Məhkəmə qərarları › İş №2(103)-2667/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2667/2022

30.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2667/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(005)-4647/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X9 arasında bağlanmış 21.11.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 ilə 1998- ci ildə qanunla müəyyən edilmiş qaydada nikah rəsmiləşdirilməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 14.07.1999-cu il təvəllüdlü Yeganə və 07.11.2000-ci il təvəllüdlü Ülviyyə adlı qızları var. Cavabdehlə nikahları 2016cı ildə pozulmuşdur. Buna baxmayaraq əlaqə saxlamışlar və məhkəmə qərarlarına əsasən aliment ödənilməklə yanaşı əlavə olaraq uşaqlarının gündəlik və sair xərclərini ödəmişdir. 2018-ci noyabr ayında uşaqların 18 yaşı tamam olduqdan sonra aliment ödənişi dayandırılmışdır. Aliment ödənişi dayandırıldıqdan sonra uşaqların təlim-tərbiyəsi ilə birlikdə məşğul olmaq məqsədilə birgə yaşayış barəsində razılığa gəlmişlər və yeni ev kirayəliyərək 2019-cu ilin mart ayindan 2020-ci ilin sentyabr ayına kimi bir ailə kimi yaşamışlar. 2020-ci ilin sentyabr ayında ailədaxili münaqişədən sonra 2020ci ilin oktyabr ayında yenidən evi tərk etdilər. Uşaqların və özünün aylıq xərclərinin ödənilməsi üçün aldığı pensiyadan hər ay 600 manat tutulub bank kartlarına köçürülməsi məqsədilə cavabdehlə aralarında 21.11.2018-ci il tarixdə notariat kontorunda rəsmiləşdirilməklə yetkinlik yaşına çatmış qızlarının saxlaılması məqsədilə “maddi təzminatın ödənilməsinə dair” müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən o, 14.07.1999-cu il və 07.11.2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmışqızlarının universitetdə təhsil almaları və digər xərclərinin ödənilməsi üçün hər ay olmaqla 2023-cü ilin noyabr ayına kimi 5 il müddətinə hər ay 600 manat pulun ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlanarkən aralarındakı mübahisəyə son qoymaq məqsədilə və gələcəkdə müqavilənin şərtlərinin ona ağır olacağını və belə bir müqavilə bağlamaqla əhəmiyyətsiz olmağının bilmədiyindən irəli gəlmişdir. Müqavilə bağlandıqdan sonra notarius tərəfindən icra vərəqəsi verilmədiyi üçün İnzibati orqan həmin müqavilənin şərtlərini icra etmədi və bütün xərcləri yenə nağd qaydada ödəməli olmuşdur. Uşaqlarına maddi yardım göstərmək mənəvi borcudur. Ancaq müqavilə bağlanandan ayı 500 manat olmaqla kirayədə mənzildə yaşayır. 3-cü qrup əlildir, iki dəfə insult keçirmişdir. Eyni zamanda şəkər xəstəsidir və heç bir yerdə işləmir, əlavə olaraq birgə yaşayış dövründə banklardan alınmış kredit borclarından qalmış 7142.24 manat borcu ödəməlidir. Müqavilə bağlanarkən uşaqlar yetkinlik yaşına çatmışlar. Hər ikisi ödənişsiz əyani ali təhsil almışlar. İndi hər ikisi ali təhsillərini başa vurmuşlar. Böyük qızı isə artıq işləyir. Xeyrinə müqavilə bağlanmış qızları müqavilə bağlanan an 18 yaşına çatmış şəxslər olmaqla tam-fəaliyyət qabiliyyətlidirlər. Yəni onlar özləri tam azad şurətdə öz iradələrinə əsasən mövcud qanunvericiliyin tələbinə zidd olmayan müqavilə bağlaya bilərlər və şərtlərini müəyyənləşdirə bilərlər. Aralarındakı müqavilənin məzmunundan aydındır ki, X9 müqaviləni 3-cü səxslərin yetkinlik yaşına çatmış qızlarının xeyrinə bağlamışdır. Aralarında müqavilə bağlanarkən Cavabdeh qızlarını təmsil etmək üçün müvafiq səlahiyyət verici sənəd-etibarnaməsi olmamışdır. Belə olan halda müqavilə bağlandığı andan etibarsızdır və əhəmiyyətsizdir. Aralarında bağlanmış müqavilə üzrə tərəf olan Y.V Abdullayebanın 3-cü şəxsləri təmsil etmək üçün səlahiyyəti və onun iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(005)-4647/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(005)-4647/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddia ərzəsində o, müqavilə bağlanan zaman üçüncü şəxslərin xeyrinə müqavilə bağlanan zaman onların hər ikisinin yetkinlik yaşına çatdıqlarına, onların özlərinin sərbəst və azad sürətdə iradələrinə uyğun müqavilə bağlamaq hüquqlarının olduğunu, onların adından Cavabdeh səlahiyyət verici müvafiq sənədi olmadığını göstərmişdir. Eyni zamanda AR. MM-nin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin Mülki hüquq fəaliyyət qabiliyyəti, o yetkinlik yaşına, yəni 18 yaşına çatdıqda tam həcmdə əmələ qəlib. Yəni, üçüncü şəxslərin özləri 18 yaşına çatdıqları üçün cavabdeh onların adından müqavilə bağlama səlahiyyətinin olmadığını bildirmişəm. Məhkəmə isə qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh müqavilə bağlamaq üçün subyektiv hüququnun olub-olmamasının araşdırıb hüquqi qiymət verməmiş, yalnız müqavilədən irəli qələn şərtlərə əsasən hüquqi qiymət vermişdir. AR.Konstitusiya Məhkəməsinin AR.Mülki Məcəlləsinin 337, 339.6-cı 346.1-ci, və 354-cü maddələrinin şərh edilməsinə dair 02.04.2021-ci il tarixli Qərarında qeyd edilir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axınlılığını təmin edən ən başlıca vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsız anlayışı və onun nəticəsini müəyyən edən 337-ci maddəsinə əsasən, bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Konstitusiya Məhkəməsi qeyd edirki müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması bir başa həmin əqd üzrə hüquqi nəticənin əmələ qəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə istinad olunan həmin əqdin etibarlı olması müəyyən edilməlidir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla bağlandığı andan etibarın öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenimunun mövqeyinə görə hər hansı bir əqdə istinad edilərək iddia verildiyi təqdirdə həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq Məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmələr əqdin Etibarsızlığı ilə işlərə baxarkən ilk növbədə əqdin etibarlı olub-olmadığını yəni, müqavilənin qanunvericiliyin tələbinə uyğun olubolmamasını aydınlaşdırmalıdır. Qeyd edildiyi kimi məhkəmə isə tərəflər arasında bağlanmış müqaviləyə onun etibarlı, qanunun tələblərinə zidd olub-olmamasına hüquqi qiymət verməmiş yalnız müqavilədən irəli gələn öhdəliklərlə əlaqədar şərtlərə hüquqi qiymət vermişdir. Məhkəmə iddianı rədd edərkən AR.MM-nin 354.1-ci və 354.2-ci maddələrinə istinad edmişdir. Məhkəmə həmin maddələrə istinad edməklə iddia müddətinin ötürdüyünə əsaslanmışdır. AR.MM-nin 354.2-ci maddəsi yalnız əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir ili ərzində iddia müddətinin nəzərdə tutur. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenimu AR.MM-nin 354.1-ci maddəsi ilə əlaqədar qeyd edir ki, əhəmiyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, onun içrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Yəni AR.MM-nin 354.1-ci maddəsində göstərilən bir il müddət müqavilə bağlanan gündən bir il ərzində iddia qaldırmaq müddəti deyil, onun nəticələri ilə bağlı müddətdir. X2 qərarına əsasən MM-nin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz. Məhkəmənin AR.MM-nin 354.2-ci maddəsinə istinad edilməklə tətbiq edilməməli maddi hüquq normasını tətbiq etmişdir. Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Yuxarıda qeyd olunanalardan tam aydın olunur ki, Məhkəmə tərəflər arasında mübahisəyə hüquqi qiymət verərkən tədbiq olunmamalı maddi hüquq normalarını tətbiq edmiş, mübahisənin əsas məğzini, yəni müqavilənin etibarsızlığına yox, onun məzmununa (şərtlərinə) uyğun olarak hüquqi qiymət vermişdir ki, bunun nəticəsində də tam əsasız və qanunsuz Qətnamə qəbul etmişdir. Həmçinin qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. İş materiallarından İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.11.2018-ci il tarixli Maddi təminatın ödənilməsinə dair müqavilənin surətindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahdan doğulmuş 14.06.1999-cu il təvəllüdlü X5 və 07.11.2000-ci il təvəllüdlü X4 universitetlərdə təhsil almalarına və onların digər maddi təminatlarının ödənilməsi üçün 2018-ci ilin noyabr ayından başlayraq 2023-cü ilin noyabr ayınadək hər növbəti ayın 1-nə kimi ayda 600 manat ödəniməsini öhdəsinə götürmüşdür. Cavabdeh isə həmin 600 manat pulun uşaqların maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, cavabdeh tərəfindən təqdim olunmuş iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.09.2021ci il tarixli, 2(103)-6921/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi təminatın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(007)-705/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən və İddiaçı Cavabdeh qarşı “maddi təzminatın ödənilməsinə dair müqavilənin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2758/2021 saylı 02 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxılaraq, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-705/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdeh İddiaçı, 2018-ci ilin noyabr ayından (həmin ay da daxil olmaqla) 2021-ci ilin mart ayına kimi (sonuncu fevral ayı olmaqla) olan müddət üçün tərəflərin birgə yaşadıqları 1 il 1 aya görə (2019-cu ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayına qədər) ödənilməli olan məbləğ (7800 manat), həmçinin ödənilmiş 900 manat çıxılmaqla, 8100 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməsi, İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2758/2021 saylı iş üzrə 02 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Maddi təminatın ödənilməsinə dair” 21.11.2018-ci il tarixli müqavilənin ləğv edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.12.2021-ci il tarixli, 2(103)- 6921/2021 saylı qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.12.2021-ci il tarixli, 2(103)-6921/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21.02.2022-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.12.2021-ci il tarixli, 2(103)-6921/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.09.2021-ci il tarixli, 2(103)-6921/2021 saylı qətnaməsində kollegiya qeyd etmişdir ki, İddiaçı isə həmin müqavilənin ləğv edilməsini tələb edir. Eyni zamanda, həm apelyasiya şikayətlərində, həm də nümayəndəsinin izahatında müqavilənin əhəmiyyətsiz əqd olması vurğulanır. Kollegiya ilk növbədə qeyd edir ki, xeyrinə müqavilə bağlanan X6 və X8 həmin vaxt yetkinlik yaşına çatmış şəxs olduqları, bu səbəbdən mübahisələndirilən müqavilə mülki-hüquqi əqd olduğu üçün hazırki mübahisə Ailə Məcəlləsinin normaları ilə deyil, Mülki Məcəllənin müddəalarına əsasən araşdırılmalı və həll olunmalıdır. Kollegiya qeyd edir ki, ilk öncə tərəflər arasında bağlanmış 21.11.2018-ci il tarixli “Maddi təminatın ödənilməsinə dair” müqavilənin etibarlı əqd olub-olmaması müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında göstərilmişdir ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (Mülki Məcəllənin 390.1-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.07.2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı sübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).” Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. 21.11.2018-ci il tarixdə maddi təminatın ödənilməsinə dair müqavilə bağlanarkən tərəflər sərbəst şəkildə onun predmeti barəsində razılığa gəlmiş, iradə ifadələrini əks etdirməklə müqaviləni imzalamışlar. Müqavilənin forma və məzmuna dair tələblərə riayət edilmişdir. Cavabdeh tərəf müqavilə bağlanarkən uşaqların yektinlik yaşına çatmasına istinad edərək, müqavilənin bağlandığı andan etibarsız (əhəmiyyətsiz) olmasını iddia edir. Kollegiya qeyd edir ki, 21.11.2018-ci il tarixli müqavilə bağlanan zaman tərəflərin nikahından doğulmuş Yeganə və Ülviyyə artıq yetkinlik yaşına çatmışlar və tərəflər bu barədə məlumatı ola-ola yuxarıda qeyd edilən məzmunda müqavilə bağlamışlar. Müqavilə məhz həmin uşaqların mənafeyi baxımından, onların xeyrinə bağlanmışdır. Mülki Məcəllənin 403.1 və 403.2-ci maddəsinə görə, üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən üçüncü şəxsin xeyrinə müqavilə bağlamaq imkanı nəzərdə tutulmuşdur. Cavabdeh uşaqlarının xeyrinə müqaviləni bağlamış və həmin müqavilə ilə tərəflər razılaşdırılmış şəkildə üzərlərinə öhdəlik götürmüşlər. Bu müqavilə ilə cavabdehin ödəməyi öhdəsinə götürdüyü pul vəsaiti, yetkinlik yaşına çatmış uşaqların saxlanılması üçün ödənc (aliment öhdəliyi) deyildir, tərəflər arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş əqddir. Tərəflər sərbəst şəkildə məzmununu müəyyənləşdirməklə müqavilə bağlamışlar və həmin müqavilə şərtləri qanunvericiliyə zidd deyildir. Eləcə də Cavabdeh səlahiyyətli şəxs olmuşdur, bu baxımdan da həmin əsasla əqdi əhəmiyyətsiz saymaq olmaz. Cavabdehin etirazı həmin müqavilənin etibarlılığını şübhə altına almağa əsas vermir. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir, odur ki, həmin müqavilə etibarlı əqddir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında 2(103)-6921/2021 saylı mülki işə baxılarkən, hazırki iş üzrə iddiaçının apellyasiya şikayətinin dəlili olmaqla, 21.11.2018-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd kimi etibarsızlığı ilə bağlı məsələyə qiymət verilmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi deyil, məhkəmə səhvlərini ədalət mühakiməsinin düzgün aparılmasını yoluna qoymaq məqsədi ilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Bu isə öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisələrin yekunlaşmasının və hüquq sabitliyinin təmin edilməsi üçün məhkəmə qərarlarının yenidən baxılmasına əsasən apellyasiya və kassasiya məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmisdir ki, hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Kollegiya hesab edir ki, eyni tərəflərin iştirak etdiyi qüvvədə olan məhkəmə qətnaməsi ilə (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.09.2021-ci il tarixli, 2(103)-6921/2021 saylı qətnaməsi) 21.11.2018-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd kimi etibarsızlığı ilə bağlı məsələyə qiymət verildiyi halda, iddiaçı tərəfindən həmin müqavilə yenidən mübahisələndirilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Eyni zamanda iddia əsasız olduğuna görə iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verililməsinə lüzum yoxdur. Çünki Mülki Məcəllənin 372 və 377-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, iddia müddətinin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün ilk olaraq hüququn pozulması, sonra isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün müəyyən edilməlidir. Hazırki işdə də, cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozması halı müəyyən edilməmişdir. MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(005)-4647/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(005)-4647/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar