindən məlumatlarının olmaması, mübahisəli mənzillə bağlı bağlanmış alqı-satqı müqaviləsində "vicdanlılıq görünüşü”nü yaratmaq məqsədi daşımışdır. Qeyd olunanlar əsasında bir daha sübut olunur ki, cavabdeh Səadət Qasımzadə mübahisəli mənzili əldə edərkən iddiaçının adına olan mənzillə bağlı qeydin qeyri-dəqiq olmasını bilmiş, alqı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır. Onun vicdanlı alıcı hesab edilməsi üçün Mülki Məcəllənin 140, 148.2, 149.2-ci maddələrində nəzrədə tutulmuş əsaslar müəyyən olunmur. İddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə 28 avqust 2022-ci il tarixli və X4 adına keçirilməsi barədə 22 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış əqd olduğundan, etibarsız hesab edilməli, həmin mənzil iddiaçının mülkiyyətinə qaytarılmalıdır. İddiaçı yuxarıda qeyd edilən etibarsız əqdlər əsasında mülkiyyəti olan məzilindən məhrum olmuşdur. Həmin müqavilələr etibarsız sayıldığından, bu müqavilələr əsasında İddiaçı mübahisəli mənzilə mülkiyyətinə dair "xxxx" MTK-nın müqaviləsində aparılmış qeydlər də dəyişdirilməli olacaqdır. Məhkəmə həmçinin cavabdeh X4 hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edib ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan, yəni 27 noyabr 2022-ci il tarixdə DİN-in 102 xidmətinə şikayət etmiş və həmin şikayət əsasında araşdırma aparılaraq, Xətai RPŞ-nin, Təhqiqat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etmiş və həmin müraciət əsasında Bakı şəhəri Xətai Rayon Prokurorunun qərarı ilə Xətai RPİnin, Təhqiqat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilərək, material Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi İddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan təxminən 3 ay sonra hüquq mühafizə orqanlarına, sonrada məhkəməyə müraciət etmişdir. Belə olduğu halda iddiaçının hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün iddia müddətini ötürməsi müəyyən edilmir. Bundan əlavə, iddiaçı tələbində Aslan və Akif adlı şəxslərin qabaqcadan əlbir olaraq onu inandırıb dələduzluq yolu ilə evini ələ keçirmək niyyətində olduqlarını bildirib, onlar barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı, iddia tələbində göstərilən Aslan və Akif adlı şəxslərlə bağlı, ümumiyyətlə mənzilin ələ keçiriməsi ilə bağlı istintaq orqanı tərəfindən araşdırma aparıldığından həmin məsələ ilə bağlı qərar qəbul edilməsinə zərurət yoxdur. Hazırkı halda isə iddiaçının iradəsinin xx.xx.2022-ci il tarixli etibarnamə ilə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin özgənikiləşdirilməsinə yönəlməsi iş üzrə sübuta yetmir.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

12. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.

13. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isıə rədd edilməsini xahiş edib göstərir ki, Aslan adlı şəxs (bildiyinə görə ev dəllalı) əri Akifə zəng edərək ünvan 3 ünvanında yerləşən mənzilin satıldığını demişdir. Əri həmin mənzilə baxdıqdan sonra razılaşma şərtlərinin müəyyən olunması məqsədi ilə mənzilin sənədləri adına olan Süleyman və makler Aslanla mənzilin yerləşdiyi binanın rəhbərliyini həyata keçirən, eləcə də sənədləşmələrin aparılmasını icra edən "xxxx" MTK-ya gediblər. Orada MTK rəhbərliyi tərəfindən mənzilin özgəninkiləşdirilməsi məsələsinə yalnız Süleyman bununla əlaqədar, yəni mənzilin özgəninkiləşdirilməsinə notariat qaydasında təsdiq olunmuş razılığını verdikdən sonra, eləcə də Süleyman mənzilə görə həmin vaxt MTK-ya olan 17000 (on yeddi min) manat borcunu ödədikdən sonra baxılmasının mümkünlüyü bildirilmişdir. Bundan sonra, Süleyman ərindən xahiş edib ki, mənzilin özgəninkiləşdirilməsinə razılaşdığı qiymətdən, yəni 61000 (altımış bir min) manatdan 27000 (iyirmi yeddi min) manatını ona versin, MTK-ya olan 17000 (on yeddi min) manat borcunu ödəsin, yerdə qalan 17000 (on yeddi min) manatı isə sonra verər. Bu razılaşma əsasında da Süleyman MTK-nın göstərişlərinə uyğun qaydada notariat qaydasında razılıq ərizəsini verib və əri də mənzilə görə 17000 (on yeddi min) manat Ocaq” MTK-ya, iki dəfəyə (7000 və 17000) olmaqla cəmi 24000 (iyirmi dörd min) manat Süleymanın özünə ödəniş etdikdən sonra mənzilin sənədləri MTK tərəfindən adına yazılıb, adına müvafiq maliyyə arayışı verilib və mənzilin adına özgəninkiləşdiyinə dair MTK ilə arasında müqavilə imzalanıb. Bir müddət sonra isə Cavabdeh2 mənzilə görə Süleymana ödəməli olduğu həmin qalıq 17000 (on yeddi min) manat pulu Süleymana vermək üçün mənzilin yerləşdiyi ünvana getdikdə, Süleymanın qardaşı və anası tərəfindən Süleymanın özünün də razılığı ilə mənzilin başqa şəxsə 75000 (yetmiş beş min) manata satıldığını və mənzilə görə hətta beh belə alındığını öyrənib. Süleymanın özü qardaşı və anası ərindən mövcud vəziyyəti düzgün başa düşməsini, pula ehtiyac ucbatında sıxıntıda olduqlarını və o səbəblə də mənzili başqa şəxsə baha qiymətə satdıqlarını bildiriblər. Ərindən üzr istəyərək ondan Süleymana və MTK-ya ödədiyi ümumilikdə 44000 (qırx dörd min) pulu geri götürməsini xahiş ediblər. Əri də onların bu qanunsuz hərəkətinə qarşılıq verməyərək ödədiyi 44000 (qırx dörd min) manat pulu onlardan alıb. Bundan sonra, "xxxx" MTK-da mənzilin adına olan müqaviləsi Süleymanın qardaşı və anası eləcə də Süleymanın özünün iştirakı və razılığı ilə başqa şəxsin adına dəyişdirilib. Bütün bu faktların təsdiqini Polis İdarəsinin Süleymanın şikayəti əsasında aparılmış araşdırma materialların içərisində, o cümlədən Süleymanın qardaşından və anasından alınmış izahatlarda görmək mümkündür. O ki qaldı, mənzilin alqı-satqısı kimi qiymətləndirilən hala, yuxarıda qeyd etdiyi kimi mənzilə dair notariat qaydasında hər-hansı alğı-satqı müqaviləsi imzalanmayıb. Bütün əməliyyatlar "xxxx" MTKnın tərəfindən mənzilə dair müqavilənin addan-ada keçirilməsi qaydasında aparılıb və bu əməliyyat Mülki Məcəllənin 112.3-cü maddəsinə uyğunlaşdırılıb. Belə ki, Mülki Məcəllənin 112.3-cü maddəsinə əsasən, əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda, kooperativin digər üzvləri həmin payı(onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgəninkiləşdirilə bilər. Mənzilin adına olan müqaviləsinin başqa şəxsin adına özgəninkiləşdirilməsi məhz Süleymanın özünün, qardaşının və anasının birgə razlılığlı əsasında aparılıb və mənzilə görə ödənildiyi bildirilən 75000 (yetmiş beş min) manat pul da nə ona, nədəki, Cavabdeh2 verilməyib, həmin məbləğ bir başa Süleymanın özünün, qardaşının və anasının eləcə də MTK-nın məsul şəxsinin iştirakları ilə onlara verilib. Onlardan alınmış 44000 (qırx dörd min) manat pul da Süleymanın, qardaşının və anasının iştirakı ilə onlar tərəfindən ərinə qaytarılıb.

14. Cavabdeh3 (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, ev almağı qərarlaşdırmış və internet saytda Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin satılması barədə reklama rast gəlmişdir. xx.xx.2022-ci il tarixdə reklamda qeyd edilmiş telefon nömrəsi ilə əlaqə saxlayaraq mənzilə baxmaq üçün qeyd edilən ünvana gedib. Evə baxan zaman binada qaz təchizatı olmamışdır. Həmin vaxt qardaşı mənzlin alınması üçün maklerə beh vermişdir. Daha sonra, "xxxx" MTK-da alqı-satqı müqaviləsi bağladılar. Alqısatqı vaxtı evin ondan əvvəlki sahibi olan Cavabdeh1 və onun əri Cavabdeh2 evin onun adına keçirilməsinə etiraz etməmiş və bu barədə yazılı ərizə təqdim etmişlər. Evin alqısatqısı üçün 75000 (yetmiş beş min) manat məbləğində nağd pul ödədi. Sonradan qonşularla birlikdə binanın qaz təchizatını təmin etdi. 2 ilə yaxındır ki, həmin mənzildə yaşayır. Kommunal xərclər də adından ödənilir. Bu müddət ərzində hər hansı üçüncü bir şəxs mənzilin ona məxsus olması və ya digər bir problemlə bağlı müraciət etməmişdir. Mənzili alarkən hər hansı başqa niyyəti olmamış, yalnız özü əmlak əldə etmək və ailə olaraq orada yaşamaq olmuşdur ki, mənzili aldığı vaxtdan bu günədək mənzildə yaşayır. Hazırda iddiaçı kimi məhkəməyə müraciət edən Süleyman İsa oğlunun iddiası ona münasibətdə tamamilə cəfəng ifadələrdən ibarətdir. Əgər iddianın məzmununda qeyd edildiyi kimi kimlərsə Süleyman İsa oğlunu aldatmışlarsa, o məsələnin onlara heç bir aidiyyəti yoxdur. Mənzilin sənədlərinin həqiqiliyinə inanaraq satın almış və hazırki iş üzrə vicdanlı alıcıdır. Birinci instansiya məhkəməsi vicdanlı alıcı kimi heç bir hüququnu nəzərə almamış, buna görə də qətnamə qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

15. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi Nümayəndə1 və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.

16. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək rədd edilməsini xahiş ediblər.

17. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi, eyni zamanda Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat vermişdir.

18. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 tərəflər arasında müqavilələrə dair izahat verərək münasibətini bildirdi. 19 Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş X9 və X6 məhkəmə iclasında iştirak etmədilər. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində hazırki məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş və işə baxılmasını təxirə salınmasını xahiş edib, amma üzrlü səbəbin nədən ibarət olduğunu göstərməyib və buna dair sübut təqdim etməyib. Cavabdeh2 da elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində iştirakı olmadan işə baxılmasını və qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə gəlməyə şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı: Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

24. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

26. Apellyasiya şikayətlərinin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətlərin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

27. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

28. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

29. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

30. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

31. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

32. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmiş, həm də digər normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

33. Belə ki, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Mübahisələndirilən alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd olması və görünüş üçün bağlanması işin həqiqi halları ilə təsdiq olunmur. Başqa sözlə qeyd olunan müqavilələr formal olaraq bağlanılmamış, müqavilə tərəfi olan alıcının niyyət və iradəsi müqavilənin predmeti olan mənzilin alıcısı kimi öz mülkiyyətinə keçməsinə yönəlmişdir. Yəni müqavilə tərəfinin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmamışdır.

34. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

36. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. ...Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

37. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçının hazırkı tələb üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.

38. Belə ki, iddiaçı iddia edir ki, pula ehtiyacı olduğuna görə borc alıb faiz ödəmək məqsədi ilə instagram sosial şəbəkəsində qarşısına çıxan ev girovu vasitəsilə kreditə pul verilən bir səhifə üzərindən Aslan adlı makler vasitəsi ilə Cavabdeh2lə tanış olmuş, əslində mənzilini satmaq niyyəti olmamış, “girov” qoymaqla faiz ödəmək şərti ilə Cavabdeh2 10000(on min) manat ona borc verib, 16000(on altı min)manat isə MMC-yə qalan borcunu ödəmişdir, razılaşmalarına görə əvvəlcə 10.000 manata görə 800 manat, əlavə 16000 manat ödənildiyinə görə isə aylıq cəmi 2000 manat faiz ödəməyə, əsas məbləğ, yəni 26000 manat tam ödənildikdən sonra mənzilin “girov”dan çıxarılacağı razılaşdırılmış, ancaq borcla bağlı “kredit kağızlarını” vermədikləri üçün faiz də ödəməmiş və aralarında bununla bağlı mübahisə yaranmışdır. Sevdagül və Cavabdeh2lər isə bu iddianı qəbul etmir, əslində iddiaçıya cəmi 44000(qırx dörd min) manat verdiyini, bu məbləğin 17000(on yeddi min) manat hissəsinin iddiaçının MMC-yə olan borcuna ödənildiyini, 17000(on yeddi min) manat isə borc qaldığını göstərir. Ancaq iddiaçının iddia etdiyi hallar həqiqi olmuşdursa notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2022-ci il tarixli “imtina ərizəsi” ilə mübahisəli mənzilə dair pay haqqından imtina etməsinə və mənzilin satılmasına etiraz etməməsinə, pay haqqı ilə əlaqədar "xxxx" MMCyə qarşı iddia və tələbinin olmadığına və gələcəkdə bu mənzillə bağlı iddia qaldırmayacağına dair öhdəlik götürməsinin də ağlabatan izahı olmalıdır. Başqa sözlə, iddiaçı Cavabdeh2lə borc müqaviləsi də bağlaya bilərdi, ancaq bağlamayıb, mənzillə bağlı aldığı vəsaitə görə mənzilə dair pay haqqından imtina edərək satılmasına razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə,... tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Göründüyü kimi, iddiaçı hər iki alqı-satqı müqaviləsini əhəmiyyətsiz əqd hesab edərək hazırkı iddianı irəli sürüb. Bununla belə, satılan mənzilin hansı müddətdə sahiblik və istifadədə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının, eləcə də real bazar dəyərinin alqı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında razılaşdırılmış qiymətə özgəninkiləşdirilmiş olsun. Birinci alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlandığı düşünülsə də həqiqətən də həmin əqdin bu məqsəd ilə bağlandığı sübuta yetirilməlidir. Ancaq iddiaçı bu halları sübut edə bilmir. Hətta iddiaçının Aslan adlı maklerlə və Cavabdeh2lə bu mövzuda danışıqları olsa belə, yekun olaraq iddiaçının mübahisəli mənzilə dair hüququndan imtina edərək onun satılmasına notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq verməsi, mənzilə görə birinci alıcı tərəfindən ödənilən vəsaiti tam olmasa da(iddiaçı 26000 manat, cavabdeh isə 44000 manat ödənildiyini bəyan edir) qəbul etməsi həmin müqavilənin əhəmiyyətsiz əqd olduğu qənaətinə gəlməyə kifayət edən yaxud yetərli əsas vermirdi. Çünki iddiaçını bu cür müqavilənin bağlanmasına razılıq verməyə hər hansın şəxsin ona təsir, təzyiq yaxud məcbur etməsi təsdiq olunmur. Heç iddiaçı da özü də bu cür halların olduğuna istinad etmir. Demək ki, bu cür müqavilənin bağlanmasına, yəni mübahisəli mənzili satması öz iradəsinə uyğun olmuşdur. Düzdü hazırkı iddianın və icraatın predmeti olmasa da iddiaçı 28 avqust 2022-ci il tarixli müqavilə üzrə, əsas olduğu halda cavabdehlər Akif və Sevdagül Quliyevlər tərəfindən mənzilin razılaşdırdıqları qiymətinin ona tam ödənilməməsi ilə bağlı yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.

39. Bundan əlavə, Cavabdeh3 ilə bağlanmış 22 noyabr 2022-ci il tarixli müqavilənin etibarsızlığı üçün hər hansı bir ehtimal edilən əsas da yaranmamışdır. Belə ki, apellyasiya baxışı zamanı həm tərəflərin, o cümlədən "xxxx" MMC-nin nümayəndəsinin verdiyi məlumatlardan və işdə olan sənədlərdən bəlli olur ki, Sevdagül və Cavabdeh2lərlə ikinci müqavilə üzrə mənzili əldə edən Cavabdeh3 arasında əvvəlcədən hər hansı bir qohumluq, tanışlıq, əlaqə yaxud hansısa münasibət olmamışdır. Əksinə, məhz iddiaçı, Sevdagül və Cavabdeh2lərlə birlikdə vahid mövqedən çıxış edərək mənzil bazarında, mənzil almaq istəyən Cavabdeh3 mənzili satmışlar. Sonuncunun mənzilə görə ödədiyi 75000(yetmiş beş min) manatdan Sevdagül və Cavabdeh2lər 28 avqust 2022-ci il tarixli müqavilə üzrə iddiaçıya ödədiyi məbləğlər nəzərə alınmaqla iddiaçı ilə aralarında bölünməsi tərəflərin verdikləri mötəbər məlumatlarla tam sübuta yetirilmişdir. Belə ki, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından alqı-satqı müqaviləsi "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlandığından bu proseslərdə iddiaçının anası və apellyasiya baxışı zamanı 3cü şəxs kimi işə cəlb edilmiş qardaşı Kamran Həsənov da aktiv şəkildə iştirak etdiyi təsdiq olundu. Ancaq iddiaçı həmin şəxslərin, yəni qardaşının yaxud anasının məhkəmə iclasında iştirak edib bu məsələlərə münasibət bildirməsində maraqlı olmamış yaxud bu məqsəd ilə onların hazırkı mübahisəyə münasibətini bildirməsini təmin etmək üçün hər hansı bir vəsatətlə məhkəməyə müraciət etməmişdir. Baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qardaşı Kamran Həsənovu 3-cü şəxs kimi işə cəlb etmiş, ancaq sonuncu məhkəmə iclasında iştirak etmək istəməmişdir. Bütün bunalardan sonra, yəni ikinci müqavilə də iddiaçının marağına və mənafeyinə uyğun bağlandıqdan sonra da iddiaçının hər iki müqavilənin etibarsızlığını tələb etməsi onun açıq-aşkar pis niyyətlə başqalarına zərər vurmaq məqsədi ilə hüquqdan sui-istifadə etməsinə dəlalət edir ki, bunu da məhkəmə tərkibi yolverilməz sayır.

40. Bunlardan əlavə, mübahisəli mənzilin qiyməti ilə bağlı da hüquqi dəyərləndirmə aparılması zəruridir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən alınmış qiymətləndirmə rəyində mənzilin alqı-satqı müqaviləsi bağlanan 2022-ci ildə real bazar dəyəri 130000(yüz otuz min)manat, apellyasiya baxışı zamanı alınmış 07 yanvar 2025-ci il tarixli ekspertiza rəyində isə 2022-ci il üzrə qiymət müəyyən edilməsinin mümkün olmadığı, hazırkı tarixdə isə ümumi dəyərinin təqribən 153300(2158x71 kv.m) manat olduğu qeyd olunmuşdur. Buna baxmayaraq, işə əlavə edilmiş mübahisəli mənzilin yerləşdiyi binadakı ayrı-ayrı mənzillərin alqı-satqısına dair müqavilələrdə və maliyyə arayışlarında mənzillərin 2021-2022-ci illərdə 1 kv.metrinin 850-900 manata satıldığı görünür. İddiaçı ilə mübahisəli mənzilə dair bağlanmış 21 may 2021-ci il tarixli müqavilədə və maliyyə arayışında da ümumi sahəsi 71 kv. metr olan 2 otaqlı mənzilin 1 kv. metrinin 850 manata satıldığı, eyni tarixli maliyyə arayışında mənzilin dəyərinin 60350 manat olduğu, iddiaçı tərəfindən 37000 manat ödənildiyi, 23350 manat borc qaldığı qeyd olunmuşdur. Qiymətləndirici və ekspert rəyində mübahisəli mənzilin dəyəri fərqli göstərilmişdir, ancaq çoxsaylı müqavilələrdə mənzillərin qiymətinin demək olar ki, eyni olması, ona dəlalət edir ki, cəmi 4 mərtəbədən ibarət mansardlı binadakı mənzillərin müqavilələrdə göstərilən qiyməti həmin vaxt daha real olmuşdur. Baxmayaraq ki, mütəxəssis və ekspert rəyində göstərilən qiymətlər müqavilələrdə göstərilən qiymətlərdən fərqli olmuş, bu halda iddianın əsaslı olmasına heç bir təsiri ola bilməzdi. Ən azından ona görə ki, ikinci müqavilədə göstərilən qiymət dolayı da olsa iddiaçı tərəfin razılığı ilə müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən müqavilələr etibarsız hesab edilərkən tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına şərait yaratmadan əsassız olaraq qiymət fərqindən gəldiyi nəticəni “möhkəmləndirmək” üçün uğursuz istifadə etmişdir.

41. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən alqı-satqı müqavilələri görünüş üçün bağlanan uydurma əqd də hesab oluna bilməz. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edir ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən alqı-satqı müqavilələrinin uydurma əqd olduğunu görünüş üçün bağlandığını yalnız iddiaçı iddia edir. Müqavilənin tərəfi olan istər MMC, istərsə də digər cavabdehlər bu müqavilələri hansısa formada heç vaxt mübahisələndirməmiş, əksinə təqdim edilən sübutlar mənzilin qanuni əsaslarla əldə edildiyini təsdiq edir. Demək ki, alqı-satqı müqavilələrinn arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqdlər üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, alqı-satqı müqavilələrini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Bu hallara dair hər hansı bir sübut təqdim edilmədiyindən alqı-satqı müqavilələrinin görünüş üçün bağlandığı qənaətinə gəlmək üçün əsas deyildir. Üstəlik bu halların həqiqiliyi ehtimal olunsa belə belə iddiaçıya sonrakı davranışlarına görə hüquqdan sui-istifadə edərək qarşı tərəfə qarşı uğursuz iddia irəli sürməyə əsas vermir.

42. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, iddiaçının mübahisə predmeti olmuş mənzilin 28 avqust 2022-ci il tarixli müqavilə ilə Cavabdeh1 satılmasına həqiqi niyyəti olmamış, 22 noyabr 2022-ci il tarixli müqavilə ilə Cavabdeh3 satılmasında bilavasitə marağı olmuş, hətta ödənilən vəsaitin bir hissəsinin ona çatması, bu əqdləri bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.

43. Tələbin digər hissələri bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onların da avtomatik təmin edilməməsini labüd edir.Çünki təmin edilib-edilməmələri sırf əsas hissədən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görmür.

44. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən edilənlərlə bir daha təsdiq olundu ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ziddiyyətli olmaqla yanaşı qanunvericiliyin tələbinə də uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla qeydiyyat keçməməsi açıqaşkar bəlli olduğu halda məhkəmə tərəfindən Mülki Məcəllənin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına, daşınmaz əmlakın dövlət reyestrinin açıqlığına, daşınmaz əmlaka hüquqların əsassız qeyldə alınmasına dair müddəaları nəzərdə tutan 140, 148.2, 149.2-ci maddələrini tətbiq etmişdir. Eyni zamanda əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsız olduğu halda əhəmiyyətsiz əqd hesab etdiyi müqavilələrin mübahisələndirilməsi üçün iddia müddətinin keçmədiyi barədə lazımsız hüquqi dəyərləndirmə aparmışdır. Eləcə də haqlı olmayaraq mübahisəli mənzilin müqavilədə razılaşdırılan qiymətini əqdin etibarsız sayılması qənaətinə gəlmək üçün əsas götürmüş, həmçinin hər iki müqavilə üzrə alıcı olan şəxslərin bir-biri ilə hər hansı bir əlaqəsi, o cümlədən qohumluğu, tanışlığı, münasibətinin və.s təsdiq edilmədiyi halda sonuncu müqavilənin də əhəmiyyətsiz əqd olması barədə əsassız nəticəyə gəlmişdir. Bütün bunlar isə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin səhv olduğunu bir daha təsdiq etmiş olur.

45. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviələdən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

46. Şərh olunanlara əsasən, apellyasiya şikayətləri təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməməli; ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməli; iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Apellyasiya şikayətləri təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2024 saylı, 26 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzilin onun mülkiyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar