Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-267/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X9 Şirkətinin Cavabdeh qarşı “1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı X9 Şirkətinin nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı X9 Şirkətinin Cavabdeh qarşı “1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Keçmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) xx.xx.1991-ci il tarixli qərarından müəyyən olunur ki, ünvan 1 ünvanında Cavabdeh yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Mübahisə iddiaçı X9 Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi tələbidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X9 Şirkəti Cavabdeh qarşı 1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən X9 şirkətinin Saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində ünvan 1 ünvanında lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, X9 şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X6 haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), X10 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır.
5. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X9 Şirkətinin Cavabdeh qarşı 1 saylı mədənin 4-cü sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, iddiaçının isə saziş üzrə istifadəsində olan torpaq sahəsində, yəni şirkətin saziş ərazisi hüdudları (1. 401002,590 4479325,372; 2. 401016,638 4479328,847; 3. 401015,731 4479339,269; 4. 401031,592 4479340,327; 5. 401032,347 4479355,583; 6. 401044,432 4479355,885; 7. 401046,395 4479329,451; 8. 401002,590 4479319,330 koordinatlar) daxilində özbaşına tikili inşa etməsi müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin inşa etdiyi tikilinin Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratmasını bildirsə də, hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehin uzun müddət yaşadığı yaşayış evinin cavabdehin öz hesabına sökülərək torpaq sahəsindən çıxarılmasını xahiş edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdehin yaşayış yeri olduğundan, neft-qaz yataqlarının yerləşdiyi ərazinin hüdudları daxilində yerləşən mübahisəli tikilidə yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olduğundan, mübahisə predmeti olan tikilinin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə, 43, 60, 71-ci maddəsinin İ, İİ hissələrinə, Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1, 139-1.1.1, 159, 180.1, 180.2, 180.3, 180.4-cü maddələri, Torpaq Məcəlləsinin 111-ci maddəsi, Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı X9 Şirkəti apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-141/2023saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və tələbinin təmin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarından da göründüyü kimi, mübahisəli torpaq sahəsinin vətəndaş Cavabdeh adına ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin (Kirov rayonXalq Deputatları Sovetinin) 6/108 saylı, xx.xx.1991-ci il tarixli Qərarının heç bir hüquqi qüvvəsi yoxdur. Yəni, cavabdehin həmin arqumenti 15 may 2005-ci il tarixdən öz hüquqi qüvvəsini itirmişdir. Şirkət Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin (Kirov rayon XalqDeputatları Sovetinin) 6/108 saylı, xx.xx.1991-ci il tarixli Qərarını Bakı İnzibati Məhkəməsində mübahisələndirmiş və Şirkətin iddiası həmin məhkəmənin 2-1(112)- 8112/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Şirkətin iddiasının mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8112/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının məzmun və mahiyyəti aşağıda qeyd edilənlərdən ibarət olmuşdur: “AzərbaycanRespublikasının 901- İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “X6 haqqında Saziş” 15 may 2005-ci il tarixdəqanuni qüvvəyə minmişdir. HəminQanunun 4-cü və 5-ci bəndlərinin tələbinə görə, “sözügedən Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da müəyyən olunur ki, Bakışəhəri Binəqədi rayon İcra Hakimiyyətinin (Kirov rayon Xalq DeputatlarıSovetinin) 6/108 saylı, xx.xx.1991-ci il tarixli Qərarı artıq öz qüvvəsini xx.xx.2005-ci il tarixdən itirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları müəyyən edildiyindən (yuxarıda qeyd olunan 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunla) onun qanunsuzluğunun məhkəmə qaydasında tanınması barədə iddia mümkün sayıla bilməz” Göründüyü kimi, cavabdehin mübahisəli torpaq sahəsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin (Kirov rayon XalqDeputatları Sovetinin) 6/108 saylı, xx.xx.1991-ci il tarixli Qərarının hüquqi qüvvəsi mövcud deyil və bu fakt Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə də öz təsdiqini tapmışdır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. İddiaçı X9 Şirkətinin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 2005-ci il tarixli Sazişə əsasən müəyyən torpaqları xəritəyə salınaraq X9 Şirkətinin istifadəsinə verilmişdir. Sazişə əsasən saziş bağlanana qədər də, qüvvəyə minənə qədər də verilmiş hər hansısa qərar qüvvədən düşmüş hesab edilir. Bununla bağlı onlar məhkəmədə iddia qaldırıblar. Həmin məhkəmə iddianı mümkünsüz hesab etmişdir. Bu tip işlərlə bağlı kütləvi iddialar qaldırıblar. Kompensasiya ödənilməsi hazırda mümkün deyil, çünki şirkətin imkanı o qədər də yoxdur. İddianı müdafiə edirlər. Torpaqlar onlara verilib, vaxtaşırı qurğuların, boruların yanında xoşagəlməz hadisələr baş verir. Tikililərin sökülməsi ilə bağlı saysız-hesabsız qərarlar var ki, icra olunmur. Onlar da özünü sığortalamaq üçün məhkəməyə müraciət edirlər. Hesab edir ki, sazişin ərazisinə düşür və sazişə əsasən tikili sökülməlidir. Onlar kompensasiya ödəməli deyildir. Şikayətin təmin edilməsini xahiş edir. Qərarlar icra edilmir ki, həmin ərazilər boşaldılsın. Saziş ərazisinə həmin torpaqlar şirkətə məxsusdur, tikililər də qanunsuzdur. Hazırda neft də çıxarılır, qurğular da işlək vəziyyətdədir. Son illərdir ki, evlərə çıxarış verilməyə başlamışdır. Rəydən də aydın olur ki, mübahisəli tikili kontrakt sahəsinin koordinatları daxilində yerləşir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
12. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, orada elə həyətlər var ki, neft quyuları var. Onların həyətində neft quyusu yoxdur. Onun ailəsi genişdir deyə bu evi alıb. Kommunalı, torpaq vergisini də ödəyir. Orada çoxlu evlər də var. Onun həyətində neftə aid heç nə yoxdur. O zəbt etməyib, özbaşına almayıb. Əziyyət çəkib ki, uşaqlarına ev tiksin. Qızını 3 ildir ki, evləndirə bilmir. Binəqədinin əksər hissəsi şirkətə aiddir, onlar harada yaşamalıdırlar? O qanunsuz iş görməyib. Çəpərin dibində olan metlax-kafel şirkəti maneə olmur, onun evi onlara maneə olur? Orada evi özəlləşdirənlər də var. O o evi alanda neftə aid orada heç nə yox idi. Ona torpaq ayrılıb tikib. 1991-ci ildə oranı alıb, kommunal ödənişləri də o vaxtdan ödəyir. 1991-ci ildən orada yaşayır, onun evini niyə sökürlər. Orada başqa tikililər də var. Özünə şərait yaradıb, ailəsi genişdir. Qızını evləndirib, evə köçürə bilmir. Qanunsuz tikili deyil. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
13. Apellyasiya instansiya məhkəməsində işə baxılması zamanı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
16. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası
Maddə 8.1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Maddə 8.2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
17. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolu
Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
18. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
23. Belə ki, işin halları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən inşa olunmuş tikili “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X6 haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), X10 Bi.Vi. və ARDNŞin Ortaq Şirkəti (“Podratçılar”) arasında imzalanmış Sazişə əsasən "X9" şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsində hüdudları daxilində inşa edilmişdir.
24. "X9" şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun tərəfindən inşa edilmiş özbaşına tikilidən çıxarılmasına, özbaşına tikilinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X6 haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X10 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanmış 29 sentyabr 2004-cü il tarixli sazişə əsasən "X9" şirkətinin istifadəsinə verilmişdir.
26. İş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün aidiyyəti inzibati orqanlardan lazımi icazələr alması müəyyən edilməmiş, həmçinin bununla bağlı sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
27. Bundan əlavə, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir.
28. Tikinti-texniki ekspertizasının nəticəsi olaraq verilmiş 12 iyul 2024-cü il tarixli, 3-16- 16/2-10/209 nömrəli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, baxış zamanı cavabdehin faktiki istifadəsində olan, daxilində fərdi yaşayış evi olan torpaq sahəsinin döngə nöqtələrinin koordinantları aşağıdakı kimi müəyyən edilmişdir: X=401004.012, Y= 4479320.510, X=401003.454, Y=4479324.327, X=401018.712, Y=4479328.094, X= 401015.883, Y=4479341,979, X=401024.771, Y=4479341.751, X=401033.647, Y= 4479343.109, X=401034.416, Y=4479357.073, X=401045.520, Y=4479358.237, X=401046.659, Y=4479330.435. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən mübahisəli tikilinin inşa edildiyi torpaq sahəsinin, Azərbaycan Respublikasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulu-Təpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X6 haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2024-cü il tarixli 296 saylı Sərəncamında göstərilən Saziş blokunun kontrat sahəsinin coğrafi koordinantları daxilində yerləşdiyi müəyyən edildi. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa olunduğu müəyyən olundu. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, mülki iş materiallarının 59-cu səhifəsində keçmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) xx.xx.1991-ci il tarixli qərarı öz əksini tapsa da, həmin qərara sxem əlavə olunmamışdır. Həmçinin mülki iş materiallarının 50-ci səhifəsində olan sxemdəki vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar mövcuddur.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Keçmiş Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) xx.xx.1991-ci il tarixli qərarından müəyyən olunur ki, ünvan 1 ünvanında Cavabdeh yaşayış evinin tikilməsi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Kirov rayon XDS İK-nin (indiki Binəqədi RİH) xx.xx.1991-ci il tarixli qərarına sxem əlavə olunmamışdır. İş materialında olan sxemdəki vəziyyət ilə faktiki istifadə vəziyyəti arasında isə uyğunsuzluqlar mövcuddur. Deməli, cavabdeh tərəf istifadəsində olan torpağın qanuni əsaslarla onun sahibliyində və istifadəsində olmasını da sübut edə bilməmişdir.
30. Mülki Məcəllənin 240.1-ci maddədə qeyd edilir ki, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
31. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
32. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
33. Göründüyü kimi, lazımı icazələr almadan, yaxud şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş tikili özbaşına tikinti sayılır və belə tikili ilə qanuni maraqlarına müdaxilə olunan hər bir maraqlı şəxs onun sökülməsi barədə məhkəmədə iddia qaldıra bilər.
34. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır
35. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.
36. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.
37. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.
38. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi cavabdehin əmlak hüquqlarına müdaxilə kimi qiymətləndirilməməlidir.
40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı X9 Şirkətinin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, Cavabdeh ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili Cavabdeh hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılmalıdır. 41.Qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.
42. Məhkəmə kollegiyası izah edir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu halda cavabdeh Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər.
43. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı X9 Şirkətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-141/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili Cavabdeh hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat Cavabdeh tutularaq İddiaçı Şirkətinin xeyrinə ödənilsin. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 manat məbləğində pul Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev