Məhkəmə qərarları › İş №2(103)-265/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-265/2025

10.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-265/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «tikilinin sökülməsi və maneənin aradan qaldırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 və nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, 2 saylı Zeytun sovxozu, 119 nömrəli fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, Zeytun küçəsi, 109 nömrəli fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubda göstərilib ki, şəhərsalma və tikinti normaların və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı ilə sökülə bilər.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin evinin arxasında avtomobil yolunun üzərində qaraj kimi istifadə etmək məqsədi ilə inşa etdiyi daş hasarın onun öz hesabına sökülməsi və həmin daş hasarın üzərində qoyulmuş su çəninin götürülməsi ilə yolun gediş-gəliş hissəsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilib ki, ailəsi ilə birlikdə faktiki olaraq ünvan 2 ünvanında fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsində inşa etdiyi 235 kv.m. sahəsi olan evdə yaşayır. Həmin ev onun mülkiyyət hüququ əsasında 6 oktyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Yaşadığı evlə Cavabdeh1 yaşadığı ev qonşuluqda yerləşir. Hər iki tərəfin yaşadıqları evin ətrafındakı həyətyanı sahə daş hasarla əhatələnmişdir. Cavabdeh evinin arxasında avtomobil yolunun üzərində daş hasarla əhatə olunmuş qaraj tikməklə avtomobillərin, xüsusən də iddiaçının evinə daxil olan avtomobillərin sərbəst keçidinə maneə yaratmışdır. Belə ki, qarajın əhatə olunduğu daş hasarla onunla üzbəüz olan elektrik dirəyi arasındakı məsafə 3,5 m təşkil edir və abtomobillər bu ərazidən keçərkən maneələrlə üzləşir, yolun həmin hissəsində bir avtomobil ancaq çətinliklə keçə bilir və digərləri həmin avtomobilin keçməsini gözləmək məcburiyyətində qalır. Cavabdeh avtomobil yolunun üzərində daş hasarla əhatə olunmuş qaraj inşa edərkən iddiaçı və digər qonşular ona etirazlarını bildirsələr də cavabdeh buna məhəl qoymamış və hətta hasarı çəkərək üzərinə də su çəni qoymuşdur. Sözügedən ərazidə yanğın hadisəsi və yaxud başqa fövqəladə hal yaranarsa oraya avtomobillərin girişi və çıxışı üçün daha ciddi problemlərin yaranması qaçılmazdır. Cavabdeh avtomobil yolunun üzərində daş hasarla əhatə olunmuş qaraj inşa etməklə və həmin daş hasarın üzərinə su çəni qoymaqla bütün bunları tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan və tikinti norma və qaydalarını pozmaqla özbaşına etmiş və həmin ərazidə yaşayan sakinlərin, yoldan ötənlərin, o cümlədən iddiaçının ailə üzvlərinin narahatlığına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il 40 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması qaydası”na müvafiq olaraq elektrik dirəkləri həmin qaydalara uyğun müəyyən marşrut və xətt üzrə basdırılır, mübahisələndirilən ərazidə elektrik dirəyinin yeri dəyişdirilərkən də bu norma və qaydalara müvafiq olaraq həmin elektrik dirəyi basdırılmışdır. Sözügedən norma və qaydalara əsasən yüksək gərginlikli elektrik xətlərinin altında və yaxınlığında yaşayış və qeyri-yaşayış məqsədləri ilə tikinti inşa edilməsi də yolverilməzdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 tərəfindən iş üzrə tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı onlar tərəfindən verilən təklif və tövsiyələrə ekspert etinasız yanaşmış, zəruri ölçü işləri və çəkiliş aparmamış, aşkar şəkildə cavabdeh tərəfin xeyrinə dəlillər toplamağa cəhd göstərmişdir. Məhz, ona görə də 3-16-16/2-10/6787 saylı, 16 fevral 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyindən göründüyü kimi, ekspert tərəfindən iş üzrə tərəflərin evləri qarşısından keçən avtomobil yolu yanlış olaraq küçə - avtomobil yolu kimi deyil, keçid kimi qiymətləndirilmişdir. Məhkəmə tərəfindən ekspertiza qarşısında “cavabdehlər tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 109-un arxasında qaraj kimi istifadə etmək məqsədi ilə inşa edilən əlavə tikilinin ünvan 2-a (sərbəst giriş-çıxışa və s.) hər hansı bir maneəsi varmı” sualına cavab olaraq verilən cavab belə əsaslandırılmışdır ki, “AzDTN 2.6- 1 “Dövlət Şəhərsalma Norma və qaydaları: Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş 9 №-li Cədvəlin tələblərində məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi olan yolun eni 2,75-3,0 metr olduğu göstərilmişdir, qeyd olunur ki, cavabdehlər tərəfindən ünvan 4-un arxasında inşa edilmiş qaraj tikilisinin yanından keçən yolun eninin 4.3 metr olduğunu, eyni zamanda qaraj tikilisinin Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən və iddiaçıya məxsus olan 119 saylı evin giriş qapısından 3,0 metr məsafədə inşa edildiyini nəzərə alaraq həmin qaraj tikilisinin iddiaçıya məxsus fərdi yaşayış evinə (sərbəst giriş-çıxışa və s.) hər hansı bir maneə törətmədiyi müəyyən edilmişdir”. Onlar tərəfindən təqdim olunmuş fotoçəkilişlərdən və videoçəkilişdən də göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinin cavabdehlərə məxsus ev 109-un və iddiaçı olaraq ona məxsus ev 119-un qarşısından keçən hissəsi keçid deyil, ən azı 7 metrlik enə malik 2 zolaqlı avtomobil yoludur və bu yol iş üzrə tərəflərin yaşadıqları evlərin qarşısından keçməklə digər qonşuların da evlərinə gedir və küçə sakinlərinin ümumi istifadəsində olmaqla giriş-çıxışı ilə digər küçələri birləşdirir. Keçid ona məxsus evin qapısından küçəyə çıxan yoldur. Cavabdehlər özbaşına tikilini ona məxsus evdən küçəyə çıxan keçid üzərində deyil, keçidin birləşdiyi Zeytun küçəsindən keçən avtomobil yolunun üzərində inşa etmişlər. 3-16-16/2-10/6787 saylı, 16 fevral 2024-cü il tarixli məhkəmə tikintitexniki ekspertizası rəyinin tədqiqat prosesinin təsviri hissəsinin 4-cü abzasında da göstərilir ki, “baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən ümumi istifadədə olan yolun üzərində qaraj tikilisi inşa edilmişdir”. Sözügedən rəydən göründüyü kimi, ekspert məlum nəticəyə gələrkən “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş Cədvəl 9-a istinad etmişdir. Həmin Cədvəldən göründüyü kimi, nəzərdə tutulan norma və qaydalar kənd küçə və yollarına aiddir və Cədvəlin yuxarıdan aşağı 5-ci, keçid qrafasında hərəkət zolağı eninin 2,75-3,0 metr və hərəkət zolağının sayının 1 ədəd nəzərdə tutulduğu qeyd edilir. Göründüyü kimi, ekspert Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsini kənd ərazisi kimi qiymətləndirmiş və bunun üçün də həmin küçəni rəydə Sovet dövründə deyildiyi kimi, “Zeytun sovxozu” ifadəsini əlavə etməklə Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsi kimi göstərmişdir. Hansı ki, iş üzrə mübahisələndirilən ərazinin ünvan göstəricisindən də görünür ki, bu ərazi kənd deyil, şəhər ərazisidir. “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndində göstərilir: “Küçə və yolların hesabı parametrləri şəhərlərdə cədvəl 8, kəndlərdə isə cədvəl 9-a müvafiq olaraq qəbul edilməlidir”. “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndində (Küçə və yolların hesabi parametrləri), cədvəl 8-də göstərildiyi kimi, yerli əhəmiyyətli avtomobil yollarının fasiləsiz və tənzimlənən hərəkət zolaqları, rayon əhəmiyyətli avtomobil yollarının nəqliyyat-piyada və piyada-nəqliyyat hərəkət zolaqları, eləcə də yerli əhəmiyyətli küçə və yollar, o cümlədən yaşayış tikililəri ərazisində olan küçələrdə hərəkət zolaqları 2-dən az olmamalı və avtomobillərin hərəkəti üçün nəzərdə tutulan zolaqların hər birinin eni yerli əhəmiyyətli avtomobil yollarının fasiləsiz hərəkət hissəsində 3,5m və tənzimlənən hərəkətli hissəsində 3 m, rayon əhəmiyyətli avtomobil yollarının nəqliyyat-piyada hissəsində 3,5 m və piyadanəqliyyat hərəkət hissəsində 4m, yaşayış tikililəri ərazisində olan küçələrdə isə 3,0 m-dən az olmamalıdır. Göstərilənlərdən belə qənaətə gəlinir ki, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinin cavabdehlərə məxsus ev 109-un və iddiaçı olaraq ona məxsus ev 119-un qarşısından keçən hissəsi yerli əhəmiyyətli küçə və yoldur, konkret olaraq yaşayış tikililəri ərazisində olan küçədir və həmin küçə yolunun hər bir avtomobil zolağının eni 3,0 m olmaqla 2 zolaqdan ibarət olması, həmçinin həmin yol səkisinin piyada hissəsinin eninin 1,5 m-dən az olmaması “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndində (Küçə və yolların hesabi parametrləri) cədvəl 8-in tələblərinə uyğun şərtdir. Bu minvalla, mübahisələndirilən ərazidə yolun 2 zolaqdan ibarət olması ilə səkisinin piyada hissəsi daxil eninin ən azı 7 m olması tələb olunur. Göründüyü kimi, ekspert məlum rəyi verməkdə “AzDTN 2.6-1“Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş Cədvəl 9-a istinadən mübahisələndirilən ərazini kənd küçə və yolları, həmçinin həmin Cədvəlin 5ci qrafasına istinadən 1 ədəd keçid hesab etməkdə qanunvericiliyin tələblərini ciddi şəkildə pozmuşdur.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin rədd edilməsi və ödənilmiş dövlət rüsumunun, ekspertiza tədqiqatı dəyərinin iddiaçıdan tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 iştirakları ilə keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, yerli müayinədə mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən evlərə hərəkət üçün bir yol müəyyən olunur, həmin yolun sonunda yaşayış evləri inşa olunmuşdur. Əsas yoldan yaşayış evlərinə gedən yol həm giriş, həm də çıxış kimi istifadə olunur. Qarşıdan baxdıqda yolun ortasında “Azərışığa” məxsus yüksək gərginlikli elektik dirəyi görünür, onun sağ tərəfində mübahisə predmeti olan tikili vardır. Həmin tikilidən qarşıda yerləsən çörək bişirmə müəsisəsinə 4 m enində yol vardır. Həmin yolu “Azərışığa” məxsus yüksək gərginlikli elektik dirəyi iki yerə ayırır. İddiaçı iddia etmişdir ki, həmin işıq dirəyinin sağında cavabdeh tərəfindən qaraj kimi inşa edilən daş hasar və onun üzərində yerləşən su çəninin olması eyni zamanda həmin yerin qarşısında bir maşının dayanması nəticəsində yolun hərəkət hissəsi məhdudlaşır və sərbəst istifadəyə maneə yaradır. Cavabdeh isə fikrin onunla əsaslandırmışdır ki, əvvəllər “Azərışığa” məxsus yüksək gərginlikli elektik dirəyi indiki yerində deyil, o biri qonşunun evinin qarşısında yerləşırdı. Hal-hazırdakı vəziyyətdə belə evinin qarşısında maşın saxlasa da, sərbəst hərəkət üçün kifayət qədər yolun qalır, 1 avtomobil hərəkət edə bilər. Digər qonşularında olduğunu, onlarında bu yoldan rahat istifadə etdiklərini və heç bir narazılıqlarının olmadığını bildirir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/6787 saylı Ekspert rəyindən görünür ki, AzDTN 2.6-1 "Dövlət Şəhərsalma Norma va Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş 9 №-li Cədvəlin tələblərində məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi olan yolun eni 2,75-3,0 metr olduğu göstərilmişdir. Qeyd olunur ki, cavabdeh tərəfindən ünvan 4-un arxasında inşa edilmiş qaraj tikilisinin yanından keçən yolun eninin 4,3 metr olduğunu, eyni zamanda qaraj tikilisinin Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən və iddiaçıya məxsus olan 119 saylı evin giriş qapısından 3,0 metr məsafədə inşa edildiyini nəzərə alaraq, həmin qaraj tikilisinin iddiaçıya məxsus fərdi yaşayış evinə (sərbəst girişçıxışa və s.) hər hansı bir maneə törətmədiyi müəyyən edilmişdir. İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi ev, Cavabdeh2 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi evin qonşuluğunda yerləşir, hər iki evin giriş-çıxışı Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsinədir. İddiaçı cavabdehlər tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 109 nömrəli evin arxasında inşa edilmiş tikilinin yolda gediş-gəlişə mane olduğunu bildirir, hazırki tələb, həmin qaraj tikilisinin sökülməsi barədədir. Bununla belə, Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən 109 nömrəli evin arxasında inşa edilmiş qarajın, ünvan 3-un giriş-çıxışına mane olmasına dair hallar, həmçinin qaraj tikilisinin sökülməsinə əsas olan digər hallar məhkəmə tərəfindən müəyyən olunmadı. İddiaçı iddia tələbini, cavabdehin inşa etdiyi tikilinin onun gediş-gəlişinə mane yaratdığı dəlillər ilə əsaslandırmış, tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6787 saylı ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, qaraj tikilisinin Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən və iddiaçıya məxsus olan 119 saylı evə (sərbəst girişçıxışa və s.) hər hansı bir maneə yaratmır. Beləliklə iddiaçı, sökülməsini tələb etdiyi tikilinin onun mənafeyinə toxunduğunu sübut edə bilmədiyindən və buna görə də Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” olmadığından, onun hazırki tələbə dair subyektiv hüququ yoxdur. Belə olan halda, hazırki tələbə dair iddiaçının subyektiv hüququ olmadığından iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Həmçinin, tikintisi başa çatmış və ya çatmamış tikinti obyektlərinin (və ya onun hissəsi) sökülməsi barədə qərarın qəbul edilməsi, qanunvericiliklə, onun hallarından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanları və onların müraciəti əsasında məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Belə olan halda, mübahisəli tikililər, iddiaçının maraqlarına toxunmadığından, onun tələbi ilə sökülə bilməz və ona görə də İddiaçı hazırki iddia tələbi rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı (nümayəndəsi və vəkili Vəkil3) apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edib şikayətində göstərib ki, cavabdehlər evlərinin arxasında avtomobil yolunun üzərində daş hasarla əhatə olunmuş qaraj tikməklə həmin ərazidən keçən avtomobillərin, o cümlədən iddiaçının mülkiyyətində olan evinə gedib-qayıdarkən avtomobilinin sərbəst keçidinə maneə yaratmışlar. Belə ki, qarajın əhatə olunduğu daş hasarla onunla üzbəüz olan elektrik dirəyi arasındakı məsafə 4,0 m təşkil edir və avtomobillər bu ərazidən keçərkən maneələrlə üzləşir, yolun həmin hissəsində bir avtomobil ancaq çətinliklə keçə bilir və digərləri həmin avtomobilin keçməsini gözləmək məcburiyyətində qalır. Cavabdehlər avtomobil yolunun üzərində daş hasarla əhatə olunmuş qaraj inşa edərkən iddiaçı və digər qonşular onlara etirazlarını bildirsələr də cavabdehlər buna məhəl qoymamış və hətta hasarı çəkərək üzərinə də su çəni qoymuşlar. Beləliklə, cavabdehlər avtomobil yolunun üzərində daş hasarla əhatə olunmuş qaraj inşa etməklə və həmin daş hasarın üzərinə su çəni qoymaqla bütün bunları tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, buna lazımi icazələr almadan və tikinti norma və qaydalarını pozmaqla özbaşına etmiş və həmin ərazidə yaşayan sakinlərin, yoldan ötənlərin, o cümlədən iddiaçı və onun ailə üzvlərinin sərbəst gediş-gəlişinə mane olmuş və narahatlığına səbəb olmuşlar. Məhkəmə hazırlıq iclasında iddiaçı tərəfin vəsatəti ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi və ekspertlər qarşısında bu sualların qoyulması xahiş edilmişdir: 1. Cavabdehlərin evlərinin arxasında qaraj kimi istifadə etmək məqsədi ilə inşa etdikləri əlavə tikili tikinti norma və qaydalarına uyğundur ya yox? 2. Cavabdehlərin evlərinin arxasında qaraj kimi istifadə etmək məqsədi ilə inşa etdikləri əlavə tikli avtomobillərin və piyadaların tələb olunan normalar çərçivəsində (2 zolaqlı avtomobil yolunun və piyadalar üçün hərəkət zolağının olması nöqteyi-nəzərindən) sərbəst hərəkəti üçün maneəçilik yaradır ya yox? Məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin olunsa da ekspertlər qarşısında iddiaçının tələb etdiyi suallar qoyulmamışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 tərəfindən iş üzrə tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmişdir. Baxış zamanı iddiaçı tərəfindən verilən təklif və tövsiyələrə ekspert etinasız yanaşmış, zəruri ölçü işləri və çəkiliş aparmamış, aşkar şəkildə cavabdeh tərəfin xeyrinə dəlillər toplamağa cəhd göstərmişdir. Məhz, ona görə də 3-16-16/2-10/6787 saylı, 16 fevral 2024-cü il tarixli məhkəmə tikintitexniki ekspertizası rəyindən göründüyü kimi, ekspert tərəfindən iş üzrə tərəflərin evləri qarşısından keçən avtomobil yolu yanlış olaraq küçə - avtomobil yolu kimi deyil, keçid kimi qiymətləndirilmişdir. Məhkəmə tərəfindən ekspertiza qarşısında “cavabdehlər tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 109-un arxasında qaraj kimi istifadə etmək məqsədi ilə inşa edilən əlavə tikilinin ünvan 2-a (sərbəst giriş-çıxışa və s.) hər hansı bir maneə varmı” sualına cavab olaraq verilən cavab belə əsaslandırılmışdır ki, “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş 9 №-li Cədvəlin tələblərində məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi olan yolun eni 2,75-3,0 metr olduğu göstərilmişdir, qeyd olunur ki, cavabdehlər tərəfindən ünvan 4-un arxasında inşa edilmiş qaraj tikilisinin yanından keçən yolun eninin 4.3 metr olduğunu, eyni zamanda qaraj tikilisinin Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsində yerləşən və iddiaçıya məxsus olan 119 saylı evin giriş qapısından 3,0 metr məsafədə inşa edildiyini nəzərə alaraq həmin qaraj tikilisinin iddiaçıya məxsus fərdi yaşayış evinə (sərbəst giriş-çıxışa və s.) hər hansı bir maneə törətmədiyi müəyyən edilmişdir”. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək təqdim olunmuş fotoçəkilişlərdən və iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasınsn təyin olunması barədə verilmiş vəsatətə əlavə olaraq təqdim edilən videoçəkilişdən də (videoçəkiliş iddiaçı tərəfindən 9 mart 2024-cü il tarixdə, 16.00 radələrində aparılmışdır və həmin videoçəkilişin diski vəsatətə əlavə edilərək məhkəməyə təqdim olunmuşdur) göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinin cavabdehlərə məxsus ev 109-un və iddiaçıya məxsus ev 119-un qarşısından keçən hissəsi keçid deyil, ən azı 7 metrlik enə malik 2 zolaqlı avtomobil yoludur və bu yol iş üzrə tərəflərin yaşadıqları evlərin qarşısından keçməklə digər qonşuların da evlərinə gedir və küçə sakinlərinin, o cümlədən iddiaçını və onun ailə üzvlərinin ümumi istifadəsində olmaqla giriş-çıxışı ilə digər küçələri birləşdirir. Keçid iddiaçıya məxsus evin qapısından həmin küçəyə çıxan yoldur. Cavabdehlər özbaşıana tikilini iddiaçıya məxsus evdən küçəyə çıxan keçid üzərində deyil, keçidin birləşdiyi Zeytun küçəsindən keçən avtomobil yolunun üzərində inşa etmişlər. 3-16-16/2- 10/6787 saylı, 16 fevral 2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyinin tədqiqat prosesinin təsviri hissəsinin 4-cü abzasında da göstərilir ki, “baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən ümumi istifadədə olan yolun üzərində qaraj tikilisi inşa edilmişdir”. Sözügedən rəydən göründüyü kimi, ekspert məlum nəticəyə gələrkən “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş Cədvəl 9-a istinad etmişdir. Həmin Cədvəldən göründüyü kimi, nəzərdə tutulan norma və qaydalar kənd küçə və yollarına aiddir və Cədvəlin yuxarıdan aşağı 5-ci, keçid qrafasında hərəkət zolağı eninin 2,75-3,0 metr və hərəkət zolağının sayının 1 ədəd nəzərdə tutulduğu qeyd edilir. Göründüyü kimi, ekspert Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsini kənd ərazisi kimi qiymətləndirmiş və bunun üçün də həmin küçəni rəydə Sovet dövründə deyildiyi kimi, “Zeytun sovxozu” ifadəsini əlavə etməklə Bakı şəhəri, Xətai rayonu, Zeytun sovxozu, Zeytun küçəsi kimi göstərmişdir. Hansı ki, iş üzrə mübahisələndirilən ərazinin ünvan göstəricisindən də görünür ki, bu ərazi kənd deyil, şəhər ərazisidir. “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndində göstərilir: “Küçə və yolların hesabı parametrləri şəhərlərdə cədvəl 8, kəndlərdə isə cədvəl 9-a müvafiq olaraq qəbul edilməlidir”. Məhkəmə yanlış olaraq iddiaçını tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların sökülməsi tələbi ilə çıxış etməkdə maraqlı tərəf hesab etməmiş və onun belə bir hüququnun olmaması qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlərin avtomobil yolunun üzərində inşa etdikləri özbaşına tikili həmin ərazidə yaşayan digər sakinlər və yoldan ötənlərlə yanaşı iddiaçı və onun ailə üzvlərinin də sərbəst hərəkətinə maneəçilik törədir. Belə ki, sözügedən özbaşına tikili iddiaçının evinə daxil olan keçid üzərində deyil, həmin ərazidə yaşayan digər sakinlər və yoldan ötənlərlə birlikdə iddiaçı və onun ailə üzvlərinin də ümumi istifadəsində olan yolun üzərində inşa edilmişdir. İş üzrə mübahisələndirilən ərazinin ünvan göstəricisindən də görünür ki, bu ərazi kənd deyil, şəhər ərazisidir. Odur ki, iş materiallarında olan tikinti-texniki ekspertizası rəyində və həmin rəyə istinadən məhkəmə qətnaməsində “AzDTN 2.6-1 “Dövlət Şəhərsalma Norma və qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinin cədvəl 9-a istinad olunması yanlışdır. Ekspert məhz, cədvəl 9-a istinad etməklə yolu 1 zolaqlı kənd keçidi adlandırmış və qaydaların pozulmadığını əsaslandırmağa çalışmışdır. Mübahisələndirilən halda istinad həmin maddi normanın cədvəl 8-nə olmalıdır. Həmin normanın tələblərindən də görünür ki, Zeytun küçəsinin cavabdehlərə məxsus ev 109-un və iddiaçıya məxsus ev 119-un qarşısından keçən hissəsi yerli əhəmiyyətli küçə və yoldur, konkret olaraq yaşayış tikililəri ərazisində olan küçədir və həmin küçə yolunun hər bir avtomobil zolağının eni 3,0 m.olmaqla 2 zolaqdan ibarət olması, həmçinin həmin yol səkisinin piyada hissəsinin eninin 1,5 m-dən az olmaması nəzərdə tutulmuşdur. İşin faktiki hallarından da bəlli olur ki, cavabdehlər məlum özbaşına tikilini həmin hərəkət zolaqlarından birinin üzərində inşa etmişlər. Ədalət mühakiməsi prinsipinin tələblərinə yetərincə əməl olunmamış, iddiaçı tərəfin təqdim etdiyi sübutlara (izahatlara, foto və video çəkilişlərə) zəruri hüquqi qiymət verilməmiş, vəsatətləri əsasız yerə təmin olunmamışdır. İş materiallarında olan tikinti-texniki ekspertizası rəyi məhkəmədə tədqiq olunmamış və iddiaçı tərəfin təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirilməmişdir. İddiaçı tərəfindən məhkəmədə vəsatət qaldırılaraq cavabdehlərin evlərinin arxasında avtomobil qarajı olaraq inşa etdikləri tikilinin özbaşına tikili olub-olmaması faktiki halını araşdıraraq ona hüquqi qiymət verilməsi tələb olunsa da, məhkəmə bu faktiki halı araşdıraraq ona hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən məhkəmədə vəsatət verilərək ekspertlər qarşısında qoyulmuş suallara tam, hərtərəfli və obyektiv cavab verilməməsi səbəbindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi tələb olunsa da, məhkəmə bu vəsatəti əsassız yerə təmin etməmişdir. Məhkəmə iddiaçı tərəfin vəsatətlərini nəzərə almayaraq iş üzrə cavabdehlərin qaraj kimi istifadə olunması məqsədi ilə inşa etdikləri əlavə tikilinin Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsinin cavabdehlərə məxsus ev 109-un və iddiaçıya məxsus ev 119-un qarşısından keçən hissəsindəki küçə yolunu daraldıb-daraltmaması, əgər daraltmışdırsa, daralma məsafəsinin nə qədər olması və küçə yolunun daralmasının müvafiq norma və qaydalarda nəzərdə tutulmş parametrlərin pozulmasına, eləcə də həmin küçə ilə avtomobil və piyadaların, o cümlədən həmin küçədə iddiaçıya məxsus ev 119-a gələn və oradan gedən avtomobil və piyadaların hərəkətinə maneçilik törədib-törətməməsi məsələsinə aydınlıq gətirilməsi ilə hüquqi qiymət verməmişdir. Hansı ki, qeyd olunan faktiki halın araşdırılmasından əldə olunan nəticə də iddianın bilavasitə əsaslı olub-olmamаsı məsələsinə veriləcək qiymət üçün sübuti əhəmiyyət kəsb edir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh1, nümayəndəsi və vəkili Qanuni nümayəndə ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

21. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

24. Belə ki, apellyasiya şikayətinin dəlillərinin həqiqiliyinin yoxlanılması məqsədilə, eləcə də iddiaçı tərəfin vəsatəti nəzərə alınmaqla məhkəmə tərkibi hesab etdi ki, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilməli və mülki iş ekspertizaya təqdim olunmalıdır.

25. Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-30/2-5167/2025 saylı, 10 fevral 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilib ki, göstərilən torpaq sahəsi faktiki olaraq 61.0 kv.m təşkil edir. Ümumi torpaq sahəsi mişar daş hasar daxilindədir. Ərazidə üç ədəd ikimərtəbəli yaşayış evi mövcuddur. İddia edilən torpaq sahəsi cavabdehin istifadəsində olan ümumi ərazinin daxilindədir və qaraj kimi istifadə olunur. Torpaq sahəsinin bir tərəfdən 1.8 m və 4.6 m məsafələrindən yüksək gərginlikli (110 kvt-lıq) elektrik xətti keçir. Həmçinin iddia olunan ərazinin bir tərəfindən 4.3 m məsafəsində yüksək gərginlikli (110 kVt-lıq) elektrik xəttinin dirəyi mövcuddur. Qeyd olunan dirəyin digər tərəfindən isə qonşu hasarla məsafə 3.7 metrdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan sahə daxil olmaqla cavabdehin ümumi ərazisinin bir hissəsi yüksək gərginlikli (110 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşir. Sahəyə dair heç bir sxem, plan, texniki sənəd təqdim edilmədiyindən araşdırma aparmaq mümkün olmamışdır.

26. Əlavə məhkəmə tikinti texniki ekspertizasının 3-16-16/2-10/9105/2024 saylı, 16 aprel 2025-ci il tarixli ekspert rəyində isə qeyd edildi ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 61.0 kv.m təşkil edir. Ümumi torpaq sahəsi mişar daş hasar daxilindədir. Ərazidə üç ədəd ikimərtəbəli yaşayış evi mövcuddur. İddia edilən torpaq sahəsi cavabdehin istifadəsində olan ümumi ərazinin daxilindədir və qaraj kimi istifadə olunur. Torpaq sahəsinin bir tərəfdən 1.8 m və 4.6 m məsafələrindən yüksək gərginlikli (110 kVtlıq) elektrik xətti keçir. Həmçinin iddia olunan ərazinin bir tərəfindən 4.3 m məsafəsində yüksək gərginlikli (110 kVt-lıq) elektrik xəttinin dirəyi mövcuddur. Qeyd olunan dirəyin digər tərəfindən isə qonşu hasarla məsafə 3.7 metrdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan sahə daxil olmaqla cavabdehin ümumi ərazisinin bir hissəsi yüksək gərginlikli (110 kVt-lıq) elektrik xəttinin mühafizəsində yerləşir. Mülki iş materiallarında, mübahisəli qaraj tikilisinə dair müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri olmadığından həmin qaraj tikilisinin şəhərsalma və tikinti normaları və qaydalarına əməl olunmadan inşa edildiyi müəyyən edilmişdir. AzDTN 2.6-1 "Dövlət Şəhərsalma Norma va Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması" qaydalarının 8-ci maddəsinin 8.18-ci bəndinə əlavə edilmiş 8 nömrəli Cədvəlin tələblərində məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi olan yolun eni 3,0 metr olduğu göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən bu sual cavablandırılmadığından tədqiqat aparılmadı.

27. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilinirsə də qonşu təsiri qadağan edilə bilməz.

28. Demək ki, həm qonşu təsirinin qadağan edilməsi, həm də qonşuluqda aparılmış özbaşına tikililərin sökülməsi barədə iddia qaldırmış şəxslər qonşu təsirinin və ya özbaşına tikinti işlərinin nəticəsinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.

29. Beləliklə, apellyasiya baxışı zamanı həqiqətin müəyyən edilməsi məqsədilə aparılan araşdırmalar nəticəsində iddianın əsaslı olmadığı, apellyasiya şikayətinin isə əsassız olduğu bir daha öz təsdiqini tapdı. Başqa sözlə, sökülməsi tələb edilən tikilinin iddiaçının avtomobil yolundan istifadə etməsinə bilavasitə, o cümlədən tikinti-texniki təhlükəsizlik baxımından, eləcə də onun həyatı və sağlamlığı üçün hər hansı maneə və heç bir təhlükə yaratmadığından hazırki iddia ilə də məhkəməyə müraciət etmək üçün subyektiv hüququ da yaranmamışdır. Yəni, sökülməsini tələb etdiyi tikilinin iddiaçıya hansısa formada zərər vurduğu və ya maneə yaratdığı da sübuta yetirilmir. Bu hallar da cavabdeh tərəfin gətirdiyi arqumentlərin daha da ciddi olduğunu təsdiq etmiş olur. Demək ki, əslində iddiaçının həqiqi niyyəti hüquqdan sui-istifadə edərək cavabdehə zərər vurmaq olmuşdur ki, bu da hüquqla qadağan edilir.

30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, eləcə də ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-135/2024 saylı, 24 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar