Məhkəmə qərarları › İş №2(103)-2696/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2696/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2696/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Üçüncü şəxs “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X9 cəlb edilməklə Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2024 nömrəli 11 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bank "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli Kredit müqaviləsinə əsasən Həsənov Rövşən Mais oğluna 168 ay müddətinə illik 4% dərəcəsi ilə 26.900 manat məbləğində ipoteka krediti verilmişdir. İpoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında üç tərəfli xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli güzəştli mənzilin alqı-satqı və ipoteka müqavilələri bağlanmışdır. xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən, sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ BTB- M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsinə üzrə sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəliyi və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26.900 manatdır. Həsənov Rövşən Mais oğlu tərəfindən imzalanmış ərizəyə əsasən, R.Həsənov tibbi müayinədən keçmədiyinə görə və ya yanlış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina, baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas olmasına razılıq vermişdir. Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. İddiaçı1 və Həsənli X3 Rövşən Mais oğlunun övladlarıdır. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 tərtib etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”nin 1-ci hissəsinin “a” bəndinə əsasən, Həsənov Rövşən Mais oğlunun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), “b” bəndinə əsasən əvvəlcə mövcud olan səbəb kimi “essensial (birincili) hipertenziya” (15 il) çıxış edir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən, İddiaçı1 və Həsənli X3 Rövşən Mais oğlunun vərəsələridir və miras əmlak olan ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzildən 1/2 hissədə pay almışlar. Hazırda iddiaçılar sığorta ödənişin tutulmasını xahiş edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 24591,59 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASCnin xeyrinə ödənilməsi, 5714,33 manat pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 181 manatın iddiaçılara ödənilməsi vəzifəsinin Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bank "xxxx" ASC və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X9 iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə sığortalı/sığorta olunan Həsənov Rövşən Mais oğlu ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında MLİ-BTB-M-0000544 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanaraq sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində sığorta olunanın, yəni Həsənov Rövşən Mais oğlunun ölməsi, xəstəliyi və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Sığorta məbləği olaraq sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 26.900 manat təşkil edir. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə “beyindaxili beyin kötüyünə qansızma” səbəbindən vəfat etmişdir. Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-202 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı1 və Həsənli X3 Rövşən Mais oğlunun vərəsələridirlər. Həsənov Rövşən Mais oğlunun vəfat etməsinə və nəticədə sığorta müqaviləsi sığorta hadisəsinin baş verməsinə baxmayaraq Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən iddiaçılara münasibətdə sığorta ödənişi həyata keçirilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2024 nömrəli 11 iyun 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, sığortalı Həsənov Rövşən Mais oğlu sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməmiş, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin 1-ci hissəsinin “a” bəndinə əsasən Həsənov Rövşən Mais oğlunun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), əvvəlcə mövcud olan səbəb isə “essensial (birincili) hipertenziya” (15 il) çıxış edir. Lakin, müvafiq şəhadətnaməyə səlahiyyətli qurum tərəfindən texniki düzəliş edilmiş və əvvəlcə mövcud olan səbəb üzrə “essensial (birincili) hipertenziya” 15 il qeydi 5 gün ilə əvəz edilmiş və bu barədə vizual gözlə görülən müvafiq texniki düzəliş aparılmışdır. Lakin sözügedən düzəliş yuxarıda qeyd olunan normativ tələblər əsas götürülməklə yalnız məhkəmə qaydasında aparıla bilər. Birinci instansiya məhkəməsi həmin düzəlişin məhz sığorta ödənişinin alınması məqsədilə formal əsaslarla aparılması ehtimalının yüksək olmasını nəzərə aldığını qeyd edərək, hesab etmişdir ki, cavabdeh Sığorta Şirkəti tərəfindən məhz tərəflər arasında bağlanmış sığorta razılaşması şərtləri nöqteyi-nəzərindən sığorta ödənişindən imtina edilməsi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçılara izah etmişdir ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 Həsənov Rövşən Mais oğlu barəsində müvafiq qərarını məhkəmə qaydasında (inzibati məhkəmə) mübahisələndirmək hüquqları vardır. Həmin iddia tələbinin təmin edilməsi halında hazırkı iddianın perspektivi müzakirə oluna bilər. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləsinin 935.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Bu maddənin tələbindən də göründüyü kimi, iş üzrə Cavabdeh Sığorta Şirkətinin sığortalıya müvafiq sığorta müqaviləsi əsasında üzərinə götürdüyü sığorta ödənişinin ödənilməsinə dair öhdəliyini icra etməkdən imtina etdiyi zaman gətirdiyi səbəb qanuni səbəb ola bilməz. Birinci instansiya məhkəməsi qətnaməsində yanlış mövqeyə gələrək göstərmişdir ki,“... Beləliklə, araşdırma nəticəsində müəyyən olunur ki, sığortalı Həsənov Rövşən Mais oğlu sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməmiş, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etmişdir”. Birinci instansiya məhkəməsinin hansı hüquqi əsasa görə və hansı möhtəbər sübutlar əsasında məhz sığorta müqaviləsi bağlanarkən sığortalı Həsənov Rövşən Mais oğlunun ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini müəyyən etməsi şübhə doğurur. Ümumiyyətlə, mövcud iddia tələbi ilə bağlı işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan hər hansı bir halın araşdırılması istiqamətində demək olar ki, tədqiqat aparılmayıb. O cümlədən iddiaçı tərəfdən məhkəməyə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə müvafiq məhkəmə sorğusu göndərməklə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən 14 oktyabr 2021-ci il tarixində vəfat etmiş xx.xx.1969-cu il təvəllüdlü Həsənov Rövşən Mais oğlunun ölüm səbəbinin aydınlaşdırılması məqsədilə beyindaxili beyin kötüyünə qansızmaya səbəb olmuş xəstəliklər (olduğu halda), mərhumun ölüm tarixinədək keçirtdiyi xəstəliklər və buna səbəb olmuş hallar barədə, ölüm tarixinədək hansı xəstəlik və ya xəstəliklərin mərhum Həsənov Rövşən Mais oğlunda aşkar edildiyi, Həsənov Rövşən Mais oğlu tərəfindən həmin xəstəliklərlə bağlı məhz hansı tarixlərdə “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə rəsmi qaydada müraciət edildiyi, aşkar edilmiş xəstəlik və ya xəstəliklər üzrə Həsənov Rövşən Mais oğlunun hansı tarixlərdə müayinə və ya müalicə edildiyi barədə ətraflı arayışın, sadalanan halları təsdiq edən məlumatlarla bağlı Mərkəzi Xəstəxanada saxlanılan arxiv sənədlərinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi” barədə təqdim edilən vəsatət də hər hansı bir formada əsaslandırılmadan təmin edilməmişdir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər hüquqi əsaslar və faktlar olmadan tərəflər arasında sığorta müqaviləsindən irəli gəlmiş mülki mübahisəyə yanlış olaraq Mülki Məcəllənin 935.1.6 və 935.1.8-ci maddələrini tətbiq etməkdə haqlı olmaması nəticədə sığortalı Həsənov Rövşən Mais oğlunun hüquqi varislərini/qanun üzrə vərəsələrini (iş üzrə iddiaçıları) müvafiq sığorta ödənişini almaq hüququndan məhrum etmişdir. İş üzrə Cavabdeh Sığorta Şirkətinin sığortalıya sığorta ödənişinin ödənilməsindən imtina etməsinin yeganə səbəbi kimi istinad etdiyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədə əvvəlcə 15 il, sonradan baş vermiş texniki səhvin düzəldilərək 5 gün göstərilməsinə dair qeydinə əsaslanaraq, məhz bu əsasla sığorta müqaviləsi üzrə əsas öhdəliyi olan sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin sığortalıya ödənilməsindən imtinası mülki qanunvericiliyin və sığorta haqqında qanunun tələblərinə zidd olmaqla, həmin imtina qanuni və əsaslı sayıla bilməz. Həmçinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən cavabdehə onun müraciəti əsasında təqdim edilmiş məktublarda və eləcə də X7 nümayəndəsi xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə baxışında verdiyi izahatında PHŞ tərəfindən sığortalının adına verilmiş ölüm haqqında tibbi şəhadətnamədə 15 il deyil, əslində 5 gün göstərilməli olduğunu bir daha təsdiq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4881/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Həmin qətnamədən İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-661/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4881/2024 nömrəli, 16 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “işdən görünür ki, Sığorta Şirkəti sığorta ödənişindən imtinasını onunla əsaslandırmışdır ki, sığortalı R.Həsənov müqavilə bağlanan zaman xəstəliyi barədə sığortaçıya məlumat təqdim etməmişdir, təqdim etsəydi, sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Belə ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 tərtib etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”də R.Həsənovun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), xəstəliyin mövcud olan səbəb kimi 15 il əvvəldən mövcud olan “essensial (birincili) hipertenziya” göstərilmişdir. Birinci instansiya məhkəməsi də cavabdehin istinad etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”də göstərilən məlumatlara əsasən sığortalı R.Həsənovun sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməməsinə, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etməsinə isitnad edərək iddianı təmin etməmiş, eləcə də “Ölüm haqqında tibbi şəhadətnamə”də ölümün səbəbi kimi 15 il əvvəldən mövcud olan “essensial (birincili) hipertenziya” olmasını qeyd edərək, sonrakı düzəlişin (5 gün) məhz sığorta ödənişinin alınması məqsədilə formal əsaslarla aparılması ehtimalının yüksək olması ilə izah etmişdir. Əvvəla, mülki prosessual qanunvericiliyin qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM, 217.3. 217.4) Qeyd edilən normaların məzmunu onu deməyə imkan verir ki, qətnamə heç bir halda ehtimala əsaslana bilməz. Hər bir ehtimal tədqiq olunmuş sübutlarla təsdiq və ya təkzib edilməlidir. Məhz belə təsdiq və ya təkzib ehtimalı aradan qaldırır, onu təsdiq və ya təkzib edilmiş fakta çevirir. Hazırki işdə mübahisəli hal ölümün əvvəlki səbəbinin yaranması vaxtıdır. İşdə olan 14 oktyabr 2021-ci il tarixli ölüm epikrizində (iş v.104) qeyd edilib ki, yaxınlarının deməsinə görə mərhum R.Həsənov sağlam olub, heç vaxt həkimə müraciət etməyib, son 10-15 gün ərzində təzyiqinin səbəbsiz tez-tez qalxması və mədəsindən şikayət etmişdir. Birinci instansiya məhkəməsi işdə olan 14 oktyabr 2021-ci il tarixli ölüm epikrizinə qiymət verməmiş, orada əks edilən məlumatlarla Sığorta Şirkətinin ödənişdən imtina üçün istinad etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin ziddiyyət təşkil edibetməməsinə aydınlıq gətirməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, qeyd edilən Qaydaya görə şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. sənədlər əsasında verilir. Belə olan halda, Sığorta Şirkətinin ödənişdən imtina üçün istinad etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və ya hər hansı digər sənədlər əsasında yazılması müəyyən edilməli idi. “Ölüm haqqında tibbi şəhadətnaməni verən “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X9 iş üzrə mübahisə predmeti barəsində müstəil tələb irəli sürən şəxs kimi işə cəlb edilib. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı həmin xəstəxanadan üçüncü şəxs olaraq **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin hansı sənədlər əsasında yazılması ilə bağlı hər hansı sənəd təqdim etməsini təklif etməyib. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 57.2-ci maddəsinə görə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Bir sıra hüquqlar istisna olmaqla, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin tərəfin prosessual hüquqlarından istifadə etməsi və onun prosessual vəzifələrini daşıması nəzərə alınarsa, birinci instansiya məhkəməsinin xidməti vəzifəsi olaraq ümumi qaydada özündə olan sübutları təqdim etməyi üçüncü şəxsə də tapşırıb, həmin sənədləri əldə etməklə yuxarıda qeyd edilən hallara aydınlıq gətirə bilərdi ki, buna əməl edilməyib. Həmçinin Sığorta Şirkəti “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 ilkin olaraq təqdim etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”yə istinadən sığorta ödənişindən imtina etsə də, sonradan həmin PHŞ tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, **********28 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”də (iş v.42, 83) ölümün əvvəlcə mövcud olan səbəbi kimi göstərilən diaqnozun 5 gün əvvələ təsadüf etməsi qeyd edilmişdir. Başqa sözlə, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” başqa nömrə və tarixlə tərtib etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”də patoloji prosesin 5 gün əvvəl başlamasını göstərib. Eyni zamanda bu sənəddə də qeydin ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və ya hər hansı digər sənədlər əsasında yazılması müəyyən edilməyib. Həm də nəzərə alınmalıdır ki, patoloji prosesin 5 gün əvvəl başlaması göstərilən “Ölüm haqqında tibbi şəhadətnamə” daha sonradan verilmiş sənəddir. Birinci instansiya məhkəməsi sonuncu Şəhadətnamə veriləndən sonra, verilmiş birinci Şəhadətnamənin qüvvədə olub-olmamasını da aydınlaşdırmamışdır. Halbuki iddianın düzgün həllində bunun mühüm əhəmiyyəti olmuşdur. Başqa bir məsələ, birinci instansiya məhkəməsinin iddiaçılara “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X9 Həsənov Rövşən Mais oğlu barəsində müvafiq qərarını məhkəmə qaydasında (inzibati məhkəmə) mübahisələndirmək hüquqları olmasının izah edilməsi, həmin iddia tələbinin təmin edilməsi halında hazırkı iddianın perspektivinin müzakirə oluna bilməsi ilə bağlı mövqeyidir. Birinci instansiya məhkəməsi bu mövqeyini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 5.3-cü bəndinə istinadla əsaslandırmışdır. Həmin bəndə görə Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini ziddiyyətsiz hesab etmir. Əvvəla, Şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli məsələ iddiaçıların mövqeyi və işin halları baxımından onların həmin Şəhadətnaməni verən tibb müəssisəsinə müraciəti əsasında hazırki vəziyyətdə aradan qalxmış kimi görünür. Yuxarıda qeyd edildiyi kimi “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X9 R.Həsənovun ölümünün səbəb olan patoloji prosesin başlanma vaxtı ilə bağlı iki müxtəlif nömrə və tarixlərdə “Ölüm haqqında tibbi şəhadətnamə”lər vermişdir. Birincidə patoloji prosesin 15 il əvvəl, ikincidə isə 5 gün əvvəl başlamasını göstərmişdir. Həmçinin yuxarıda o da qeyd edildi ki, ikinci Şəhadətnamə veriləndən sonra, verilmiş birinci Şəhadətnamənin qüvvədə olub-olmamasına aydınlıq gətirilməyib. Buna görə də Şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli halların məhkəmə qaydasında həlli ilə bağlı məhkəməyə nəyə görə Sığorta Şirkətinin deyil, məhz iddiaçıların müraciət etməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz. Müəyyən edilsə ki, ikinci Şəhadətnamənin verilməsi ilə birinci Şəhadətnamə öz qüvvəsini itirib, əksinə, bu zaman iddiaçıların həmin məsələni məhkəmədə mübahisələndirməsinin hər hansı məntiqi qalmır. Şərh edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla eyni səhvə yol vermiş, apellyasiya şikayətini dəlilləri ilə bağlı hər hansı dəyərləndirmə aparmamışdır”. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə kollegiyasının əvvəki iclasında iştirak edən İddiaçı1 nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının əvvəki iclasında iştirak edən Cavabdeh Sığorta Şirkəti ASCnin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 935.1.6. Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçıların atası X8 "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli kredit müqaviləsinə əsasən 168 ay müddətinə illik 4 faizlə 26.900 manat məbləğində ipoteka krediti verilmişdir. İpoteka saxlayan Bank "xxxx" ASC, alıcı-ipoteka qoyan Həsənov Rövşən Mais oğlu və satıcı "xxxx" MMC arasında üç tərəfli xx.xx.2020-ci il tarixli MİDA-392/20 nömrəli “Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi” bağlanmışdır. xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən, Həsənov Rövşən Mais oğlu oğlunun ölməsi, xəstəliyi və ya bədbəxt hadisə nəticəsində müvafiq dərəcədə əlilliyin təyin edilməsi hallarından sığortalanması nəzərdə tutulmuşdur. Həsənov Rövşən Mais oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. Sığorta Şirkəti sığorta ödənişindən imtinasını onunla əsaslandırmışdır ki, sığortalı R.Həsənov müqavilə bağlanan zaman xəstəliyi barədə sığortaçıya məlumat təqdim etməmişdir, təqdim etsəydi, sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Belə ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 tərtib etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”də R.Həsənovun ölümünün səbəbi “beyindaxili beyin kötüyünə qansızma” (1 saat), xəstəliyin mövcud olan səbəb kimi 15 il əvvəldən mövcud olan “essensial (birincili) hipertenziya” göstərilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin istinad etdiyi “Ölüm haqqında tibbi şəhadətnamə”də göstərilən məlumatlara əsasən sığortalı R.Həsənovun sığorta müqaviləsi bağlanarkən ürək-damar xəstəliklərindən əziyyət çəkdiyini sığortaçıya bəyan etməməsinə, nəticədə isə məhz ürək-damar xəstəliyindən vəfat etməsinə isitnad edərək iddianı təmin etməmiş, eləcə də “Ölüm haqqında tibbi şəhadətnamə”də ölümün səbəbi kimi 15 il əvvəldən mövcud olan “essensial (birincili) hipertenziya” olmasını qeyd edərək, sonrakı düzəlişin (5 gün) məhz sığorta ödənişinin alınması məqsədilə formal əsaslarla aparılması ehtimalının yüksək olması ilə izah etmişdir. Halbuki mülki prosessual qanunvericiliyin qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı tələbinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM, 217.3. 217.4) İş materialları ilə müəyyən edilmişdir ki, hazırki işdə mübahisəli hal ölümün əvvəlki səbəbinin yaranması vaxtıdır. Belə ki, işdə olan 14 oktyabr 2021-ci il tarixli ölüm epikrizində (iş v.104) yaxınlarının deməsinə görə mərhum R.Həsənovun sağlam olub, heç vaxt həkimə müraciət etməməsi, son 10-15 gün ərzində təzyiqinin səbəbsiz tez-tez qalxması və mədəsindən şikayət etməsi qeyd edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi isə işdə olan 14 oktyabr 2021-ci il tarixli ölüm epikrizinə qiymət verməyərək, orada əks edilən məlumatlarla Sığorta Şirkətinin ödənişdən imtina üçün istinad etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin ziddiyyət təşkil edib-etməməsinə aydınlıq gətirməmişdir. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və Qaydaları”nın 4.3-cü bəndinə görə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə nəzərə almamışdır ki, qeyd edilən qaydaya görə şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. sənədlər əsasında verilir. Halbuki, sığorta şirkətinin ödənişdən imtina üçün istinad etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”dəki ölümün səbəbi kimi göstərilən diaqnozun 15 il əvvələ təsadüf etməsi barədə qeydin ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və ya hər hansı digər sənədlər əsasında yazılması müəyyən edilməli idi. Bundan başqa kollegiya qeyd edir ki, məhkəmə işin bu halına da diqqət yetirməmişdir ki, sığorta şirkəti “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 ilkin olaraq təqdim etdiyi **********08 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”yə istinadən sığorta ödənişindən imtina etsə də, sonradan həmin PHŞ tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, **********28 nömrəli “Ölüm haqqında tibbi şəhadətnamə”də (iş v.42, 83) ölümün əvvəlcə mövcud olan səbəbi kimi göstərilən diaqnozun 5 gün əvvələ təsadüf etməsi qeyd edilmişdir. Bununla yanaşı Məhkəmə kollegiyası qeyd edir ki, şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli məsələ iddiaçıların mövqeyi və işin halları baxımından onların həmin şəhadətnaməni verən tibb müəssisəsinə müraciəti əsasında hazırki vəziyyətdə aradan qalxmış kimi görünür. İş materiallarından görünür ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X9 R.Həsənovun ölümünün səbəb olan patoloji prosesin başlanma vaxtı ilə bağlı iki müxtəlif nömrə və tarixlərdə “Ölüm haqqında tibbi şəhadətnamə”lər vermişdir. Birincidə patoloji prosesin 15 il əvvəl, ikincidə isə 5 gün əvvəl başlamasını göstərmişdir. Birinci instansiya məhkəməsi isə ikinci şəhadətnamə veriləndən sonra, verilmiş birinci şəhadətnamənin qüvvədə olub-olmamasına aydınlıq gətirməmişdir. Buna görə də şəhadətnamənin verilməsi ilə bağlı mübahisəli halların məhkəmə qaydasında həlli ilə bağlı məhkəməyə nəyə görə Sığorta Şirkətinin deyil, məhz iddiaçıların müraciət etməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşmır. Kassasiya instansiya məhkəməsinin göstərdiyi kimi əgər müəyyən edilsə ki, ikinci şəhadətnamənin verilməsi ilə birinci şəhadətnamə öz qüvvəsini itirib, əksinə, bu zaman iddiaçıların həmin məsələni məhkəmədə mübahisələndirməsinin hər hansı məntiqi qalmır. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 təqdim etdiyi sənədlərin əslinə keçirilmiş baxış zamanı kartada ölüm səbəbi ilə bağlı texniki səhvə yol verilməsi müəyyən edilmişdir. Belə ki, vəfat etmiş şəxsin əvvəllər xəstə olmasını təsdiq edən sübutlar işdə yoxdur. Başqa sözlə, vəfat etmiş şəxsin xəstəlik tarixçəsində onun orada göstərilən müraciətindən başqa əvvələr hər hansı xəstəliklə müraciət etməsi görünmür. Həmçinin xəstəlik tarixçəsində səhvə yol vermiş həkimin özü tərəfindən əlavə qeyd aparılaraq səhv aradan qaldırılmışdır. Buna görə hətta həmin həkim cəzalandırılmışdır. Adı qeyd edilən həkimin vəfat etməsi ilə əlaqədar onun kollegiya iclasında dindirilməsi mümkün olmamışdır. Kollegiya iclasında “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 nümayəndəsi izahatında bildirdi ki, ikinci şəhadətnamənin verilməsi ilə birinci şəhadətnamə qüvvədən düşmüşdür. Belə ki, birinci şəhadətnamə verilərkən səhvə yol verildiyindən artıq bu qüvvədə ola bilməzdi. Buna görə ikinci dəfə verilən şəhadətnamə hüquqi qüvvəyə malikdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmuşdur. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə olunmuş Bank "xxxx" ASC-nin 26 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, müştəri Həsənov Rövşən Mais oğlunun qeyd olunmuş kredit öhdəliyi üzrə 14 oktyabr 2021-ci il tarixinə 24556,12 ( iyirmi dörd min beş yüz əlli manat 12 qəpik) manat məbləğində əsas borcu, 35,47 ( otuz beş manat 47 qəpik) manat məbləğində faiz borcu, ümumi 24591,59 ( iyirmi dörd min beş yüz doxsan bir manat 59 qəpik) manat məbləğində borcu mövcud olmuşdur, o cümlədən 14 oktyabr 2021-ci il tarixindən sonra sözügedən kredit üzrə 5714,33 ( beş mon yeddi yüz on dörd manat 33 qəpik) manat məbləğində ödənişlər edilmişdir ki, bundan 3598,38 (üç min beş yüz doxsan altı manat 38 qəpik) manat məbləğində əsas borc üzrə, 2117,95 (iki min yüz on yeddi manat 95 qəpik) manat məbləğində isə faiz borcu üzrə silinmə getmişdir. Kollegiya tərəfindən həmin məktuba şübhə ilə yanaşmağa əsas müəyyən olunmadığından bu sənəd mötəbər sübut kimi qəbul edilir. Beləliklə Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 181 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçıların nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2024 nömrəli 11 iyun 2024cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank "xxxx" ASC və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X11 cəlb edilməklə Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. 24591,59 manat məbləğində sığorta ödənişinin faydalanan şəxs Bank "xxxx" ASCnin xeyrinə ödənilməsi, 5714,33 manat pul vəsaitinin iddiaçılara ödənilməsi vəzifəsi Cavabdeh Sığorta Şirkəti ASC-nin üzərinə qoyulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 181 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Əliyeva Leyla Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar