Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2646/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər:(“ kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi” ) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı X8 və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçı X4 Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3469/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı X4 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı Cavabdeh 10800 manat məbləğində kompensasiya verilməklə (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) onun istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3469/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh onun qardaşıdır. Mərhum atasından ona miras qalmış həmin mənzil üzrə qardaşı və anası özlərinə düşən hissəni ona bağışlamışlar. Cavabdehin keçmiş həyat yoldaşı ilə birgə paylı mülkiyyətində olan mənzili var. Eyni zamanda onun ayrıca qeyriyaşayış sahəsi var. Hal-hazırda cavabdehə görə o öz mənzilində yaşaya bilmir və ailəsilə birlikdə kirayədə yaşayır. İşin faktiki hallarına əsasən cavabdeh onu mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməyə maneçilik törədir. Ona məxsus evdən təkbaşına qanunsuz olaraq istifadə edir. Cavabdeh mənzildə pasport qeydiyyatında olduğu üçün mənzili də sata bilmir. Hal- hazırda çıxılmaz vəziyyətdə qalaraq məhkəməyə müraciət edir. O, cavabdehə 3 illik orta kirayə haqqı hesablanmaqla 10000 manat məbləğində kompensasiya da təklif etmişdir. Lakin cavabdeh ona heç bir məhəl qoymur və onu evə də buraxmır. Bu da bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228; R.Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzil tam mülkiyyət hüququ üzrə X6 məxsusdur. Cavabdeh iddiaçı X5 qardaşıdır.Cavabdehin mənzildən istifadə hüququnun olduğu da işin mübahisəsiz halıdır və bu baxımdan hazırkı iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub- olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılmaları tələbinə dair iddia irəli sürməkdə haqlıdır. ödəniləcək kompensasiyanın miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu yaşayış sahəsinin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, "X10” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş rəyə görə, mübahisəsi gedən mənzilin aylıq kirayə haqqı isə 300 manat təşkil edir. Yuxarıda sadalanan maddi hüquq normalarını və həmin normaların mahiyyətindən irəli gələn tələbləri işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlinir ki, iddiaçı tərəfindən təklif edilən kompensasiyanın məbləği ağlabatan və ədalətli hesab edilməklə cavabdehin təxminən üç il müddət ərzində başqa yerdə mübahisəli yaşayış sahəsində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamağa imkan verdiyindən, iddia təmin edilməli, X8 tərəfindən 10800 manat kompensasiya verilməklə, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzildən istifadə hüququna xitam verilməli, X3 müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunmalıdır.iddiaçının təklif etdiyi kompensasiya ilə cavabdeh 3 (il) müddətə mənzil ilə təmin edilmiş olur. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında mövcud olan vəziyyət bir tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Həmçinin cavabdeh əmək qabiliyyətlidir, daimi iş yeri və əmək haqqısı vardır. Kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. 3.İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* N°-li çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzil tam mülkiyyət hüququ üzrə X4 adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1496 nömrəli reyestr kitabının 136598 nömrəli vərəqində qeydiyyata alınmışdır;- “ X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzilin aylıq kirayə haqqının məbləği 300 manat təşkil edir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 43; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 138, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilən zaman cavabdehin məlumatı olmamış, yalnız iddiaçının maraqları nəzərə alınmış, cavabdehin hüquqları pozulmuşdur. Həmçinin işə baxılmanın vaxtı və yeri barədə cavabdehə heç bir məlumat verilməmiş buna görə də cavabdehin mənafeyinə zidd qətnamə qəbul edilmişdir. Mübahisənəndilən mənzilə dair tərəfindən müvafiq sorğu ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinə müraciət olunmuşdur. Mülki iş üzrə cavabdeh RzayevAşur Qafar oğlu anadan olduğu gündən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzildə yaşamışdır və evin kiçik övladı kimi həmin mənzil ona çatmalı idi. İddiaçı isə ailə qurub gəlin köçmüşdür və bu müddət ərzində öz ailəsinə məxsus olan Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Lakin cavabdeh bu illlər ərzində mənzildə yaşamış və mənzilin bütün kommunal haqları da məhz cavabdeh tərəfindən ödənilmişdir. Həmin mənzildə cavabdehin mülkiyyət hüquqları vardır. Lakin məhkəmə tərəfindən sorğu verilmədiyi üçün və araşdırma hər tərəfli aparılmadığı üçün qətnamədə bu hallar öz əksini tapmamışdır. Bununla əlaqədar tərəfindən müvafiq sorğular verilmişdir və həmin sorğulara cavab verildikdən sonra apellyasiya şikayətinə əlavə olunacaqdır. Bugün mövcud vəziyyətdə alqı-satqı fəaliyyəti ilə məşğul olan elan saytlarına da baxdıqda müəyyən olunur ki, Yasamal rayonu ərazisində 3 otaqlı məzillərin kirayə haqqı 650 manatdan başlayır və mənzillərin dəyəri minimum 150000 manatdan yuxarıdır. Məhkəmə isə bu halların heç birini araşdırmamış, cavabdehin orda yaşamaq müddətini və kompensasiyanın məbləğini belə düzgün müəyyənləşdirməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024cü il tarixli məlumatın əsasən cavabdeh tərəfindən qapının açılmaması səbəbindən mənzilə baxış keçirilməsi mümkün olmadığından ekspertizanın aparılmasından imtina etmişdir.
7. İddiaçı X1 məbləğinin artırılması barədə təkliflə məhkəməyə müraciət edərək, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif etdiyi kompensasiyanın məbləğini artıraraq, 18000 manat kompensassiya təklif etdiyini, təkrarən ekspertizaya göndərmədən işə mahiyyəti üzrə baxılmasını və yekun qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iraat təzələnmiş və işə baxılması xx.xx.2024-cü il tarixinə, saat 11:30-a təyin edilmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 kompensasiya məbləğinin artırılması barədə təklifi hələ də müdafiə etdiklərini,həmin məbləğin mövcud bazar qiymətinə kifayət qədər uyğun olduğunu, cavabdehın bugünki gündə də bacısı həmin mənzilin mülkiyyətçisi olduğu təqdirdə mənzilə daxil olmasına belə imkan vermədiyini, bunun nəticəsində iddiaçının mülkiyyət hüquqlarının da pozulduğunu qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X8 nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirmiş, cavabdehin apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
11. Cavabdehin nümayəndəsi vəkil X9 məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən bugünə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, xx.xx.2024-cü il tarixində mülki iş üzrə cavabdeh Bakı şəhərində olmadığına görə ekspertizanın keçirilə bilmədiyini və xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ola biləcəyi barədə ekspertə və iddiaçının nümayəndəsinə məlumat verdiklərini, lakin, onlar əvvəlcədən razılaşalar da, xx.xx.2024-cü il tarixdə mənzilə gəlmədiklərini və baxış keçirmədiklərini, günü gündən Bakı şəhərində mənzillərin kirayə haqları kifayət qədər artdığını, hal-hazırda Bakı şəhəri, Yasamal rayonunda 3 otaqlı oxşar kirayə evlərin qiymətinin minimum ***- **** manat təşkil etdiyini, bu halın əmlak elanları saytlarında olan məlumatlarla da təsdiq edildiyini, elektron kabinet vasitəsilə iddiaçının vəkili də ərizə təqdim edərək bu günə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirdiyini və iddiaçı kompensasiya məbləğinin artırılmasını təklif etdiyini, hazırki iş üzrə məhkəmə tərəfindən mübahisələndirilən mənzilin aylıq kirayə haqqının müəyyən edilməsi ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli, mülki iş üzrə icraat dayandırılmalı və bu müddət ərzində iddiaçı tərəfindən elektron məhkəməyə əlavə olunmuş ərizə vasitəsilə təklif etdiyi kompensasiya məbləğinin cavabdehin və iddiaçının iştirakı ilə birlikdə müzakirə edilməli olduğunu qeyd etmişdir.
Apellyasiya baxışının hədləri: 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə əsasən : 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 14.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ), 2 4 ( İİİ), 29, 7 1 ( İİ), 8 0 ; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.6; Mülki Məcəllənin 228; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106, 217.4, 385-390-cı maddələrinə; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokoluna istinadən hesab edir ki,kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Cavabdehin istifadə hüququ yaransa da, mülkiyyət hüququna dair sübutlar mövcud deyildir. Tələb çərçivəsində və mötəbər sübutların olmadığı halda cavabdehin mülkiyyət hüququna qiymət verilməsi prosessual cəhətdən mümkün deyildir. Münasibətlər davam etdiyindən və mülki dövriyyədə olan əşyanın statusu dəyişərək sonradan mülkiyyət hüququ ilə iddiaçıya mənsub olduğundan qüvvədə olan mülki hüquq normaları da nəzərə alınmalıdır. Belə ki, iddiaçının mülkiyyət hüququ əldə edildiyindən sonra mülkiyyət hüquqa aid hissədə münasibətlər onun qeydə alındığı andan cavabdeh etiraz etməmişdir. 15.Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə iddiaçının cavabdehə kompensasiya məbləğinin artırılması barədə təklifini kifayət qədər ədalətli hesab edir. Belə ki, iş materiallarında olan “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 oktyabr 2023-cü il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 13 ünvanında yerləşən 31 saylı mənzilin aylıq kirayə haqqının məbləği 300 manat təşkil edir. Bu da iddiaçı tərəfindən cavabdehə təklif olunan kompensasiya məbləğinin artırılması barədə təklifi kifayət qədər ağlabatan və ədalətli olmasını bir daha təsdiq edir. 16.R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2- ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər; 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir; 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 18.Beləliklə, cavabdeh apellyasiya şikayətində kompensasiyanın məbləğin mübahisələndirmiş, öz dəlillərini sübut edən və ekspert rəyini təkzib edən sübutlar təqdim etməmiş, habelə apellyasiya icraatı zamanı təyin edilmiş ekspertizanın aparılmasına şərait yaratmamışdır. Ona görə, qeyd edilən hərəkət (hərəkətsizlik) cavabdehin ziyanına şərh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən: 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.Qeyd edilənlərdən əlavə, iddiaçı kompensasiyanın məbləğinin artırılmasına dair ərizə təqdim etmiş və bununla onun təmin edilmiş tələbinin dayanıqlı əsaslarına töhvə vermişdir. Diqqətə çatdırılmalıdır ki, iddiaçının pozulmaqda olan mülkiyyət hüquqlarının bərpası, cavabdehin müəyyən müddətdə oxşar şəraitdə istifadə hüquqlarının təmin edilməsinə mütənasiblik təşkil etməlidir. Mülkiyyət hüquqlarının üstünlüyü onun öz əmlakı üzərində sərbəst sərəncam verilməsindən ibarətdir. Yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququ isə əmlak hüquqlarını təşkil etsədə mülkiyyətçinin hüquqlarının pozulmasına xidmət etməli deyil və bu müstəvidə tərəflər arasında mübahisəli münasibətlərdə ədalətli tarazlığ təmin edilməlidir. Cavabdeh yaşayış sahəsinin tərkib hissəsindən deyil, tam olaraq sahədən istifadə etməklə mülkiyyətçinin hüquqlarının tərkib elementi olan sahiblik və istifadə hüquqlarının da pozulmasına xidmət etmiş olur. Ona görə, kompensasiya məbləğinin dəyişdirilməsi barədə iddiaçı tərəfindən təqdim edilmiş ərizəni inkar edən əsaslı hallar müəyyən edilmir və qeyd edilən kompensasiya məbləği cavabdehin hüquqlarının təmin edilməsinə xidmət edir.
19. Qeyd edilənlərə əsasən mübahisə edilən hissədə apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə kompensasiya məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Apellyasiya şikayəti qismən təmin edildiyindən və buna əsas iddiaçının kompensasiya məbləğinin artırılması barədə iradə ifadəsi olduğundan, onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3469/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi - müəyyən edilən kompensasiya məbləği hissəsində - dəyişdirilərək, kompensasiya məbləği 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.