Məhkəmə qərarları › İş №2(103)-2667/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2667/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2667/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş (Açar sözlər: «müqavilədən əmələ gələn öhdəliklər, pul tələbi və dəbbə pulu») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-572/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: ünvan 1 ünvanında istifadədə olan 0.148 ha. torpaq sahəsində yerləşən 117.6 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası xx.xx.2006-ci il tarixdə tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır.

2. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamə ilə xx.xx.2016cı il tarixdə ölmüş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 117.6 kv.m qeyri-yaşayış binasından ibarət miras əmlaka İddiaçı tam hissədə pay almışdır.

3. ünvan 1 ünvanında istifadə hüququ qeydə alınmış 0.0148 ha torpaq sahəsində yerləşən 117.6 kv.m qeyri-yaşayış binası xx.xx.2017-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. 4.Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 6 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən mülkiyyətçi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 117.6 kv.m ibarət qeyri-yaşayış binasını və 0.148 ha torpaq sahəsini çoxmənzilli yaşayış binaları inşa edilməsi üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin qeyri-yaşayış binasını və torpaq sahəsi üçün razılaşdırılmış dəyərini qəbul etməyi öhdəsinə götürür.

5. Bakı şəhəri 6 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı qismində İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov küçəsində 0.0148 ha. torpaq sahəsində yerləşən 52 saylı, ümumi sahəsi 117.6 kv.m ibarət qeyri-yaşayış binasını 1.105.000 manata alıcı Cavabdeh MMC-yə satmışdır.

6. Cavabdeh MMC ilə İddiaçı ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinin şərtlərinə əsasən xx.xx.2024-cü il tarixdə 500.000 manat, xx.xx.2024-cü il tarixdə 181.500 manat və xx.xx.2024-cü il tarixdə isə 53.500 manat MMC tərəfindən İddiaçı ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Cavabdehnə qarşı müqavilədən əmələ gələn öhdəliklər üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 370.000 (üç yüz yetmiş min) manat məbləğində əsas pul vəsaitinin, 60.115 (altmış min yüz on beş) manat dəbbə pulunun, cəmi olaraq 430.115 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 721 (yeddi yüz iyirmi bir) manatın, məhkəmə aktı qəbul edilən tarixədək gündəlik 1.850 manat hesablanmaqla dəbbə pulunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiada göstərilib ki, ünvan 2 ünvanında yerləşən 0.148 ha torpaq sahəsinin və onun üzərində olan 117.6 kvadratmet qeyri-yaşayış binası İddiaçı sahibliyində, istifadəsində və mülkiyyətində olmuşdur. 2024-cü ilin aprel ayında ərizəçinin mülkiyyətində olan qeyri-yaşayış binası, torpaq sahəsinin hasarı və qapılar cavabdeh tərəfindən sökülməyə başlanmış, xx.xx.2024-cü il tarixdə isə qeyri-yaşayış binasına və torpaq sahəsinə daxil olmaq üçün nəzərdə tutulmuş giriş hissə cavabdeh tərəfindən tamamilə bağlanmışdır. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, söküntü işləri və mülkiyyət hüququna müdaxilə cavabdeh tərəfindən həyata keçirilmişdir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli 23 nömrəli sərəncamı ilə Bakı şəhəri İH Başçısının "xxxx" MMC-yə dair Nəsimi rayonu, Vəzirov, Sarabski və Ş.Abdullayev küçələrinin kəsişməsində yerləşən 0.7486 ha torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 270 nömrəli sərəncamı və aparılmış müvafiq sənədləşmə işləri həmin ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə Cavabdeh MMC-nin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə mülkiyyətçinin heç bir razılığı alınmadan və məlumatı olmadan özbaşına həmin sahəyə daxil olmuş, hasarı, qapını və qeyri yaşayış sahəsini sökmüşdür. Bundan sonra tərəflər arasında xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış və mübahisəli əmlak iddiaçı tərəfindən cavabdehə satılmışdır. Həmin alqı satqı-müqaviləsinə əsasən, əmlakın dəyəri 1.105.000 manat müəyyən olunmuş, həmin tarixdə cavabdeh tərəfindən 500.000 manat məbləğində pul vəsaiti ödənilmiş, yerdə qalan 605.000 manat isə xx.xx.2024-cü il tarixədək ödənilməli idi. İddiaçı tərəfindən bütün öhdəliklər icra edilsə də, cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 500.000 manat, xx.xx.2024-cü il tarixdə 181.500 manat və xx.xx.2024-cü il tarixdə isə 53.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cəmi olaraq 735.000 manat pul ödənilmiş, qalan 370.000 manat məbləğində isə pul vəsaiti ödənilməmişdir. Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini icra etmir və yuxarıda qeyd olunan məbləği ödəmir. Cavabdehə öhdəliklərinin icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanmış lakin buna münasibət bildirilməmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-572/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbinin qismən təmin edilərək Cavabdeh MMC-dən 290000 manat məbləğində əsas pul vəsaiti, 14000 manat dəbbə pulu, cəmi 304000 (üç yüz dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 509 (beş yüz doqquz) manat tutularaq İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, Cavabdeh MMC “Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 270 nömrəli Sərəncamının addan-ada keçrilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2023-cü il tarixli 23 saylı Sərəncamına əsasən icarəyə götürdüyü Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov, Sarabski və Ş.Abdullayev küçələrinin kəsişməsində yerləşən 0.7486 ha torpaq sahəsində yaşayış binaları inşa etmək üçün ərazidə olan bina və evlərlə bağlı mülkiyyətçilərlə danışıqlar aparmış və belə mülkiyyətçilərdən biri də İddiaçı olmuşdur. İşin materiallarından görünür ki, bu danışıqların nəticəsi olaraq Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri, 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 117.6 kv.m qeyri-yaşayış binasının və 0.148 ha torpaq sahəsi ******* manat dəyərində qiymətləndirilərək Cavabdeh MMC-yə satılması razılaşdırmış, həmin məbləğdən 500000 manat müqavilə bağlanıldığı an ödənilmiş, yerdə qalan 605000 manat hissəsi isə 4 ay ərzində, onun da 25-30%-ni 2 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra, xx.xx.2024-cü il tarixdə eyni notariat ofisində “daşınmaz əmlakın alqısatqı müqaviləsi” bağlanmış və müqavilədə yalnız torpaq sahəsi 0.0148 ha göstərilməklə, digər şərtlər dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklərini yerinə yetirməyərək cavabdehin müqavilə şərtləri üzrə ona ödənilməmiş qalan 430.115 manat məbləğində pul borcu olmasını iddia edir. Cavabdeh isə üzərinə düşən öhdəliklər üzrə ödənişin 73.76 %-i ödənilməsinə baxmayaraq İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini göstərərək iddianın təmin edilməsinə etiraz edir. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilələrdən keçən dövr ərzində, eləcə də iş məhkəmənin icraatında olan zaman cavabdeh tərəfindən iddiaçıya müqavilə şərtlərinə uyğun razılaşdırılmış 1.105.000 manatdan cəmi 815000 manat (500000, 181500, 53500, 30000, 25000, 25000) ödənilmiş, 290000 manat isə ödənilməmiş qalmışdır. İddiaçı tərəf iddia tələbini müdafiə etsə də məhkəmə dövründə ödənilmiş məbləğlərlə bağlı iddia tələbinin həcmini azaltmayaraq bunun məhkəmə tərəfindən nəzərə alınmalı olmasını bildirmiş, cavabdeh tərəf isə ödənilməmiş qalan məbləğin ödənilməməsinin səbəbini iddiaçının mövcud sənədlə onların mülkiyyətinə yalnız 0.0148 ha torpaq sahəsi verilməsini, yerdə qalan 0.1332 ha torpaq sahəsi ilə bağlı məsələ açıq qalması ilə əsaslandırmışdır. İşin materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 117.6 kv.m-dir. Onun adına 2017-ci ildə verilmiş çıxarışda qeyri-yaşayış sahəsinin 0.0148 ha. torpaq sahəsi üzərində yerləşməsi göstərilsə də, müəyyən edilmişdir ki, həmin əmlak ona vərəsəlik qaydasında keçmiş və miras qalmış əmlaka dair 2006-cı ildə verilmiş mərhum atasının adına olan çıxarışda həmin sahə 0.148 ha kimi göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsinə dair Nəsimi Rayon Məhkəməsinin e-16(006)-187/2014 saylı, xx.xx.2024-cü il tarixli qərardadında İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 117.6 kv.m olan qeyri-yaşayış binasının olduğu 0.148 ha torpaq sahəsində söküntü, tikinti, qazıntı və s. digər işlərinin aparılması Cavabdeh MMC-yə və digər şəxslərə qadağan edilsə də, qərardadın əsaslandırılmasında məhkəmə qeyd etmişdir ki, “ərizəçinin qeyd etdiyi kimi vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən öz adına çıxarış alan zaman torpaq sahəsinin ölçüsü inzibati orqan tərəfindən texniki səhv olaraq 0.0148 ha olaraq qeyd edilmə ehtimalı olduğundan və müvəqqəti təminat tədbirinin tam təmin edilməsi əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnəcəyindən İddiaçı şikayət ərizəsi qismən təmin edilməlidir”. Cavabdeh tərəf 0.0148 ha torpaq sahəsi göstərilməklə müqavilələr bağlanmasına baxmayaraq İddiaçı tərəfindən torpaq sahəsinin yeni çıxarışı alınmasına dair üzərinə öhdəlik götürməsinə əsaslansa da, iş materiallarında olan notariat qaydada təsdiq edilmiş 06 və 08 may 2024-cü il tarixli müqavilələrdə iddiaçının belə bir öhdəliyinin olması görünmür. Beləliklə də, cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun iddiaçıya cəmi razılaşdırılmış 1.105.000 manatdan cəmi 815000 manat ödənilsə də, üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək 290000 manat ödənilməmiş qalan borcu yaranmışdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının müqavilə üzrə ödənilməmiş qalan məbləğin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Beləliklə də, Cavabdeh MMC-dən 290000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələblərinin dəbbə pulu hissəsi ilə bağlı qeyd edir ki, qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı, Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

11. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayətində qətnamənin cavabdehdən tutulmalı olan əsas pul vəsaiti hissəsində dəyişdirilərək 370.000 manat müəyyən edilməsi və qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilərək həmin hissədə tam təmin edilməsini xahiş edib şikayətində göstərib ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edən zaman məhkəmə icraatı dövründə cavabdeh tərəfindən ödənilmiş cəmi 80.000 manat məbləğində pul vəsaitini əsas borcdan çıxmış, o cümlədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə hesablanmış peniya məbləğini xx.xx.2024-cü il tarixdə ödənilmiş 53.500 manata aid etməmişdir. Yəni, məhkəmə öhdəliyin icra müddətindən sonra ödənilən pul məbləğini əsas borcdan çıxaraq tərəflərin iradə ifadəsi olan müqaviləni nəzərə almamışdır. Qətnamə əsas borc məbləğinin tutulması hissəsində dəyişdirilməli, həmçinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi tam təmin edilməlidir. Alqı-satqı müqaviləsinin predmeti olan əmlakın dəyəri 1.105.000 AZN müəyyən edilmişdir. Müqavilənin son icra tarixinədək cavabdeh tərəfindən iddiaçıya 681.500 (500.000+181.500) AZN ödənilmişdir. xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçıya olan əsas borc qalığı 423.500 AZN təşkil etmişdir. Növbəti ödənişin (53.500) xx.xx.2024-cü il tarixdə edilməsini nəzərə alaraq gecikdirilmiş gün sayı 18 gündür. 423.500 manata münasibətdə gecikdirilmiş gün üçün ödənilməli cərimə məbləği 2117.5 AZN təşkil edir. 18 gün üçün isə bu məbləğ 38.115 AZN təşkil edir. İddia ərizəsi məhkəməyə təqdim edilən zaman 53.500 AZN məbləğində ödəniş əsas borcdan çıxılmış, lakin həmin müddət ərzində hesablanmış peniya məbləği əlavə olaraq iddia ərizəsində göstərilmişdir. xx.xx.2024-cü il tarixdən iddia ərizəsi məhkəməyə təqdim edilən günədək - xx.xx.2024-cü il tarixədək olan müddət ərzində əsas borc məbləği 370.000 manat təşkil edir. Gecikdirilmiş gün sayı 12 gündür. 370.000 manata münasibətdə gecikdirilmiş gün üçün ödənilməli olan cərimə məbləği 1.850 AZN təşkil edir.12 gün üçün isə bu məbləğ 22.200 AZN təşkil edir. Həmin müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ödənilməli olan peniya məbləği 60.115 manat təşkil etmişdir. Artıq məhkəmə mübahisəsi başlanıldığı dövrdə cavabdeh tərəfindən 30.000, 25.000, 25.000 olmaqla cəmi 80.000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə həmin məbləği əsas borcdan çıxmaqla hesablamış, 60.115 manat dəbbə puluna aid etməyərək haqlı olmamışdır.

12. Cavabdeh "xxxx" MMC isə apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş edib şikayətində göstərib ki, cavabdeh müqavilədə göstərilən müddət bitmədən, iddiaçıya qalıq borcunun bir qisminin əvəzinə mövcud bazar qiymətindən ucuz mənzil sahəsi təklif etmişdir. Bu hal göstərir ki, MMC-nin niyyəti müqavilənin şərtlərini pozmaq olmamışdır, sadəcə, biznes mühitində yaranan durğunluqla bağlı, maliyyə çətinlikləri ucbatından öhdəliyi pul ilə ödəmək mümkün olmadığını görüb onun əvəzinə mənzil təklif etmişdir. Məhkəmə işin bu halını nəzərə almamış, hər hansı araşdırma aparmamış, mənzilin real dəyərini müəyyən etməmiş, cavabdehin üzərinə götürdüyü öhdəliyin icrasından qaçmağımızı nəzərə almamışdır. Mənzilin dəyərindən əlavə MMC-nin ödəməyi üzərinə götürdüyü 53500 manatı da tam iddiaçıya ödəyərək bir daha müqavilə öhdəliklərini vicdanla icra etdiyini göstərmiş, lakin məhkəmə işin bu halını da nəzərə almamışdır. İddiaçı üzərinə 0.148 ha torpaq sahəsinin MMC-yə təhvil verilməsi barədə öhdəlik götürməsinə baxmayaraq, həmin torpaq sahəsinin sənədllərini hazırlayıb MMC-yə təqdim edilməsi ilə bağlı heç bir addım atmamışdır. Beləliklə, müqavilə şərtlərinin iddiaçı tərəfindən də açıq-aşkar icra edilməməsinə baxmayaraq və bununla bağlı keçən 4 ay ərzində heç bir addım atmaması bunu sübut etdiyini, hətta məhkəmə iclaslarında iddiaçının nümayəndələri və vəkilləri tərəfindən iddiaçının belə bir fikiri olmadığını bəyan etmələrinə rəğmən, məhkəmə iddiaçının iddia tələbini əsaslı saymış, müqavilə öhdəliklərinin birtərəfli qaydada icra edilməsini qanuni hesab etmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin yeni çıxarışı alınıb bu günə qədər MMC-yə təqdim edilməmişdir. Məhkəmə 14000 manat məbləğində, olduqca ağlasığmaz miqdarda dəbbə pulu tutmaqla tam əsassız və qanunsuz bir nəticəyə gəlmişdir. Məhkəmə borcun ödənilməsi ilə bağlı MMC tərəfindən real addımlar atıldığını, alternativ variantlar təklif olunduğunu, iddiaçının ərizəsi ilə MMC-nin bank hesabına həbs qoymaqla tikinti işlərinin aylarla dayandırıldığını, bu halın ödəmə imkanlarını məhdudlaşdırdığını və iddiaçının özü tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini, yəni torpaq sahəsinin sənədlərini hazırlayıb təqdim edilməməsi kimi önəmli halları nəzərə almadan, yəni işi ətraflı, tam, obyektiv tədqiq etmədən səhv nəticəyə gəlmişdir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh MMC vicdanlılığın və müqavilə öhdəliyinin məsuliyyətini tələb etdiyi şəkildə, yəni qarşı tərəfə heç bir halda ziyan dəyməməsi üçün iddiaçıya qalıq borcun əvəzinə dəyərindən ucuz mənzil sahəsi təqdim etmişdir. Lakin iddiaçı ona aid olan öhdəlik və vəzifənin icrası ilə bağlı hər hansı addım atmamışdır. Məhkəmə işin bu halına da qiymət verməmişdir. Məhkəmə iddiaçıya 14000 manat məbləğində dəbbə pulunun ödənilməsini qət etməklə nəzərə almamışdır ki, bu, şəxsin əsassız varlanması deməkdir. Göründüyü kimi, iddiaçıya MMC tərəfindən 370000 manat dəyərində, 133.5 kv.m. ümumi sahəsi olan 3 otaqlı mənzil sahəsi təklif edilmişdir. Borcun əsas hissəsi vaxtından əvvəl ödənilmişdir. Yəni, müqavilə öhdəlikləri MMC tərəfindən kobud şəkildə pozulmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Məhkəmə iclasında İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 ayrıayrılıqda iddiaçının apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə isə etiraz edərək əsassız olduğundan təmin olunmamasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 432.1. Əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın yenidən qismən təmin edilməsi üçün əsas olsa da, cavabdehin apellyasiya şikayəti iddianın rədd edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün hər iki şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddiaçının apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilməyən hissəsi, cavabdehin apellyasiya şikayətinə münasibətdə isə iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə iddianın təmin edilməyən hissəsində də uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə gəldiyi nəticə düzgün olmamışdır.

24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilməyən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

25. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

27. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddianın təmin edilməyən hissəsi üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.

28. Əvvəla, məhkəmə tərkibi də işin mübahisəsiz halı kimi müəyyən etdi ki, tərəflər arasında Bakı şəhəri, 6 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 117.6 kv.m qeyri-yaşayış binasının və 0.148 ha torpaq sahəsi ******* manat dəyərində qiymətləndirilərək cavabdehə satılması razılaşdırmış, həmin məbləğdən 500000 manat müqavilə bağlanıldığı an ödənilmiş, yerdə qalan 605000 manat hissəsi isə 4 ay ərzində, onun da 25-30%-ni 2 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Bundan sonra, xx.xx.2024-cü il tarixdə eyni notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və müqavilədə yalnız torpaq sahəsinin ölçüsü 0.0148 ha. göstərilmiş, digər şərtlər dəyişdirilmədən saxlanılmışdır. Hər iki müqavilənin şərtində, yəni 1-ci müqavilənin 1.1.3-cü, 2-ci müqavilənin 6-cı bəndində göstərilib ki, müqavilənin 1.1.2 və digər müqavilənin 5-ci bəndində göstərilən müddətlər (yəni müqavilə notariat ofisində imzalandığı andan 2 (iki) ay müddətində ödənilməmiş qalan məbləğin 25-30% həcmində ödəniş edilmədikdə və ya 4 (dörd) ay müddətində ödənilməmiş qalan məbləğ tam ödənilmədiyi halda) bitdikdən sonra ödənilməmiş məbləğə görə gecikdirilmiş hər növbəti gün üçün 0.5 % peniya olaraq hesablanır və “Tikinti şirkəti”-ndən alınaraq “Əmlak müİkiyyətçisi”-nə ödənilir. Müqavilənin bu bəndində göstərilən peniyanın hesablanmasının son müddəti, öhdəliklər icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi (yəni müqavilə notariat ofisində imzalandığı andan 2 (iki) ay müddətində ödənilməmiş qalan məbləğin 25-30% həcmində ödəniş edilmədikdə) halda “Əmlak mülkiyyətçisi” tərəfindən məhkəmədə “Tikinti Şirkəti” nə qarşı öhdəliyin icrası ilə bağlı iddia tələbi irəli sürəcəyi halda birinci instansiya məhkəməsinin yekun məhkəmə qətnaməsi qəbul edilən tarixə kimi müəyyən edilir. xx.xx.2024-cü il tarixədək ödəniş tam ödənilib başa çatdırılmadığı təqdirdə “Əmlak müİkiyyətçisi” “Tikinti şirkəti”-nə qarşı öhdəliyin icrası ilə bağlı iddia irəli sürmək hüququna malikdir. Bununla yanaşı, apellyasiya baxışı zamanı o da müəyyən edildi ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 500.000 manat (ilkin ödəniş), xx.xx.2024-cü il tarixdə 181.500 manat və xx.xx.2024-cü il tarixdə isə 53.500 manat ödənilmişdir. Yəni, iddia ərizəsi xx.xx.2024-cü ildə məhkəməyə daxil olanadək cəmi 735.000 manat ödənilmiş, 370.000 manat ödənilməmişdir. Bundan sonra isə, hissə hissə - xx.xx.2024-cü il tarixdə 30.000 manat, xx.xx.2024-cü il tarixdə 25.000 manat, xx.xx.2024-cü il tarixdə 25.000 manat, xx.xx.2025-ci il tarixdə 50.000 manat, xx.xx.2025-ci il tarixdə isə 40.000 manat olmaqla iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cəmi 220.000 manat ödənilmişdir. Bu göstərilənləri tərəflərin heç biri inkar etmir, üstəlik müqavilələri, o cümlədən hansısa şərtini tərəflərdən heç biri bu ana qədər mübahisələndirməyib.

29. Bu cür vəziyyətdə cavabdehin müqavilədən əmələ gələn öhdəliyini pozması açıq-aşkar olduğundan iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olub. Birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etsə də, təmin edilməyən hissədə də iddianı təmin etməli idi. Çünki cavabdeh heç bir səbəb olmadan müqavilə üzrə iddiaçı qarşısında olan öhdəliyini yerinə yetirmək istəmir, üstəlik müqavilə şərtlərinə zidd, yəni müqavilədə razılaşdırmadıqları təklifləri verməklə iddianın tam təmin olunmasına etiraz edib. Ancaq bu cür etirazın əsaslı olması üçün ciddi hüquqi dəlilə istinad etməlidir, eyni zamanda etdiyi təklifin real və mütənasib olduğuna dair də ciddi arqumentlər irəli sürməli idi, ancaq sürmür. Demək ki, iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyini icra etməməsi üçün əsassız və heç bir sübutla təsdiq edilməyən dəlillərdən istifadə etməsi isə onun şikayətinin açıq-aşkar əsassız olmasına dəlalət edir.

30. Belə ki, cavabdeh tərəfindən iddiaçıya bugünədək cəmi 955000 manat ödəniş edilsə də xx.xx.2024-cü ildən sonra ödənilən məbləğin bütövlükdə əsas ödəliyn icrasına hesablanmalı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi yanlış olmuşdur. Ən azından ona görə ki, tərəflər bu tarixdən sonra ödənilməmiş məbləğə görə gecikdirilmiş hər növbəti gün üçün 0,5 % penya olaraq hesablanmasını razılaşdırıblar. Üstəlik Mülki Məcəllənin 432.4-cü maddəsinin dispozisiya şərtləri də xx.xx.2024-cü ildən sonra ödənilməmiş məbləğə görə gecikdirilmiş hər növbəti gün üçün 0,5 % penya olaraq hesablanmasının hüquqi əsasını şərtləndirir. Başqa sözlə, qeyd olunan tarixdən sonra cavabdeh müqavilə şərtinə görə əsas öhdəliyinin icrasından başqa 0,5 % penya da ödəməlidirsə onda bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə penyanın hesabına daxil edilməlidir. Burada, borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Ancaq məhkəmə həm müqavilənin şərtinə, həm də qeyd olunan normanın tələblərini nəzərə almadan iddianı qismən təmin etmişdir. 31.Buna görə də, müqavilə şərtinə uyğun həm iddiaçının təqdim etdiyi arayışda, həm də məhkəmə tərkibi tərəfindən hesablama apardıqda müəyyən edilir ki: xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzindən qalan əsas borc məbləği 423.500 manat təşkil edib. Gecikdirilmiş gün sayı 18 gündür. 423.500 manata münasibətdə gecikdirilmiş gün üçün ödənilməli penya məbləği 2117.5 manat təşkil edir. 18 gün üçün isə bu məbləğ 38.115 AZN təşkil edir; xx.xx.2024-cü il tarixdən iddia ərizəsi məhkəməyə təqdim edilən - xx.xx.2024-cü il tarixədək olan müddət ərzində əsas borc məbləği 370.000 manat təşkil edir. Gecikdirilmiş gün sayı 12 gündür. 370.000 manata münasibətdə gecikdirilmiş gün üçün ödənilməli olan penya məbləği 1.850 AZN təşkil edir. 12 gün üçün isə bu məbləğ 22.200 AZN təşkil edir; İddia ərizəsi məhkəməyə təqdim edildiyi günədək hesablanmış penya məbləği 60.115 manatdır; İddia ərizəsi təqdim edildikdən sonra xx.xx.2024-cü il tarixədək (30.000 manat ödənilən günədək) hesablanan penya məbləği 14.800 manatdır. Ödənilən 30.000 manatın 14.800 manatı peniyaya, 15.200 manatı isə əsas borca silindikdə, cavabdehin xx.xx.2024cü il tarixdən sonra qalıq əsas borcu 354.800 manat təşkil edir; 354.800 manatın müqavilə üzrə nəzərdə tutulan 0.5 faiz hissədə penya günlük 1.774 manat təşkil edir. Cavabdeh tərəfindən növbəti ödəniş xx.xx.2024-cü il tarixdə, yəni 57 gün sonra ödənilmişdir. 57 gün üçün hesablanmış penya məbləği 101.118 manat təşkil edir. Ödənilmiş 25.000 manat çıxıldıqda, cavabdehin penya borcu xx.xx.2024-cü il tarixə 76.118 manat təşkil etmişdir; Əsas borc azalmadığı üçün cərimə borcu günlük 1.774 manat olmaqla hesablanmağa davam etmiş və növbəti ödəniş 16 gün sonra xx.xx.2024-cü il tarixdə (25.000 manat) edilmişdir. 16 gün üçün hesablanmış penya məbləği 28.384 manat təşkil edir. Bu məbləği əvvəlki penya borcu ilə topladıqda xx.xx.2024-cü il tarixə olan penya borcu cəmi olaraq 104.502 manat təşkil edir. Həmin tarixdə 25.000 manat ödənildiyi üçün yekun olaraq həmin tarixə penya borcu 79.502 manat, əsas borc isə 354.800 manat təşkil etmişdir; Qeyd olunduğu kimi, penyanın hesablanmasının son müddəti, öhdəliklər icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi halda öhdəliyin icrası ilə bağlı iddia tələbi irəli sürəcəyi halda birinci instansiya məhkəməsinin yekun məhkəmə qətnaməsi qəbul edilən tarixə kimi müəyyən edilir; Yekun məhkəmə aktı isə xx.xx.2025-ci il tarixdə çıxarılmışdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2025-ci il tarixədək ödəniş edilməmiş, bu səbəbdən penya məbləği günlük olaraq 1.774 manat hesablanmağa davam etmişdir. Bu müddət isə (xx.xx.2024-xx.xx.2025) 33 gün təşkil edir. Həmin müddət ərzində penya məbləği 58.542 manat təşkil edir. Əvvəlki dövrdə qalan penya ilə birlikdə bu məbləğ toplandıqda, cavabdehin qətnamə çıxarılan günə penya borcu 138.044 manat təşkil etmişdir; Beləliklə, müqavilə şərtlərinə görə birinci instansiya məhkəməsinin qət etməli olduğu məbləğ 354.800 manat əsas öhdəliyin icrası kimi, 60.115 manat iddia ərizəsi məhkəməyə təqdim edildiyi günədək hesablanmış penya və 138.044 manat məhkəmə icraatında olan dövrdə hesablanmış penya olmaqla, cəmi 198.159 manat müəyyən edilə bilərdi.

32. Göstərilənlərlə yanaşı, apellyasiya baxışı zamanı o da müəyyən edildi ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarıldıqdan sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 50.000 manat, xx.xx.2025-ci il tarixdə 40.000 manat ödəniş edilmişdir. Bu ödənişlər də müqavilə şərtinə uyğun yuxarıda göstərilən qaydada hesablanmış penya məbləğindən çıxılmalı və qətnamə çıxarılan zaman nəzərə alınmalıdır. Buna görə də müqavilə şərtlərinə uyğun olaraq cavabdehin iddiaçının qarşısında 354.800 manat əsas öhdəliyin icrası, 60.115 manat iddia ərizəsi məhkəməyə təqdim edildiyi günədək hesablanmış penya və 108.159 manat məhkəmə icraatında olan dövrdə hesablanmış penya olmaqla cəmi 168.274 manat penya borcu, ümumilikdə isə 523.074 manat icra edilməmiş öhdəliyi yaranmış olur.

33. Məhkəmə tərkibi müqavilə şərtinə uyğun hesablanmış cəmi 168.274 manat penyanın Mülki Məcəllənin 467-ci maddəsinin şərtləri və işin halları baxımından o qədər də tənasübsüz surətdə yüksək dəbbə pulu hesab etmir. Çünki işin hallarından da açıq-aşkar bəlli olur ki, cavabdeh tikinti şirkətidir, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında qeydə alınmış qeyri-yaşayış sahəsinin, həmçinin istifadə hüququ əsasında qeydə alınmış kifayət qədər böyük ərazisi olan torpaq sahəsində artıq çoxmənzilli yaşayış binası, o cümlədən qeyri-yaşayış sahəsi inşa edir və iddiaçıya etdiyi təklifdən göründüyü kimi yüksək qiymətə ayrı-ayrı şəxslərə satır və mənfəət əldə edir. Buna baxmayaraq, iddiaçı qarşısında müqavilədən əmələ gələn öhdəliyini razılaşdırdıqları müddətdə yerinə yetirmir yaxud yetirmək istəmir. Bunun nəticəsində də, iddiaçı cavabdehin öhdəliyini lazımı qaydada yerinə yetirməməsinə görə zərərə məruz qalır. Başqa sözlə, iddiaçı da cavabdeh kimi ona vaxtında ödənilməli olan pul vəsaitindən infilyasiyaya məruz qalmadan istifadə etmək istəyir, ancaq edə bilmir. Çünki cavabdeh öhdəliyini müqavilədə şərtləşdirilmiş müddətdə vicdanlılığın tələb etdiyi tərzdə icra etmək istəmir. Ona görə də hazırkı vəziyyətdə tənasüb müəyyənləşdirilərkən iddiaçının da kreditor kimi həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Məhz bu hallara görə məhkəmə tərkibi 168.274 manat peniyanın 150000 manatadək azaldılmasını işin halları və tərəflərin mövcud vəziyyəti baxımından ağlabatan hesab edir. Baxmayaraq ki, cavabdeh apellyasiya şikayətində hətta tutulmuş dəbbə pulunun məbləğini “ağlasığmaz” hesab edib və bununla da iddiaçının “əsassız varlandığını” göstərib.

34. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı bir daha qeyd edir ki, cavabdehin iddiaçıya qalıq borcunun əvəzinə bazar qiymətindən ucuz hesab etdiyi mənzil təklif etməsi həqiqi olsa belə, bu hal iddiaçı qarşısında müqavilədən əmələ gələn öhdəliyini icra etməməsi yaxud vaxtında icra etməməsi üçün əsas ola bilməz. Çünki iddiaçı bu təkliflə razılaşmırsa cavabdeh öhdəliyinin icrasını yubatmaqla ona təsir edə bilməz yaxud etdiyi bu cür “təsir” hüquqa uyğun davranış sayılmır. Bundan əlavə, cavabdehin müqavilənin şərtlərini pozmaq niyyəti olmamışdırsa və bu hal biznes mühitində yaranan durğunluqla bağlı olmuşdursa, onda mənzili iddiaçıya daha ucuz qiymətə təklif edə bilər. Başqa sözlə, cavabdeh 133.5 kv.m. ümumi sahəsi olan 3 otaqlı mənzili iddiaçıya 370000 manata deyil, daha ucuz qiymətə təklif edə bilərdi. Bu halda maliyyə çətinliyi də, pul öhdəliyi də aradan qalxmış olardı. Ona görə də təklif etdiyi mənzilin dəyərinin müəyyən edilməməsinin hazırkı iddianın və icraatın predmeti baxımından heç bir əhəmiyyəti yoxdur. Ona görə müqavilənin icrası müddəti bitdikdən sonra cavabdehin ödənilməmiş məbləğdən 53500 manatı ödəməsi müqavilə öhdəliyini vicdanlı icra etmə kimi qiymətləndirilə bilməz.

35. Bundan əlavə, qeyri-yaşayış sahəsinə aid torpaq sahəsinin ölçüsünün 1-ci müqavilədə 0.148, 2-ci müqavilədə isə 0.0148 ha. ölçüdə göstərilməsinin də cavabdehin iddiaçı qarşısında öhdəliyini yerinə yetirməməsi üçün əsas ola bilməzdi. Əvvəla, iddiaçı 0.148 ha. torpaq sahəsinin sənədlərinin hazırlayıb cavabdehə təqdim etməsi ilə bağlı bağlanmış müqavilələrdə üzərinə hər hansı bir öhdəlik götürməmişdir. Başqa sözlə, müqavilə şərtlərində bu cür şərt ümumiyyətlə nəzərdə tutulmamışdır. Buna baxmayaraq, iddiaçı istifadə hüququ əsasında dövlət qeydiyyatına alınmış ona məxsus torpaq sahəsini qeyri-yaşayış sahəsi ilə birlikdə cavabdehə təhvil vermişdir və artıq həmin torpaq sahəsində qeyd olunduğu kimi çoxmənzilli yaşayış və qeyri-yaşayış binası inşa edilmişdir. Apellyasiya baxışı zamanı da iddiaçının cavabdehə təhvil verdiyi faktiki torpaq sahəsinin ölçüsündə də hər hansı bir mübahisənin olduğu vurğulanmadı yaxud bununla bağlı hansısa mübahisə yoxdur. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi iddiaçının adına 2017-ci ildə verilmiş çıxarışda qeyri-yaşayış sahəsinin 0.0148 ha. ölçüdə torpaq sahəsi üzərində yerləşməsi göstərilsə də, bu əmlak ona vərəsəlik qaydasında keçmiş və miras qalmış əmlaka dair 2006-cı ildə mərhum atasının adına olan çıxarışda həmin sahənin ölçüsü 0.148 ha kimi göstərilmişdir. Demək ki, bu torpaq sahəsi iddiaçının mərhum atasının adına istifadə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 0.148 ha. ölçüdə qeydə alınmışdırsa, vərəsəlik qaydasında iddiaçının adına eyni ölçüdə keçməməsi üçün hər hansı bir əsas olmalı idi. Ancaq belə bir əsas müəyyən edilmir. Demək ki, torpaq sahəsinin ölçüsü elə iddiaçının cavabdehə verdiyi faktiki ölçüdə, yəni 0.148 ha. olmuşdur. Bir daha qeyd olunur ki, hətta torpaq sahəsinin ölçüsünün fərqli olması cavabdehi iddiaçı qarşısında məhz həmin əsasa görə öhdəliyin icrasından azad etmir.

36. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

37. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti isə təmin edilməməli; mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-572/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; cavabdeh "xxxx" MMC-dən 354.800 (üç yüz əlli dörd min səkkiz yüz) manat əsas öhdəliyin icrası, 150.000 (yüz əlli min) manat penya olmaqla, cəmi 504.800 (beş yüz dörd min səkkiz yüz) manat tutularaq İddiaçı ödənilməli; İddianın qalan hissəsi təmin edilməməli; İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 1082 manat dövlət rüsumu da cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti isə təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-572/2025 saylı, 31 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 354.800 (üç yüz əlli dörd min səkkiz yüz) manat əsas öhdəliyin icrası, 150.000 (yüz əlli min) manat penya olmaqla, cəmi 504.800 (beş yüz dörd min səkkiz yüz) manat tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 1082 manat dövlət rüsumuna görə xərcin əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar