Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7144/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X1 və Cavabdeh2 qarşı «evə köçürmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi və qanunsuz tikililərin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(002)-58/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X1 və Cavabdeh2 qarşı «evə köçürmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi və qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(002)- 58/2022 saylı qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia rədd olunmuş, İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 mart 2022-ci il tarixli qərardadı ilə apelyasiyanın qeyri-mümkün sayılması qərara alınmışdır (şikayətin qanunla müəyyən olunmuş formasına riayət olunmaması əsası ilə). İddiaçı qeyd edilən qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 07 iyun 2022-ci il tarixli qərarı ilə şikayət təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 17 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılışdır. Qeyd edilənlərə əsasən mülki iş birinci instansiya məhkəməsinə göndərilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. Bundan sonra iddiaçı yenidən analoji apellyasiya şikayəti vermiş, həmçinin buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(002)-58/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 133.2 və 133.3-cü maddələrinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Göründüyü kimi, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda ərizəyə qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş şikayət əlavə olunmalıdır. Lakin, baxılan işdə buraxılmış müddətin bərpası barədə ərizə ilə birlikdə verilmiş apellyasiya şikayəti MPM-in normalarının tələblərinə cavab vermir. Çünki, iddiaçı müddətin bərpasına dair ərizəsinə əvvəl verdiyi apellyasiya şikayətinə analoji şikayəti əlavə etmiş, şikayətin məzmununu qanunvericiliyin tələblərinə uyğunlaşdırmamışdır. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən, Məcəlləyə dəyişiklər edilməsi barədə Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən isə, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qeyd edildiyi kimi, iddiaçının hazırki apellyasiya şikayəti ilə apellyasiya şikayəti ilə eynilik təşkil edir. Halbuki, əvvəlki apellyasiya şikayəti qanunla müəyyən olunmuş formaya riayət olunmaması əsası ilə qaytarılmışdır. İddiaçı isə çatışmazlıqları aradan qaldırmamış, qanunvericiliyin tələblərinə uyğun formada tərtib olumuş apellyasiya şikayətini verməmişdir. Belə olan halda isə, yəni prosessual müddətlə bağlı məsələ o zaman həll oluna bilər ki, həmin ərizəyə qanunvericiliyin tələblərinə uyğun müvafiq şikayət əlavə olunmuş olsun. Birinci instansiya məhkəməsi isə qeyd edilənlərə diqqət yetirməmiş, şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər X1 və Cavabdeh2 qarşı «evə köçürmə, yaşayış üçün maneənin aradan qaldırılması, kirayə pulunun ödənilməsi və qanunsuz tikililərin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(002)-58/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7144/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7144/2022
14.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver