Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2652/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2652/2025 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1119/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının iradəsindən kənar olaraq onun mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi, bina 22A, 244 saylı mənzilin üçüncü şəxslərin adına keçməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayeva küçəsi bina 22A, 244 saylı mənzil olmuşdur. Mənzil üzrə MTK sənədləri hamısı iddiaçının adına rəsmiləşmişdir. İddiaçı əvvəlki həyat yoldaşı Cavabdeh2 ayrıldıqdan sonra həyat yoldaşı və 2 uşağı həmin evdə yaşamışdır. Yaxın vaxtlarda iddiaçı həmin evin həyat yoldaşı Cavabdeh2 tərəfindən satıldığını eşitmiş, lakin bütün sənədlər onun adına olduğu halda, onun qanuni mülkiyyətinin onun iradəsinə zidd olaraq necə satılması ona məlum olmamışdır. İddiaçı qeyd edilən halların aydınlaşdırılması üçün Nərmin MTK-ya evin necə satılması barədə şifahi müraciətlər etməsinə baxmayaraq ona qeyri-müəyyən cavablar verilmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Nərmin MTK-ya “İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22A mənzil 244 saylı mənzilə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi” barədə vəkil sorğusu ünvanlamalarına baxmayaraq, hələ də müraciətləri cavabsız qalmışdır. Eyni zamanda bildirirlər ki, iddiaçı əvvəlki həyat yoldaşının qardaşı – X3 mülki etibarnamə vermişdir. Lakin qətiyyən etibarnaməni evin satılması məqsədilə verməmişdir. Evin başqa şəxsin mülkiyyətinə keçməsi, ola bilər, həmin etibarnamə vasitəsilə olsun, lakin iddiaçı etibarnaməni qaynına evin satılması üçün verməmişdir. Yoldaşı ilə aralarında münasibətlər pis olan zaman qaynı onları barışdırmaq üçün evə dair ondan etibarnamə verməyini demiş ki, etibarnaməni gedib anası və bacısına göstərsin ki, Sahət evə dair etibarnamə verib, barışmaq istəyir. Lakin qaynı onun vədinə əməl etmədikdən sonra etibarnaməni ləğv etdirmiş, etibarnamə qüvvədə olan zaman qaynının onun iradəsindən kənar olaraq hansı əməliyyatları aparması ona məlum olmamış, evin başqa şəxsin mülkiyyətinə etibarnamə əsasında keçib keçməməsi isə ona naməlum vəziyyətdə qalmışdır. İddiaçı hesab edir ki, iradəsindən kənar olaraq onun mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22A, 244 saylı mənzilin üçüncü şəxslərin adına keçməsinə dair alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1119/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddia təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, vəkil sorğusunun cavabsız qalmasını əsas gətirərək məhkəmədən “Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22A mənzil 244 saylı mənzilə dair bütün sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi” barədə sorğu verilməsini xahiş etmişlər. Məhkəmə iclası zamanı Cavabdeh1nə sorğu verilərək Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22A, 244 saylı mənzilə dair hüquq müəyyən edici sənədlərin təsdiq olunmuş surətlərinin istənilməsinə baxmayaraq, Cavabdeh1 tərəfindən cavab məktubu məhkəməyə göndərilmiş, cavab məktubunda isə Cavabdeh1 ilə İddiaçı arasında, ümumiyyətlə, heç bir müqavilə bağlanmadığı” qeyd olunmuşdur. Onlar tərəfindən məhkəməyə qeyd olunan cavabın məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə ünvanlanmış sorğunun cavabı olmamasını bildirmələrinə baxmayaraq məhkəmə qeyd olunan sorğudan əlavə olaraq onlardan xəbərsiz başqa bir sorğunu əl imzası ilə ünvanladığını bildirmiş, həmin sorğu xx.xx.2024-cü il tarixdə əl imzası ilə göndərildiyi üçün həmin sorğudan onların məlumatı olmamış, bu barədə xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında sorğuya cavab məktubuna etiraz edən məhkəmə məcbur olaraq onlardan xəbərsiz əl imzası ilə göndərdiyi sorğu ilə onları tanış etmişdir. Maraqlı hal odur ki, xx.xx.2024-cü il tarixli sorğuda Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22A, 244 saylı mənzilə dair hüquq müəyyən edici sənədlərin təsdiq olunmuş surətlərinin istənilməsinə baxmayaraq, MTK həmin sorğuya cavab vermədən, xx.xx.2024-cü il tarixdə göndərilən sorğunun mətnini dəyişmiş, yeni sorğuda əgər iddiaçı ilə “Nərmin-Mn" Mənzil Tikinti Kooperativi arasında müqavilə varsa, qeyd edilən mənzilə dair hüquq müəyyən edici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsini bildirmiş, “Nərmin-Mn" Mənzil Tikinti Kooperativi isə xx.xx.2024-cü il tarixli sorğuya cavab vermədən, sanki sırf yeni sorğunun göndərilməsini gözləyirmiş kimi, xx.xx.2024-cü il tarixli sorğunun ilk hissə ilə bağlı guya Cavabdeh1 ilə iddiaçı-İddiaçı arasında, ümumiyyətlə, heç bir müqavilə bağlanmadığı barədə cavab məktubu ünvanlamış, məhkəmə isə bu cavabla kifayətləndiyini iclas zamanı onlara bildirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi bina 22A, 244 saylı mənzil üzrə MTK sənədləri hamısı iddiaçının adına olmuşdur. Azəriqaz, Azərişıqda belə bütün komunal xərclər iddiaçının adına rəsmiləşmişdir. Lakin iddiaçı həyat yoldaşından ayrıldıqdan sonra həmin evdən çıxmış ki, həyat yoldaşı və uşaqları həmin evdə onun mülkiyyətində yaşasınlar. Evə dair bütün sənədlər də evdə qalmışdır. Lakin həyat yoldaşı MTK-ilə əlbir olaraq evi başqa şəxsə alqı satqı yolu ilə satmışlar. Hazırda bizdə iddiaçının adına olan müqavilənin surəti olmamasından cavabdehlər istifadə edərək MTK sənədlərini gizlətməyə çalışırlar. Qeyd olunan mənzilə dair hüquq müəyyən edici sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunarsa bütün gərçəklər ortaya çıxacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
12. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
13. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
14. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
15. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
16. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
17. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
28. Belə ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi, bina 22A, 244 saylı mənzilin onun mülkiyyətində olmasını, mənzilə dair Mənzil Tikinti Kooperativi ilə sənədləşmənin onun adına rəsmiləşdirildiyini, lakin Cavabdeh2 qardaşı Şəhriyar Talıbovun iddiaçı tərəfindən ona başqa məqsədlə verilmiş etibarnamə ilə evi özgəninkiləşdirdiyini bildirmiş və nəticədə həmin əqdin etibarsız hesab olunmasını xahiş etmişdir.
29. Kollegiya hesab edir ki, hazırda məhkəmənin aydınlaşdırmalı olduğu 3 məsələ mövcuddur: 1) Mübahisəli mənzil barəsində İddiaçılə cavabdeh MTK və ya digər hər hansı şəxslə alqı-satqı müqaviləsi bağlanmışdırmı? 2) Bağlanmışdırsa, həmin əmlakın şəxsən və ya təmsilçi vasitəsilə özgəninkiləşdirilməsi baş vermişdirmi? 3) Baş vermişsə, bu barədə əqdin etibarsızlığı üçün əsaslar varmı?
30. Birinci instansiya məhkəməsinin ilkin sualın aydınlaşdırılması məqsədilə verdiyi sorğunun cavabı olaraq verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən balanslarında olan "xxxx" MTK və Cavabdeh1 MTK ilə İddiaçı arasında hal-hazırkı dövrə qədər heç bir müqavilə bağlanmadığı bildirilmişdir.
31. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi, bina 22A, 244 saylı mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
32. İddiaçı tərəfindən sözügedən sorğunun prosessual qaydalara uyğun olmadan əsas gətirilməsi, o cümlədən işin hərtərəfli araşdırmasının təmin edilməsi məqsədilə apellyasiya baxışı zamanı sübutların cəlb edilməsi barədə qərardad qəbul edilmiş, qərardadla mübahisəli mənzillə bağlı bütün müqavilələrin Cavabdeh1 MTK, o cümlədən hüquqi şəxsin yenidən təşkilini nəzərə alaraq "xxxx" MTK və "xxxx" MTK-dan istənilməsi qərara alınmışdır.
33. Həmin qərardada münasibətdə Cavabdeh1 MTK tərəfindən binalarında belə bir 244 saylı mənzilin mövcud olmadığı bildirilmiş, "xxxx" MTK tərəfindən isə həmin mənzilə dair bağlanmış bir müqavilənin olduğu qeyd edilərək onun surəti və maliyyə arayışı məktuba əlavə edilmişdir.
34. Sözügedən xx.xx.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, müqavilə "xxxx" MTK ilə X1 şəxsən özü arasında bağlanmış, Kooperativ öz üzərinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Sarayeva küçəsi, bina 22A, 244 saylı mənzili payçıya verməyi, payçı qismində X5 isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz üzərinə götürmüşdür. O cümlədən əlavə olunan maliyyə arayışdan görünür ki, X5 xx.xx.2010-cu il tarixində 244 saylı mənzilin tam dəyəri olan 31010 manat məbləğini kooperativin kassasına ödəmişdir.
35. Təqdim edilən sənədlərdən də göründüyü kimi, mübahisəli mənzil barəsində bağlanmış müqavilə heç də iddiaçının adından və onun verdiyi etibarnamə əsasında deyil, X5 adlı şəxsin özü tərəfindən mənzilin dəyəri ödənilməklə bağlanmış, həmin mənzilə aid iddiaçının özü ilə nə vaxtsa müqavilə bağlanması faktı isə hər hansı dəlillə öz təsdiqini tapmamışdır. Bu halda iddiaçının ona məxsusluğu təsdiq olunmayan əmlak barəsində üçüncü şəxslər arasında bağlanmış müqaviləni mübahisələndirməsi üçün hər hansı əsası mövcud olmamışdır.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar)...
37. Kollegiya hesab edir ki, mübahisəli mənzilə dair X5 və ya qeyrisi tərəfindən məhz iddiaçının özünün adından və ona məxsus olan əmlak barəsində hər hansı əqd bağlaması halı iş materialları ilə öz təsdiqini tapmamışdır. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından isə X1 şəxsən özü ilə "xxxx" MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və alqı-satqı müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.
38. Məhkəmə həmçinin bildirir ki, müqavilənin etibarsızlığına dair iddialara baxılarkən sübutetmə yükü bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Lakin hazırki iş üzrə iddiaçı ona məxsus əmlak barəsində onun adından bağlanmış bir müqavilənin, ümumiyyətlə, mövcudluğuna, həmçinin Ş.Talıbovun özü ilə bağlanmış müqavilənin də etibarsız olmasına dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
38. Beləliklə, kollegiyanın qənaətinə görə iddiaçının öz iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər iddia tələbinin təmin olunmasına əsas vermir və qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə dair hər hansı mötəbər sübut yoxdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
43. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1119/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev