Məhkəmə qərarları › İş №2(103)-2653/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2653/2023

17.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2653/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6872/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzrə **********00030 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə ******* saylı akt tərtib edilmişdir. İddiaçının yaşadığı yaşayış evinə xx.xx.2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı, xx.xx.2022ci il tarixdə ******* saylı aktlar tərtib edilmiş, aktlarda sayğacın çıxış plastmas borusunun deşilməsi barədə qeyd aparılaraq, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin birinci akt üzrə 2185 m3 , ikinci akt üzrə 4320 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2021-ci ilin iyun ayı üzrə 216 manat, 2022-ci ilin mart ayı üzrə 518,40 manat məbləğində borcunun olması qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona itirilmiş qazın bərpası üçün 2021-ci il üçün yazılmış 216 manat və 2022-ci il üçün yazılmış 518,40 manat, cəmi 734,40 manat borcun əsassız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, 2022-ci il 31 mart tarixində mülkiyyətində olan mənzildə quraşdırılan qaz sayğacının baxış zamanı cavabdehin əməkdaşları çıxış platforması borusunun deşildiyini, xətanın normadan artıq olduğunu bildirmiş və sayğacı ekspertizaya göndərmək zərurəti yarandığını demişlər. Bundan sonra sayğacın dövlət yoxlamasından keçməsi üçün Metrologiya departamentinə göndərilmiş və sayğaca onun tərəfindən müdaxilə olunduğu üçün təqdim edilmiş bildirişdə itirilmiş qazın dəyərinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. Sayğaca heç bir zaman müdaxilə etməməyinə baxmayaraq cavabdehin əməkdaşları bunun əksini iddia edərək ona itirilmiş qazın bərpası üçün 2021-ci il üçün 216 manat və itirilmiş qazın bərpası üçün 2022-ci il üçün yazılmış 518.40 manat, cəmi 734.40 manat borc yazmışlar. Qeyd etdiyi ünvanda daimi yaşayır, təbii qazdan istifadə edir və quraşdırılmış sayğaca əsasən sərf etdiyi təbii qazın dəyərini ödəyir. Cavabdehin onun adına hesablanmış 734.40 manat borc qanunsuzdur. Cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar aralarında yaranmış mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6872/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə iddia tələbi təmin edilərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu: **********00030) dair İddiaçı hesablanmış 734,40 manat məbləğində borcun silinməsi və 30 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3- cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 734,40 manat borcu iddiaçıdan tələb etməsi əsassızdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş edərək göstərir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuşdur. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həmçinin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Müvafiq olaraq hesablanmış ümumilikdə 734.40 (abonent saldosundan çıxarışa əsasən) manat dəymiş ziyan könüllü ödəməsi üçün abonentin istehlakçı hesabına yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsi təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldoları, fotoşəkilləri, aktları nəzərə almamışdır. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçı Cavabdeh nümayəndəsinin və İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

12. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır.

21. Maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh şikayətində baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunduğu, aşkar olunmuş faktların yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirildiyini göstərsə də buna dair iş materialında hər hansı bir sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir. 22.Sayğac üzrə saldo cavabdeh tərəfindən tərtib olunub, onda hansısa məbləğin göstərilməsi hələ onun həqiqi olması demək deyildir. İşdə hansısa fotoşəkil yaxud qanunsuz qoşulmanı təsdiq edən aktlar da mövcud deyildir. İşdə yalnız sayğacın klapanı işlək deyil, sayğacın mənfiyə işlədiyinə və çıxış plastmas borusunun deşildiyinə dair aktlar mövcuddur, hansı ki, borc həmin akt əsasında hesablanmışdır. Ona görə də cavabdeh məhkəmənin konkret hansı sübutu nəzərə almalı olduğunu göstərməli və həmin sübutu təqdim etməli idi. İddiaçı tərəfindən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlərin məhkəməyə təqdim edilməməsi dəlili də açıq-aşkar əsassız hesab olunur. Çünki, iddiaçının qanunsuz qoşulmamasını sübut etmək vəzifəsi yoxdur. Qanunsuz qoşulma olmuşdursa, bunu cavabdeh sübuta yetirməli idi. Göründüyü kimi, cavabdehin bu dəlillərdən istifadə etməsi başadüşülən olmamışdır.

23. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək də mümkünsüzdür. Buna görə də iddiaçının qeyd olunan məbləğdə cavabdehə zərər vurması da inandırıcı və ağlabatan görünmür. Cavabdeh iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir.

24. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6872/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6872/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar