Məhkəmə qərarları › İş №2(103)-2644/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2644/2022

12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2644/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “itirilmiş qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1857,60 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun qaz sayğacına 27.07.2017-ci il tarixdə, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan üzrə 9288 kubmetr qaz sərfiyyatı hesablanmışdır. Həmin qazın dəyəri olan 1.857,60 manat borc abonent saldosuna daxil edilmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş akt ləğv edilməlidir. İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılarkən İddiaçı 17.12.2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi haqqında məhkəməyə ərizə təqdim edərək Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 1.857,60 manat məbləğində borcun və sayğacın dəyəri olaraq 235,88 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi ilə, iddianın təmin edilməsi, ünvan 1 ünvanı (Abonent kodu: **********20010) üzrə İddiaçı hesablanmış 1.857,60 (min səkkiz yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində borcun silinməsi, ünvan 1 ünvanı üzrə İddiaçı sayğacın dəyərinə görə hesablanmış 235,88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manat məbləğində borcun silinməsi, 40,94 (qırx manat doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X1 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını düzgün tədbiq etməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi qaz sayğacına cavabdeh tərəfindən baxış keçirilmiş, sayğaca müdaxilə olduğu müəyyən edilmiş, bununla bağlı aktlar tərtib edilməklə qaz itkisi müəyyən edilmişdir. Yəni abonentin sayğaca müdaxiləsi nəticəsində pozuntu aşkar edilən günədək istehlak etdiyi qaz sərfiyyatına ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Bu halda qeyd edilən pozuntunun məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsini daşıyır. Birinci instansiya məhkəməsinin Qaydaların 4.8 və 4.9-cu bəndlərinə istinad etməklə zədələnmiş qaz sayğacının qaz paylayıcı tərəfindən bərpa edilməli olmasına istinad etməsinə gəldikdə isə işin mübahisəsiz halı ondan ibarətdir ki, bu barədə həmin bəndlərin tələblərinə uyğun olaraq abonent tərəfindən ümumiyyətlə müraciət daxil olmamışdır. Beləliklə hazırki halda mövcud olan hal məhkəmənin istinad etdiyi Qaydaların 4.8 və 4.9-cu bəndləri ilə nizama salına bilməz Hazırki halda qaz sayğacının zədələnməsinə görə məsuliyyəti məhz abonent daşımaqla onun tərəfindən vurulmuş zərər qaz paylayıcıya ödənilməlidir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, 27.07.2018-ci il tarixli ******* saylı akt üzrə tutulmalı olan cərimə məbləğini 235,88 manat məbləğində müəyyən etmiş olsa da, müəyyən etdiyi bu halı heç bir sübutla əlaqələndirməmiş və nəyə görə bu cür qənaətə gəldiyini doğru riyasi hesablama ilə əsaslandırmamışdır. Məhkəməsi dəymiş ziyan məbləğinə “cərimə” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmiş, iş materiallarında olan abonentə dair Saldoda yer almış məlumatları araşdırmamışdır. Məhkəmə iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş, qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə iddiaçı Ayna Nurməmmədovanın və Cavabdeh İB-nin nümayəndəsinin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh İB-nin nümayəndəsi Çingiz Dibirov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddiaçının ünvanı üzrə qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış, sayğacın dəyəri olan 235,88 manat məbləğində borc silinməlidir. Bundan başqa, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır və gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4-cü bəndi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh İB-nin nümayəndəsi Çingiz Dibirov qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, 14.06.2018-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov (Polad Həşimov) küçəsi, ev 362 ünvanından “G-4” markalı 1202AQ**********2 nömrəli qaz sayğacı çıxarıalaraq, yeni “G-4” markalı 1802AZ**********89 nömrəli qaz sayğacı quraşdırılmışdır.(İ.vər. 7) İş materiallarında olan, 10 iyul 2018-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB-nin №QSN-29/1710-00809-34 saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvan 2 ünvanda quraşdırılmış “G-4” markalı 1202AQ**********2 nömrəli qaz sayğacı 06 iyul 2018-ci il tarixli yoxlama aktı nəticəsində yararsız hesab olunmuşdur.(İ.vər. 7) İş materiallarında olan, 27 iyul 2018-ci il tarixdə təsdiq olunmuş Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 27 iyul 2018-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus yaşadığı Bakı şəhəri, Xətai rayonu, Naximov (Polad Həşimov) küçəsi, ev 362 ünvanına baxış zamanı “sayğacın çıxış plastmas borusunun deşildiyi” göstərilərək, itirilmiş qazın hesablanması və abonentin ödənişə cəlb edilməsi akta qeyd olunmuşdur. Aktın sonunda ev sahibi İddiaçı adı qeyd olunsa da, onun tərəfindən imzalanmamış, “imtina etdi” qeydi yazılmışdır.(İ.vər. 5) İş materiallarında olan, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin tərəfindən verilən 27 iyul 2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı (abonent kodu: **********20010, ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov (Polad Həşimov) küçəsi, ev 362) ******* saylı, 27 iyul 2018-ci il tarixli akta əsasən, qaz işlədicilərindən PQ-3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün (0.8 x 6 x 180=864 m3), Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün (2.6 x 18 x 180=8424 m3) qəbul edilməklə cəmi 9288 m3/saat itirilmiş qazın bərpa edilməsi ilə bağlı hesabat aparılması üçün hesablanmışdır.(İ.vər. 5) İş materiallarında olan, abonent İddiaçı adına olan saldo məlumatlarından görünür ki, verilən qaz xətti üzrə **********20010 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 2018-ci il üşün 1.857,60 manat borc hesablanmışdır.(İ.vər. 6) İş materiallarında olan, abonent İddiaçı adına olan 25.12.2021 “gasrep” məlumatlarından görünür ki, verilən qaz xətti üzrə **********20010 sayla qeydiyyata alınmış abonent koduna (abonent İddiaçı) 11.2021-ci il tarixə 1.857,60 manat borc hesablanmışdır.(İ.vər. 27) Tərəflərin təqdim etdiyi sübutlar əsasında işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsinə görə iddiaçı cavabdehi təbii qazla təmin etməli, cavabdeh isə məişətdə istifadə etdiyi təbii qazın dəyərini bank və ya poçt vasitəsilə iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası hazırki, mübahisə ilə bağlı ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nm və qaz paylayıcısmm sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi Şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, həmçinin, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1.857,60 manat məbləğində hesablanmasını məhkəmə kollegiyası ağlabatan hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək Cavabdeh vəzifəsi olduğu halda öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Odur ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apelyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh İB-nin nümayəndəsi Çingiz Dibirovun apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti beş min manatdan az, yəni 2.093,48 (iki min doxsan üç manat qırx səkkiz qəpik) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi X1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-404/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar