Məhkəmə qərarları › İş №2(103)-2659/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2659/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2659/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla, cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “avtomaşının qaytarılması, alğı-satqı müqaviləsi bağlanması, maddi və mənəvi zərərin ödənilməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla, cavabdehlər Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı avtomaşının qaytarılması, alğı-satqı müqaviləsi bağlanması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4112/2022 saylı işi üzrə xx.xx.2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı “Mitsubishi Grandis" markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq iddiaçıya verilməsi, pul ödənilməsi öhdəliyini yerinə yetirməsi ilə bağlı “Mitsubishi Grandis" markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmasının Cavabdeh öhdəsinə qoyulması, maddi zərərin əvəzi olaraq 15000 manatın, mənəvi ziyana görə 5000 manatın və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4112/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 448.1, 567, 600.1, 600.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, alğı-satqı müqaviləsi iki tərəfin – alıcının və satıcının bir-biri ilə üstüstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. İddiaçı “Mitsubishi Grandis” minik markalı **- MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödədiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəliyi yerinə yetirərək, alınan avtomobili iddiaçıya vermiş, bunun nəticəsində cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıdan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, iddiaçı isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmış, lakin iddiaçı tərəfindən həmin öhdəliklər yerinə yetirilməmişdir. İddiaçı alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyindən, Müqavilənin 5.1.3cü bəndinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti avtomobili geri almaqda haqlı olmuşdur. İddiaçı tərəfindən avtomobilin geri qaytarılması Cavabdeh tələb edilsə də, məhkəmə tədqiqatı zamanı avtomobilin alqı-satqısının Cavabdeh ilə deyil, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır ki, bu halda iddiaçının avtomobili Cavabdeh tələb etməsinin hüquqi əsası olmadığından iddia göstərilən hissədə təmin oluna bilməz. İddia tələbinin avtomobilə dair alğı-satqı müqaviləsi bağlanmasının Cavabdeh öhdəsinə qoyulması hissəsinə münasibətdə tələbin avtomobilin geri qaytarılması hissəsinin hüquqi mövqeyi ilə eyni olduğundan, iddia tələbi göstərilən hissədə də təmin oluna bilməz. İddiaçı iddia tələbində maddi zərərin əvəzi olaraq 15000 manat pulun ödənilməsini tələb etsə də, maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, eyni zamanda göstərilən məbləğdə maddi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz.

3. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 004/21 saylı “əşyanın nisyə alqı-satqısı haqqında” müqaviləyə əsasən satıcı özünə məxsus “Mitsubishi Grandis” minik markalı avtomobilini alıcıya nisyə olmaqla satmağı, alıcı isə həmin minik avtomobilinin dəyərini hissə-hissə olaraq satıcıya ödəməyi öhdələrinə götürmüşlər; - AD seriyalı 330805 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, “Mitsubishi Grandis” minik markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına qeydiyyata alınmışdır; - xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan məlum olur ki, İddiaçı Azərbaycan Respublikası DİN-nə və DTX-yə ünvanladığı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (iş səh. 6, 12, 13). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4112/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 127; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 567, 600.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, onunla "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi, MMC-nin direktor müavini X4 arasında 10 iyun 2021-ci il tarixdə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Mitsubishi Grandis” markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 4500 manata ona satılması nəzərdə tutulmuşdur. Cavabdeh mülkiyyətində olan “Mitsubishi Grandis” markalı **-MX- *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini hissə-hissə ödəmək şərtilə onun mülkiyyətinə verilməli idi. Avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin əsli onda olmuşdur və hər ay illik faiz dərəcəsi 26 % olmaqla 12 ay müddətinə 395 manat ödənilməsi razılaşdırılmışdır. Avtomobilin idarə edilməsi ilə bağlı Cavabdeh tərəfindən ona yol vərəqəsi verilmişdir. Cavabdeh fiziki şəxs olmasına baxmayaraq, qeyri-qanuni ona yol vərəqəsi vermişdir. Lakin avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verilməmişdir, dəfələrlə etibarnamə verməsini tələb etsə də cavabdeh bundan yayınmışdır. Cədvələ uyğun olaraq hər ay ödənişlər yerinə yetirilmişdir. O hər ay nəzərdə tutulmuş məbləğdən çox ödəniş edərək müqavilənin şərtlərini yerinə yetirmişdir və sonuncu ödənişi edib alqı-satqı yolu ilə onun mülkiyyətinə qaytarılmasını bildirmişdir, lakin cavabdehlər müxtəlif bəhanələr gətirərək guya faiz borcu qalmasını bildirmiş, ondan əlavə pul tələb etmişlər. 2021-ci ilin dekabr ayında avtomobili idarə edərkən X7 əməkdaşları tərəfindən saxlanılmışdır. Avtomobil etibarnaməsiz idarə edildiyindən saxlanılmış və cərimə meydançasına yerləşdirilmişdir. Cavabdeh avtomobili cərimə meydançasından götürmüşdür. O cavabdehdən avtomobili qaytarması və aralarındakı razılaşma üzrə öhdəliyini, alqı-satqı yolu ilə onun mülkiyyətinə qaytarılmasını tələb etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Müqavilənin müddəti 2022-ci ilin iyun ayında bitmişdir. Cavabdehlər tərəfindən hüquqları kobud şəkildə pozulmuşdur və cavabdeh tərəf avtomobili ələ keçirmək məqsədi güdür. Həmçinin məhkəmədə işə baxılarkən cavabdehlərin əməlində cinayət tərkibi olduğundan vəsatət qaldıraraq xüsusi qərardad çıxarılmasını xahiş etmiş, lakin vəsatət təmin edilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdehlə aralarında bağlanmış müqavilədə başqa şirkətin rekvizitlərinin olduğunu, maddi zərəri avtomobilsiz qalması ilə əlaqədar çəkdiyi xərclərə görə tələb etdiyini, cavabdehdən “Mitsubishi Grandis” markalı avtomobildən sonra “Chevrolet Captiva” markalı avtomobili aldığını, həmin avtomobilə görə hər ay 1600-1800 manat ödədiyini, bir müddət sonra hər iki avtomobilə görə ödəniş edə bilmədiyi üçün “Chevrolet Captiva” markalı avtomobili qaytardığını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, iddiaçının istinad etdiyi nisyə alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olduğunu, iş materiallarında olan ödəniş qəbzlərinin “Chevrolet Captiva” markalı digər avtomobillə bağlı olduğunu, iddiaçı tərəfindən ilkin olaraq “Chevrolet Captiva” markalı, daha sonra “Mitsubishi Grandis” markalı avtomobilin alındığını, “Chevrolet Captiva” markalı avtomobillə bağlı ödənişlərin də gecikdirildiyini, iddiaçının “Chevrolet Captiva” markalı avtomobildən ödəniş edə bilmədiyi üçün imtina etdiyini, “Mitsubishi Grandis” markalı avtomobilə görə ödəniş edilmədiyini qeyd etmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.

7. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.

8. İş üzrə kreditin təyinatı və kim tərəfindən imzalanması məlum olmayan ödəniş qrafiki və qəbzlər təqdim edilmişdir ( iş səh. , 5, 30-33). Apellyasiya baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

10. Məcəllənin 362.1, 364.1 və 364.2-ci maddələrinin tələblərinə əsasən: “Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.” “Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.”

11. Məcəllənin 358-ci maddəsinə əsasən: “358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər s-əlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.”

12. Məcəllənin 359.1-ci maddəsinə əsasən: “Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.”

13. Məcəllənin 403 və 404-cü maddələrinin tələblərinə əsasən : “403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. 403.3. Xüsusi qeyd-şərt olmadıqda, işin hallarına, o cümlədən onun məqsədinə əsasən aşağıdakılar müəyyənləşdirilməlidir: 403.3.1. üçüncü şəxs hüquq əldə etməlidir, yoxsa əldə etməməlidir; 403.3.2. bu hüquq dərhal, yoxsa müəyyən ilkin şərtlər olduqda əmələ gəlir; 403.3.3. üçüncü şəxsin razılığı olmadan onun hüququna xitam verməyə və ya hüququnu dəyişməyə müqavilənin tərəflərinin ixtiyarı var, yoxsa yox. 403.4. Müqavilədə üçüncü şəxsin xeyrinə qeyd-şərt qoymuş tərəf, kontragentin razılığından asılı olmayaraq, müqavilədə göstərilən üçüncü şəxsi dəyişmək hüququnu saxlayır. 403.5. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, üçüncü şəxsin müqavilə üzrə öz hüququndan istifadə etmək niyyətini borcluya bildirdiyi andan tərəflər bağladıqları müqaviləni üçüncü şəxsin razılığı olmadan ləğv edə və ya dəyişdirə bilməzlər. 403.6. Borclu kreditora qarşı irəli sürə biləcəyi etirazları müqavilədə üçüncü şəxsin tələbinə qarşı irəli sürə bilər. 403.7. Üçüncü şəxs müqavilə üzrə ona verilmiş hüquqdan imtina etdikdə, kreditor həmin hüquqdan, əgər bu Məcəlləyə və müqaviləyə zidd deyilsə, istifadə edə bilər.”

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair qərarına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.

15. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, "Mülki Məcəllənin 21, 324, 385-390, 337-354, 358-365, 560, 567-601, 1096; "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

16. Mülkün (nəqliyyat vasitəsinin) tələb etmək hüququna gəldikdə isə bu hüquq məhz mülkiyyətçiyə mənsubdur və cavabdehə verilən təmsilçilik hüquqlarının qüvvədə olmasından asılı olaraq özünün və ya təmsilçi vasitəsi ilə bu hüquqların həyata keçirilməsində azaddır. Mülkiyyətçi ilə təmsilçi arasında olan, o cümlədən mülki məsuliyyəti müəyyən edən münasibətlər isə qanunla tənzimlənir.

17. İddiaçı müqavilə bağlayarkən onun puç əqd olduğuna, nəqliyyat vasitəsi üzrə səlahiyyətsiz şəxslə bağlanmasına və münasibətlərdən irəli gələn əsaslı, aidiyyəti və mötəbər sübutedici meyarlara əhəmiyyət verməmiş və bunlardan irəli gələrək məhkəmə iddia edilənləri müəyyən edə bilməmişdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

19. Ümumiyyətlə, iddiaçı əvvəlcədən nisyə alğı-satqı üzrə mülki münasibətlərin kiminlə mövcudluğunda və iki nəqliyyat vasitələri üzrə münasibətlərdə (sübutlarda) belə özü qarışıqlıq salmışdır. Ona görə, apellyasiyanın əsaslarına və məhkəmə qətnaməsinin əsassızlığına xüsusatlar müəyyən edilmir.

20. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçının özünə aid edilməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4112/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar