Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2645/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdeh4 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2701/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Zavvar oğlu və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsindəki 20 nömrəli evə köçürülməsi və cavabdehlərin qanunsuz məskunlaşdıqları həmin evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)-2701/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə anası vəfat etdikdən sonra iki bacısı ərləri ilə birlikdə, yəni cavabdehlər babasından qalmış evə yığışaraq xx xxxxx 2020-ci il tarixdə yaşayıb daimi qeydiyyatda olmasına baxmayaraq onu məcburi qaydada həmin evdən çıxarmışlar. Bunun üçün bacıları 102 xidmətinə zəng vuraraq onun evdə dava-dalaş saldığını bildirərək polisləri evə çağırmışlar və 30-cu Polis Bölməsinin əməkdaşları gəlib ona tövsiyyə etmişlər ki, mənzili tərk edib evə köçürülməsi və qanunsuz yaşayanların evdən çıxarılmaları barədə məhkəmə qərarı qəbul edilməsinə nail olandan sonra köçüb sərbəst yaşamasını davam etsin. Onun əşyaları hazıra kimi həmin evdə yerləşir, lakin bəzi avtonəqliyyat vasitələrinə aid ehtiyyat hissələri artıq bacılarının ərləri tərəfindən oğurlanmışdır. Mənzilə baxış keçirdikdən sonra nə qədər əmlakının oğurlandığını dəqiqləşdirdikdən sonra aidiyyəti üzrə polsə şikayət edəcək. O, polis əməkdaşlarının xahişini nəzərə alıb qeydiyyatda olub yaşadığı mənzili oğlu ilə bərabər tərk etdi və hər şeyin qanun çərçivəsində olması üçün mənzilə köçməyi və babasından qalma mənzildə qanunsuz yaşayanların çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehlər onun bacılarıdır və onlar heç vaxt babasından qalan mənzildə yaşamamışlar və heç zaman da zəbt elədikləri mənzilə qeydiyyatları olmamışdır. Bacıları Hövsan qəsəbəsində binalarda yaşamışlar və yaşadıqları ünvandan da gəlin köçərək hazırda ərlərinin evində uşaqları ilə birgə yaşayırlar. Məhkəmə Hövsan qəsəbəsi İcra nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışını əsas gətirərək onun ailəsi ilə Hövsan qəsəbəsinin Maqazin küçəsində yaşamağını əsas gətirmişdir, lakin bu o demək deyildir ki, o, qeydiyyalda olduğu ünvanda yaşamır. Məhkəmə Suraxanı Rayon Məhkəməsinin 2-227/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsini əsas gətirərək onun iddiasını təmin elməmişdir. Lakın məhkəmə nəzərə almamışdır ki, həmin evdə ilkin olaraq o, qeydiyyatda olmuş və məhkəmə qətnaməsinin nəticə hissəsində onun deyil tamam başqa adamın qeydiyyatdan çıxarılması qət edilmişdir və o, anadan olandan bu günə qədər mübahisəli mənzildə qeydiyyatdadır. Şahidlər də onun həmin mənzildə yaşadığını təsdiq eldilər, lakin məhkəmə aktda adları olan şahidlərin hamısını dindirməyib bir nəfəri dindirməklə kifayətləndi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 da apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, vaxtı ilə iddiaçının atasının mübahisəli evdən iddiaçının istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi üzrə çıxarıldığı qeyd olunan qətnamə icra olunmamış, həmçinin həmin qətnamə qanunsuzdur. Çünki, qətnamənin nəticə hissəsində başqa şəxsin, başqa mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılması göstərilmişdir. Mübahisəli evdə qeydiyyatı olmayan biri hansı əsasla iddiaçının mənzildən çıxarılmasını tələb edir. Məhkəmə iclasında Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli evdə əri yaşamır, o, uşaqları ilə birlikdə yaşayır. Anası xərçəng xəstəsi olduğundan anasına baxmaq üçün bu evə köçüb yaşamışdır. Anasına qulluq etdiyi üçün bu evi ona vermişdir. Fevral ayında anası vəfat etmişdir. Həmin vaxta kimi anasına qulluq etmiş, orada yaşamışdır. Sağlıqlarında atası da, anası da qardaşını istəmirdilər. Anasının son istəyi də bu idi ki, iddiaçını evə buraxmasın. İddiaçının başqa evi var orada yaşaya bilər. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, o, mübahisəli evdən çıxmış, 9 aydır ki, orada yaşamır. Evdən könüllü çıxmış, onu məcbur etməyiblər. Çünki, o evdə haqqı yoxdur. Həmin evdə iki ailə yaşaması mümkün deyil. Balaağa tikili tikib, oraya gəlin köçürüb. Onun və bacısının o evdə qeydiyyatı yoxdur. İddiaçı orada təmir işləri aparıb, yerini böyüdüb, ağac əkib. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı cavabdehlərin mübahisəli evdən çıxarılmalarına dair iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli və heç bir hüquqmüəyyənedici sənədi olmayan özbaşına tikili üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Eyni ilə məhkəmə onun həmin evə köçürülməsi barədə iddia tələbini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisəli evdə yaşamasını və bununla da həmin evin onun adətən yaşadığı yer olmasını sübuta yetirə bilməmiş və onun bu dəlilini təsdiq edən yeganə şahid ifadəsi işin materialları ilə (Suraxanı Rayon Məhkəməsinin 2-227/2007 saylı qətnamə, Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin arayışı və sair) təkzib olunur. Digər tərəfdən iddiaçının mübahisəli evdə qeydiyyatda olması hazırkı mübahisəyə təsir etmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin qanuni əsası tapılmadığından, eləcə də tələbin faktiki əsası analoji münasibətləri tənzimləyən hüquq normalarının da şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə və həmin tikilidən cavabdehlərin çıxarılması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi də analoji münasibətləri tənzimləyən hüquq normalarına uyğun olmalıdır. Əks halda bu hüquqdan suiistifadəyə gətirib çıxara bilər. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evin babasından ona qaldığını iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının mübahisəli özbaşına tikilidə qeydiyyatda olması da iddianın əsaslılığına dəlalət etmir, eləcə də cavabdehlərin həmin evdən çıxarılmasını tələb etmək üçün ona subyektiv hüquq vermir. Ona görə də, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İkincisi, işdən, o cümlədən apellyasiya baxışı zamanı da müəyyən edildi ki, tərəflər qohumluq münasibətlərində olsalarda onlar arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Belə ki, mübahisəli evdə hal-hazırda iddiaçının bacısı Cavabdeh4 ailə üzvləri ilə birgə yaşayır, digər cavabdeh olan bacısı Cavabdeh2 isə həmin evdə yaşamadığını bildirdi. Demək iddiaçının həmin evə köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün olmuşdur. Üçüncüsü, işdə olan Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin arayışlarındanda (bax.i.v.57-58) görünür ki, iddiaçı mübahisəli evdə qeydiyyatda olsa da faktiki olaraq həmin qəsəbədə başqa bir evdə ailəsi ilə birgə yaşayır. Demək, iddiaçının mübahisəli özbaşına tikilidə yaşaması üçün əsas və zərurət olmamış, başqa sözlə mübahisəli özbaşına tikilinin yaşayış sahəsindən istifadə etməyə ehtiyacı olmamış yaxud bu ehtiyac uzun müddət əvvəldən aradan qalxmışdır. Dördüncüsü, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 208 nömrəli qətnaməsinin(bax.i.v.82) və Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 227 nömrəli qətnaməsindən çıxarışın və həmin tarixli icra vərəqəsinin (bax.i.v.53-54) məzmunundan bəlli olur ki, vaxtı ilə iddiaçının atası tərəfindən iddia qaldırılaraq iddiaçının mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələb edilmiş və iddiası təmin edilmişdir. Düzdür, Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 208 nömrəli qətnaməsinin(bax.i.v.82) giriş və təsviri hissələrində cavabdeh kimi hazırki iş üzrə iddiaçı göstərilsə də, nəticə hissəsində X1 Hövsan qəsəbəsi 15 v saylı evin 94 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılması qeyd olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli 227 nömrəli qətnaməsindən çıxarışda və həmin tarixli icra vərəqəsində (bax.i.v.53-54) isə Balağa Söhbətovun mübahisəli evin yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi qeyd olunmuşdur. Qeyd olunan mülki işlərin artıq məhv olunması həmin qətnamələrin məzmunundakı ziddiyyətlərin aradan qaldırılmasını yaxud qətnamələrdəki məlumatların yoxlanılmasını da mümkünsüz edir. Buna baxmayaraq, belə bir qətnamələrin mövcud olub-olmamasından, qüvvədə olub-olmamasından asılı olmayaraq həmin sənədlərdəki məlumatlar da iddiaçının mübahisəli evə köçməsi və yaşaması ilə bağlı əvvəllər də atası ilə problemlərin olduğunu təsdiq edir. Bu hallar da bir daha iddianın əsassız olduğunu şərtləndirir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirdiyi hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(010)- 2701/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2645/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2645/2021
05.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver