Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2642/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4326/22 saylı iş üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1313.28 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X4 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2021 tarixli, ******* nömrəli Aktın ləğvi və həmin Akt əsasında hesablanmış 1313.28 AZN (bir min üç yüz on üç manat 28 qəpik) cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildən bu günə qədər iddiaçıda heç vaxt heç bir nöqsan və kənaraçıxma aşkar edilməmişdir. Mübahisəyə səbəb isə o olub ki, xx.xx.2021-ci il tarixində cavabdehin nümayəndələri mənzilə gələrək iddiaçıdan xəbərsiz baxış keçirmişlər və guya sayğacdankənar qeyri-qanuni qaz xətti aşkar etmişlər. Bu məsələ üzrə mənzilə daxil olmaq istəyərkən iddiaçı onlardan qanuni şəkildə xidməti vəsiqələrini göstərmələrini istəmiş, onlar da buna etiraz etmiş və ona qarşı kobudluq etmişlər. İddiaçı məsələni belə görən zaman onları əsaslı olaraq mənzilə buraxmamış, həmin nümayəndələrin iddiaçıya qarşı akt yazdıqlarını və əlavə cərimə hesabladıqlarını bilməmişdir. İddiaçı aylıq ödənişlər etməyinə baxmayaraq yalnız may ayında ödənişinin tam həyata keçmədiyni hiss etmiş, 104 məlumat mərkəzinə zəng eləmiş və məsələni o zaman bilmişdir. xx.xx.2022-ci il tarixində xx.xx.2021 tarixli ******* nöməli Aktı və ona əlavələrin surətini almışdır. Mənzilində bu günə qədər heç vaxt sayğacdankənar qaz xətti olmamışdır, cavabdehin nümayəndələrinin çəkdikləri şəkildə əks olunan qaz xətti birbaşa bayır tərəfdən mənzildəki sayğaca daxil olur. Aktdan görünür ki, guya iddiaçı Akt yazılandan öncə 90 gün ərzində sayğacdankənar qaz işlətmiş və guya yekun olaraq 12312 (on iki min üç yüz on iki) kub metr əlavə qanunsuz qaz işlətməklə dövlətə ziyan vurmuşdur. Əgər həqiqətən də belə hal olmuş olsaydı cavabdeh bu günə qədər mənzilinə qaz verilişini dayandırardı və xətti ləğv etmək yönündə digər hüquqi tədbirlər görərdi.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4326/22 saylı iş üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – Qaydalar) 4.2, 4.8, 4.9, 5.2, 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı
12. Maddə 4, bənd 2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
13. Maddə 4, bənd 8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
14. Maddə 4, bənd 9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
15. Maddə 6, bənd 5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
19. Cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.
20. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (abonent kodu **********01000) yerində müayinəsi zamanı qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qanunsuz müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir.
21. Məhkəmə kollegiyası bunu nəzərə alaraq iş üzrə ekspertiza təyin olunmasına lüzum görmədi.
22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4326/22 saylı iş üzrə 05 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.