Məhkəmə qərarları › İş №2(103)-2690/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2690/2023

22.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2690/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, Sm oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirsakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-253/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Xəzər rayonu, Zirə-Türkan qəsəbəsi, Təzə məhəllədə yerləşən daş karxanası kommersiya obyekti kimi İddiaçı istifadəsindədir.

2. "xxxx" ASC-nin əməkdaşlarının iştirakları ilə **********30000 abonent kodu ilə iddiaçının adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Zirə-Türkan qəsəbəsi, Təzə məhəllə ünvanına yoxlama keçirilən zaman sayğacın ekran tablosunun oxunmaması müəyyən edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli, 036859 nömrəli akt tərtib edilmişdir.

3. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 036859 nömrəli aktla müəyyən edilmiş xətaya görə istehlakçıya 58 gün üçün 6.078,4 manat məbləğində cərimə hesablanmışdır.

4. xx.xx.2022-ci il tarixli ********* saylı hesab ödəniş vərəqəsinə əsasən iddiaçıya həmin tarixə 7.193,33 manat məbləğində borc hesablanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə-Türkan qəsəbəsi, Təzə məhəllədə yerləşən, kodu 03/17-186 olan kommersiya obyektinə elektrik enerjisinin verilməsinin bərpa edilməsini və əsassız olaraq borc kimi yazılmış 7.193 manat borcun cavabdeh tərəfindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə-Türkan qəsəbəsi, Təzə məhəllədə yerləşən kommersiya obyekti (Daş karxanası) faktiki olaraq İddiaçı istifadəsindədir. Həmin ünvanda abonent kodu 3/17- 186 olmaqla cavabdeh "xxxx" ASC elektrik enerjisi ilə təmin edilmişdir. İddaçı tərəfindən vaxtı-vaxtında ödənişlər olunmaqla yuxarıda göstərilən ünvanda yerləşən obyekt elektrik enerjisi İlə təmin olunurdu. Lakin xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən iddaçıya məxsus Bakı şəhəri, Xəzər rayon, Zirə-Tirkan qəsəbəsi məhəllədə yerləşən, kodu 03/17-186 olan kommersiya obyektinə (Daş karxanasi) ekkirik enerisinin verilişi dayandırmışdır. Həmin tarixdə "xxxx" ASC-nin nümayəndələri, aparıcı mühəndis Sadıqov Arif, nəzarətçi-mühəndis Babayev Ceylir, karxanada elektrik enerjisinin yoxlanılması zamanı elektrik sayğacının ekran tablosunun oxunmadığı müəyyən olnmuş və 036859 akt tərtib olunmuşdır. Yuxarıda göstərilən akta əsasən elektrik sayğacı yensi İlə əvəz edilməli idi. Bu səbəbdən iddaçıya məxsus kommersiya obyektinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7.193,0 manat əsassız borc yazılmış və elektrik enerjisinin verlişi dayandırlmişdır. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 7.193 manatın cavabdeh tərəfindən silinməsi və elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, cavabdeh əvvəlki köhnə sayağacı aktlaşdıraraq çıxarmış, daha sonra isə yenidən nasaz sayğac quraştırmışdır. Cavabdehin sayğacla bağlı problemləri həll etməsi 2022-ci lin iyun ayna qədərki dövrü əhatə edir. Bu dövrdə qeyd edilən yuxarı məbləğli elektrik sərfiyyatı üçün qeyd edilən məbləği tələb etməsi həm qanunsuz, həm də məntiqə uyğun deyilir. Belə ki, təqdim edilən 2007-ci ildən bu yana abunə haqqında məlumat vərəqindən görünir ki, iddaçın aylıq ödədiyi elektrik enerjisinə görə məbləğ 300 manatdan aşağı olmamaqla 1.000 manat civarda gəlir ki, bu da 3 ayda 3.000 manatı keçə bilməzdi. Odur ki, cavabdeh haqsız olaraq bu borc rəqəmini yazaraq iddiaçının istehlak miqdarından artq məbləğdə pul ödəməsini haqsız və qanunsuz olaraq tələb etməkdədir.

7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 253/2023 nömrəli qətnaməsi ilə (hakim R.H.Xəzri) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 6.428,4 manat məbləğində cərimənin İddiaçı abunə hesabından (abunə kodu: **********30000 olan) silinməsi, "xxxx" ASC-dən 84,29 manat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, stehlakçı tərəfindən sayğaca və ya elektrik xəttinə hər-hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu (sayğacın qoşulma ardıcıllığının pozulması) və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Tərtib olunmuş aktda əks olunan nasazlıq, yaxud pozuntunun abonentin təqsiri üzündən yaranması sübuta yetirilmir. Belə olan vəziyyətdə isə abonent sayğacda və ona qoşulma sxemində müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. xx.xx.2022-ci tarixli akt qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış 6.428,4 manat (6078,4 manat + 350,0 manat) borc silinməlidir. Bununla yanaşı, iddiaçı akt əsasında qanunsuz olaraq hesablanmış 7.193 manat borcun silinməsini xahiş etsə də, həmin akt üzrə 6.078,4 manat cərimə hesablandığı və həmin cərimənin silinməli olduğu müəyyən olunmuş, iddia tələbi qalan hissədə öz təsdiqini tapmamışdır.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 10.18.9-1, 8.17, 8.17-2-ci maddələri, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.8, 17-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.1, 217.4-ci maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində "Elektrik enerjisindən istifadə Qaydalan"nın 8.32-ci bəndinin müddəlarına, daha dəqiq desək aktın iki hal şahidinin və abonentin nümayəndəsinin iştirakı olmadan tərtib edilməsinə, həmçinin aktın nüsxəsinin abonentə təqdim edilməməsinə əsaslanmaqla maddi hüquq normalarmı düzgün tətbiq etməmişdir. Çünki hazırki iş üzrə iddiaçı elektrik enerjisindən məişət abonenti kimi deyil, məhz ona məxsus daş karxanasında təsərrüfat məqsədilə istifadə etmişdir. İddiaçı elektrik enerjisindən daş karxasında məhz təsərrüfat məqsədilə istifadə etdiyini hətta öz iddia ərizəsində etiraf etdiyini nəzərə alsaq həmin bu faktı işin mübahisəsiz halı kimi qəbul etmək olar. Bu səbəbdən də ona münasibətdə məişət abonenti ilə enerjitəchizat müəssisəsi arasındakı münasibətləri tənzimləyən hal-hazırda qüvvədə olan Qaydaların 8.17, 8.17-1 və 8.17-2 bəndlərinin müddəaları deyil, məhz məişət abonenti olmayan istehlakçı ilə enerjitəchizat müəssisəsi arasındakı münasibətləri tənzimləyən və pozuntu faktının aşkar edildiyi vaxt qüvvədə olan 8.17-ci bəndinin müddəaları tətbiq olunmalı idi. Belə ki, mübahisəli hüquq münasibəti yəni mübahisə predmeti olan aktın tərtib olunması xx.xx.2022-ci il tarixdə, yəni məhkəmənin isitinad etdiyi adı çəkilən Qaydaların 8.17, 8.17-1 və 8.17-2-ci bəndlərinin hələ qüvvədə olmadığı vaxtda yaranmışdır. Qaydaların 8.17, 8.17-1 və 8.17-2-ci bəndləri isə 15 aprel 2022-ci il tarixdə hüquqi qüvvəsini almışdır. Qaydaların 8.17-ci bəndinin məzmundan tam aydm görünür ki, enerjitəchizat müəssisəsi məişət abonenti olmayan istehlakçı tərəfindən sayğacdan kənar qoşulma halları aşkar etdikdə itirilmiş elektrik enerjisinin dəyərini hesablamaqla müvafiq olaraq akt tərtib edir. Lakin qeyd edilən bənddə akt tərtib olunan zaman iki hal şahidinin və abonentinin nümayəndəsinin iştirak etməsi, həmçinin aktın nüsxəsinin abonentə təqdim edilməsi barədə hər hansı bir qeyd göstərilməmişdir. Akt tərtib olunarkən hal şahidlərinin və abonentin iştirakının mütləq qaydada təmin olunması Qaydaların məişət abonenti ilə enerjitəchizat müəssisəsi arasmdakı münasibətləri tənzimləyən məhz 8.32-ci bəndində öz əksini tapmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları» Maddə 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Maddə 7.9. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Maddə 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Maddə 8.17. İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir (xx.xx.2022-ci tarixli akt tərtib edilən zaman qüvvədə olan norma).

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şikayətində cavabdeh qətnaməni iddianın təmin olunan hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək iddia qismən təmin edilməlidir.

20. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən cavabdeh tərəfindən iddiaçının istifadəsində olan sayğac ekran tablosu oxunmadığı səbəbindən xx.xx.2022-ci il tarixli aktla çıxarılmış və xx.xx.2022-ci il tarixdə iddiaçıya 58 gün üçün 6.078,4 manat məbləğində borc hesablanmışdır.

21. İşdə olan abunə haqqında məlumatdan isə görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçının fəaliyyət göstərdiyi ünvanda cavabdeh tərəfindən yeni sayğac alınaraq quraşdırılmış və bunun üçün 350 manat məbləğində borc hesablanmışdır.

22. Bundan sonra, iddiaçı elektrik enerjisindən istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixdə 1.944 manat borcu yaranmışdır (müqayisə üçün keçən ilin həmin dövrü iddiaçı təqribən 1.500 manat məbləğində elektrik enerjisindən istifadə etmişdir).

23. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini qismən təmin edərkən 6.428,4 manat məbləğində borcu silmiş, lakin nəzərə almamışdır ki, yeni sayğac quraşdırıldıqdan sonra iddiaçı 1.944 manat məbləğində elektrik enerjisindən istifadə etmişdir.

24. Eyni zamanda, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı faktiki olaraq kommersiya fəaliyyəti ilə məşğul olur, yəni məişət abonenti deyil. Odur ki, yeni quraşdırılmış sayğacın dəyəri onun borcundan silinə bilməzdi.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ (1944+350) birinci instansiya məbləği ilə silinən borcdan çıxılmalı və silinməli olan borcun məbləği 4.134,4 manat məbləğində müəyyən edilməlidir.

26. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının fəaliyyət göstərdiyi ünvandan sayğac çıxarıldığı tarixdən yeni sayğac quraşdırılanadək elektrik enerjisindən sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

27. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulan dövlət rüsumunun məbləği də dəyişdirilərək 61 manat məbləğində müəyyən edilməlidir.

28. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

29. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-253/2023 nömrəli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilərək cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 4.134,4 manat məbləğində cərimə İddiaçı abunə hesabından (abunə kodu: **********30000 olan) silinsin. "xxxx" ASC-dən 61 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar