Məhkəmə qərarları › İş №2(103)-2672/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2672/2025

02.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2672/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X10rşı mülki iş üzrə Açar sözlər: əsasız hesablanmış borcun silinməsi X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X17 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X10rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-985/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən 9 saylı evin, 21 saylı mənzili İddiaçı (bundan sonra iddiaçı) məxsusdur. Onunla cavabdeh "xxxx" ASC (bundan sonra cavabdeh) arasında bağlanmış “Su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə dair” müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən su ilə təchiz edilmiş və su xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********210 nömrəli abonent kodu verilmişdir. Həmin ünvan üzrə xx.xx.2024-cü il tarixə sayğac göstəricisi 2248 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 484 manat məbləğində borc olmuşdur. Qeyd edilən borc sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. İddiaçı həmin xidmətlərdən bu dəyərdə istifadə etmədiyini bildirərək, həmin borcun silinməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X3 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X10rşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, su sayğacı üzrə cavabdeh tərəfindən ondan əsassız olaraq tələb olunan 484 manat məbləğində pulun silinməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında daimi yaşayır. xx.xx.2007-ci il tarixdə Xətai rayon Sukanal idarəsi ilə 15826625 saylı müqavilə bağlamış və həmin idarə onun mənzilinə boru vasitəsilə su xətti çəkib sayğac qoymuş və su xəttinə kənar müdaxilənin olmaması üçün suyun sayğaca giriş və çıxış hissəsinin birləşməsinə plomb vurmuşdur. Bundan sonra 2007-ci ildən 2024-cü ilin sentyabr ayının 10-u tarixinə kimi hər ay Sukanal idarəsinin nəzarətçisi gəlib sayğacı və plombu yoxlayıb aylıq su sərfiyatına dair aparat vasitəsilə hesab-faktura yazıb ona vermişdir. O, isə həmin hesab faktura əsasında sərf etdiyi suyun pulunu ödəyib qəbzləri saxlamışdır. xx.xx.2024-cu il tarixdə Xətai rayon Su kanal idarəsinin nəzarətçisi Orxan Quliyev adlı şəxs sayğacı yoxlayıb bildirmişdir ki, sayğaca müdaxilə olunmayıb, plomb yerindədir, lakin sayğacda su səryiyyatı 484 manat göstərilir. Bundan sona Xətai rayon Sukanal idarəsinə məlumat verilmiş və işçilər gəldikdən sonra müəyyən olunmuşdur ki, su borusunun sayğacdan keçdikdən sonra evə gedən hissəsində boru partlayıb təziq altında su axaraq binanın zirzəmisinə dolmuşdur. Bundan sonra Sukanal idarəsinin işçiləri gəlib borunu dəyişib qəzanı aradan qaldırmışlar. Onun mənzilinə su çəkilişini və sayğac qoyulması işlərini Sukanal idarəsi özü etmişdir. Yəni borunun partlaması və suyun zirzəmiyə axması nəticəsində sayğacın bu qədər pul yazmasında onun heç bir təqsiri yoxdur. Bütün bunlardan sonra o, Xətai Sukanal idarəsinin rəhbərliyinə ərizə ilə müraciət etmişdir ki, sayğac üzrə yazılmış 484 manat pulu silsinlər. Lakin idarədən ona bildirilmişdir ki, onun borcu artıq sistemə oturduğundan silə bilməzlər, qəzadan sonrakı ay üçün yəni 2024-cü ilin noyabr ayında nəzarətçi tərəfindən sayğac üzrə ona verilmiş hesab fakturadan görünür ki, həmin ay üçün 17 manatlq su sərfıyatı olmuşdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-985/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş və dövlət rüsumu dövlət büdcəsinə aid edilmişdir. (hakim X8)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının özünün də bildirdiyi kimi abonent hesabına borc məbləği su xəttinin suölçən cihazdan sonrakı hissəsində baş vermişdir və bu halda su xəttində baş vermiş hər hansı qəza və digər vəziyyətlə bağlı təqsirinin olmadığını sübut etmək vəzifəsini iddiaçı daşıyır, iddiaçı isə baş vermiş nasazlığın onun təqsiri ucbatından baş vermədiyinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir.

6. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab etmişdir ki, istehlakçıların hüquqlarının qorunması tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1-ci, 21.1ci, 385.1-ci, 425.1-ci, 442-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-32-ci, 61-62-ci, 72-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119-cu, 124-cü, 217.4-cü maddələrinə və “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, bu sahəni tənzimləyən normativ aktlarda istehlakçının su xəttində baş vermiş hər hansı qəza və digər vəziyyətlə bağlı məsuliyyət daşıması halı əks olunmamşdır. Əvəzində birinci instansiya məhkəməsi “Sutəchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun 59-cu və 31-ci maddələrinə istinad etmişdir ki, bu normalarda su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və s. məsələləri tənzimlənir. Bu normaların bu münasibətə bir aidyyatı yoxdur. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən etməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı” X14 nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 24-cü maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını, hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını, su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini və su təsərrüfatı pasportunun tərtib edilməsini rəsmi qaydada tələb edə bilər; 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 31-ci maddəsinin 5-ci bəndinə əsasən su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır; 31-ci maddəsinin 6-cı bəndinə əsasən istehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur; 32-ci maddəsinin 2-ci bəndinə əsasən istehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur; 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır; 72-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.2-ci və 4.1.3-cü bəndlərinə əsasən STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, habalə bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aid edilmişdir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın hər hansı formada təmin edilməsinə hər hansı əsas yoxdur.

21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən 9 saylı evin, 21 saylı mənzili iddiaçıya məxsusdur. Onunla cavabdeh arasında bağlanmış “Su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə dair” müvafiq müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən su ilə təchiz edilmiş və su xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********210 nömrəli abonent kodu verilmişdir. Həmin ünvan üzrə xx.xx.2024cü il tarixə sayğac göstəricisi 2248 m3 olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 484 manat məbləğində borc olmuşdur.

22. Hazırda iddiaçı su sayğaçından çıxan və onun mənzilinə daxil olan borunun partladığını və baş vermiş həmin qəza nəticəsində xeyli həcmdə suyun axdığını, həmin sudan istifadə etmədiyini, buna baxmayaraq, qeyd edilən qəza nəticəsində axan suyun dəyərini təşkil edən 484 manat məbləğində borcun əsassız olaraq onun abonent hesabına daxil edildiyini bildirir və bu borcun silinməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir və boru partlanmasının birbaşa iddiaçının mənzilinə gedən hissədə baş verdiyini əsas gətirərək borcun əsaslı olaraq abonent hesabına daxil edildiyini qeyd edir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müraciətinə əsasən məsələ ilə bağlı cavabdehin əməkdaşları tərəfindən araşdırma aparılmış, lakin sayğacın fəaliyyətində, o cümlədən istifadə edilmiş suyun həcminin hesablanmasında hər hansı pozuntunun olduğu müəyyən edilməmişdir.

24. İşin hallarından və tərəflərin izahatından da göründüyü kimi, 484 manat dəyərində suyun axması məhz iddiaçının mənzilinə gedən hissədə su borusunun partlaması nəticəsində baş vermişdir. Başqa sözlə, qəzalı vəziyyət supaylayıcı qurumun cavabdehlik daşıdığı hissədə deyil, su borusunun birbaşa sayğacdan iddiaçının mənzilinə çəkilmiş və sayğacın suyun iddiaçı tərəfindən istifadə edilmiş kimi qeydə alındığı hissəsində baş vermişdir. Həmin hissədə də su borusunun sazlığını iddiaçı təmin etməlidir. Həmin qəzanın hər hansı şəxsin, o cümlədən cavabdehlərin əməkdaşlarının təqsirindən baş verməsi də müəyyən edilmir. Belə olan halda, qeyd edilən qəza nəticəsində axıdılan su məhz iddiaçı tərəfindən istifadə olunmuş kimi qiymətləndirilməli və onun dəyərini məhz iddiaçı ödəməlidir. Bu səbəbdən həmin həcmdə suyun hesablanmış dəyərinin iddiaçının abonent hesabına daxil edilməsində hər hansı pozuntuya yol verilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

25. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

26. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-985/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar