Məhkəmə qərarları › İş №2(103)-2644/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2644/2023

17.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2644/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4723/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* aktdan görünür ki, mənzildəki qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. Həmin aktlar əsasında tərtib edilmiş “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”niin və abonent saldosunun surətindən görünür ki, akt əsasında qazın dəyərinə görə 756,0 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 1616,09 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı yaşadığı ünvan 1 ünvanı üzrə Cavabdeh işçiləri tərəfindən texniki baxış keçirilmiş, sayğacda heç bir problem aşkar edilməmişdir. Cavabdeh işçiləri qanunsuz olaraq iddiaçının evinə akt yazmışlar. İddiaçıya məlum olmuşdur ki, Cavabdeh işçiləri yazdıqları akt əsasında 1616,09 manat mənləğində borc yazmışlar. İddiaçı ailə üzvləri ilə yaşadığı ünvan 1 ünvanı üzrə istifadə etdiyi qaz sərfiyyatını mütəmadi üzrə ödənişlər etmiş, heç bir borcu olmamışdır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4723/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********000350) üzrə İddiaçı hesablanmış 695,3 (altı yüz doxsan beş manat otuz qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrətəbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 756,0 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz aşkar edildiyindən iddia qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qaz paylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapdığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qaz paylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Buna görə də iddia hesablanmış borcun silinməsi hissəsində qismən təmin edilərək, itirilmiş qazın dəyəri kimi görə iddiaçıya hesablanmış 695,3 manat məbləğində borc silinməlidir. Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə edilmişdir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində Cavabdehnə vurulan ziyanın 1616,09 manat məbləğində hesablanmasını ağlabatan hesab etmir. Belə ki, cavabdehin 1 ay müddətində təbii qazdan qanunsuz istifadə etdiyi nəzərə alınaraq, digər aylar üzrə analoji sərfiyyatı əsas götürülməklə hesablandıqda qeyd edilən dövr üzrə sərfiyyat 60,70 manat təşkil edir (abonentin saldosuna əsasən). Odur ki, məhkəmə təqdim edilmiş aktlar və abonentin saldosu məlumatlarını araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, təbii qazdan sayğacdan kənar istifadə edilmiş təbii qaza görə hesablanmış 695,3 manat məbləğində borc silinməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 4.9, 5.2, 5.4, 6.5-ci bəndləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 119.2, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4723/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, Xətai Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş, daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış 756 manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə,yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, ekspertiza rəyi əlaqəli şəkildə araşdırılmamış, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Mülki iş materiallarında cavabdeh tərəf fotoşəkillər təqdim etməsinə baxmayaraq mülki iş ekspertizaya göndərilməmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Qətnamə qəbul edilərkən borcun bir qismi iddiaçının borcu olduğu qəbul edilmiş və borc saxlanılmışdır. Yerdə qalan borc yəni dəymiş ziyan məbləği isə silinmişdir. Məhkəmə dəymiş ziyanı əsassız hesab edirdisə bütünlüklə silinməli idi. Məhkəmə borcun bir hissəsini əsaslı hesab etmiş bir hissəsin isə əsassız hesab etmişdir. Bu da qeyriobyektiv yanaşmadır. Məhkəmənin 695,3 manatın silinməsi qənaətinə necə gəldiyini bilinmir. Onlar 756 manat borc olduğunu məhkəmədə sübut etmişdilər.

11. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirir ki, şikayətdə qeyd olunan hallar əsassız olduğundan apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Sayğac xarab olduğu üçün müraciət edib ki, dəyişilsin. Sayğac dəyişəndən sonra kartı dəyişmək üçün Asan Xidmətə müraciət edib. Həmin zaman 1500 manat borcu olduğunu dedilər. Amma evə gələn kağızda borcun 60,7 manat olduğu yazılmışdı.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

13. Həmin Məcəllənin 1092.1-ci maddəsində qeyd edilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

14. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilir ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

15. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

16. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 3.1.3-cü bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməni iddianın təmin edildiyi hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, İddiaçı 1616,09 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən - 695,3 manat borcun silinməsi hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.

23. İşin hallarından göründüyü kimi, Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirilmiş və baxış zamanı sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* akt tərtib edilmişdir. Akt əsasında “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə” tərtib edilmiş və itirilmiş sərfiyyatın dəyəri olaraq cavabdehə 756,0 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Aktdan görünür ki, tərtib edilmiş akt həm iddiaçı tərəfindən, həm də cavabdehin əməkdaşları ilə imzalanmışdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, "Azəriqaz” İstehsalat Birliyinin istinad etdiyi aktın mötəbərliyi şübhə doğurduğuna görə, İddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, aktda iddiaçı tərəfindən qazdan qeyri-qanuni istifadə halına istinad edilsə də, bu hal iş materiallarında olan foto şəkillər və yerində müayinə protokolu ilə təsdiqini tapmamışdır.

25. İş materiallarında olan yerində müayinə protokolundan görünür ki, 13 oktyabr 2022-ci il tarixdə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən iddiaçının fərdi yaşayış evinə baxış keçirildi. Qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə halları müəyyən edilmədi.

26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktın əsaslı olması iş materialları ilə sübut edilmədiyi üçün akta əsasən hesablanmış 756,0 manat borc məbləğinin iddiaçıdan tələb edilməsi əsassızdır.

27. Digər tərəfdən iş materiallarına əlavə edilmiş abonent haqqında saldodan görünür ki, 2021-ci ilin yanvar ayına iddiaçının borcu 11.10 manat təşkil etmişdir, 2021-ci ilin yanvar ayında iddiaçı tərəfindən sərfiyyat 27,50 manat, 2021-ci ilin fevral ayında isə 60,70 manat məbləğində olmuşdur.

28. İddiaçı tərəfindən qaz xəttindən qeyri-qanuni istifadə halı öz təsdiqini tapmış olmasa da, iddiaçı izahatında belə bir halın olduğunu təsdiq etmişdir. Abonent haqqında saldodan göründüyü kimi, 2015-ci ildən 2020-ci ilə kimi iddiaçıya məxsus ünvanda qazdan istifadə edilməmiş, 2021-ci ilin əvvəlinə isə qalıq borc 11.10 manat təşkil etmişdir. İddiaçının izahatı və iş materiallarından iddiaçı tərəfindən qazdan qeyri-qanuni xətt vasitəsilə 1 ay müddətindən istifadə edildiyi müəyyən edilir. Abonent haqqında saldodan görünür ki, 2021-ci ilin fevral ayı üçün iddiaçının qazdan istifadəyə görə sərfiyyat borcu 60,70 manat, 2021-ci ilin mart ayı üçün 60,60 manat təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 1 ay ərzində itirilmiş qazın sərfiyyatı 60,70 manat müəyyən edilməli və "Azəriqaz” İstehsalat Birliyi tərəfindən itirilmiş qaz sərfiyyatı olaraq hesablanmış borcdan 1 aylıq sərfiyyat borcu çıxılmalıdır. (756,0 – 60,70 = 695,3 manat)

29. Məhkəmə kollegiyası istehsalat birliyinin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, "Azəriqaz” İstehsalat Birliyinin istinad etdiyi aktın əsaslı olması – iddiaçı tərəfindən sayğacdan kənar xəttdən istifadə halını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 695.3 manat borcun silinməsi qənaətinə gəlməkdə haqlı olmuşdur.

32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 34.Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

35. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4723/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar