Məhkəmə qərarları › İş №2(103)-2697/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2697/2023

25.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2697/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ 2(103)-2697/2023 25 aprel 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: «evə köçürülmə, maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikililərin sökülməsi») Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı1 və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «evə köçürülməmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikililərin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən - ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdən 7/8 hissədə Cavabdeh2, xx.xx.2021-ci il tarixdə 1/8 hissədə İddiaçı1 paylı mülkiyyəti üzrə dövlət qeydiyyatına alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 (bundan sonra iddiaçı), İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 (bundan sonra, cavabdeh) və Cavabdeh1 qarşı «evə köçürülmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi, qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 nömrəli evə köçürülməsinin təmin edilməsi, həmin evdən istifadələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin qadağan edilməsi, evi kirayə verərək əldə edilmiş kirayə haqqına görə 3200 manat pulun cavabdehlərdən tutularaq onlara ödənilməsi, evin texniki pasportunda qeyd edilməmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 7/8 hissədə Cavabdeh2, 1/8 hissədə İddiaçı1 məxsusdur. Mübahisəli ev mərhum anaları X1 adına olmuşdur. İstər anasının sağlığında, istərsə də sonradan onlar həmin evdə yaşamışıq, ayrıça giriş-çıxış yolu olmuş, evin iki otağı, bir balkon, ayrıca hamam və sanitar qovşağı iddiaçıların istifadəsində olmuşdur. Lakin sonradan cavabdehlər heç bir səbəb olmadan onları həmin evdə yaşamağa qoymamışlar. Onlar evdə olmadığından vaxtda evin giriş qapısının açarı dəyişdirilmiş, onların yaşadığı ev bir il dörd ay olar ki, hər ay 200 manatdan kirayə verilmişdir. Bu müddət ərzində kirayəçilərdən 3200 manat məbləğində kirayə haqqı alınmış, lakin həmin pul onlara verilməmişdir. Onların yaşadığı evi qeyri qanuni təhsil hazırlıq müəssisəsinə çevirmişlər. Həmin evdə onlara məxsus əşyalar yerləşdirilmiş, lakin cavabdehlər əşyaları oradan çıxarmışlar. Hazırda müvəqqəti olaraq kirayədə yaşayırlar. Dəfələrlə evlərinə getmək istəsələr də, cavabdehlər buna imkan verməmiş, onların evdə yaşayamağa qoymayacaqlanı bildirmişlər. Hazırda cavabdehlər tərəfindən onların yaşadığı həyətdə qanunsuz olaraq yardımçı tikililər də inşa olunmuşdur. Həmin tikililər evin texniki pasportunda qeyd edilməmiş və qanunsuz tikililərdir. Həyətdə olan həmin tikililər tikinti qanunlarına zidd olmaqla cavabdehlərin hesabına sökülməlidir. Cavabdehlər onları evdən qovduqdan sonra onlar məcbur olub müvəqqəti olaraq kirayə yaşayırlar, başqa yerdə yaşamağa evləri yoxdur, qeydiyyatda olduqları evdə yaşamaqdan məhrum olmuşlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onların evdən sahiblik, sərəncam və istifadə hüquqları pozulur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-58/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə (Gülnar Əhmədova) iddia rədd olunmuşdur.

5. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 mübahisə predmeti olan yaşayış sahəsinə pay hüququna, həmin əmlaka dair öz payına uyğun hissədə sahiblik və istifadə etmək hüququna malik olmasına baxmayaraq, araşdırması zamanı mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçıya məxsus 1/8 hissədə payın hansı sahəni əhatə etməsi və həmin sahədan ayrıca yaşayış sahəsi kimi istifadə edilməsinin mümkün olması müəyyən edilməmiş, eləcə də iddia tələbinin digər hissələrinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır.

6. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.2, 164.1, 165.1, 213.1, 213.2, 213.3, 215.1. və s., Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmiş, apellyasiya şikayəti - iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, mülkiyyətçi kimi mülkiyyət hüququnun pozulması, təqdim olunmuş sübutların obyektiv, hərtərəfli və tam qiymətləndirilməməsi və s. göstərilmişdir.

8. İddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya baxışı zamanı yazılı ərizə təqdim edərək, hazırda qətnamədən yalnız iddiaçının və onun ailə üzvlərinin mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməməsi hissədə narazı qaldığını, bu səbəbdən də iddianın həmin hissədə təmin olunmasını, qətnaməni qalan hissələrdə mübahisələndirmədiklərini göstərmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsində verilmiş izahatlarına və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin olunmasını xahiş etmişlər. Həmçinin, məhkəmə iclası zamanı İddiaçı1 apellyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, qətnamədən yalnız mənzilə köçürülmə hissədə narazı olmasını, onun və ailə üzvlərinin mənzilə köçürülməsi tələbinin təmin olunmasını xahiş etmiş, qətnamənin qalan hissələrindən şikayət etmədiyini göstərmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu, təmin olunmamasını xahiş etmişdir. Həmçinin, iddiaçının qeyd olunan ünvanda paylı mülkiyyətçi olduğunu, lakin iddiaçının başqa yerdə evinin olduğunu, hazırda həmin paya ehtiyacının olmadığını, iddiaçının və onun ailə üzvlərinin həmin ünvana köçürülməsinə etiraz etdiyini bildirimişdir.

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər.

13. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

16. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

17. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

18. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir.

19. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 6.1.1. Mülki hüquq subyektləri bərabərdir.

21. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

22. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

23. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

24. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

25. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

26. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

29. Maddə 140-cı maddəsinin tələbinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Qeyd edilməlidir ki, iddia tələbləri təmin olunmamış, iddiaçılardan yalnız İddiaçı1 qətnaməni mübahisələndirmişdir. Həmçinin, apellyasiya icraatı zamanı İddiaçı1 ərizə ilə müraciət edərək, onun və ailə üzvlərinin mənzilə köçürülməsi tələbinin təmin olunmasını xahiş etmiş, qətnaməni qalan hissələrdə mübahisələndirmədiyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (yaşayış sahəsinə köçürülmə) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsi qismən ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul olunmalı, iddia tələbi qismən təmin olunmalıdır.

41. İşin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən mübahisə predmeti olan yaşayış sahəsi İddiaçı1 1/8 hissədə, Cavabdeh2 7/8 hissədə paylı mülkiyyətində olmaqla, onların ümumi mülkiyyətindir. Həmin hüquq müvafiq qaydada dövlət qedyiyyatına alınmışdır.

42. Həmçinin, işin mübahəsiz halıdır ki, mübahisə predmeti olan yaşayış sahəsi hazırda Cavabdeh2 sahibliyində və istifadəsindədir. Hazırkı halda isə İddiaçı1 ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsini xahiş edir.

43. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir.

44. Eyni zamanda, yaşayış sahəsinə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s.

45. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının tələbi yaşayış sahəsinə olan paylı mülkiyyət hüququna əsaslanır. Mülkiyyət hüququ isə subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (MM-nin 152.1, 152.5-ci mad).

46. Hazırkı işdə mübahisəli daşınmaz əmlakın tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh onu yaşayış sahəsinə buraxmamaqla, mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik yaradır.

47. Belə olan halda iddiaçı, cavabdehə qarşı mübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmaqda müvafiq subyektiv hüquqa (tələb hüququna) malikdir.

48. Apellyasiya icraatı zamanı qətnaməsinin yoxlanılan hissəsinə dair birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, İddiaçı1 mübahisə predmeti olan yaşayış sahəsinə pay hüququna, həmin əmlaka dair öz payına uyğun hissədə sahiblik və istifadə etmək hüququna malik olmasına baxmayaraq, mübahisə predmeti olan yaşayış sahəsinin iddiaçıya məxsus 1/8 hissədə payın hansı sahəni əhatə etməsi və həmin sahədan ayrıca yaşayış sahəsi kimi istifadə edilməsinin mümkün olması halının müəyyən edilməsinin mümkün olmadığına əsaslanmışdır.

49. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, mülkiyyətçilər arasında payların və ya əşyadan istifadə qaydasının müəyyən edilməməsi qeyd olunan tələbin rədd olunması üçün əsas ola bilməz.

50. Əvvəla qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mülkiyyətçinin qanunda nəzərdə tutulmuş hüququdur və heç kəs öz hüququndan istifadəyə məcbur edilə bilməz. Nəzərə alınmalıdır ki, payın naturada ayrılması həmin hissənin öz təyinatına uyğun, müstəqil (ayrıca) əşya vəziyyətinə gəlməsinin mümkün olduğu halda mümkündür. Ayrılma baş tutduğu andan payçı ümumi mülkiyyət birliyindən çıxmış olur və müstəqil daşınmaz əşya üzərində onun fərdi mülkiyyət hüququ yaranır. Belə olan halda, ümumi mülkiyyətçilər arasında bir hüquqi ixtilafdan söhbət gedə bilməz.

51. Digər tərəfdən bu cür yanaşma mülkiyyətçinin əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilmək, ondan istifadə edə etməklə bağlı Mülki Məcəllənin 152.5-ci və 215.4-cü maddələrində təsbit olunmuş təminatın pozulması ilə nəticələnməsinə səbəb olar. Eyni yanaşmadan çıxış edərək xüsusilə qeyd etmək lazımdır ki, yaşayış sahəsinin iddiaçıya məxsus 1/8 hissədə payın hansı sahəni əhatə etməsi və həmin sahədən ayrıca yaşayış sahəsi kimi istifadə edilməsinin mümkün olub-olmamasının müəyyən olunmadığı əsası ilə iddianı rədd olunması əsaslı sayıla bilməz.

52. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia - İddiaçı1 Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 nömrəli evə köçürülməsi hissədə əsaslı olduğundan təmin edilməlidir.

53. İddiaçı1 ailə üzvləri ilə birlikdə qeyd edilən evə köçürülməsini xahiş etsə də, yuxarıda da qeyd edildiyi kimi digər iddiaçılar qətnamədən apellyasiya şikayəti vermədiklərindən, hazırki apellyasiya baxışının həddi məhz İddiaçı1 ilə bağlıdır. Bu səbəbdən də məhkəmə kollegiyası digər ailə üzvləri ilə bağlı məsələyə hüquqi qiymət verməyi zəruri hesab etmir.

54. İddiaçı apellyasiya baxışı zamanı təqdim etdiyi yazılı ərizəsində qətnaməni digər hissələrdə (söküntü və s.) mübahisələndirmədiyindən, məhkəmə kollegiyası qətnamənin qanuniliyini həmin hissələrdə yoxlamağı da zəruri hesab etmir.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən təmin olunmalı, İddiaçı1 paylı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 nömrəli evə köçürülməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-58/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv olunsun, həmin hissədə iddia qismən təmin olunsun. İddiaçı1 paylı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sultanov küçəsi 13 nömrəli evə köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar