Məhkəmə qərarları › İş №2(103)-2655/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2655/2022

19.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2655/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və X9 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-304/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və X14 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və X14 cavabdehlər Bakı şəhəri 19 saylı Notariat ofisinə və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti üçüncü şəxs qismində cəlb edilməklə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında Dövlət Reysestri Xidməti tərəfindən müvafiq mülkiyyət hüququna dəyişikliyə dair qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və iddiaçıların ataları X3 qalmış miras payının qanun üzrə vərəsələr arasında bərabər şəkildə bölünməsinə və münasib şəkildə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 19 saylı Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların ataları və anaları X10 ilə X7 birgə nikahlarından İddiaçı1, İddiaçı2, X14, X11 və Cavabdeh2 doğulmuşlar. İddiaçıların ataları X10 ilə onun anası X7 birgə nikahları dövründə Bakı şəhəri, X.Dadaşov küçəsində yerləşən 206 nömrəli ev əldə olunmuşdur. İddiaçıların ataları X10 13 dekabr 2017-ci il tarixində ölmüşdür və heç bir vəsiyyətnamə qoymamışdır. Bundan sonra iddiaçıların xəbəri olmadan Cavabdeh2 atasının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş Bakı şəhəri, X.Dadaşov küçəsindəki 206 nömrəli evin çox hissəsini əldə etmək üçün atasının vərəsələri barədə Notariat ofisinə düzgün olmayan məlumat verərək atasının tək vərəsəsi kimi özünü göstərmişdir. Bunun nəticəsində isə, cavabdeh Bakı şəhəri, 19 saylı Notariat Ofisi Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhdaətnamə verərək Cavabdeh2 atası X5 adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş Bakı şəhəri, X.Dadaşov küçəsindəki 206 nömrəli evin 1/4 hissəssinin Cavabdeh2 adına rəsmiləşdirilməli olması qərarına gəlmişdir. X6 bir deyil, beş uşağı olmuşdur ki, Bakı şəhəri, 19 saylı Notariat Ofisi yuxarıda qeyd olunan qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni qanunsuz olaraq vermişdir və həmin şəhadətnamə etibarsız hesab olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-304/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun İddiaçı1 aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və X14 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, Cavabdeh2 vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariusa müraciət edərkən digər vərəsələrin olduğu yer ona məlum olsa da onların bu vərəsəliklə bağlı çağrılması üçün heç bir tədbir görməmiş və digər vərəsələrin məlumatı olmadan şəhadətnamə almışdır. Bundan başqa, iddiaçı Fərqanə Qadaşova hələ atasının sağlığından atasına məxsus Bakı şəhəri, X.Dadaşov küçəsindəki 206 nömrəli evdə yaşamış, atası vəfat etdikdən sonra da həmin mənzildə yaşamışdır. Digər iddiaçı, İddiaçı1 Həmid oğlu isə atasının 40 mərasimindən sonra anasının xəstəliyi ilə əlaqədar, həmin ünvanda yerləşən lakin dövlət qeydiyyatından keçməyən digər tikilidə ailə üzvləri ilə birgə köçüb 1 il 8 ay yaşamış, sonradan həmin mənzildən elə həmin ünvanda yaşayan digər tikiliyə köçmüşdür. Digər iddiaçı X14 isə həmin ünvanda ev tikdirmiş, bununla bağlı hələ iş üzrə cavabdeh Cavabdeh2 tərəfindən həmin tikilinin sökülməsi barədə iddia qaldırılmışdır. Göründüyü kimi, qeyd olunan ünvanda ünvan 1nda yerləşən torpaq sahəsində miras qoyan tərəfindən tikdirilmiş digər daşınmaz əmlaklar da mövcud olmuş və iddiaçılar da qeyd olunan ünvanda yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmişlər. Qanunun tələbinə əsasən mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq miras tamamilə qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər cavabdeh ünvan 2 ünvanlanmış ərizədə işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehlərin, eləcə də 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1134.2, 1146, 1159.1.1, 1243, 1246-ci maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X10 13.12.2017-ci il vəfat etmiş və onun ölümündən sonra miras qalmış əmlak ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsi, Renault 12 minik markalı 10GK679 dövlət nömrə nişanlı və “QAZ 31105 120” minik markalı 10ND241 dövlət nömrə nişanlı nəqliyyat vasitələri, "xxxx" ASC-nin 15.05.2019-cu il tarixli HD/2984 nömrəli məktubuna əsasən X5 adına ödəniləcək 1079,45 manat kompensasiyadan ibarət olmuşdur. Miras açılarkən miras qoyanın aşağıdakı birinci növbə vərəsələri məlum olmuşdur: - arvadı mərhum X13; - xx.xx.1977-ci il təvəllüdlü oğlanları Cavabdeh2 və İddiaçı1; -03.09.1975-ci il təvəllüdlü qızı X11; -28.02.1982-ci il təvəllüdlü oğlu X14; -xx.xx.1985-ci il təvəllüdlü qızı İddiaçı2. X5 ölümündən sonra X13 və Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək mərhum X5 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik şəhadətnamələri almışdır. O cümlədən Cavabdeh2 13.12.2017-ci il tarixdə ölmüş X5 vərəsəsi kimi miras əmlaka daxil olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsindən 1/4 hissədə pay almasına dair 26.04.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırki halda iddiaçılar Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında Dövlət Reyestri Xidməti tərəfindən müvafiq mülkiyyət hüququna dəyişikliyə dair qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və iddiaçıların ataları X3 qalmış miras payının qanun üzrə vərəsələr arasında bərabər şəkildə bölüməsinə və münasib şəkildə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri, 19 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İş materiallarında olan vərəsəlik işinə dair açılmış notariat icraatından görünür ki, Cavabdeh2 miras qoyan X3 miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı 17.04.2018-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət etmiş və notariat ofisi tərəfindən onun adına vərəsəlik şəhadətnamələri verilmişdir. İddiaçılar mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etməyərək bununla bağlı iradə ifadəsini bildirməmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçılar atasının ölümündən xəbərdar olmuş, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişlər. Miras qoyan X10 vəfat edən zaman iddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə hər hansı ərizə verilməmişdir. Bundan başqa, miras qoyan X10 vəfat etdikdən sonra iddiaçıların heç biri miras əmlaka daxil olan əmlaklara faktiki sahibliyi həyata keçirməmişlər. Miras əmlaka daxil olan Bakı şəhəri, Yasamal rayonu, Xaqani Dadaşov küçəsində istifadədə olan 0,03802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 63 kv.m yaşayış, 30,5 kv.m köməkçi sahədən ibarət 206 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə X8 məxsus olan 2/4 hissəsində cavabdehin oğlu yaşayır. İddiaçılar isə həmin ünvanda yerləşən digər tikililərdə yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən,ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nədə onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. Vərəsələr tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, onlar miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin iddiaçı tərəfindən miras qoyan X5 ölümündən sonra miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi ilə əlaqədar hər hansı bir tədbir görülməmişdir. Digər tərəfdən, iddiaçılar tərəfindən mirası qəbul etmək üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Miras qəbul etmək iddiaçıların vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçılar tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçılar mirası qəbul etmə hüququnu itirmişlər. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı maneə mövcud olmamış, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə edilən miras əmlak cavabdehin adına rəsmiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçılar tərəfindən miras əmlakı qeyriformal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən miras əmlakları heç faktiki olaraq da qəbul edilməmişdir. Bundan başqa məhkəmə qeyd edi ki, mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən və bununla əlaqədar həyata keçirilməli olan hərəkətlər iddiaçılar tərəfindən edilmədiyindən, iddiaçıların mirası rəsmi, yaxud faktiki qəbul etməsi öz təsdiqini tapmadığından, beləliklə də miras əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi və onun etibarsız hesab edilməsi üçün heç bir hal müəyyən olunmadığından, iddia tələbləri əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi verilmiş şəhadlətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən iddia tələbinin digər hissələri bununla bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin edilə bilməz. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia üzrə faktiki halların Mülki Məcəllənin 1133.1, 1133.2,1159.1, 1243, 1246-cı maddələrinin dispozisiya şərtləri ilə uzlaşır və cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun mənasına görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Əvvəla, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır(MPM. mad. 217.2). Miras qoyan X10 13.12.2017-ci ildə ölmüşdür. Demək qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə 01 sentyabr 2000-ci ildən qüvvəyə minən Mülki Məcəllə qüvvədə olmuşdur. Hazırdada qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçıların miras qoyan öldükdən sonra miras əmlakı faktiki qəbul etmələrini Cavabdeh2 ümumiyyətlə mübahisələndrməmiş, yalnız iddia ərizəsinə etiraz və mülahizə təqdim edərək iddia tələbinə etiraz etdiyini və tələbin qanunvericiliyin tələbinə uyğun olmadığı üçün rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir(bax i.v.22-23). Apellyasiya baxışı zamanı da izahatında miras qoyan atası öldükdən sonra 1 il 8 ay müddətində miras əmlakın qeydə alınmış hissəsində yalnız iddiaçı bacısı İddiaçı2 yaşadığını etiraf etmişdir. Cavabdeh2 izahatından belə çıxır ki, heç özü də miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə faktiki, nədə notariat orqanına müraciət etməklə qəbul etməmişdir. Ancaq nə qədərki, nə cavabdeh, nədə iddiaçılar bir-birinin miras əmlakı faktiki qəbul etmələrini açıq-aşkar mübahisələndirmir, demək onların miras əmlakı faktiki qəbul etmələri mübahisəsizdir. Yəni, həm digər iddiaçılar, həm də cavabdeh mübahisəli ünvanda, daha dəqiq deyilsə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hissəyə bitişik, onun üstündə, ona bağlı, hələ miras qoyanın sağlığında inşa olunmuş lakin qeydə alınmasa da, miras əmlakın tərkib hissəsi olan tikililərdə yaşamaları iş materialları ilə təsdiq olunur. Bu faktı tərəflər təkzib etmir. Cavabdeh bu faktı təkzib etmirsə onda iddia tələbinə nəyə əsasən etiraz etdiyini və iddianın niyə rədd olunmalı olduğunu açıqlamalı idi, lakin açıqlamamışdır. Belə ki, iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halları yaxud bəyan etdiyi halları cavabdeh sübuta yetirməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü bilavasitə onun üzərinə düşürdü. Ancaq cavabdeh bu halları sübu edə bilmir. Bundan başqa, həm iddiaçıların, həm də cavabdehin mirasın qəbul etməsi üçün mütləq notariat kontoruna müraciət etmələri məcburi şərt olmamışdır. Yəni, miras qanunun tələbinə əsasən faktiki qəbul olunmuşsa, lakin vərəsəlik şəhadətnaməsi vaxtında rəsmiləşdirilməmişsə, bu, mirasa qarşı hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Çünki, miras əmlakın faktiki surətdə qəbul olunması dedikdə, vərəsə tərəfindən miras əmlaka münasibətdə müxtəlif hərəkətlərin məcmusu anlaşılmalıdır. Vərəsənin miras evdə yaşaması da həmin hərəkətlərdən biri kimi qiymətləndirilir və buna görə də həmin halın mövcud olması şəraitində mirasın faktiki surətdə qəbul edilməməsi yaxud bunun üçün notariat orqanına yaxud məhkəməyə müraciət edilməli olması haqqında nəticə isə əsaslı hesab oluna bilməz. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Demək, iddiaçıların qanun üzrə vərəsəlik qaydasında faktiki qəbul etdiyi mübahisəli fərdi yaşayış evini miras əmlak kimi qəbul etmələri ümumiyyətlə hər hansı bir mübahisə doğurmamalıdır. Eyni zamanda iddiaçıların mərhum anaları Sayibə Qədəşovadan miras qalmış, hər birinin məhz həmin evə 3/40 hissədə qanun üzrə vərəsəlik hüququ tanınaraq artıq paylı mülkiyyətləri olması faktı da bilavasitə hazırki iddianın əsaslı olmasına dəlalət edən amillər hesab edilir. Göründüyü kimi, ümumən həm iddiaçıların, həm də cavabdehin miras evi faktiki qəbul etmələri müəyyən edilsə də birinci instansiya məhkəməsi maddi hüquq normalarına uyğun qətnamə çıxarmaq əvəzinə, Mülki Məcəllənin vərəsəliklə bağlı normalarının tələblərini, eləcə də Mülki Prosessual Məcəllənin sübutetmə vəzifəsinə dair müddəalarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi qənaətində sanki iddiaçıların miras əmlakı faktiki qəbul etmədiklərinə dair cavabdehin iddia tələbinə etirazının əsası kimi istinad etməli olduğu halları sübut etmək yükünü öz üzərinə götürmüşdür. Çünki, iş materiallarında cavabdehin nəvaxtsa belə bir fikir söyləməsi görünmür. Onda məhkəmə hansı əsasla iddiaçıların miras əmlakı faktiki, yəni qeyri formal üsulla qəbul etmədiklərini israrla sübut etməyə cəhd edir. Məhkəmənin vəzifəsi hansısa halları sübuta yetirməyə çalışmaq deyil, tərəflərə sübutların tədqiqi üçün lazımi bərabər şərait yaratmaq olmalı idi. Ancaq məhkəmə cavabdehdən iddiaçıların miras əmlakı faktiki qəbul edib-etməmələrin ümumiyyətlə soruşmur. Bu cür vəziyyətdə məhkəmənin mövqeyi ümumiyyətlə anlaşılan olmamışdır. Bununla bağlı, Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli qərarında formalaşdırdığı hüuquqi mövqeyə görə... vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Göstərilənlərdən əlavə, miras qoyanın iddiaçılar və cavabdehdən başqa X4 adlı övladının anası Sayibə Qədəşovadan miras qalmış mübahisəli miras evin 3/40 hissəsinə vərəsəlik hüququ tanınaraq paylı mülkiyyət hüququ artıq qeydə alınsa da, o, hazırki iddia üzrə mərhum atasından miras qalmış evin 5/40 hissəsindən qanun üzrə vərəsəlik qaydasında miras payı tələb etmək istəmədiyini yazılı ərizəsi ilə ifadə etmişdir(bax.i.v.119).Ona görə də miras əmlakın ¼ hissəsinə(5/40 hissəsinə) yalnız iddiaçıların və cavabdehin qanun üzrə vərəsəlik qaydasında bərabər miras payları müəyyən edilməlidir. Bununla əlaqədar, həm mübahisəli evin digər paylı mülkiyyətçilərinin, həm də miras qoyanın vərəsələrinin miras evdə paylarının dəqiq və düzgün müəyyən edilməsi, eləcə də bu payların daşınmaz əmlakın Dövlət reyestrində hüquqların qeydiyyatı zamanı anlaşılmazlığın yaranmaması üçün yuvarlaq riyazı rəqəm 160 götürülməli və paylar həmin rəqəm nəzərə alınmaqla müəyyən edilməlidir. Bunun üçün iddiaçıların və cavabdehin hər birinin mübahisəli evdə payları 17/160 hissədə, X2 payı 12/160 hissədə olacağı halda, digr mülkiyyətçilərin də hər birinin payı 40/160 hissə kimi göstərilə bilər. Bunlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçılar iddia tələbində ...qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və onun əsasında Dövlət Reysestri Xidməti tərəfindən müvafiq mülkiyyət hüququna dəyişikliyə dair qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini qeyd etmələri qeydiyyatın və çıxarışın ləğvinin deyil, etibarsızlığının tələb edildiyini əsas götürərək bu əsasla iddianın bu hissəsinin rədd olunması üçün əsas ola bilməz. Çünki, məhkəmə özü də iddiaçıların bu tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM. Mad.14.1). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Başqa sözlə, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddia edənin istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalınz tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları təmin və ya rədd, yaxud qismən təmin və ya rədd etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Apellyasiya baxışı zamanı da iddiaçıların həqiqi istəyinin əsas tələbdən asılı olduğuna görə qeyd olunan tələblərin, yəni cavabdehin adına mübahisəli evin, mübahisələndirilən hissəsinin mülkiyyət hüququ ilə qeydiyyatın aparılmasının və çıxarışın ləğv edilməsinə, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində bərabər paylarının müəyyən olunmasına nail olmaq olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki: İddiaçılar İddiaçı1, İddiaçı2 və X14 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-304/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməli; X20 Məhərrəm oğlundan miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsindəki 206 nömrəli fərdi yaşayış evinin 2/4 hissəsindən ibarət miras əmlakın ¼ hissəsinə dair Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, onun əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilməli; X20 Məhərrəm oğlundan miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsindəki 206 nömrəli fərdi yaşayış evinin 2/4 hissəsindən ibarət miras əmlakın ¼ hissəsinə iddiaçılar İddiaçı1 160/17 (yüz altmışda on yeddi) hissədə, İddiaçı2 160/17 (yüz altmışda on yeddi) hissədə, X9 160/17 (yüz altmışda on yeddi) hissədə, Cavabdeh2 160/17 (yüz altmışda on yeddi) hissədə qanun üzrə vərəsəlik hüquqları tanınmalı və payları müəyyən edilməli, həmin hissələrdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri 19 saylı Notariat Ofisinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 387.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və X14 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-304/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi təmin edilsin. X20 Məhərrəm oğlundan miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsindəki 206 nömrəli fərdi yaşayış evinin 2/4 hissəsindən ibarət miras əmlakın ¼ hissəsinə dair Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, bu şəhadətnamə əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilsin. X20 Məhərrəm oğlundan miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsindəki 206 nömrəli fərdi yaşayış evinin 2/4 hissəsindən ibarət miras əmlakın ¼ hissəsinə iddiaçılar İddiaçı1 160/17 (yüz altmışda on yeddi) hissədə, İddiaçı2 160/17 (yüz altmışda on yeddi) hissədə, X9 160/17 (yüz altmışda on yeddi) hissədə, Cavabdeh2 160/17 (yüz altmışda on yeddi) hissədə qanun üzrə vərəsəlik hüquqları tanınsın və payları müəyyən edilsin, həmin hissələrdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri 19 saylı Notariat Ofisinə həvalə edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar