Məhkəmə qərarları › İş №2(103)-2656/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2656/2022

10.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2656/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 5 saylı saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli, 2(004)-3736/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mərhum atası X1 miras qalmış Bakı şəhəri Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsi ev 97-də yerləşən 2 otaqlı 37 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(004)-3736/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 09.10.1947-ci il təvəllüdlü X2 qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli, 2(004)-3736/2021 saylı qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli, 2(004)-3736/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, qətnamədən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 16 yanvar 2022-ci il tarixi bazar günü, yəni qeyri-iş günü olduğundan, qanunun tələbinə görə apellyasiya şikayətinin verilməsinin son günü 16 yanvar 2022-ci il yox, məhz sonrakı birinci iş günü olan 17 yanvar 2022-ci il tarixi hesab olunur. Apellyasiya şikayəti 19 yanvar 2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olsa da, rabitə orqanı olan poçt daşıma kuryer xidmətinə 17 yanvar 2022-ci il tarixdə təqdim edilmiş və müvafiq poçt qəbzində bu məlumatlar əks olunur. Bununla yanaşı, apellyasiya şikayətini «e-Mehkeme.gov.az» elektron məhkəmə portalında şəxsi kabinet vasitəsi ilə 16 yanvar 2022-ci il tarixdə elektron şəkildə yerləşdirməyə dəfələrlə cəhd olunsa da, texniki səbəblərdən mümkün olmamış, elektron məhkəmə portalında xəta baş vermişdir. Bundan əlavə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununa dəyişiklik edilməsi haqqında 09 iyul 2021-ci il tarixli 364-VİQD saylı Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin (Keçid müddəaları) tələblərinə əsasən, bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.02.2022-ci il tarixli, 2(004)-3736/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, qətnamə cavabdehin nümayəndəsinin elektron kabinetinə 16 dekabr 2021-ci il tarixdə yerləşdirilmiş, apellyasiya şikayəti 17 yanvar 2022ci il tarixində poçt daşıma orqanına təqdim edilməklə qanunvericiliklə nəzərdə tutulmuş müddət daxilində kağız daşıyıcıda məhkəməyə təqdim olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 129.2-ci maddəsinin tələblərinə əsasən, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. MPM-nin 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İşdə olan sənədlərlə müəyyən olunur ki, apellyasiya şikayətinin 16 yanvar 2022-ci il tarixində elektron kabinet vasitəsilə daxil edilməməsinin səbəbi elektron məhkəmə portalında xəta baş verməsi olmuşdur. “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, nöqsanlar aradan qaldırılmaqla apellyasiya şikayəti 14 fevral 2022-ci il tarixində yenidən tərtib olunmuş və elektron kabinet vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Bundan başqa, məhkəmə kollegiyası dövlət rüsumunun düzgün ödənilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununa dəyişiklik edilməsi haqqında 09 iyul 2021-ci il tarixli 364-VİQD saylı Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin (Keçid müddəaları) tələblərinə əsasən, bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 19 may 2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Belə olan halda dövlət rüsumu 2021-ci il oktyabrın 1-dən əvvəlki dövrdə qüvvədə olan qaydalara əsasən ödənilməli olduğundan hazırki iş üzrə şikayətə əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbz qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli, 2(004)-3736/2021 saylı qərardadı ləğv edilməli, həmin Məhkəmənin 25.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək apellyasiya icraatına qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.01.2022-ci il tarixli, 2(004)- 3736/2021 saylı qərardadı ləğv edilsin və İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar