Məhkəmə qərarları › İş №2(103)-2655/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2655/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2655/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (“xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-4243/2020 saylı iddianın təmin tədbiri barədə qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (“xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək, ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 4243/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, bank tərəfindən əmlak qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmişdir. Hazırda tərəfindən pulun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə mübahisələndirilmir, həmin qətnamənin icrasının həyata keçirilməsinə dair hərəkətlər qanunazidd şəkildə aparıldığından həmin hərəkətlərin nəticəsi mübahisələndirilir. Hərrac yalnız iki dəfə keçirilə bilər, üçüncü və dördüncü dəfə hərracın keçirilməsi qanunvericilikdə nəzərdə tutulmadığından həmin hərracların keçirilməsi əsassızdır. Ərizə təmin edilmədiyi halda sözügedən əmlak üçüncü şəxslərə satılar bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddianı təmin etmə tədbiri barədə iddiaçının ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi üzrə icra icraatının dayandırılmasının əsasları və qaydası “İcra haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir, belə olan halda məsələ ilə bağlı qanuni qüvvəsini almış qətnamənin olmasını və qətnamənin mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq icraya yönəldilməsini, həmin icra işinin icrasının dayandırılmasının müvafiq icra orqanının səlahiyyətinə aid olmasını nəzərə alan məhkəmə hesab etmişdir ki, Bakı Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının qarşısını aldığından ərizənin təmin olunmaması məqsədəmüvafiqdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün deyildir. İddia ərizəsinə əlavə edilmiş “Hərracın keçirilməsinə dair bildirişin” surətindən görünür ki, Bakı Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına dair hərrac xx.xx.2020-ci il tarixdə keçiriləcəkdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda mənzil ilə bağlı xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixində hərracların təyin olunduğu bildirilmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən Kollegiyaya ünvanlanmış keçirilmiş hərraclarla bağlı sənədlərdən görünür ki, Bakı Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına dair xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə hərrac təşkil edilmiş, xx.xx.2020-ci il tarixli məktubla isə təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. İddiaçı isə hazırki iddiasında, Bakı Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar ipoteka predmeti olan mənzilin satılması üçün xx xxxxxx 2020-ci il tarixdə və xx xxxx 2020-ci il tarixdə hərracların keçirildiyini, buna görə də yenidən xx xxxxxxxx 2020-ci il tarixdə və xx xxxxxxx 2020-ci il tarixdə hərracın keçirilməsinin yolverilməz olduğunu bildirərək, həmin hərracın nəticələrinin etibarsızlığını tələb edir. Göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı ipoteka predmeti olan mənzilə dair xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixində hərraclar təyin olunmuşdur. Bundan başqa həmin mənzillə bağlı xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə hərrac təşkil edilmiş, təkrar hərracın baş tutmaması səbəbindən ipoteka predmeti ipoteka saxlayana təklif edilmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Kollegiya hesab edir ki, məhkəmənin hazırki iddia tələbi üzrə iddianı təmin tədbiri barədə ərizənin Bakı Xətai Rayon Məhkəməsinin 2(011)- 327/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasının qarşısını alması barədə qeyd etdikləri əsassızdır və icra işinin icrasının dayandırılması ilə bağlı deyildir. İddiaçının hazırki tələbi mənzil ilə bağlı təyin edilmiş iki hərrac baş tutmamasına baxmayaraq, sonradan yenə iki dəfə keçirilmiş hərracların etibarsızlığı ilə bağlıdır. Kollegiya qeyd edir ki, iddianın təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisə obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. Əmlak üzərinə həbs qoyulması onun özgəninkiləşdirilməsinin və qəsdən məhv edilməsinin qarşısını almaq üçün görülən tədbirdir ki, həmin tədbir də əmlakın siyahıya alınmasından, əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından və sair hərəkətlərdən ibarətdir. Başqa sözlə, görülməsi tələb edilən həbs növündə iddianın təmini tədbiri mülkiyyətçisinin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər. Lakin, göstərilənlərlə yanaşı Kollegiya hesab edir ki, hazırki mülki işə baxılıb iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər mübahisəli mənzil barədə iddianın təmini tədbiri görülməlidir və həmin tədbir mənzilin özgəninkiləşdirilməsinin qarşısını almalıdır. Göstərilən tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddianın təmin etmə tədbiri barədə ərizə qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4243/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (“xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə iddianın təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar