Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2692/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" ASC 3-cü şəxs qismində cəlb olunmaqla) “zaminlik müqaviləsinin ləğv edilərək etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3719/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" ASC 3-cü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Mövlan oğlunun və Cavabdeh1 əsas borclu kimi tanınması, "xxxx" ASC-yə 23.340 (iyirmi üç min üç yüz qırx) ABŞ dolları məbləğində olan borcun ödənilməsinin onlara həvalə edilməsi və onlarla olan zaminlik müqaviləsinin aldatma yolu ilə bağlanmasına görə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-3719/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ("xxxx" ASC 3-cü şəxs qismində cəlb olunmaqla) “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2, İddiaçı2 və İddiaçı1 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6396/2017 saylı 02 may 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2, İddiaçı2 və İddiaçı1 müştərək qaydada 23.340 ABŞ dolları əsas borcun, 2.000,84 ABŞ dolları faiz borcunun (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 Mövlan oğlu tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8388/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6396/2017 saylı 2 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra cavabdeh İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8388/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkməsinin 2(102)-1008/2020 saylı, 17 fevral 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8388/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir.
4. Qeyd olunan qanunvericilik normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında olan hüquqi mövqeyə, həmçinin hüquqi müəyyənlik prinsipinə əsaslanaraq, məhkəmə tərəfindən ilkin olaraq əqdə əsaslanan mübahisələrin ortaq cəhətləri, irəli sürülən tələblərin və ya etirazların əsasları qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müqayisəli şəkildə təhlil edilmiş, iddiaçıların iddia ərizəsində irəli sürdükləri tələblərin əsası kimi göstərilən halların (zaminlik müqaviləsindən məlumatlı olmamaları, onlar tərəfindən imza edilməməsi səbəbilə zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və s.) qanuni qüvvəsini almış məhkəmə aktlarında yoxlanılaraq müvafiq hüquqi qiymət verildiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2020-ci il tarixli, 2(102)-1008/2020 saylı Qərarında kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, “......zaminlik müqaviləsində olan imzanın ona məxsus olmasının mübahisələndirilməsi imkanının olmadığı barədə dəlili əsaslı hesab edilə bilməz.”
5. Məhkəmə qeyd etmişdir ki, hazırki iddianın hüquqi əsasını təşkil edən əqdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə artıq qiymət verildiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı1 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3719/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərardadını ləğv edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş üzrə icraata Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli iş 2(001)-3719/2024 saylı qərardadı ilə əsassız və qanunsuz olaraq xitam verilmişdir. İş üzrə xitam qərarında hakim Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(101)-6396/2017 nömrəli qətnaməsini həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci tarixli 2(102)-1008/2020 saylı qərarını əsas götürmüşdür. Məhkəmə "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2015-ci il tarixli 23.340 (iyirmi üç min üç yüz qırx) ABŞ dolları məbləğində borcun götürməsi ilə bağlı nağd kredit müqaviləsini əsas götürmüşdür. Məhkəmə "xxxx" ASC-nin əsassız tələblərini tamamilə təmin etmişdir, hansısa onlara məlum olmayan səbəblərdən bankın əsassız və qanunsuz tələblərinin təmin edilməsində maraqlı olmuşdur. Məhkəmənin gedişatında göstərdikləri dəlil və sübutlara hakim ümumiyyətlə məhəl qoymamış, işin hallarının obyektiv və hərtərəfli tam olaraq araşdırılmasına ümumiyyətlə maraq göstərməmiş, xitam qərarında işin mahiyyətinə elə də aidiyyəti olmayan qeydlər etməmişdir. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2023-cü il tarixli iş 2(103)-45/2023 saylı qətnaməsində göstərilən dəlilləri və sübütları ümumiyyətlə nəzərə almamış və ya nəzərə almaq istəməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi araşdırma nəticəsində Cavabdeh2 Mövlan oğluna 30 may 2017ci il tarixli 856 nömrəli rəy ilə ambulator məhkəmə-psixiatrik ekspertizasının tam saxta həqiqətə uyğun olmayan olduğu təsdiq edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 Mövlan oğlu əqli və fiziki durumu tam yerində olan fəaliyyət qabiliyyətli şəxs hesab edilmiş, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə Cavabdeh1 ərizəsi təmin edilməməsi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 Mövlan oğlunun fəaliyyət qabiliyyətsiz olması barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 7 iyul 2017-ci il tarixli 2(001)-4792/2017 nömrəli qətnaməsi ləğv edilmiş və həmin şəxs tam fəaliyyət qabiliyyətli hesab edilmişdir. Bütün bunlar əsas verir ki, Cavabdeh2 Mövlan oğlu dələduzluq edərək saxta yolla fəaliyyət qabiliyyətsiz olması barədə sənəd əldə etmiş, aldatma yolunu tutaraq banka olan kredit borcunu ödəməkdən yayınmışdır. Məhkəmənin, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 6396/2017 nömrəli qətnaməsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci tarixli 2(102)-108/2020 saylı qərarına istinad etməsinin halhazırda heç bir hüquqi əsası yoxdur. Bakı Apellyasiya məhkəməsinin iş 2(103)-45/2023 qətnaməsi ilə yuxarıda göstərilən məhkəmələrin qətnamə və qərarları öz hüquqi əhəmiyyətini itirmişdir. 28 avqust 2024-cü il tarixdə Cavabdeh2 Mövlan oğlu barəsində Cavabdeh1 qəyyumluğu ləğv edilmişdir. Məhkəmə gedişatı zamanı bir iddiaçı olaraq hakimdən və bank nümayəndəsindən 2014-cü ildə bankdan götürülmüş ilk kredit borc müqaviləsinin və ilk zaminlərin iştirakçılarına aid sənədlərin təqdim edilməsini xahiş və tələb etdilər, lakin həmin sənədləri təqdim etmədilər. Hansı ki, həmin sənədlər təqdim edilsə idi onların zaminlikdə iştirakçılığı təsdiq edilməyəcəkdi və zaminliyə xitam verilməsinə əsaslar yaranacaqdır. Onların Bank of Baku-dan Cavabdeh2 Mövlan oğlu kredit borcu götürərkən zamin kimi heç bir iştirakı olmayıbdır, həmin ilk zaminlərin şəxsiyyətlərini müəyyənləşdirib məhkəməyə təqdim edilmələrini xahiş və tələb etsələr də bu xahiş və tələbləri bank və məhkəmə tərəfindən rədd edilmişdir. Həmçinin məhkəmə gedişatında Cavabdeh2 Mövlan oğlunun 1 saylı Bakı ASAN xidmət mərkəzi notariat qaydasında təsdiq edilmiş ərizəsi vardır ki, banka borcu götürməsindən sonra da özünün ödəyəcəyi barədə verdiyi iltizam sənədini hakimə təqdim etsələr də hakim həmin sənədə hüquqi qiymət verməmişdir. 2014-cü ildə "xxxx" ASC-dən Cavabdeh2 Mövlan oğlu tərəfindən bank kredit borcu götürərkən ilk zamin durmuş şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi və onların hansı əsaslarla zaminlikdən kənarlaşdırılmasının araşdırılıb dəqiqləşdirilməsi, xx.xx.2016-cı il tarixli 1 saylı Bakı “ASAN” xidmət mərkəzi notariat kontorunun verilmiş ərizəsinə hüquqi qiymətin verilməsi, 2014 və 2015-ci il tarixlərinin "xxxx" ASC-dən video görüntülərinin və papkalarının tələb edilməsi, Cavabdeh2 Mövlan oğlunun əsas borclu kimi tanınması, "xxxx" ASC-yə 23.340 (iyirmi üç min üç yüz qırx) ABŞ dolları məbləğdə olan borc pulun ödənilməsinin ona həvalə edilməsi və onlarla olan zaminlik müqaviləsinin aldatma yolu ilə bağlanmasına görə xx.xx.2015-ci il tarixli “zaminlik” müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3719/2024 saylı,18 mart 2025-ci il tarixli qərardadı ilə, İddiaçı1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-3719/2024 nömrəli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
10. 261.0.2-ci maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
11. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
12. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
13. 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
14. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli, 02/2022 saylı qərardadına görə əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. İşin mübahisəli halları kontekstində nəzərə alınmalıdır ki, MPM-nin 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir.
18. Məlum olduğu kimi, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir.
19. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.
20. Yuxarıda sadalanları konkretləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, ayrı-ayrı iddia tələblərinin və ya əsasının fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli və əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri, iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar baxımından kompleks şəkildə qiymət verilməlidir.
21. İşdə materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-6396/2017 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması”na dair iddiası təmin edilmiş, əsas borc üzrə 23.340 ABŞ dolları, faiz borcu üzrə 2.000,84 ABŞ dolları məbləğində pulun hər üç cavabdehdən müştərək qaydada tutulması qət edilmişdir. Həmin qətnamədən verilmiş şikayətlər üzrə işə baxan yuxarı instansiya məhkəmələri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 6396/2017 nömrəli qətnaməsini təsdiq edərək, müqavilələrin etibarlılığına hüquqi qiymət vermişdir.
22. Belə ki, əqdə əsaslanaraq irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqd təşkil edir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
23. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.
24. Bu baxımdan, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.
25. Hazırki mülki iş üzrə iddiaçılar, bağladıqları zaminlik müqavilələri əsasında onlardan pulun tutulması barədə mülki iş çərçivəsində sözügedən müqavilələrin etibarsız olmasına dair dəlillərə istinadən müvafiq iddiaya etiraz vermək və ya barələrində çıxarılmış qətnaməni mübahisələndirmək hüququna malik idilər. İş materiallarından da görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı1, İddiaçı2 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə baxılan zaman məhkəmələr tərəfindən müqavilələrin etibarlılığı, əsasında tərəflərin müvafiq hüquq və vəzifələrinin yaranmasının mümkünlüyü yoxlanılmış, beləliklə də bu müqavilələrin etibarlı olması qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmişdir. Qeyd olunan bu hallar da hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, müqavilələrin istinad olunan dəlillər üzrə təkrar qiymətləndirilməsi imkanını aradan qaldırır.
26. Göründüyü kimi iddiaçılar qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirirlər. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir.
27. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3719/2024 saylı, 14 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev