Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2689/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqavilələrinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, , iddiaçı, mərhum Babayev Murad Fərid oğlunun arvadıdır. Murad Babayev 22 sentyabr 2010-cu il tarixdə vəfat etmişdir. 05.06.2012-ci il tarixdə iddiaçı mərhumun yeganə hüquqi varisi kimi tanınmışdır. Bu barədə iddiaçının adına Bakı şəhəri 11 saylı Notariat Kontoru tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnaməyə əsasən mərhum ərindən qalan miras əmlak, ona məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 3-cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsidir. Sözügedən şəhadətnamə əsasında torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə adına ********** nömrəli çıxarış verilmişdir. 2019-cu ilin dekabr ayında pula ehtiyacı olduğuna görə, sözügedən torpaq sahəsini özgəninkiləşdirmək qərarına gəlmişdir. Həmin əmlaka dair alğı-satqı müqaviləsi bağlamaq istərkən müəyyən edilmişdir ki, torpaq sahəsi cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla bağlı iddiaçı, cavabdehə müraciət etmişdir. Cavabdehdən iddiaçıya bildirilmişdir ki, mübahisəli torpaq sahəsinə dair güya mərhum əri Murad Babayev və Bank arasında 27.05.2008-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən torpaq sahəsi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsində göstərilmişdir ki, müqavilə Bankla (mərhum ərinin tanışı) Hüseynli Samir Əli oğlu arasında bağlanmış 27.05.2009-cu il tarixli 274 №-li, (əvvəllər tanımadığı) Bağırov Teymur Zakir oğlu ilə bağlanmış 27.05.2009-cu il tarixli 275 №-li, (əvvəllər tanımadığı) Məmmədov İsmayıl Tahir oğlu ilə bağlanmış 27.05.2009-cu il tarixli 276 №-li, habelə mərhum əri ilə bağlanmış 27.05.2009-cu il tarixli 277 №-li və (qardaşı) Naumov Vladimir Vladimiroviçlə bağlanmış 27.05.2009-cu il tarixli 278 №-li kredit müqavilələri üzrə borcalanlar tərəfindən götürülmüş öhdəliklərin icrasının təminatı kimi bağlanmışdır. Bank və mərhum əri arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından iddiaçının ümumiyyətlə məlumatı olmamışdır. Mərhum, cavabdehdən kredit borcu götürməsi barədə evdə heç bir söz danışmamışdır. Bank tərəfindən iddiaçıya 2020-ci ilin sentyabr ayında ipoteka müqaviləsinin surəti verilsə də, çoxsaylı təkidlərinə baxmayaraq kredit müqavilələrinin verilməsindən imtina edilmişdir. O vaxt təcili pul vəsaitinə ehtiyacı olduğuna görə, torpaq sahəsinin satılması üçün əmlakın ipotekadan azad edilməsini xahiş etmişdir. Bankda isə iddiaçıya göstərilən kredit müqavilələri üzrə yaranmış yalnız əsas borcun ödənilməsi təqdirdə torpaq sahəsinin ipotekadan azad edilməsinə razılıq verəcəklərini bildirmişlər. İddiaçı da çıxılmaz vəziyyətdə olduğundan təklif olunan şərtlərlə müqavilə bağlanmasına razılıq vermişdir. Beləliklə də, Bank iddiaçını aldadarıq, onun ağır vəziyyətdə olmasından istifadə edərək, qeyd olunan kredit müqavilələri üzrə pul öhdəliklərini öz üzərinə götürməsi barədə 01 saylı razılaşma imzalamağa məcbur qalmışdır. Həmin Razılaşmanı bu yaxınlarda çoxsaylı təkidlərindən sonra 2020-ci ilin sentyabr ayında əldə etmişdir. Razılaşmanı oxuyanda iddiaçıya məlum olmuşdur ki, iddiaçı, Samir Hüseynliyə, İsmayıl Məmmədova və Teymur Bağırova ayrı-ayrılıqda hesablanmış 5000 ABŞ dolları, Vladimir Naumovla hesablanmış 1.250 ABŞ dolları, Murad Babayevə hesablanmış 2.500 ABŞ dolları məbləğində borcu ödəməyi, Bank isə kredit müqavilələri üzrə faiz borcunu bağışlayacağını, habelə mübahisəli torpaq sahəsini ipotekadan azad etməyi barədə öhdəliklər götürmüşlər. Razılaşma bağlandıqdan sonra iddiaçı 09.12.2019-cu il tarixdə Banka cəmi 18.750 ABŞ dolları məbləğində pul ödəmişdir. Halbuki, mərhum əri cavabdeh Bankla kredit müqaviləsi bağlamasından və onun Banka borcu olmasından iddiaçıya heç bir məlumat verməmişdir. Daha sonra Bank torpaq sahəsi üzərində məhdudiyyəti götürdükdən sonra 13.12.2019-cu il tarixdə iddiaçı ilə Hüseynov Vüsal Kamil oğlu arasında torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Bu yaxınlarda, 2020-ci ilin yay aylarında iddiaçı, cavabdeh Banka əvəzinə 5.000 ABŞ dolları məbləğində ödədiyi Samir Hüseynli ilə rastlaşmış və söhbət əsnasında iddiaçıya məlum olmuşdur ki, Bank iddiaçını aldatmış, heç bir hüquqi əsas olmadan iddiaçıdan cəmi 18.750 ABŞ dolları məbləğində pul almışdır. Belə ki, Samir Hüseynlinin iddiaçıya bildirdiklərinə görə, onunla cavabdeh Bank arasında 27.05.2009-cu il tarixdə 274 №-li kredit müqaviləsi bağlanmamış, o Bankdan hər hansı məbləğdə borc almamışdır. 2017-ci il tarixdə isə Bankdan ona zəng edilərək, onunla Bank arasında bir il müddətinə 27.05.2009-cu il tarixli 274 №-li kredit müqaviləsinin bağlandığını, həmin müqavilə üzrə onun ödənilməmiş borcunun olduğu bildirilmiş və borcun ödənilməsi ondan tələb olunmuşdur. Samir Hüseynli isə Bank qarşısında hər hansı öhdəlik götürmədiyinə görə, yaranmış mübahisə ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və onunla bağlanması qeyd olunan 27.05.2009-cu il tarixli 274 №-li kredit müqaviləsinin ləğv edilməsini və həmin müqavilə üzrə pul öhdəliyinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Samir Hüseynovun iddiası əsasında başlanmış mülki işin məhkəmə baxışı zamanı Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 27.05.2009- cu il tarixli 274 №-li kredit müqaviləsi üzrə güya cavabdeh Bank tərəfindən Samir Hüseynliyə 5000 ABŞ dollarının ödənilməsi barədə kassa məxaric orderindəki imza Samir Hüseynliyə deyil, başqa şəxsə aiddir. Bunları müəyyən edən Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.11.2017-ci il tarixli 2(006)-1070/2017 saylı qətnamə ilə Samir Hüseynli və Cavabdeh ASC arasında bağlanmış 27.05.2009-cu il tarixli 274 №-li kredit müqaviləsinin ləğv edilməsini, Samir Hüseynlinin Bank qarşısında yaranmış pul öhdəliyinə xitam verilməsini qət etmişdir. Samir Hüseynlinin iddiaçıya bildirdiklərindən və göstərilən məhkəmə qətnaməsinin surətini 2020ci ilin avqust ayında iddiaçıya verdikdən sonra, iddiaçı, qardaşı Vladimir Naumovla əlaqə saxlayaraq, Cavabdeh ASC-dən hər hansı məbləğdə borc alıb-almadığı barədə soruşmuşdur. Lakin qardaşı iddiaçıya bildirmişdir ki, o da, Bankdan hər hansı məbləğdə borc pul vəsaiti almamışdır. Bundan sonra cavabdeh Bank tərəfindən imzalamağa məcbur edildiyi 01 №-li Razılaşmada adları qeyd olunan Teymur Bağırov və İsmayıl Məmmədovu tapmağı cəhd etsə də, cəhdləri uğurla nəticələnməmişdir. Bundan sonra Cavabdeh ASCyə gedərək, ipoteka müqaviləsini, kedit müqavilələrini və razılaşmanı tələb etmişdir. Cavabdeh ASC-dən həmin sənədlərin surətlərini 2020-ci iilin sentyabr ayında uzun sürən get-gəldikdən sonra əldə etmişdir. İddiaçıya həmin sənədlərin yalnız kserosurətləri verildiyinə görə, sənədlərin əslinin əldə etmək üçün Banka və Notariat Kontoruna müvafiq sorğular ilə müraciət etmişdir. İddiaçıya məlum olmuşdur ki, 27.05.2009-cu il tarixdə cavabdeh Bankla Samir Hüseynili arasında 274 №-li, Teymur Bağırov arasında 275 №-li, İsmayıl Məmmədov arasında 276 №-li, Murad Babayev arasında 277 №-li, Vladimir Naumov arasında 278 №-li müqavillər bağlanmamış, həmin müqavilələr üzrə müqavilələrdə borcalan kimi adları qeyd edilən şəxslərə borc verilməmişdir. Bunlardan başqa, iddiaçıya verilən məlumatlardan bəlli olur ki, sözügedən kredit müqavilələrində müqavilələrin bağlandığı tarix - “27.05.2009-cu il” qeyd olunmuş, müqavilələrin qüvvədə olma müddəti isə bir il müəyyən edilmişdir. Göründüyü kimi, bütün bunlardan təfərrüatı ilə məlumatlı olan cavabdeh Bank, iddia müddəti artıq 9 il keçməsinə baxmayaraq, saxta müqavilələr üzrə iddiaçıya 09.12.2019-cu il tarixdə Banka cəmi 18.750 ABŞ dolları məbləğində pul ödətdirmişdir, iddiaçının hesabına Bank əsassız olaraq varlanmış, iddiaçının pulumnu mənimsəmiş, ələ keçirmişdir. Kredit müqavilələrinin heç olmasa kserosurətlərinin iddiaçıya təqdim edilməsi barədə dəfələrlə cavabdeh Banka müraciət etsə də, iddiaçıya bu müqavilələr təqdim edilməmişdir. Bank müqavilələrin saxğalaşdırılmasından çox gözəl məlumatlı olduğuna görə, həmin sənədləri iddiaçıya təqdim etmək istəməmişdir. Beləliklə də, qeyd etdiyi halların hamısı onu təsdiq edir ki, Cavabdeh ASC və cavabdeh Bankla Samir Hüseynli arasında bağlanmış 27.05.2009- cu il tarixli 274 №-li, Teymur Bağırov arasında bağlanmış 27.05.2009-cu il tarixli 275 №-li, İsmayıl Məmmədov arasında bağlanmış 27.05.2009-cu il tarixli 276 №-li, Murad Babayev arasında bağlanmış 27.05.2009-cu il tarixli 277 №-li, Vladimir Naumov arasında bağlanmış 27.05.2009-cu il tarixli 278 №-li müqavilələr məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Bunlardan başqa, mərhum əri Murad Babayev və cavabdeh Bank arasında bağlanması qeyd olunan 27.05.2008-ci il tarixli 65 №-li ipoteka müqaviləsi də etibarsız əqdir. Həmin razılaşmaya iddiaçı oxumadan imza etmişdir. O sənədi imzalayarkən iddiaçı üçün vacib olan - pul lazım olduğuna görə evini, torpağını satmaq olmuşdur. Bank da iddiaçının rus milliyətindən olmasını, azərbaycan dilində oxuya və danışa bilmədiyindən çox məharətlə istifadə edərək, tez-tələsik razılaşmanı iddiaçlıya imzalatdırmışdır. Belə ki, ipoteka müqaviləsindən görünür ki, həmin müqavilənin bağlanma tarixi “27.05.2008-ci il” göstərilmişdir. Düzdür mülki qanunvericilikdə ipoteka hüququnun həm mövcud, həm də gələcək tələb üçün verilməsini qadağa edən norma yoxdur. Lakin müqavilənin 1.4-cü bəndindən görünür ki, ipoteka ilə yüklü edilən torpaq sahəsi, 27.05.2009-cu il tarixdə imzalanmış 274 №-li, 275 №-li, 276 №-li, 277 №-li, 278 №-li kredit müqavilələri üzrə ayrı-ayrılıqda götürülmüş 5.000 ABŞ dolları məbləğində borcun qaytarılmasının təminatıdır. Göründüyü kimi, 2008-ci ilin may ayının 27-də imzalanmış ipoteka müqaviləsi üzrə ipoteka predmeti həmin vaxtdan bir il sonra bağlanacağı qeyd olunan kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi çıxış etmişdir. Gələkədə hər hansı müqavilənin bağlanma tarixi barədə tərəflər arasında razılığın əldə olunması qəbul olunan bir haldır. Ancaq gələcəkdə ayrı-ayrı şəxslərlə bağlanması nəzərdə tutulan və müvafiq qeydiyyata alınmalı olan bir neçə müqavilələrin nömrələrini dəqiq bilmək qeyrimümkündür. Bundan başqa, ipoteka müqaviləsində ipoteka qoyan kimi mərhum əri Murad Babayevin adı göstərilsə də, “girov qoyan” sözlərinin qarşısındakı imzalar sonuncuya aid deyildir, imzalar saxtalaşdırılmışdır. Bütün bu göstərdikləri onu təsdiq edir ki, ipoteka müqaviləsi də 274 №-li, 275 №- li, 276 №-li, 277 №-li, 278 №-li kredit müqavilələri kimi etibarsız əqddir. Həmçinin, cavabdeh Bank iddiaçını aldadaraq, iddiaçının çətin vəziyyətdə olduğundan sui-istifadə edərək, onu imzalamağa məcbur edilən 01 saylı razılaşma da etibarsız əqdir. Belə ki, iddiaçı ilə cavabdeh Bank arasında imzalanmış həmin razılaşmada qeyd edilir ki, bu sənəd yalnız 27.05.2009-cu il tarixli 277 nömrəli kredit müqaviləsi üzrə bağlanmışdır. Lakin razılaşmanın məzmunundan görünür ki, 277 №-li kredit müqaviləsindən başqa, cavabdeh Bank iddiaçını aldadaraq tərəfindən Samir Hüseynli ilə bağlanmış 274 №-li, Teymur Bağırov ilə bağlanmış 275 №-li, İsmayıl Məmmədov ilə bağlanmış 276 №-li və Vladimir Naumov ilə bağlanmış 278 №-li kredit müqavilələri üzrə də pulun ödənillməsinə nail olmuşdur. Bundan başqa, qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin iş 20.11.2017-ci il tarixli qətnaməsi (İş № 2(006)- 1070/2017) ilə Samir Hüseynlinin 27.05.2009-cu il tarixli 274 №-li kredit müqaviləsi üzrə Cavabdeh ASC-dən borc almadığı müəyyən edildiyinə görə, həmin kredit müqaviləsi ləğv edilmiş, Samir Hüseynlinin Bank qarşısında yaranmış pul öhdəliyinə isə xitam verilmişdir. Həmin qətnamədən də görünür ki, işə baxılan zaman məhkəmə prosesində cavabdeh Bankın səlahiyyətli nümayəndəsi Mehdiyev Cavid Əli oğlu iştirak etmişdir. Yəni, Bank bu qətnamədən məlumatlı olmuşdur. Lakin buna baxmayaraq, Samir Hüseynlinin 27.05.2009cu il tarixli 274 №-li kredit müqaviləsi üzrə Bank qarşısında hər hansı pul öhdəliyi olmadığını bilə-bilə, cavabdeh Bank iddiaçını aldadaraq, ondan Samir Hüseylinin olmayan borcu üzrə 5.000 ABŞ dolları pul almışdır, əsassız olaraq varlanmışdır, Bank iddiaçının mülkiyyətində olan pulunu aldadaraq, köməksiz vəziyyətindən istifadə edərək əlindən almışdır. Bank, açıq-aşkar bu saxtakarlıqlara yol verdiyinə, habelə Teymur Bağırov ilə bağlanmış 275 №-li, İsmayıl Məmmədov ilə bağlanmış 276 №-li və Vladimir Naumov ilə bağlanmış 278 №-li kredit müqavilələrini iddiaçıya təqdim etməkdən israrla imtina etdiyinə görə, həmin müqavilələrdə də saxtakarlığa yol verilmişdir. İddiaçı, “cavabdeh Bankdan etibarsız müqavilələr üzrə cəmi 18.750 ABŞ dolları məbləğində pulu tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən, cavabdeh və Hüseynli Samir Əli oğlu arasında bağlanmış 27.05.2009-cu il tarixli 274 №-li, Bağırov Teymur Zakir oğlu ilə bağlanmış 27.05.2009-cu il tarixli 275 №-li, Məmmədov İsmayıl Tahir oğlu ilə bağlanmış 27.05.2009-cu il tarixli 276 №li, Babayev Murad Fərid oğlu ilə bağlanmış 27.05.2009-cu il tarixli 277 №-li və Naumov Vladimir Vladimiroviçlə bağlanmış 27.05.2009-cu il tarixli 278 №-li “Kredit müqavilələri”nin etibarsız hesab edilməsi, cavabdeh və Babayev Murad Fərid oğlu ilə bağlanmış 27.05.2008-ci il tarixli 65 №-li “İpoteka müqaviləsi”nin etibarsız hesab edilməsi, iddiaçı və cavabdeh arasında bağlanmış (tarixi qeyd olunmayan) 01 №-li “Razılaşma”nın etibarsız hesab edilməsi, 09.12.2019-cu il tarixdə iddiaçıdan cavabdeh tərəfindən alınmış 18.750 ABŞ dolları məbləğində pulun, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, məhkəmə xərcləri iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6464/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, “06.12.2019-cu il tarixli 01 saylı Razılaşma”nın Hüseynli Samir Əli oğluna münasibətdə etibarsız hesab edilməsi, Cavabdeh ASC-dən 5000 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-133/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6464/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi, iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 06.12.2019-cu il tarixli 01 saylı Razılaşmanın surətindən görünür ki, iddiaçı, Hüseynli Samir Əli oğlunun 5000 ABŞ dolları, Bağırov Teymur Fərid oğlunun 5000 ABŞ dolları, Məmmədov İsmayıl Tahir oğlunun 5000 ABŞ dolları, Babayev Murad Fərid oğlunun 2500 ABŞ dolları və Naumov Vladimir Vladimiroviçin 1250 ABŞ dolları kredit borclarını razılaşma imzalandığı tarixdən 5 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 27 may 2009-cu il tarixli 65 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, müqavilə cavabdeh ilə Babayev Murad Fərid oğlu arasında bağlanmış və müqaviləyə əsasən Babayev Murad Fərid oğlunun mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsi 27 may 2009-cu il tarixli 274, 275, 276, 277 və 278 saylı kredit müqavilələri üzrə kredit borcunun qaytarılmasının təminatı olaraq cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 27 may 2009-cu il tarixli 274, 275, 276, 277 və 278 saylı kredit müqavilələrinin surətlərindən görünür ki, kredit müqavilələri cavabdeh ilə müvafiq olaraq Hüseynli Samir Əli oğlu, Bağırov Teymur Zakir oğlu, Məmmədov İsmayıl Tahir oğlu, Babayev Murad Fərid oğlu və Naumov Vladimir Vladimiroviçlə bağlanmış və müqavilələrə əsasən cavabdeh tərəfindən Hüseynli Samir Əli oğluna 5000 ABŞ dolları, Bağırov Teymur Fərid oğluna 5000 ABŞ dolları, Məmmədov İsmayıl Tahir oğluna 5000 ABŞ dolları, Babayev Murad Fərid oğluna 2500 ABŞ dolları və Naumov Vladimir Vladimiroviçə 1250 ABŞ dolları məbləğlərində kreditlər verilmişdir. İşə əlavə olunmuş 09.12.2019-cu il tarixli 5 ədəd qəbzin surətlərindən müəyyən olunur ki, iddiaçşı tərəfindən Hüseynli Samir Əli oğlunun 5000 ABŞ dolları, Bağırov Teymur Fərid oğlunun 5000 ABŞ dolları, Məmmədov İsmayıl Tahir oğlunun 5000 ABŞ dolları, Babayev Murad Fərid oğlunun 2500 ABŞ dolları və Naumov Vladimir Vladimiroviçin 1250 ABŞ dolları məbləğlərində kredit borcları cavabdehin hesabına ödənilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 652080 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə Babayev Murad Fərid oğlu arasında 03.06.2008-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan AZ-İ seriyalı 450880 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, Babayev Murad Fərid oğlu 16.09.2010-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş 05.06.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçı, Babayev Murad Fərid oğlunun vərəsəsidir. İşə əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1070/2017 saylı 20.11.2017-ci il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı Hüseynli Samir Əli oğlunun Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi barədə iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 27 may 2009-cu il tarixli 274 saylı kredit müqaviləsi ləğv edilmiş və iddiaçı Hüseynli Samir Əli oğlunun Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında həmin kredit müqaviləsi üzrə pul öhdəliyinə xitam verilmişdir. İşdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04.12.2019-cu il tarixli Ərizədən müəyyən olunur ki, Hüseynli Samir Əli oğlunun, Bağırov Teymur Fərid oğlunun, Məmmədov İsmayıl Tahir oğlunun və Naumov Vladimir Vladimiroviçin adlarına rəsmiləşdirilmiş kreditlərin onlarla heç bir əlaqəsi yoxdur və həmin kreditlər əri Babayev Murad Fərid oğluna məxsusdur. Eyni zamanda iddiaçı həmin kreditlərin öhdəliyini üzərinə götürmüşdür. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi əqdin hansı əsasla etibarsız hesab edilməsini qətnamədə göstərməmiş, iddiaçının iddia ərizəsində əqdin aldadılma, çətin vəziyyətdə olmasından sui-istifadə edilməsi nəticəsində bağlanmasına əsaslanmaqla etibarsızlığını mübahisələndirdiyi halda, gəldiyi nəticəni bu hallardan heç biri üzrə əsaslandırmamış, əqdlərin etibarsızlığı barədə ümumi normaya Mülki Məcəlləsinin 337.1-ci maddəsinə istinad etmişdir. Bundan başqa, məhkəmə Hüseyni Samirin bank qarşısında hər hansı kredit öhdəliyinin olmamasına və bankın bu barədə iddiaçıya məlumat verməməsi nəticəsində əqdin etibarsız hesab edilməsi qənaətinə gələrkən iş materiallarında olan iddiaçının CavabdehASC-nə ünvanladığı 04.12.2019-cu il tarixdə ərizənin məzmununa, yəni rəsmiləşdiriən kreditlərin qeyd olunan şəxslərlə heç bir əlaqəsi olmadığını, bu kreditlərin vəfat etmiş həyat yoldaşı Murad Babayevə məxsus olduğunu bəyan etməsinə, buna görə də həmin kredit öhdəliklərini üzərinə götürməsinə dair iradə ifadəsinə müvafiq hüquqi qiymət verməmişdir. Halbuki qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən 5000 ABŞ dollarının ödənilməsi onun bank qarşısında götürdüyü öhdəliklərini icra edilməsi barədə 06.12.2019-cu il tarixli razılaşmaya əsaslandığından məhkəmənin Mülki Məcəllənin 1091-ci maddəsinə istinad edərək, bankın əsassız varlanması barədə gəldiyi nəticə də maddi hüquq normasının dispozisiya şərtinə uyğun olmamışdır. Həmçinin məhkəmə kollegiyası əqdin etibarsızlığı üzrə məhkəməyə müraciət edilməsi üçün müddətin tərəflər arasında məhkəmə mübahisələri olduğundan iddiaçı tərəfindən ötürülməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh ilə Hüseynli Samir Əli oğlu, Bağırov Teymur Zakir oğlu, Məmmədov İsmayıl Tahir oğlu, Babayev Murad Fərid oğlu və Naumov Vladimir Vladimiroviç arasında 27 may 2009-cu il tarixli müvafiq olaraq 274, 275, 276, 277 və 278 saylı kredit müqavilələri bağlanmış və müqavilələrə əsasən cavabdeh tərəfindən Hüseynli Samir Əli oğluna 5000 ABŞ dolları, Bağırov Teymur Fərid oğluna 5000 ABŞ dolları, Məmmədov İsmayıl Tahir oğluna 5000 ABŞ dolları, Babayev Murad Fərid oğluna 2500 ABŞ dolları və Naumov Vladimir Vladimiroviçə 1250 ABŞ dolları məbləğlərində kreditlər verilmişdir. Cavabdeh ilə Babayev Murad Fərid oğlu arasında 27 may 2009-cu il tarixli 65 saylı İpoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Babayev Murad Fərid oğlunun mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.03 ha torpaq sahəsi 27 may 2009-cu il tarixli 274, 275, 276, 277 və 278 saylı kredit müqavilələri üzrə kredit borcunun qaytarılmasının təminatı olaraq cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Babayev Murad Fərid oğlu 16.09.2010-cu il tarixdə ölmüşdür. İddiaçı, Babayev Murad Fərid oğlunun arvadı olmaqla vərəsəsidir. İddiaçı cavabdehə 04.12.2019-cu il tarixli Ərizə ilə müraciət edərək, Hüseynli Samir Əli oğlunun, Bağırov Teymur Fərid oğlunun, Məmmədov İsmayıl Tahir oğlunun və Naumov Vladimir Vladimiroviçin adlarına rəsmiləşdirilmiş kreditlərin onlarla heç bir əlaqəsinin olmamasını və həmin kreditlərin əri Babayev Murad Fərid oğluna məxsus olmasını bildirərək həmin kreditlərin öhdəliyini üzərinə götürmüşdür. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 06.12.2019-cu il tarixli 01 saylı Razılaşma bağlanmış və razılaşmaya əsasən iddiaçı, Hüseynli Samir Əli oğlunun 5000 ABŞ dolları, Bağırov Teymur Fərid oğlunun 5000 ABŞ dolları, Məmmədov İsmayıl Tahir oğlunun 5000 ABŞ dolları, Babayev Murad Fərid oğlunun 2500 ABŞ dolları və Naumov Vladimir Vladimiroviçin 1250 ABŞ dolları məbləğlərində kredit borclarını cavabdehin hesabına ödəmişdir. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin kredit müqavilələrinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı, cavabdeh ilə Hüseynli Samir Əli oğlu, Bağırov Teymur Zakir oğlu, Məmmədov İsmayıl Tahir oğlu və Naumov Vladimir Vladimiroviç arasında bağlanmış “Kredit müqavilələri”nin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunmuşdur: “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Bu maddədə “müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Lakin nəzərə alınmalıdır ki, 337.2-ci maddənin 2-ci cümləsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: a) hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; b) hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; c) vəzifənin icrasını çətinləşdirə bilər və s. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Belə ki, Mülki Məcllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. - hüquq münasibəti əmələ gəlir; - hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, ölkədə istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq hədiyyə verənlə hədiyyə alanın arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (satıcı və ya alıcı) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (kredit məbləği) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq (kredit alanın krediti qaytarmaq hüququ) və hüquqi vəzifə (kredit verənin krediti vermək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Beləliklə, hazırkı vəziyyətdə iddiaçı cavabdeh ilə Hüseynli Samir Əli oğlu, Bağırov Teymur Zakir oğlu, Məmmədov İsmayıl Tahir oğlu və Naumov Vladimir Vladimiroviç arasında bağlanmış “Kredit müqavilələri”ni mübahisələndirmək hüququna malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Yuxarıda qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı, vərəsəsi olaraq yalnız Babayev Murad Fərid oğlu ilə cavabdeh arasında bağlanmış kredit və ipoteka müqavilələrini mübahisələndirmək hüququna malikdir. Bu halda iddiaçı tərəfindən həmin müqavilələri mübahisələndirmək üçün iddia müddətinin keçibkeçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi həmin müqavilələr 27 may 2009-cu il tarixdə bağlanmışdır ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. İddiaçı iddia ərizəsində müqavilələrdən həmin vaxtda məlumatının olmamasını qeyd etsə də, iş materiallarına əlavə olunmuş iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04.12.2019-cu il tarixli Ərizədən isə müəyyən olunur ki, iddiaçının müqavilələrdən məlumatı olmuşdur. Lakin həmin tarixlərdən 11 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Hətta, iddiaçının müqavilələrdən 2009-cu ildən məlumatının olmadığını nəzərə aldıqda belə, 04.12.2019-cu il tarixdən məlumatı olmuşdur. Bu halda belə iddiaçı həmin tarixdən 1 ildən artıq (04.12.2019-23.12.2020=1 il 19 gün) müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən 09.12.2019-cu il tarixli 01 saylı Razılaşmanın bağlanmasından da 1 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Eyni zamanda, məhkəmə tədqiqatı zamanı müqavilələrin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçı müqavilələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddiasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Vladimirovanın apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1672/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2689/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2689/2022
13.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver