Məhkəmə qərarları › İş №2(103)-2697/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2697/2021

10.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2697/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi və borca görə tutulmuş pulun geri qaytarılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1739/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı – cavabdeh tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 697,30 manatın, 235,88 manat sayğacın dəyərinə görə tələb olunan borc məbləğinin silinməsi və borca görə əsassız olaraq tutulmuş 298,50 manatı abonent hesabına geri qayatrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Bakı şəhəri, Binə qəsəbəsi, N.Abbasov küçəsi, ev 21 saylı fərdi yaşayış evində yaşayır. Bakı şəhəri, Binə qəsəbəsi, N.Abbasov küçəsi, ev 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh İB ilə aralarında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində mənzilinə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçının evində quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən sayğacdan əsassız borca görə tutulmaların və daha sonra kartın blokda olduğunun şahidi olmuşdur. Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə iddiaçıya bildiriblər ki, sayğacdan kənar xətt olduğu üçün iddiaçıya cərimə yazılıb. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 995,8 manat borc yazılıb və iddiaçı bu pulu ödəməlidir. Bundan əlavə sayğacın dəyəri 235,88 manat da ödəməli olduğunu bildirmişlər. İddiaçı borcun səbəbini soruşduqda bildiriblər ki, sayğacdan kənar xətt olduğu üçün ona cərimə yazılıb. İddiaçının evində quraşdrılan qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac evin hasarından çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzarət edilməli idi. Cavabdeh İB tərəfindən iddiaçıya akt təqdim edilmişdir. İddiaçı kart vasitəsi ilə həmişə ödəniş etmiş və heç bir çətinlik olmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1739/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, həmçinin 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, 102 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi və maddi hüquq normalarının tələblərini pozduğu, iddiaçının kənar qaz xəttindən istifafdə etdiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan GASREP vərəqindən görünür ki, İddiaçı qaz sərfiyyatına görə cari borcu 697,3 manat, 2018-ci ilin may ayı üzrə borcu 995,80 manat təşkil edir və borca görə ondan 298,50 manat pul vəsaiti tutulmuşdur. İş materiallarında olan itirilmiş qazın hesablanması barədə xx.xx.2018-ci il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2018-ci tarixli akta əsasən cəmi 4983 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2018-ci il tarixli sənədin surətindən görünür ki, istehlakçı İddiaçı barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci tarixli akta əsasən təbii qazdan sayğacdan kənar və qeyri qanunu istifadə olunur. İş materiallarında olan **********10000 saylı abonent İddiaçı tərtib edilən aktlar üzrə 2018-ci ilin may ayına olan borcu 995,80 manat təşkil edir İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini əsaslandırdığı hallara qiymət vermək üçün ekspertiza təyin etmiş, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin apardığı tədqiqatla Bakı şəhəri, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 21 ünvanında təbii qazdan istifadə ilə əlaqədar qaz sayğacından kənar hər-hansı qoşulma halı, eləcə də kənar xəttin çəkilməsinə xarakterik olan izlərin aşkar edilmədiyi nəticəsinə gəlinmişdir. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiyanın qənaətinə görə Cavabdeh İB iddiaçının evində kənar xəttdən istifadə edildiyini təsdiq edən və buna görə də, aktların tərtib edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Qeyd edilən borcun hesablanması üçün səbəb cavabdeh tərəfindən iddiaçının qaz xəttinə qanunsuz qoşulması göstərilmişdir. Lakin cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, göstərilən hal məhkəməyə təqdim edilmiş ekspert rəyində öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğlər baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1739/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar