Məhkəmə qərarları › İş №2(103)-2673/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2673/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2673/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62, 15 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlərin və digərlərinin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalarına, mənzilin boşaldılmasına və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-4373/19) iddia qismən təmin edilərək, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların, eləcə də digər Cavabdeh1 mənzildən əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Cavabdeh1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev-sədrlik edən və məruzəçi, E.Mehdiyev və Ş.Məmmədova, iş № 2(103)-181/21) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev-sədrlik edən və məruzəçi, Ə.Əhmədov və V.Həsənov, iş № 2(102-5621/21) Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 62, 15 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-188/2018 saylı, 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh1 yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından "Finoko” BOKT ASC-yə təklif edilmiş, sonuncu ilə alqı-satqı müqaviləsi bağlanmış və Çıxarış alınmışdır. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər hal-hazırda mənzildə qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi "Finoko” BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin iştirakları təmin edilməmiş, qanuni qüvvəyə minməmiş qətnaməyə, həmin qətnamə əsasında qanuna zidd olaraq əldə edilmiş çıxarışa istinad etməklə iddia təmin olunmuşdur ki, bu da qanunsuzdur. O, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsini mübahisələndirsə də, məhkəmə bunu nəzərə almamışdır. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız cavabdehlərdən biri – Cavabdeh1 mübahisələndirmiş və qətnamənin tamamilə ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bunu, eləcə də işə baxılarkən cavabdehlərin iştirakının təmin olunmadığını və mübahisə predmetinin bölünməz olduğunu nəzərə alaraq qətnamənin əsaslılığını tam həcmdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası işin hallarına dair sədrlik edənin məruzəsini, cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin və digərlərinin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin boşaldılması barədədir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı saymışdır. Məhkəmə bu qənaətə gələrkən mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasına, cavabdehlərin həmin evdə yaşamaqda davam etmələrinin iddiaçının mülkiyyət hüququnu pozduğuna istinad etmişdir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 148, 152.1, 262.2ci, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yaranmış mübahisəni düzgün həll etməmiş, məhkəmənin həmin hissədə gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamış və nəticədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisəli mənzilin iddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən əldə edilməsinə və onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına istinad etmişdir. Apellyator isə şikayətində göstərmişdir ki, iddiaçının mənzilə mülkiyyət hüququnun yaranmasına əsas olmuş sənədləri məhkəmə qaydasında mübahisələndirmişdir və həmin mübahisə üzrə yekun qərar qüvvəyə minmədiyindən iddia təmin edilə bilməzdi. Məhkəmə kollegiyası iş materiallarına əsasən müəyyən etdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ödəniş günü milli manata məzənnədə 10 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 23.795.98 ABŞ dollarının tutulub İddiaçı BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Bu qətnamənin icrası ilə əlaqədar yaşayış sahəsi açıq hərraca çıxarılmış, mənzil İddiaçı BOKT ASC tərəfindən alınmış, mənzilin üzərində İddiaçı BOKT ASC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 23.04.2019-cu ildə qeydiyyata alınmışdır. Cavabdeh1 sözügedən mənzilə dair keçirilmiş hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirmiş və onun iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilərək, mənzilə dair tərtib edilmiş 26 oktyabr 2018-ci il tarixli, 146 saylı Hərracın yekunları barədə Protokol və alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı BOKT ASC adına verilmiş çıxarış ləğv edilmiş, habelə İddiaçı BOKT ASC tərəfindən borcun bağlanması məqsədilə köçürülmüş 60.562 manat pulun ona qaytarılması qət edilmişdir. Həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun yaranmasına əsas olmuş hallar və faktlar artıq aradan qalxmışdır və belə olan vəziyyətdə iddianın təmin olunması mümkün deyildir. İş materiallarından göründüyü kimi, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar yaranıb. Cavabdeh1 sözügedən mənzilə dair keçirilmiş hərracın nəticələrini mübahisələndirib, hərracın nəticələri, eləcə də mənzilə dair iddiaçının adına verilmiş çıxarış ləğv edilib. Bu baxımdan iddiaçı hazırda mübahisəli mənzildən cavabdehlərin çıxarılmaları tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərin məhkəmə iclasları barədə məlumatı olmamış və işə onların iştirakı olmadan baxılmışdır. Bu isə MPM-nin 387.2.2-ci maddəsinin tələbinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar