Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2683/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-685/2021 saylı iddianın təmin təmin etmə tədbiri barədə qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 mülkiyyətində olan “Nissan Altima” markalı, 2006-cı il buraxılışlı, 1N4AL11DX7C114721 ban nömrəsi, 554879 mühərrik nömrəsi ilə **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə onun və cavabdehlərin 1/3 hissədə miras paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmini tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, mərhum X2 mülkiyyətində olan “Nissan Altima” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin istifadəsi və özgəninkiləşdirilməsi qadağan edilməklə üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 685/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər X2 mülkiyyətində olan “Nissan Altima” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması, ərizənin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı qərardadın ləğv edilməsini və iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə görə, qərardad qanunsuz və əsassızdır. Həyat yoldaşı öldüyü üçün onun mülkiyyətində olan nəqliyyat vasitəsinin həm istifadəsi, həm də özgəninkiləşdirilməsi məntiqlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, avtomobilin yerini bilmir. Məhkəmə iclasında Cavabdeh1 şikayətin əsasssız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi, bildirdi ki, mərhum oğlu avtomobili sağ ikən (3-4 il əvvəl) satmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddianı təmin etmə tədbiri barədə iddiaçının ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növlərində iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nin kompüter baza məlumatından görünür ki, “Nissan Altima” markalı **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobil X3 mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin avtomobilə dair özünün və cavabdehlərin miras paylarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir, bu səbəblə də qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədinə nail olmaq, eləcə də avtomobilin salamatlığını və özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə onun istifadəsi və özgəninkiləşdirilməsi qadağan edilməklə üzərinə həbs qoyulması məzmununda iddianı təmin etmə tədbirinin görülməsi zəruridir və bu, iddianı təmin etmə tədbiri institutunun yuxarıda qeyd olunan məqsədinə xidmət edəcəkdir. Hazırki iş üzrə tərəflər mübahisəli avtomobilin mülkiyyətçisi olmuş Əlvan Məmmədovun birinci dərəcəli vərəsələridir və onların avtomobildən miras pay əldə etmək ehtimalı realdır. Mübahisəli avtomobildən istifadə edilməsinin və özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı Kollegiya qeyd edir ki, avtomobilin hazırda cavabdehlərdə və ya naməlum şəxsdə (Cavabdeh1 bildirmişdir ki, mərhum oğlu avtomobili 3-4 il əvvəl satmışdır) olması iddiaçının haqlı narazılığına və şübhələrinə səbəb olur, belə ki, bu vəziyyətdə nəqliyyat vasitəsi faktiki olaraq həmin şəxsin (şəxslərin) istifadəsində qalır. Belə olan halda isə avtomobilə zərər yetirilməsi ehtimalı inkar oluna bilməz. Ona görə də iddiaçının şübhələrinə son qoymaq məqsədilə avtomobilin istifadəsi və özgəninkiləşdirilməsi qadağan edilməklə üzərinə həbs qoyulması daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 685/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə iddianın təmin tədbiri barədə ərizəsi təmin edilsin. İşə mahiyyəti üzrə məhkəmə tərəfindən baxılıb yekun məhkəmə aktı qəbul edilənədək və həmin məhkəmənin qətnaməsi qanuni qüvvəyə minənədək “Nissan Altima” markalı, 2006-cı il buraxılışlı, 1N4AL11DX7C114721 ban nömrəsi, 554879 mühərrik nömrəsi ilə **-VB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin istifadəsi və özgəninkiləşdirilməsi qadağan edilməklə, üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-2683/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2683/2021
08.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver