Məhkəmə qərarları › İş №2(103)-2640/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2640/2021

01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2640/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-4522/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi, qanunsuz və əsassız olaraq hesablanmış 972,00 manat borcun abonent hesabından silinməsi və hüquqi xidmətlərin aparılması üçün ödədiyi 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə ona abonent kodu **********0089 olan mexaniki G-4 10589532 nömrəli qaz sayğacı “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən quraşdırılmış və ona təhvil verilmişdir. xx.xx.2018-ci il tarixdə qaz sayğacının çıxarılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib edilmiş və nəticədə G-4 markalı 10589532 nömrəli qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Yeni qaz sayğacını istifadə etmək üçün müəyyən ödənişlər etdiyi zamanı yüklədiyi pul vəsaitinin kartdan avtomatik olaraq 50% itirilməsini bildikdən sonra o, xx.xx.2020-ci il tarixdə Bakı Regional Qazın Satışı Departamentinə rəsmi qaydada məsələnin araşdırılmasını və ona rəsmi qaydada bu barədə məlumat verilməsini xahiş etmiş, etdiyi müraciət araşdırılmış və ona bildirilmişdir ki, “xx.xx.2018-ci il tarixində qaz sayğacının yenisi ilə əvəzlənməsi ilə əlaqədar dövlət yoxlanmasına göndərilmiş və Cavabdeh X1 müayinəsi laboratoriyasının xx.xx.2018-ci il tarixli MSK- 29/1710-01282-3 saylı aktına əsasən “Xətalar normaya uyğun deyil və sayğacın hesablama mexanizminin yan tərəfinin əzilməsi” barədə rəy verilmişdir. Nəticədə onun xəbəri və iştirakı olmadan xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunaraq əsassız olaraq 972,00 manat borc yaranmışdır. Qaz sayğacının yenisi ilə əvəzlənməsi zamanı sayğacın hesablama mexanizminin heç bir tərəfi əzilməmişdir. Əgər bu hal olsaydı xx.xx.2020-ci il tarixli ******* saylı aktın 6 saylı bəndində öz əksini tapardı və həmçinin də, qaz sayğacının yan mexanizminin əzilməsi qazın itirilməsinə səbəb ola bilməz. Sözü gedən qaz sayğacına heç bir müdaxilə olunmamışdır, həmin sayğacın plombu, klapanı və digər texniki göstəriciləri tam yerindədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 4522/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. “Cavabdeh” X2 Eyyub Pənah oğlundan (kod **********00089) qaz sərfiyyatına görə tələb etdiyi 972 manatın silinməsi, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin “Cavabdeh” İstehsalat Birliyindən tutularaq İddiaçı verilməsi, “Cavabdeh” İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamədən “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, iddiaçının mənzilində quraşdırılmış sayğac “Cavabdeh” İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. İdarənin rəyinə əsasən sayğaca müdaxilə olunduğu üçün yaranmış qaz itkisinə görə 972 manat dəymiş ziyan məbləği tələb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktla iddiaçıya məxsus evdə (İtron) Mexanika G-4 markalı qaz sayğacı çıxarılmış, yenisi quraşdırılmışdır. İş materiallarında olan “Cavabdeh” İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən məlum olur ki, sayğacın yararsız olması aşkar edilmiş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. xx.xx.2018-ci il tarixli akta əsasən itirilmiş qazın dəyəri (1.2x6x180=1296 m3, 2.6x18x180=8424 m3) cəmi 9720 m3 həcmində hesablanmışdır. İş materiallarında olan abonent saldosuna əsasən İddiaçı 972,00 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4522/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar