Məhkəmə qərarları › İş №2(103)-2655/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2655/2024

12.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2655/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2655/2024 (Açar sözlər: evə köçürülmə və yaşamaq üçün maneələrin qadağan edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi (anası) X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “evə köçürülmə və yaşamaq üçün maneələrin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun məskunlaşdığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi 2-ci mədən korpus 38-də olan 2 otaqlı evə köçürülməyi, cavabdehin evdə yaşamağa yaratdığı maneələrin aradan qaldırılması və gələcəkdə belə maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Ağdam rayonundan məcburi köçkün olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 38-də olan 2 otaqlı evdə məskunlaşmışdır. Uzun illərdir ki, cavabdehlə həmin evdə yaşamışdır. Yaşadıqları ev ilkin olaraq yaşayış üçün tam yararsız ev olmuş və məskunlaşdıqdan sonra öz vəsaiti hesabına evi tam təmir etdirmiş və kommunal ödənişləri etmişdir. Cavabdehlə birgə nikahlarından övladları olmuşdur. Daha sonra münasibətləri pozulmuş, uşaqlar birgə himayələrində olmaqla faktiki olaraq ayrılmışlar. O uşaqların saxlanması üçün aliment ödəyir. Həmin evdə yaşadıqları vaxt cavabdehin anasının ailələrinə müdaxiləsinə görə münasibətləri pozulmuşdur. Hazırda rəsmi nikah münasibətlərində olmalarına baxmayaraq, ayrı yaşayırlar. Ağdam Rayon Məhkəməsinin qətnaməsinə əsasən ondan aliment tutulur. Son vaxtlar isə cavabdeh və anası əsassız mübahisə yaradaraq onu evdən qovmuşlar. Hazırda digər yaşayış yeri olmadığına görə məcbur olub kirayədə yaşayır. Dəfələrlə cavabdehdən evdə yaşamağına yaratdığı manelərin aradan qaldırılmasını tələb etsə də, onu evə buraxmamış və şərləyib həbs etdirəcəyi ilə hədələmişdir

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5527/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əlieyv) iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 38 ünvanında yerləşən evə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikas Mülki Məcəlləsinin 157.8, 164.1, 162.2, 165.1, 180.1, 225.1, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsi və iddianın tam rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh ailə qurandan sonra iddiaçı ilə anası evində bir müddət yaşamışlar, sonradan anası başqa övladını evləndirmək məqsədilə evi boşaltmağı xahiş etmiş. Bundan sonra isə onlar iddiaçının yaxın qohumu xalası qızıgildə yaşamağa məcbur olmuşlar. Həmin evdə mülkiyyətçisi tərəfindən təmir-tikinti işləri aparılması nəzərdə tutulduğundan ordan da məcbur olub çıxmışlar. Nəhayət, cavabdehin qardaşı İ dərəcəli gözdən əlil X4 Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus Bakı şəhəri Binəqədi rayonu, 1 mədən ünvanlı müvəqqəti məskunlaşmaq üçün qeyri-yaşayış sahəsinə köçürlər. Həmin evin təmir-tikinti işləri cavabdehin anasının hesabına qarşılanmış və iddiaçı tərəfindən heç bir təmir-tikinti işləri aparılmamışdır. Cavabdehin qardaşı İ dərəcəli gözdən əlil X7 özü ailəlidir, hazırda özü cavabdehin təqsiri ucbatından kirayələrdə yaşamağa məcbur olmuşdur. Həmçinin qeyd edir ki, cavabdehlə iddiaçı arasında nikah Ağdam Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuşdur. Göründüyü kimi tərəflər arasında qohumluq münasibətləri mövcud deyil və iddiaçının həmin evdə yaşaması cavabdehin hüquqlarını pozur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, heç bir yerdə evləri yoxdur. Qarşı tərəfin avtomobili var, amma başqasının adına rəsmiləşdirmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (anası) X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdeh indi Nəsimi rayonunda qeydiyyatdadır. Heç övladlarından xəbəri olmayan atadır.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verilmişdir. Eyni zamanda Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin məktubundan da aydın görünür ki, mübahisə predmeti olan mənzil sığınacaq kimi X2 oğlu Rüstəmov İlqara verilmişdir. Cavabdeh və iddiaçı da həmin mənzildə müvəqqəti yerləşmişdirlər. Bugünkü gündə qeyd etdiyi kimi ailə münasibətlərinə xitam verildiyindən və iddiaçı ailə üzvü olmadığından iddiaçının mənzildə yaşaması əsassızdır.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1993-cü ildən məcburi köçkündür. ünvan 3 ünvanında qeydiyyatdadır. Bu mənzil atasının xüsusi mülkiyyətindədir. Hazıradək Nəsimi rayonundakı mənzildə müvəqqəti qeydiyyatdadır.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə iddia tələbi ilə bağlı yazılı mövqeyini göndərərək apellyasiya şikayətinin təmin edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

14. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

15. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

16. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

20. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən və apellyasiya şikayəti yalnız iddianın təmin edilən hissəsindən verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilməli və iddia tamamilə rədd edilməlidir.

25. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

26. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi Binəqədi qəsəbəsi, mədən 2, korpus 38 ünvanında məcburi köçkün kimi kommunal qeydiyyatdadır.

27. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələri ilə yanaşı, birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı münasibətləri tənzimləyən 225.1-ci maddəsinə, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin də ərarvadın birgə nikahları dövründə əldə etdikləri ümumi əmlaklara dair 32.1, 32.2 və 33.1-ci maddələrinə istinad etmişdir.

28. Lakin buna münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad olunan maddi normalarda yanlışlığa yol verilmişdir. Belə ki, adları çəkilən maddələrdə məhz tərəflərin birgə nikahda olduqları vaxt əldə etdikləri və onlara məxsus olan əmlakların rejimi, o cümlədən həmin əmlaklar üzərindəki mülkiyyət hüquqları tənzimlənmişdir. Hazırki işdə isə iddiaçının köçürülməsini tələb etdiyi və cavabdehin də yaşadığını bildirdiyi mənzil onların heç birinin deyil, üçüncü şəxs olan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsusdur. Bu halda hansısa birgə nikah dövründə əldə edilmiş əmlakdan söhbət gedə bilməz və iddianın həlli qanunvericiliyin tələblərinə görə məhz üçüncü şəxs (eyni zamanda mülkiyyətçi) Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin razılığından asılı olmuş olur.

29. Bununla bağlı sözügedən qurum tərəfindən məhkəməyə daxil olmuş 06/66 saylı, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 38 ünvanında yerləşən sahə qeyri-yaşayış sahəsidir və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsusdur. Cəmiyyət sözügedən sahədə gözdən əlil şəhid ailəsi olduğuna görə X3 ailəsinə müvəqqəti məskunlaşması üçün sınınacaq vermişdir. İddiaçı X3 bacısı Cavabdeh ilə evlənmiş olduğuna görə bu ünvanda müvəqqəti yaşamışdır. Birinci instansiya məhkəməsi mülkiyyətçi olduğunu bildirirərək Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin mövqeyini araşdırmadan qətnamə qəbul etmişdir və Cəmiyyət bu qətnaməni əsassız hesab edir. Belə ki, Cəmiyyət gözdən əlil vətəndaşların maddi vəziyyətini və statusunu nəzərə alaraq onları müvəqqəti sığınacaqla təmin edir. İddiaçı gözdən əlil deyil və Cəmiyyət tərəfindən onun sözügedən sahədə məskunlaşmasına icazə verilməmişdir. Onun bu sahədə heç bir təsərrüfatı yoxdur. Sahədə məskunlaşan ailələrə istifadəsi zamanı kommunal ödənişlərin aparılması üçün sayğacların onların adına rəsmiləşdirilməsi Cəmiyyət tərəfindən qoyulan məcburi öhdəlik olmuşdur. Birgə nikahda olduqlarına görə Cavabdeh icazəsi ilə sayğaclar müvəqqəti olaraq İddiaçı adına rəsmiləşdirilmiş, lakin bütün ödənişlər cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Gözdən Əlillər Cəmiyyəti apellyasiya şikayətinin təmin edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Göstərilən məktubun məzmunundan da göründüyü kimi üçüncü şəxs tərəfindən mübahisəli sahə məhz cavabdehin gözdən əlil qardaşı üçün təsis edilmiş və onun ailə üzvü olduğundan cavabdehə də həmin əsasla orada yaşamasına şərait yaradılmış, lakin nə həmin vaxt, nə də hazırda iddiaçıya bununla bağlı hər hansı icazənin verilmədiyini və həmin sahədən istifadəsinə razı olmadıqlarını bildirmişlər. Bu da onu deməyə əsas verir ki, mülkiyyətçinin razılığı olmadan ona məxsus sahəyə köçürülməsi yolverilməzdir və bununla bağlı iddia tələbinin təmin edilməsini istisna etməlidir.

31. Bundan əlavə birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçının mübahisəli ünvanda kommunal qeydiyyatındadır və bu da onun mübahisəli mənzilə köçürülməsinə dair əsaslardan birini təşkil edir. Lakin nəzərə alınmalıdır ki, qeyd edildiyi kimi iddiaçı mübahisəli sahədə pasport qeydiyyatında deyil, məhz kommunal qeydiyyatındadır və bu qeydiyyat yalnız müəyyən kommunal ödənişlərin aparılması üçün nəzərdə tutulmuşdur. Halbuki iddiaçı özü də apellyasiya baxışı zamanı verdiyi ifadəsində ünvan 3 ünvanında qeydiyyatda olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi isə bu halları lazımi qaydada aydınlaşdırmamış, işin nəticəsi barədə yanlış qənaətə gəlmişdir.

32. Bundan başqa iddiaçı mübahisəli öz hesabına təmir etdiyini qeyd etsə də, bu hala dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Halbuki nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

33. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

34. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

35. Beləliklə, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir və buna görə də apelyasiya şikayəti təmin edilməli, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilməli və iddia tamamilə rədd edilməlidir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

38. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

40. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

41. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı alınaraq Cavabdeh ödənilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5527/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi həmin hissədə rədd edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği olan 50 (əlli) manat məbləğində pul İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar