Məhkəmə qərarları › İş №2(103)-2642/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2642/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2642/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: istehlakçı hüquqlarının qorunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-1324/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 10815748 nömrəli müqavilədən, onun əlavəsindən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 15 ay müddətinə hər ay 121,27 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 1.819,05 manat təşkil edən “WİNGZ Superfly” markalı skuterin nisyə alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. Müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq peniya ödəyir.

2. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 1.203,05 manat ödənilməmiş əsas borcu və 120,95 manat cərimə borcu olmaqla, cəmi 1.324 manat borcu yaranmışdır.

3. 26.11.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş, 3 iş günü ərzində öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

4. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2404/2025 nömrəli məktubda göstərilmişdir ki, Cavabdeh aldığı Super FLY Space Black markalı skuter mağazanın servis xidmətindən təhvil alındıqdan sonra 2023-cü ilin dekabr ayında və 2024-cü ilin mart ayında MMC-nin texniki şöbəsinə gətirilmişdir. Hər iki müayinə zamanı məhsula ümumi texniki baxış keçirilmiş, müayinəyə əsasən istifadə zamanı onun arxa əyləc bəndi yağ ilə, batareyası ilə su ilə təmasda olduğundan dəyişdirilməli, istehsalla bağlı qüsurun olmadığı və digər hissələrin tam işlək olduğu bildirilmişdir. Qalan hallarda texniki işlərin görülməsi üçün qüsur aşkarlanmamışdır. Hər iki müraciətdə mülkiyyətçi vətəndaş ehtiyat hissələrinin (batareya və əyləc) dəyişdirilmədən imtina etdiyi üçün müvafiq əlavə xidmətlər göstərilmədən (bu hissələr dəyişdirilmədən) məhsul geri təhvil verilmişdir. Müvafiq qüsurların istehsal qüsuru olmadığı izah edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.203,05 manat ödənilməmiş hissə, 120,95 manat cərimə, ümumilikdə 1.324 manat borc və 33,24 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilənin şərtlərini pozmuş və nəticədə onun İddiaçı MMC-yə qeyd olunan məbləğdə borcu yaranmışdır.

7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 1324/2025 nömrəli qətnaməsi ilə (hakim L.Ş.Şövkətli-Mənsimli) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 1.203,05 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 1.253,05 manat və 32,53 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan məhsulu cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malın dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır.

9. Məhkəmə hazırda cavabdehin alqı-satqı müqaviləsi üzrə 1.203,05 manat ödənilməmiş əsas borcunun qaldığını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, 120,95 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1, 467, 567, 600.1, 600.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş və vicdanlı alıcı kimi müqavilə ilə şərtləşdirildiyi üzrə hər ayın 10-u 121,27 manat məbləğində pulu iddiaçıya ödəmişdir. Lakin müqavilənin üzərindən 6 ay keçmiş skuterdə malın birbaşa özündən qaynaqlanan problemlər ortaya çıxmış (arxa sol amortizatorlarda sərtləşmə yaranmış, əl tutacağı yerindən çıxmış, ötürücü mexanizmdə qısa qapanmalar baş verməklə cərəyan ötürülməsi mövcud olmuş və s.) qeyd olunanlar skuteri istifadə etdiyi zaman 2 dəfə qəza keçirməyinə səbəb olmuşdur. Bununla bağlı iddiaçıya 2023-cü ilin dekabr ayında müraciət edərək problemləri bildirmişdir. İddiaçı skuterdə yaranan problemi 14 gün ərzində, əgər hər hansı ciddi bir problem yaranmışdırsa 21 gün ərzində təmir edəcəklərini bildirmişdirlər. Daha sonra skuter iddiaçıda olduğu zaman 2 ay ödənişi geciktirmədən vicdanlı alıcı kimi ödənişi vaxtında ödəmişdir. Lakin skuteri təhvil almaq üçün iddiaçıya müraciət etdiyində onlar skuterin su ilə təmas etməsi nəticəsində bu cür yararsız hala düşdüyünü bildirmiş, skuterin batareyasının ödənişli olaraq (təqribən 400 manat məbləğində) dəyişilməli olduğunu, əyləc sxeminin də dəyişilməli olduğunu bildirmişdir. O isə iddiaçının əməkdaşlarına skuterin qoruyucu altlığının mövcud olmadığını bildirsə də, onlar bunu təkzib etmişdirlər. Daha sonra təmirin nəticəsi ilə bağlı məlumat almaq üçün iddiaçının ünvanına getdiyində yenə eyni qaydada əvvəlki müraciətindəki kimi cavab verilmiş, skuterin onun təmirə təhvil verdiyi vəziyyətdən daha pis halda ona təhvil verilməsinin şahidi olduğu üçün skuteri təhvil almamış, buna etiraz edərək skuteri ən azından onlara təhvil verdiyi şəkildə geri təhvil verməyəcəkləri halda ödəniş etməyəcəyini bildirmişdir. Həmçinin, iddiaçı skuterdə mövcud olan nasazlıqların onun tərəfindən yarandığını sübuta yetirməmişdir. Daha sonra iddiaçı özü tərəfindən həll edilməyən problemlərə görə adını mərkəzləşdirilmiş kredit reyestr sisteminə sözügedən müqavilə ilə bağlı geciktirmə ilə daxil etməklə vəziyyətini pisləşdirmişdir. Məsələnin həlli üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət dövlət xidmətinə (bundan sonra – Dövlət Xidməti) müraciət edərək məsələni bildirmişdir. Dövlət Xidməti isə ona ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-1/2- 17304/2024 nömrəli məktub ilə (qoşmaya əlavə edilir) iddiaçıdakı sənədlərə əsasən, onun malı iddiaçıdan 2024-cü ilin mart ayında təmirsiz olaraq təhvil aldığını bildirmişdir. Lakin o, skuteri iddiaçıdan təhvil almamışdır. Həmçinin, iddiaçı tərəfindən nə Dövlət Xidmətinə, nə də məhkəməyə skuterin nə cavabdehin tərəfindən iddiaçıya təmir üçün təhvil verilməsinə dair, nə də iddiaçının skuteri ona 2024-cü ilin mart ayında təhvil verməsinə dair akt təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı olmadan işə baxaraq, e- 2(011)- 1324/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnamə ilə iddia tələbini qismən təmin edərək 1.203,05 manat məbləğində əsas borcun, 50 manat cərimə borcunun və 32,53 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi öhdəliyini üzərinə qoymuşdur. Hazırkı gündə skuter iddiaçının Əhmədli filialının (Ukrayna dairəsi) anbarında saxlanılır. İddiaçı hazırda da ona skuteri təmirsiz olaraq təhvil verməyə çalışır, lakin skuteri ona aktlaşdıraraq təhvil verməkdən boyun qaçırır. Qeyd edilən maddələrin də tələblərindən aydın olduğu kimi, qüsurlu əşyanın ona satılması və qüsurların iddiaçı tərəfindən aradan qaldırılmaması səbəbindən müqavilədən imtina etməyi, həmçinin iddiaçının qüsurların onun ucbatından yaranmasını sübuta yetirməməsi məhkəmə tərəfindən araşdırılmamış, qeyd olunan maddi hüquq normaları pozulmuşdur. İş materiallarında olan poçt zərflərinin (qoşmaya əlavə edilir) üzərində olan qəbzlərdə “çatdırılmama səbəbi: ünvan tam deyil, xx.xx.2024” və “çatdırılmama səbəbi: ünvan tam deyil, xx.xx.2025” qeydləri də qeyd olunan iş üzrə iddia ərizəsi, məhkəmə bildirişi və müvafiq məhkəmə qətnaməsinin ona çatdırılmamasını sübut edir. Halbuki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayır. Həmçinin, müvafiq məktublar məhkəməyə ona çatdırılmamış olaraq qaytarılsa da, onun telefon əlaqə nömrəsi mövcud olsa da, hər hansı vasitə ilə məhkəmə əlaqə saxlamayıb. Göründüyü kimi, ona qarşı verilmiş iddia ərizəsi və iş üzrə məhkəmə bildirişi ona ondan asılı olmayan səbəblərdən, məhkəmənin səhvi ucbatından çatdırılmadığından iddiadan xəbəri olmamış və prosessual hüquqlarını həyata keçirərək iddiaçıya qarşılıqlı iddia vermək və hazırkı iddia tələbinə qarşı etiraz məktubu ünvanlayaraq mülahizələrini bildirmək hüququndan məhrum olmuş, prosessual hüquqlarının pozulması nəticəsində iş üzrə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Birinci instansiya məhkəməsi yol verdiyi mühüm prosessual pozuntular nəticəsində işin hallarını tədqiq etmədən skuterin onun sərəncamında olması qənaətinə gəlmişdir. İddiaçıya ilk müraciət etdiyindən bəri iddiaçının Əhmədli (Ukrayna dairəsi) mağaza filialının anbarındadır. Hətta bu gün də ona skuteri anbardan təhvil verəcəklərini bildirirlər. Lakin iddiaçı ona skuteri aktla təhvil verə bilməyəcəklərini, yalnız faktiki olaraq malı götürüb apara biləcəyini bildirir. Digər bir mühüm məqam isə iddiaçının skuteri mənə təhvil verməsinə dair məhkəməyə təqdim etdiyi hər hansı bir sübutun olmamasıdır. İddiaçıya skuteri 2023-cü ilin dekabr ayında təhvil verərək daha sonra yararsız olması ilə əlaqədar təhvil götürməsə də, iddiaçı Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidmətinə verdiyi məlumatda skuterin tərəfimdən 2024-cü ilin mart ayında təhvil aldığını bildirmişdir. Lakin məhkəməyə ünvanladığı iddia ərizəsində sözügedən mübahisə mövzusunu gizlətmişdir. Həmçinin, əgər skuter ona 2024-cü ilin mart ayında təhvil verilmişdirsə, bu zaman həm iddiaçının ondan skuteri təhvil almasına dair, həm də onun iddiaçıdan skuteri təhvil götürməyinə dair akt olmalı idi, lakin iddiaçı buna dair hər hansı sənəd təqdim etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, anasının xəstəliyi ilə bağlı bankdan nağd kredit əldə etmək istədi, lakin kredit tarixçəsində gecikmə olduğu bildirildi. Bu səbəblə “Kontakt Home” mağazasına yaxınlaşaraq, skuteri onlara təqdim etdiyini hansı səbəbə ona gecikmə qeydə aldıqlarını soruşdu. Belə ki, iddiaçı təşkilat skuterin qüsurlu olması səbəbi ilə əvəzində ya ona ödəniş etməli və ya hər hansı müvafiq qərar verməli idi. Orada bildirildi ki, artıq məsələ ilə bağlı məhkəmə baş tutmuş və qərar qəbul edilmişdir. İddiaçının nümayəndəsinə məhkəmə barədə heç bir məlumatının olmadığını bildirdi. İlk olaraq “Kontakt Home” mağazasına şifahi olaraq skuterdə problemlərin olduğunu demiş, ona bildirilmişdir ki, skuter servisə göndərilməlidir və servis rəy verməlidir. 19-20 gün keçdikdən sonra yenidən yaxınlaşmış, servisdən hələ də məlumat verilmədiyi bildirilmişdir. Əlavə olaraq 1 ay da gözləmiş və skuter servisdə olduğu halda iki ay davamlı ödənişi vaxtında ödəmişdir. Daha sonra ona bildirilmişdir ki, skuter su ilə təmasda olub. O isə bunu qəbul etmir, belə ki, skuteri yağışlı havada idarə etmək olmadığı üçün istifadə etməmişdir. Servisə verməmişdən əvvəl skuterin fotoşəkillərini çəkmişdir, servisdə skuterin arxa hissəsi sındırılıb və onu qəbul etməyə məcbur ediblər. Lakin bu səbəblə skuteri qəbul etməkdən imtina etmişdir. Skuterdə tutulma var idi, tutulduğu üçün qəza keçirmişdir. Bundan sonra “Kontakt Home” mağazasına müraciət etmişdir. Skuterin bir illik zəmanət müddəti olmuşdur.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, skuterdə olan qüsurlar istehsal ilə bağlı deyil.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Maddə 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Maddə 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.

22. İşdən görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 1081574/8 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 15 ay müddətinə hər ay 121,27 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 1.819,05 manat təşkil edən “WİNGZ Superfly” markalı skuter satılmışdır. Həmin tarixli təhvil-təslim aktından görünür ki, alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır.

23. Göründüyü kimi, cavabdeh skuteri qüsursuz şəkildə təhvil almasına dair aktı imzalamaqla qəbul etsə də, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun iddiaçı qarşısında ödənilməmiş borcu yaranmışdır.

24. Cavabdeh isə skuterin qüsurlu olduğuna istinad edərək müqavilə üzrə ödənişləri sonradan dayandırdığını bildirmişdir.

25. Lakin iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin ona xx.xx.2025-ci il tarixli, 2404/2025 nömrəli məktubda göstərilmişdir ki, cavabdehin aldığı Super FLY Space Black markalı skuter mağazanın servis xidmətindən təhvil alındıqdan sonra 2023-cü ilin dekabr ayında və 2024-cü ilin mart ayında MMC-nin texniki şöbəsinə gətirilmişdir. Hər iki müayinə zamanı məhsula ümumi texniki baxış keçirilmiş, müayinəyə əsasən istifadə zamanı onun arxa əyləc bəndi yağ ilə, batareyası ilə su ilə təmasda olduğundan dəyişdirilməli, istehsalla bağlı qüsurun olmadığı və digər hissələrin tam işlək olduğu bildirilmişdir. Qalan hallarda texniki işlərin görülməsi üçün qüsur aşkarlanmamışdır. Hər iki müraciətdə mülkiyyətçi vətəndaş ehtiyat hissələrinin (batareya və əyləc) dəyişdirilmədən imtina etdiyi üçün müvafiq əlavə xidmətlər göstərilmədən (bu hissələr dəyişdirilmədən) məhsul geri təhvil verilmişdir. Müvafiq qüsurların istehsal qüsuru olmadığı izah edilmişdir.

26. Cavabdeh isə aldığı skuterdə yaranmış qüsurların istehsal xarakterli olduğu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

27. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxdıqda ərizəyə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin bildirişi cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, məhkəmə zərfləri “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayətində də həmin ünvanı qeyd edərək, orada yaşadığını bildirmişdir.

28. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə məxsus skuterə texniki baxış zamanı zərərin yetirilməsi həmin zərərin ödənilməsi barədə iddianın irəli sürülməsinə əsas ola bilər.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

30. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

31. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-1324/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar