Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2662/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh1 Oqtay oğlunun və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Məhud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 Oqtay oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Ramil oğluna, Cavabdeh7 qarşı «qəzalı vəziyyətdə olan tikililərin sökülməsi və həmin binalarda yaşayan sakinlərin kompensasiya ödənilməsi şərti ilə köçürülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(006)-5724/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "Elips-R” LTD Məhdud Məhsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məcid oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı «qəzalı vəziyyətdə olan tikililərin sökülməsi və həmin binalarda yaşayan sakinlərin kompensasiya ödənilməsi şərti ilə köçürülməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə məhkəməyə müraciət edərək, cavabdehlərinn mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələrinin kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan mənzillərinin mövcud faktiki sahəsinə uyğun olaraq hər kv.metr üçün 2200 manat kompensasiya ödənilməklə və ya həmin küçələrin kəsişdiyi qeyd olunan ərazidə artıq inşa edilmiş və hazır olan binada hazırkı mövcud faktiki sahələrindən 20% artıq sahəsi olan və təmirli mənzillər verilməklə, cavabdehlərin və onlarla birlikdə mənzillərdə qeydiyyatda olan ailə üzvlərinin Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələrinin kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan mənzillərdən köçürülməklə, mübahisəli mənzillərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının fəaliyyətinin əsas istiqamətlərindən biri hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisidir. İddiaçı ölkə əhalisinin mənzilə və yaşayış şəraitinin yaxşılaşdırılmasına artan tələbinin ödənilməsi, “ekonom klass” kateqoriyasına aid olan mənzillərin tikintisi sahəsində çox böyük təcrübəyə, geniş və peşəkar kadr potensialına (mühəndis, memar, arxitektor, tikinti konstruktoru, is icraçıları, texnik və sair), eləcə də hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün zəruri olan müasir tipli texnika, mexanizm və digər qurğu və avadanlıqlara malikdir. İddiaçı paytaxtda və eləcə də regionlarda müasir memarlıq üslubuna uyğun hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının, insana rahatlıq və zövq bəxş edən, biznes və ticarət mərkəzlərinin, Bakı şəhərinin Şərq ilə Qərb sivilizasiyasını təbəssüm etdirən bənzərsiz memarlıq ənənələrini qorunub saxlanmaqla çoxlu sayda yaşayış və qeyri-yaşayış binalarının tikintisini müəyyən olunmuş müddətdə və yüksək keyfiyyətlə başa çatdıraraq sifarişçi təşkilatlara və vətəndaşlara təhvil vermişdir. Hal-hazırda iqtisadiyyatda yaranmış real vəziyyət fonunda ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və tikinti sahələrində dövlət nəzarətini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər planı əsasında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binaların tikilməsi şəraitinin yaradılması yeni iqtisadi modelə keçid yolunda növbəti bir addımdır. Bu yeni iqtisadi model ümumən iqtisadiyyatda artıma və genişlənməyə gətirib çıxaracaq, çünki tikinti iqtisadiyyatın ən mühüm sahəsi və eyni zamanda onun aparıcı qüvvəsidir. İqtisadiyyatda böhran yaranan kimi bu fakt özünü birinci olaraq məhz tikinti sektorunda göstərir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı ilə müvafiq icra hakimiyyəti orqanları ilə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin mütəxəssisləri tərəfindən Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında dəfələrlə aparılmış baxış zamanı müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən məhəllələrdə keçən əsrin əvvəllərində tikilən azmərtəbəli yaşayış və qeyriyaşayış binaları qəzalı vəziyyətdədir, yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır, bundan başqa göstərilən ünvanda iddiaçının istifadasinə verilmiş torpaq sahəsi uzun müddət öncə qismən hesablanmış ərazidə yerləşən köhnə tipli evlərin əksər hissəsin sakinləri köçürülmüş və həmin evlərin bir qisminin tam və qismən sökülməsi nətiçəsində ərazi yararsız və antisatıitariya vəziyyətə salınmışdır. Yaşayış evlərinin istismarda olan kommunikasiya xətləri (elektrik, su, kanalizasiya) köhnəlmiş və yarasız hala düşmüşdür. Həmin xətlərin nizamsız olması və birmərtəbəli yaşayış evlərinin konstruksiyalarının əksər hissəsinin ağac materialından inşa olunması, gələcəkdə baş verə biləcək yanğın və digər arzuolunmaz hadisələrin baş verməsinə bilavasitə səbəb olacaqdır. Bundan başqa, həmin yaşayış evləri sanitar-gigiyenik normalarının tələblərinə cavab vermir, günü-gündən gözəlləşən paytaxtın ümumi görkəminə xələl gətirir, əsla uyğun gəlmir. Həyətin giriş hissəsinin dar olması, sakinlər tərəfindən müxtəlif illərdə yaşayış sahələrini artırmaq məqsədi ilə qanunsuz olaraq əlavə tikililərin inşa edilməsi nəticəsində tikililərin texniki vəziyyəti məhduddur, bu da gələcəkdə sakinlərin həyatı üçün ən böyük təhlükə mənbəyidir. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.03.2004-cü il tarixli, 45 saylı Sərəncamı ilə Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi, hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin apatılması məqsədilə söküləcəyi nəzərdə tutulan azmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının altında yerləşən 0.41 hektar torpaq sahəsi iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada daimi istifadəsinə verilmişdir. Beləliklə, göstərilən ərazidə yerləşən 0.41 hektar torpaq sahəsi yüklü edilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.03.2004-cü il tarixli, 45 saylı Sərəncamın 2-ci paraqrafı əsasında, yüklü edilmiş ərazidə yerləşən tikililərin sökülməsi və onların yerində müasir tələblərə uyğun yenilərin tikilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı adı çəkilən Sərəncama uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələrinin kəsişməsində köhnə yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin əksəriyyəti ilə kompensasiya ödəmək şərti ilə Razılaşma Müqaviləsi bağlayaraq həmin sakinləri göstərilən ərazidən köçürülməsini təmin etmiş və ərazinin bir hissəsində söküntü işlərini tamamlayaraq yerində hündürmərtəbəli dörd və iki girişli çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirmişdir. Eyni zamanda, cavabdehlər və onların ailə üzvləri mülkiyyətlərində olan mənzil sahəsinin əvəzi kimi iddiaçının təklif etdiyi, hər kvadrat metr üçün 2000 manat kompensasiya ödənişi ilə razı olmadıqlarından, reallığa uyğun olmayan, bazar qiymətindən qat-qat artıq, insanın təsəvvür qabiliyyətindən çox-çox kənarda qalan kompensasiya məbləği tələb etdiklərindən iddiaçı həmin ərazidə tikinti və abadlıq işlərini tam həcmdə apara bilməmiş və bununla da Bakı Şəhər İcra Hakimiyyəti Başçısının göstərilən Sərəncamından irəli gələn öhdəliklərini yerinə yetirə bilməmişdir. Bundan başqa cavabdehlərin mülkiyyətində olan həmin yaşayış sahələri S.Rüstəm, M.Qasımov, X.Şuşınski və F.Qasımzadə küçələrinin kəsişməsində yerləşir və Baki Şəhər İcra Hakimiyyətinin iddiaçıya verilmiş, ayrıc aktının təsiri dairəsinə düşərək sökülməsi qərara alınmış torpaq sahəsində yerləşir və faktiki olaraq qəzalı vəziyyətdə olan tikililərdir. Eyni zamanda, cavabdehlərin əksəriyyəti orada yaşamır, həmin yaşayış sahələrini özbaşına olaraq, heç bir müvafiq İcra Hakimiyyəti orqanlarının Qərarı olmadan qeyriyaşayış sahəsinə çevirərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri orada yerləşdirmişlər. Bunun da nəticəsində yüklü edilərək iddiaçının istifadə hüququna ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması ləngimiş və iddiaçı küllü miqdarda maliyyə vəsaiti itirməklə yanaşı, digər mülkiyyətçilər və podriyad şirkətləri ilə bağladığı Müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyindən maliyyə sanksiyalarına məruz qalmışdır. Cavabdehlərlə mübahisəni razılaşma və danışıqlar yolu ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət olunaraq müvafiq iddia qaldırılmışdır. Aparılan monitoring nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin yaşadıqları evlər hal-hazırda qəzalı vəziyyətdədir və hər an uçmaq təhlükəsi vardır, bu baxımdan onların orada yerləşdirdikləri qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin həyatı üçündə təhlükəlidir. Bu səbəbdən də hesab edir ki, iddiaçıya ayrılmış ərazidə yerləşən tikililər sökülərək, cavabdehlər mübahisəli ərazidən köçürülməlidirlər. Mövcud sərəncamı icra edən iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, iddiaçı tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli və praktiki olaraq ən yüksək təkliflər edilir. Bakı səhər İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən icra olunmalıdır. İddiaçının irəli sürdüyü təkliflər günün tələblərindən də artıqdır və kifayət qədər ədalətli və ağlabatandır, belə olan halda, cavabdehlərin müvafiq razılaşmaya getmədən, mənzillərinə görə şişirdilmiş, ağlabatan olmayan və katostrafik məbləğdə pul tələb etməsi cavabdehlərin mülkiyyət hüquqlarından sui-istifadə halıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.11.2021-ci il tarixli, 2(006)-5724/2021 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamədən görünür ki, "Elips-R” LTD Məhdud Məhsuliyyətli Cəmiyyəti 30.12.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05.03.2004-cü il tarixli 45 saylı Sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şüşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi və tikintisinə icarə əsasında 0.41 ha ərazi iddiaçının istifadəsinə verilmişdir. İşdə olan 13/233 saylı İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc aktından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05.03.2004-cü il tarixli 45 saylı Sərəncamı ilə yaşayış evlərinin layihələndirilməsi və tikintisi üçün verilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şüşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə yerləşən 0,4100 ha torpaq sahəsinin ayrıc aktı iddiaçının adına tərtib olunmuşdur. İşdə olan MH seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən”Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (141 saylı pavilyon) daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 Məcid oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan ********** qeydiyyat nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 Məcid oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 Oqtay oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan məhkəmə aktlarından (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi) görünür ki, İddiaçı Məhud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Oqtay oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Ramil oğluna, Cavabdeh7 qarşı «özbaşına tikililərin sökülməsi» tələbinə dair iddiası təmin olunmamışdır. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 Oqtay oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Ramil oğluna, Cavabdeh7 qarşı «mənzillər verilməklə köçürülmə, tikililərin sökülməsi» tələbinə dair iddiası təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən – iddiaçının sübutetmə yükünü həyata keçirə bilməməsinə, sökülməsi tələb olunan daşınmaz əmlakların qəzalı vəziyyətdə olmasına dair müvafiq icra hakimiyyəti orqanının rəyinin olmaması, həmin əmlaklar üzərində cavabdehlərin mülkiyyət (əmlak) hüquqlarının mövcud olmasını, mülkiyyət hüququnun qanunla müdafiə olunması, mülkiyyətçinin razılığı olmadan əmlakın sökülməsinin yolverilməz olmasını, bu istiqamətdə iddiaçının subeyktiv hüquqlarının olmamasını və s. göstərmişdir. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbayjan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X7 qarşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və beləı müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. İddiaçı tələbinin əsası kimi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2004-cü il tarixli 45 saylı sərəncamının mövcudluğuna istinad etmişdir. Həmin sərəncamdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm, M.Qasımov, X.Şüşinski və F.Qasımzadə küçələri ilə əhatə olunmuş 968-ci məhəllədə mövcud fərdi yaşayış evlərinin sökülərək, yerində yaşayış evlərinin layihələşdirilməsi və tikintisinə icarə əsasında 0,41 ha ərazi iddiaçının istifadəsinə verilmişdir. Sərəncamda həmçinin qeyd edilmişdir ki, ərzidə yerləşən yaşayış və qeyri yaşayış tikililərinin sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə uyğun həyata keçirilməlidir. Mülkiyyətçinin iradəsinə zidd olaraq mülkiyyət hüququna kompensasiya verilməklə xitam verilməsi (hazırki vəziyyətdə əmlakın sökülməsi) yalnız qanunvericilikdə göstərilən hallarda və qaydada (əmlakın dövlət ehtiyacları üçün alınması, həmçinin Mülki Məcəllənin 203-212 və s. normalarında göstərilən əsaslar) həyata keçirilə bilər ki, iddiaçının da istinad etdiyi qeyd edilən sərəncam (həmin sərəncama əsasən müvafiq torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi faktı və s.) bu hala aid deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı cavabdehlərin yaşayış sahələrinin qəzalı vəziyyətdə olmasına istinad etmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hətta bu halın mövcudluğunu şərti olaraq ehtimal kimi qəbul etsək belə iddiaçının həmin əsasla iddia tələbi irəli sürməsi yolverilən deyildir. Mənzil Məcəlləsi qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı müvafiq hüquqi tənzimləməni müəyyən etmişdir. Belə ki, Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə görə, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Göründüyü kimi, hazırki iddia tələbi qeyd edilən hüquq normasının dispozitiv şərtlərinə uyğun olmamaqla, onunla ziddiyyət təşkil edir. Bundan əlavə iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli 86 saylı Qərarına istinad etmişdir ki, həmin qərarı ümumiyyətlə iddiaçının tələb (subyektiv) hüququnu yaratmamışdır. Birincisi, müvafiq torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 05 mart 2004-cü il tarixli 45 saylı sərəncamı Nazirlər Kabinetinin qeyd edilən qərarından 12 il əvvəl verilmişdir, ikincisi isə həmin qərarın mövcudluğu özü-özlüyündə hazırki işin halları baxımından iddiaçının tələbinin təmin olunması üçün qanuni əsas sayıla bilməz. Bundan əlavə, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. «Torpağın alınmasına əsas verən dövlət ehtiyacları» “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı cavabdehlərə məxsus yaşayış və qeyri-yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin alınması üçün həmin maddədə qeyd olunan dövlət ehtiyaclarından da heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsinə əsasən ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Həmçinin, işdə olan yuxarıda qeyd edilən məhkəmə qərarlarından da görünür ki, iddiaçı əvvəl də analoji əaslardan çıxış edərək cavabdehlərə qarşı iddia qaldırmış, iddiası təmin olunmamış, məhkəmələr tərəfindən iddiaçının ümumiyyətlə sübyektiv hüquqlarının mövcud olmaması müəyyən olunmamışdır. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» Məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları, qanunvericiliyin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin (konvensiyanın) normalarını, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsini (oxşar işlər üzrə mövqeyini) nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi əsassız olmaqla, cavabdehlərin mülkiyyət (qanuni əmlak) hüquqlarının xitamına, onların yaşayış sahələrindən köçürülməsi və s. əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmaq, maddi və prosessual hüquq normalarının tələbləri gözlənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. Məhkəmə kollegiyası, qeyd edilənləri məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. İddiaçı tələbini (apellyasiya şikayətinin dəlillərini) əsalandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Məhud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 Oqtay oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Ramil oğluna, Cavabdeh7 qarşı «qəzalı vəziyyətdə olan tikililərin sökülməsi və həmin binalarda yaşayan sakinlərin kompensasiya ödənilməsi şərti ilə köçürülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(006)-5724/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(006)- 5724/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2662/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2662/2022
06.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver